İlham
Əliyevin mütərəqqi islahatlarına növbəti
yüksək qiymət
Azərbaycan
korrupsiyaya qarşı mübarizədə Avropa
Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB ölkələri
arasında liderdir
Demokratik
və sivil inkişaf yolu seçmiş hər bir dövlətin
qarşıya qoyduğu əsas məqsədlərdən biri
korrupsiyaya qarşı mübarizədir. Çünki
korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri
və milli dəyərləri sarsıdır, hüquqi
dövlət quruculuğuna mane olur. Bununla yanaşı,
korrupsiya cəmiyyətin ehtiyatlarından səmərəsiz
istifadə edilməsinə şərait yaradır, aztəminatlı
insanlara ziyan vurur. Bir sözlə, korrupsiya dünyanı
narahat edən problemlərdən biridir.
Digər
ölkələrdə olduğu kimi, Azərbaycanda da hər
zaman korrupsiyaya, ruşvətxorluğa qarşı mübarizə
aparılıb və son illərdə Prezident İlham
Əliyevin həyata keçirdiyi islahatlara kölgə salan
korrupsiya hallarına qarşı mübarizə tədbirləri
daha da gücləndirilib. Bunu təsdiqləyən kifayət qədər
faktlar mövcuddur.
Azərbaycanda
korrupsiyaya qarşı mübarizə tədbirləri davam
etdirilir
Ümumiyyətlə,
korrupsiyaya qarşı mübarizədən yalnız o halda
danışmaq olar ki, dövlət öz siyasi iradəsini
ortaya qoysun və korrupsiyanın qarşısını almaq
üçün cəmiyyətin bütün səviyyələrində
onunla davamlı mübarizə aparsın. Əgər belə
olmazsa, heç bir dövlət cəmiyyəti korrupsiyadan təmizlədiyini
iddia edə bilməz.
Azərbaycanda
korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri
əsasında həyata keçirilir. Şəffaflığın
artırılması, korrupsiyaya şərait yaradan halların
aradan qaldırılması və qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin
əsas prinsipləri kimi təsbit edilib.
Dövlət
siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya
qarşı mübarizə tədbirləri Azərbaycanda həyata
keçirilməkdə olan sosial-iqtisadi və hüquqi
islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter alıb.
Ölkəmizdə iqtisadiyyatın
liberallaşdırılması, bürokratik əngəllərin
aradan qaldırılması, məmur-vətəndaş
münasibətlərinin sağlam zəmində qurulması,
şəffaflığın və hesabatlılığın
təmin edilməsi və digər bu kimi korrupsiyaya
qarşı mübarizə tədbirləri konkret əməli-praktiki
addımlarla müşayiət olunub. Aparılan
genişmiqyaslı islahatların digər istiqaməti kimi
milyonlarla vətəndaşa xidmət göstərməklə
dövlət qulluqçusu-vətəndaş münasibətlərində
yeni yanaşmanın formalaşmasına mühüm töhfə
verən, bürokratiya, süründürməçilik və
korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli
rol oynayan "ASAN xidmət” mərkəzlərinin fəaliyyət
coğrafiyasının daha da genişləndirilərək 19
mərkəzə çatdırılması, habelə
yarandığı gündən keçən qısa müddət
ərzində bu xidmətə 38 milyondan çox müraciət
daxil olması, əhalinin məşğulluğu, əmək,
sosial müdafiə və təminat sahələri üzrə
DOST mərkəzlərinin fəaliyyətə başlaması
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
dövlət və cəmiyyət arasında olan həmrəyliyin
bariz nümunəsidir.
Cənab
İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli
sahələri sistemli şəkildə əlaqələndirən
islahatların müsbət nəticələri vətəndaş-məmur
təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın
genişlənməsi kimi korrupsiya riskini minimuma endirən
indikatorlara öz töhfəsini verib, bununla da hüquqi şəxslərin
dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın
qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət
satınalmaları kimi ayrı-ayrı sektorların yeni
inkişaf müstəvisinə keçidi
stimullaşdırıb.
Korrupsiya
ilə mübarizəyə verilən beynəlxalq qiymət
Ölkəmizdə
dövlət idarəçiliyində şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilən islahatlar və əldə
edilən nailiyyətlər bu sahədə
ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar
- BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı (OECD), Avropa
Şurasının antikorrupsiya monitorinq orqanı - Korrupsiyaya
qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi
və digər ixtisaslaşmış nüfuzlu qurumlar tərəfindən
də yüksək qiymətləndirilir.
