Fədakar
qanun keşikçiləri
Azərbaycan
polisi layiqli işi ilə koronavirusla mübarizədə də
ön sıradadır
"Əziz
vətəndaşlar!
Xüsusi
karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar
ötən həftənin şənbə və bazar günlərində
sizlərə yaşayış yerini və olduğu yeri tərk
etmək qadağan edilmişdir. Sizin
sağlamlığınız naminə atılan bu
addımları anlayışla
qarşıladığınıza görə, xüsusi karantin
rejiminin tələblərinə riayət etdiyinizə görə
sizə daxili işlər orqanlarının bütün şəxsi
heyəti adından təşəkkürümüzü
bildiririk!
Siz səbir
və təmkinlə iki gün evdə qalmaqla həm
özünüzün, həm də
yaxınlarınızın sağlamlığını
qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə
də belə qərar verilərsə, siz yenə də eyni səbir
və təmkin nümayiş etdirəcəksiniz.
Bir
daha təşəkkür edirik!”
Bu,
Daxili İşlər Nazirliyinin vətəndaşlara təşəkkürüdür.
Bəli, iki gün davam edən sərt karantin rejimi -
küçəyə çıxmaq qadağası zamanı
vətəndaşların böyük əksəriyyəti
qoyulan tələbləri yerinə yetirdi, qaydalara uyğun
olaraq evdə qaldı. Lakin bu dəfə də intimzamsız
davranaraq qaydalara məhəl qoymayan, küçədə-yolda
gəzənlər, binanın damında domino oynayan, kabab
çəkən məsuliyyətsiz insanlar oldu. Onların bəziləri
xəbərdarlıq edilərək evlərinə
qaytarıldı, bəziləri sərt karantin rejimi
qaydalarını pozduqları üçün qanun çərçivəsində
məsuliyyətə cəlb edildi, bəziləri isə polislə
"qaçdı-tutdu” oynadı.
Bu
hadisələri əks etdirən görüntülərin
çoxu sosial şəbəkələrdə yayıldı.
Kimlərsə videolara baxıb güldü, kimlərsə
polisi təhqir etdi. Çoxluq isə polisdən qaçıb
gizlənməyə çalışanları tənbeh etdi
ki, niyə evdə qalmırsınız? Hər yer
bağlı olduğu halda hara gedirsiniz? Məgər iki gün
evdə oturub ailənizlə, övladlarınızla birgə
vaxt keçirmək bu qədərmi çətindir? Axı
evdə qalmağınız məhz sizin, ailənizin,
övladlarınızın sağlamlığı, koronavirusa
yoluxmaması üçündür. Polis də Nazirlər
Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara
uyğun olaraq nəzarəti həyata keçirir. Yəni
sizi, bizi bu dəhşətli virusa yoluxmaqdan qoruyur.
İkigünlük
küçəyə çıxma qadağası yalnız
Azərbaycanda tətbiq olunmur. Bu cür karantin rejimi qardaş
Türkiyə daxil olmaqla dünyanın bir çox ölkələrində
tətbiq edilib və edilməkdədir. Belə zamanlarda
xalqın əziyyətini məhz polis çəkir. Bəs bu
iki gündə Azərbaycan polisi nə etdi?
Bayılda
su kəsildi, polis su maşını gətirib əhalini su ilə
təmin etdi.
Yeni
Yasamalda polis hamilə qadını xəstəxanaya
çatdırdı. Uşaq elə maşında dünyaya gəldi.
Binədə
əlini şüşə kəsən qadın qanaxmadan
ölə bilərdi, polis onu vaxtında xəstəxanaya
çatdırıb həyatını xilas etdi.
Dializ
xəstəsinin köməyinə son anda polislər
çatdı.
Bacısını
itirən yaşlı qadını polis öz
maşını ilə yas yerinə apardı.
Küçədə
sahibsiz heyvanları yemləyən polislər oldu.
