Mingəçevirin
sənaye potensialı güclənir
Koronavirus
(COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın
uğur nümunəsi bu gün dünyanın nüfuzlu beynəlxalq
təşkilatları tərəfindən təqdir
olunmaqdadır. Respublika Prezidenti İlham Əliyevin bəşəriyyəti
ağır problemlərlə üz-üzə qoyan bu çətin
sınaqdan nisbətən az itkilərlə çıxmaq
üçün dövlət səviyyəsində
gördüyü tədbirlər, qəbul etdiyi qərarlar
reallaşmaqda olan uğur strategiyasının əsas şərtidir.
Bu
ağrılı günlərdə aztəminatlı ailələrə
dövlət büdcəsindən edilən yardımlar,
dünya dövlətlərini silkələyən iqtisadi
böhran dalğalarını zərərsizləşdirmək
üçün həyata keçirilən kompleks tədbirlər
ölkə vətəndaşlarında məmnunluq yaratmaqla
bütövlükdə cəmiyyətdə yüksək əhvali-ruhiyyəni
formalaşdırır. Xalq-dövlət birliyinin sarsılmaz
olduğunu müəyyənləşdirir.
Dövlət
başçısının zamanın hökmündən
doğan "Biz birlikdə güclüyük!”
çağırışı ölkənin ən
böyük enerji təchizatçısı olan Mingəçevirdə
də rezonans doğurmuşdur. Mayın 4-dən etibarən
şəhərin park və xiyabanlarında, istirahət məkanlarında,
ticarət və ictimai iaşə müəssisələrində
Nazirlər Kabinetində fəaliyyət göstərən
Operativ Qərargahın müəyyən etdiyi qayda və
şərtlərə uyğun olaraq bir çox məhdudiyyətlər
aradan götürülərək şəhər sakinlərinin
sərbəst fəaliyyətinə şərait
yaradılmışdır. Mingəçevir Şəhər
İcra Hakimiyyətinin təşkilatçılığı
ilə pandemiyaya qarşı mübarizə tədbirlərinin
icrası müvəffəqiyyətlə davam etdirilir. Şəhər
icra hakimiyyəti tərəfindən yaşı 65-dən
yuxarı olan 450 tənha qocaya ərzaq yardımı
edilmişdir. Aztəminatlı ailələrə zəruri
qayğı diqqət mərkəzindədir. Pandemiyaya
qarşı mübarizə tədbirləri sırasında
dezinfeksiya işlərinin davamlı qaydada aparılmasına
xüsusi önəm verilir. Mart ayından başlayan
dezinfeksiya işlərinin şəhərin sanitar-gigiyenik
durumuna əhəmiyyətli təsiri sakinlərdə haqlı
razılıq doğurur. Şəhər sakini, Milli Qəhrəman
Rəşad Mirabovun atası Akif Mirabov deyir:
- Hər
il yazın bu vədəsində şəhərimizdə
ağcaqanad, milçək, yoluxucu xəstəliklər yayan
müxtəlif həşəratlar ciddi narahatlıq
doğurardı. İndi belə bir problemimiz yoxdur.
Küçələrdə, yaşayış məhəllələrində,
liftlərdə, avtobuslarda aparılan dezinfeksiya işlərinin
səmərəsi böyükdür. Aztəminatlı ailələrə
verilən yardımlar, şəhər xəstəxanasında
çalışan həkimlərin göstərdikləri fədakarlıq
hər kəsdə razılıq doğurur. Hər zaman
dövlətin qayğısını həyatımızda
hiss edirik. Şəhərimizdə hər evə, hər ailəyə
ünvanlanan diqqətə görə dövlət
başçısı İlham Əliyevə minnətdarıq.
Energetiklər
şəhəri Mingəçevirdə pandemiyaya qarşı
mübarizə tədbirləri ilə yanaşı,
abadlıq, quruculuq işləri də uğurla davam etdirilir.
Şəhərin sənaye müəssisələri ahəngdar
fəaliyyət göstərir. Dövlətin davamlı
qayğısı Mingəçevirin sosial-iqtisadi
inkişafını ildən-ilə sürətləndirir.
