Koronavirusla
mübarizədə Azərbaycanın tibbi resursları kifayət
qədərdir
Xəstəxanalar
müvafiq tibbi ləvazimatlar, avadanlıqlar, süni tənəffüs
cihazları ilə tam təchiz olunub
Artıq
yarım ildir ki, bəşəriyyət yeni növ koronavirusla
- COVID-19-la mübarizəyə atılıb. Bu kiçik
gözəgörünməz virus dünyanın gərdişini
dəyişib. Aylardır bütün ölkələr,
insanlar qlobal pandemiyaya qarşı savaş açıb. Amma təəssüf
ki, hələ də bu savaşda COVID-19 adlı bəla irəlidədir.
Dünya ölkələri bütün səylərini qlobal
problemə çevrilmiş koronavirus infeksiyası ilə
mübarizəyə və profilaktika tədbirlərinə
yönəltsə də, pandemiyanın
qarşısını almaq hələ də mümkün
deyil.
Bu
istiqamətdə Azərbaycanda həyata keçirilən
mühüm qabaqlayıcı və operativ tədbirlər
infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa
və sanitar-epidemioloji vəziyyəti nəzarətdə
saxlamağa imkan verib. COVID-19 virusunun Azərbaycan ərazisində
yarada biləcəyi təhlükənin
qarşısının alınması məqsədilə
Prezident İlham Əliyevin tapşırığına əsasən
hələ yanvar ayından zəruri qabaqlayıcı tədbirlər
görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz
qərarların həyata keçirilməsi üçün
Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət
qurumlarından ibarət Operativ Qərargah yaradıldı.
Virusun geniş yayılmasının qarşısının
alınması məqsədilə ölkə ərazisində
çevik və sistemli preventiv tədbirlərin davamı
olaraq martın 14-dən sosial izolyasiya qaydaları tətbiq
olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.
Azərbaycan
adambaşına keçirilən testlərin sayına görə
dünyada qabaqcıl yerlərdədir
COVID-19
virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi
üçün zəruri olan Avropa istehsallı laborator testlər,
tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr
Azərbaycana gətirildi, paytaxt və regionlarda xüsusi
rejimli xəstəxanalar və karantin zonaları
yaradıldı. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman
və qoruyucu vasitələrlə təmin olundu, hər bir
karantin zonalarına tibb müəssisələrinin rəhbərləri,
həkim və orta tibb heyəti ezam edildi, virusla mübarizədə
digər dövlətlərdəki həkim-ekspertlərlə
təcrübə mübadiləsi aparıldı.
Ümumdünya Səhiyyə Təşkilatı və digər
beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində
sıx əməkdaşlıq quruldu. Ümumdünya Səhiyyə
Təşkilatının Bakı ofisi və Heydər
Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xəstəxanalarında
COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar
əsas bacarıqları gücləndirmək
üçün REACT-C19 layihəsi həyata keçirildi. 19
mütəxəssis Türkiyədə təlim keçərək
ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə
başladı.
Ölkədə
koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi
üçün yeni, ən müasir standartlar səviyyəsində
olan əlavə tibbi laboratoriyalar alındı, diaqnostik alətlər
və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək,
tibb müəssisələrinə təhvil verildi.
Virusun
diaqnostikası üçün tibb müəssisələrində
dünyanın aparıcı şirkətlərinin
istehsalı olan müasir laboratoriya sistemləri quruldu, onlar
Avropa ölkələrinin buraxdığı testlərlə
təchiz edildi. Ölkədə testlərin aparılması
üçün 23 laboratoriya fəaliyyət göstərir.
İyunun 5-nə qədər olan müddətdə Azərbaycanda
koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar aparılan testlərin sayı 322.574-ə
çatıb. Adambaşına keçirilən testlərin
sayına görə Azərbaycan dünya miqyasında
qabaqcıl yerlərdədir.
Dövlət
başçısı İlham Əliyevin təşəbbüsü
ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start
verildi, martın sonunda istifadəyə verilmiş "Yeni
klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin
müalicəsi üçün ayrıldı. Eyni zamanda
virusla mübarizə sahəsində ölkədəki tələbatı
qarşılamaq məqsədilə qoruyucu maska və digər
zəruri tibbi ləvazimatların istehsalına
başlanıldı.
"Hazırda
mövcud xəstəxana fondu bizim tələbatımızı
ödəyir”
Mayın
7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin
açılışında çıxışı
zamanı dövlət başçısı İlham
Əliyev son 16 il ərzində ölkəmizdə 700-dən
çox səhiyyə ocağının tikilib və ya əsaslı
təmir edildiyini nəzərə çarpdıraraq bildirdi
ki, artıq mövcud xəstəxana fondu, xüsusilə
müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində
tələbatımızı ödəyəcək. Ancaq
koronavirus pandemiyası, əlbəttə ki, öz
qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların
tikintisi labüddür. Bu xəstəxana və bundan sonra tikiləcək
xəstəxanalar koronavirusa qarşı mübarizədə
böyük rol oynayacaq.
Prezident
qeyd etdi ki, ölkəmizin müxtəlif bölgələrində
10 belə xəstəxananın tikintisi nəzərdə
tutulur. Əlbəttə ki, çarpayı sayının
artırılması hər bir ölkə üçün
koronavirusa qarşı mübarizədə xüsusi rol
oynayır: "Biz indi bəzi inkişaf etmiş ölkələrin
təcrübəsini görürük. Görürük ki,
orada çarpayı çatışmazlığı
ucbatından xəstələr vaxtında müalicə ala
bilmir, koronavirusa yoluxmuş bir çox insan, ümumiyyətlə,
xəstəxanalara götürülmür, onlar evlərdə
qalırlar. Əlbəttə, evlərdə onları
müalicə, onların vəziyyətini monitorinq etmək
qeyri-mümkündür.