İyunun
3-də Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq
orqanı - Korrupsiyaya qarşı Dövlətlər Qrupunun
(GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən
hesabatında Azərbaycana verilən yüksək qiymət
bunu bir daha təsdiqlədi.
Hesabat
parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində
korrupsiyanın qarşısının alınması məsələlərini
əhatə edir. Sənədə əsasən Azərbaycan
tövsiyələri 61,9 faiz icra edib. Ölkəmiz bu göstərici
üzrə Avropa Şurasına üzv 50 ölkə
arasında 7-ci, MDB ölkələri arasında isə 1-ci
yerdədir.
Bu
yüksək nəticə ölkəmizdə korrupsiyaya
qarşı mübarizə sahəsində mövcud olan
güclü siyasi iradə ilə bağlıdır. Dövlət
idarəçiliyində şəffaflığın gücləndirilməsi,
elektron xidmətlərin inkişafı və korrupsiyaya
qarşı mübarizə dövlət siyasətinin prioritet
istiqamətlərindəndir. Korrupsiyaya qarşı mübarizə
sahəsində ixtisaslaşmış orqanlar bu sahədə
dövlət siyasətinin formalaşması, cinayət təqibinin
həyata keçirilməsi və dövlət qurumları tərəfindən
preventiv tədbirlərin icrası istiqamətlərində
sistemli fəaliyyət həyata keçirirlər.
Göründüyü
kimi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
əldə edilən müsbət dinamika beynəlxalq
antikorrupsiya reytinqlərində də öz əksini tapıb.
Ölkəmiz Avropa Şurasının Korrupsiyaya qarşı
Dövlətlər Qrupunun (GRECO) və OECD-nin Antikorrupsiya
Şəbəkəsinin 3 qiymətləndirmə raundunu
uğurla keçib. Bu isə Azərbaycanda həyata
keçirilən tədbirlərin Avropa standartlarına
uyğunluğunun indikatorudur.
Rüşvətxorluğa
qarşı amansız mübarizə davam edəcək
Hazırda
korrupsiyaya qarşı mübarizə və açıq
hökumətin təşviqi üzrə Milli Fəaliyyət
planları dövlət orqanları tərəfindən
yüksək səviyyədə icra olunur. Vətəndaş
cəmiyyəti institutlarının apardıqları müstəqil
monitorinqlərin nəticələri Milli Fəaliyyət
planlarının uğurlu icrasını bir daha təsdiq edib.
Korrupsiyaya
qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət
planlarına əsasən bu sahədə yeni strateji
baxışlar və hədəflər müəyyən
edilib. Bu strategiyanın icrasına uyğun olaraq həyata
keçirilən institusional və qanunvericilik islahatları,
yaradılan elektron hökumət infrastrukturu, vətəndaş
cəmiyyəti ilə qurulan sıx əməkdaşlıq və
geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin
təzahürləridir.
Cənab
İlham Əliyev son çıxışlarında, vəzifəyə
yeni təyin etdiyi icra məmurları ilə görüşlərində
korrupsiyaya qarşı mübarizədə çox ciddi tədbirlərin
görüləcəyini və bu prosesin daha amansız şəkildə
həyata keçiriləcəyini bəyan edir.
Mayın
21-də Ağstafa və İmişli rayonlarına təyin
etdiyi yeni icra hakimiyyəti başçılarının qəbulu
zamanı Prezident bir daha məmurlara xəbərdarlıq edərək
bəyan etdi ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa,
talançılığa qarşı mübarizə sözdə
yox, əməldə aparılır və bu mübarizə
bundan sonra da aparılacaq: "Korrupsiyaya, rüşvətxorluğa
qarşı amansız mübarizə aparılmalı və
bunun kökü kəsilməlidir. Bir daha demək istəyirəm
ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin
dayanıqlı inkişafı üçün xoşagəlməz
hallara son qoyulmalıdır”.
Göründüyü
kimi, cənab İlham Əliyev qlobal pandemiya ilə mübarizə
dövründə də korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin gücləndirilməsini
xüsusi diqqətdə saxlayır. Dövlət
başçısı ölkəmizdə həyata
keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və
siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə
əhalinin haqlı narazılığına səbəb olan
rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə
qarşı daha ciddi mübarizənin
aparılacağını bəyan edib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 9 iyun.- S.1;4.