Keçən il şəhərin sənaye müəssisələrində
315.2 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bu, əvvəlki
illə müqayisədə 98 milyon manat, yaxud 3.2 faiz
çoxdur. İstehsal olunmuş məhsulun 249.1 milyon
manatlığı dövlət müəssisələrinin,
21.1 milyon manatlığı isə qeyri-dövlət sektorunun
payına düşür. 9 hündürmərtəbəli
çoxmənzilli yaşayış binasının dam
örtükləri və giriş blokları təmir
edilmiş, küçələrə, məhəllədaxili
yollara və səkilərə, ümumilikdə 142.733
kvadratmetr sahəyə yeni asfalt örtük
salınmışdır. Yol və səkilərə 24.618
metr müxtəlif ölçülü beton səki
daşları düzülmüş, Təbriz,
Naxçıvan, Natəvan, Ü.Hacıbəyov, H.Kərimov,
Nəsimi küçələrində asfalt işləri
görülmüşdür. "Dostluq” parkının 2-ci
hissəsində abadlıq və yenidənqurma işləri
aparılmışdır. Parkın ərazisi 1.4 hektar
genişləndirilərək əraziyə 3.350 kvadratmetr
daş döşənmiş, 300-ə qədər ağac və
dekorativ gül kolları əkilmiş, sahəsi 800 kvadratmetr
olan mini-futbol meydançası, sahəsi 100 kvadratmetr olan
musiqili fəvvarə, şahmat meydançası, uşaqlar
üçün əyləncə yeri, 49 ədəd
işıqlandırma dirəyi, 4 söhbətgah, 26 ədəd
oturacaq quraşdırılmışdır. Şəhərin
şərq girişində 2.4 hektar ərazi
abadlaşdırılmışdır. Əraziyə yeni
suvarma xətti çəkilmiş, çəmən otu səpilmiş,
1.100 ədəd ağac əkilmiş, işıqlandırma
sistemi, fəvvarə, idman və uşaq meydançaları
quraşdırılmışdır. Uzun müddətdən bəri
baxımsız vəziyyətdə olan A.Qurbani dairəsində
1 hektarlıq ərazi abadlaşdırılıb şəhər
sakinlərinin istifadəsinə verilmişdir.
Mingəçevirlilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
diqqət və qayğısını daim hiss edir və bundan
son dərəcə məmnunluq duyurlar. Keçən il
dövlət başçısının müvafiq sərəncamı
ilə büdcədən ayrılan vəsait hesabına 10
hündür mərtəbəli yaşayış
binasının 16 ədəd istismara yararsız lifti dəyişdirilmiş,
zəruri təmir işləri görülmüşdür.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin
müraciəti əsasında dövlət
başçısının 25 dekabr 2019-cu il tarixli sərəncamı
ilə 4 yaşayış massivini şəhərlə birləşdirən
avtomobil yollarının əsaslı təmiri məqsədilə
2.5 milyon manat vəsait ayrılmışdır. Yol
rahatlığına dəyər verən şəhər
sakinləri dövlət qayğısını minnətdarlıqla
qarşılayırlar.
"Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində
Mingəçevirə aid olan vəzifələr
ardıcıl olaraq uğurla icra olunmaqdadır. Abadlıq,
quruculuq işləri davam etdirilir. Şəhərin qaz təminatının,
kanalizasiya sistemlərinin yaxşılaşdırılması
sahəsində təqdirəlayiq işlər
görülmüşdür. Dövlət proqramına
uyğun olaraq A.Niftəliyev adına mədəniyyət mərkəzində
əsaslı təmir işləri aparılmış, 14
saylı tam orta məktəb əsaslı təmir edilib istifadəyə
verilmişdir. 13 saylı tam orta məktəbin yeni tədris
binasının tikintisi, 16 saylı tam orta məktəbin əsaslı
təmiri mədəniyyətin və təhsilin maddi-texniki
bazasını möhkəmləndirməyə dövlət
qayğısının bariz nümunəsidir.
Prezident
İlham Əliyevin tapşırığı əsasında
Azərbaycan İstilik Elektrik Stansiyasının infrastrukturunun
təkmilləşdirilməsi, burada həyata keçirilən
irimiqyaslı yenidənqurma və əsaslı təmir işləri
hesabına Mingəçevirin sənaye potensialı daha da
güclənmişdir. Sahibkarlığın inkişafına
dövlət səviyyəsində göstərilən
qayğı və diqqətin məntiqi nəticəsi olaraq
Mingəçevirdə münbit şərait
yaradılmışdır. Şəhərin sənaye müəssisələri
- "Azneftemaş”, "Mingəçevir
Maşınqayırma Zavodu”, "Azərkabel” ASC, "H-Tech
İnvest” və "Mingəçevir Tekstil” MMC-lər səmərəli
fəaliyyətləri ilə ölkə iqtisadiyyatına
sanballı töhfələr verirlər.
Dövlətin
qayğısından güc alan mingəçevirlilər
doğma şəhəri cənnətə çevirmək
üçün ürəklərinin odunu, əllərinin hərarətini
əsirgəmirlər. Hazırda sayı 21 olan nümunəvi
məhəllələrin sırası aydan-aya artmaqdadır.
Yazın bu oğlan çağında Mingəçevir
zümrüd libası, al-əlvan gülləri,
yaraşıqlı park və xiyabanları, göz oxşayan səliqə-sahmanı
ilə üzə gülür. Ana Kür bu yerlərdəki
lal axışıyla sanki cilvələnən nur şəhərinin
gözəlliyinə ayna tutur.
Lazım QULİYEV
Azərbaycan.-2020.- 6 iyun.- S.6.