Azərbaycanda
koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz
hesab edirəm ki, ən mütərəqqi və ən insansevər
təcrübədir. Çünki bizim bütün xəstələrimiz
xəstəxanalarda yerləşdirilib və həkimlər
onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların
tikintisi, əlbəttə, gələcəyə
hesablanıb. Çünki hazırda mövcud xəstəxana
fondu bizim tələbatımızı ödəyir və 20-dən
çox dövlət xəstəxanası koronavirus xəstələrinin
sərəncamına verilibdir, o cümlədən ən yeni və
ən müasir 575 çarpayılıq "Yeni klinika”. Orada
hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə
hesablanmış düzgün addımdır, çünki
heç kim bilmir pandemiya nə qədər davam edəcək,
heç kim bilmir bunun gələcək mərhələləri
nədən ibarət olacaq. Ona görə biz tam hazır
olmalıyıq”.
Dövlət
başçısı əlavə etdi ki, atılan
bütün addımlar qabaqlayıcı xarakter
daşıyır. Bu xəstəxananın və bundan sonra
buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi
1-2 ay ərzində nəzərdə tutulub.
Prezidentin
Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların
alınması və işi düzgün təşkil etmək
üçün 100 milyon manat vəsait
ayrıldığını xatırladan dövlət rəhbərinin
sözlərinə görə, əlavə 150 milyon manat
hazır vəziyyətdə ehtiyatda saxlanılır, lazım
olan vaxtda ondan da istifadə ediləcək: "Əlbəttə,
bütün bu kompleks tədbirlər - testlərin
keçirilməsi, xəstəxanaların, laboratoriyaların
fəaliyyəti və həkimlərin peşəkarlığı,
işin düzgün təşkili bizə imkan verdi ki,
hazırda bu vəziyyətdən istədiyimiz kimi, az itkilərlə
çıxaq”.
"Ölkəmizdə
yataq sayı kifayət qədərdir”
Ötən
gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil
etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin
sədri Ramin Bayramlı da deyib ki, hazırda COVID-19-la
mübarizədə tibbi resurslarımız kifayət qədərdir.
Xüsusi rejimli xəstəxanalarda 5 mindən çox
çarpayı ayrılıb. Modul tipli xəstəxanalarda iki
min çarpayı olmaqla, ümumilikdə, koronavirusla
mübarizə üçün 7 min çarpayının
ayrılması nəzərdə tutulub: "Məlumdur ki,
dövlət başçısının
imzaladığı sərəncamla ölkədə hər
biri 200 çarpayı olmaqla 10 modul tipli xəstəxana
tikilir. Onlardan ikisi Bakıda, biri Abşeronda, biri
Sumqayıtdadır. Bu gün onların resurslarından hələ
istifadə etməmişik. Digər xəstəxanalarda kifayət
qədər resurslarımız var. Hətta bu xəstəxanalar
hamısı dolmuş olsa belə, bizim ölkəmizdə
yataq sayı kifayət qədərdir. Sadəcə yataqlarla
iş bitmir. O xəstəxanalar müvafiq tibbi ləvazimatlar,
süni tənəffüs cihazları, qeyri-invaziv cihazlar və
digər avadanlıqlarla tam təchiz olunub. Dünyanın
heç bir ölkəsi, inkişaf etmiş səhiyyə
sistemi bu xəstəliyə hazırlıqlı deyildi. Lakin sərt
karantin rejimi dövründə tətbiq edilən məhdudiyyətlər
bizə imkan verdi ki, bütün nöqsanlarımızı
sürətlə analiz edək, ölkə rəhbərliyinə
təqdim edək. Ölkə rəhbərliyi də
ayırdığı vəsaitlərlə zəruri
ehtiyacları qısa müddətdə tamamladı. Hazırda
bu sahədə heç bir çatışmazlıq yoxdur”.
COVID-19
infeksiyasının geniş yayılmasının
qarşısının alınması ilə əlaqədar
dövlət tərəfindən həyata keçirilən
bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin
təmin edilməsi, Azərbaycanın hər bir sakininin
sağlamlığının qorunması məqsədini
daşıyır. Bu sahədə aparıcı beynəlxalq təşkilat
olan Ümumdünya Səhiyyə Təşkilatı də
ölkəmizdə görülən işlərə yüksək
qiymət verir. Dövlət üzərinə düşən
vəzifələri layiqincə həyata keçirir. İndi
qalır vətəndaşların üzərinə
düşən vəzifələr - qoyulan qaydalara riayət
etmək, nizam-intizam göstərmək. İndiki şəraitdə
koronavirusla mübarizədə uğurun əsas şərti məhz
vətəndaşların məsuliyyətindən
asılıdır. Bu mübarizədə cəmiyyət olaraq
birlik nümayiş etdirməli, tətbiq edilən qaydalara
intizamla yanaşmalı, tibbi maskalardan istifadə etməli,
sosial məsafə saxlamalıyıq. Bu, hər birimizin şəxsi
məsuliyyəti, vətəndaş borcudur. Məsuliyyətli
olaq, özümüzü, ailəmizi, ətrafımızı,
dolayısı ilə xalqımızı gözəgörünməz
düşməndən qoruyaq.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 6 iyun.- S.7.