Ahıl
qadın küçəyə çıxaraq marketə gedir,
görünür, sərt karantin rejimindən xəbəri
yoxdur. Polislər ona yaxınlaşıb vəziyyəti
öyrənəndən sonra öz yemək paylarını ona
verib yola salırlar.
Daxili
İşlər Nazirliyinin 102 xidmətinə zəng edən
bir ailə çörək istəyir. Dərhal polislər həmin
ailəyə çörək çatdırırlar.
Bir
ailə də polisə zəng edərək xəstə
övladının yeməyinin bitdiyini deyir. Nərimanov Rayon
Polis İdarəsinin əməkdaşlarından biri aptek və
marketlər bağlı olduğu üçün evinə gedərək
öz uşağının yeməyini gətirib həmin ailəyə
verərək daha bir insanlıq nümunəsi göstərir.
Himnimiz
səslənən zaman xidməti maşından düşərək
farağat duran polislərimizi də görüb fəxr etdik.
Belə
faktlar onlarladır və əksəriyyəti də vətəndaşlar
tərəfindən çəkilərək yayılıb.
Ona görə də polisi hədəfə alanda şəhid,
qazi polisləri, ekstremal vəziyyətlərdə vətəndaşa
yardım edənləri, milli-mənəvi dəyərlərimizi,
dövlət atributlarımızı uca tutan polisləri
unutmamalıyıq.
Amma əfsuslar
olsun ki, bu günlərdə icazəsiz küçəyə
çıxıb qanunu pozduğu bəs deyilmiş kimi, polisə
tabe olmayaraq qaçmağa cəhd edənlər də oldu.
Polisə müqavimət göstərən şəxsin
saxlanılması zamanı həmin binada yaşayan bəzi
sakinlərin eyvan və pəncərələrdən zibil
atması, polisləri fitə basması isə yanlış və
yolverilməz hərəkət idi. Videonun əvvəlində
aydın şəkildə görünür ki, polislər vətəndaşla
söhbət aparırlar. Lakin vətəndaş qəfildən
qaçıb polisə müqavimət göstərir. Polisin
birini itələyib yerə yıxır. Ayağını dirəyərək
polis maşınına oturmaq istəmir. Binanın bəzi
sakinləri isə qanunu pozan, məsuliyyətsizik edən vətəndaşı
qınamaq əvəzinə üzərində dövlət
atributlarını gəzdirən, vətəni qorumaq
üçün şərəfinə and içən, vəzifə
başında olan polisin başına zibil tökür. Bu hərəkət,
sadəcə, ayıb və tərbiyəsizlik idi. Lakin polis əməkdaşları
buna təmkin nümayiş etdirir və karantin rejimini pozan həmin
şəxs barəsində inzibati tədbir görür.
Məgər
bunu anlamaq çətindir ki, polisin "evdə otur” tələbi
bizim sağlamlığımız üçündür?!
Küçəyə çıxıb virusa
yoluxmamağımız üçündür... Bir müddət
sonra sağlam şəkildə küçədə, parkda
rahat gəzə bilməyimiz üçündür...
Sərt
karantin günlərində koronavirusa yoluxma təhlükəsi
olan sağlam vətəndaşlarımızın keşiyində
məhz Azərbaycan polisi dayandı. Biz sağlam olaq,
koronavirusa yoluxmamaq üçün evdə qalaq deyə, onlar
öz canlarını təhlükəyə ataraq
küçələrə çıxdılar. Fədakarlıq
nümayiş etdirdilər, gecə-gündüz yollarda,
postlarda, parklarda qoruyucumuza çevrildilər. Yaşlı, tənha,
kimsəsiz insanların köməyinə tələsdilər,
sovqat apardılar. Sosial məsafə
saxlamağımızı, maska taxmağımızı,
karantin qaydalarına əməl etməyimizi, yəni
özümüzü qorumağımızı tələb və
təmin etdilər. Məhz polislərimiz fədakarlığı,
layiqli işi ilə koronavirusla mübarizədə ön
sıralarda ayıq, sayıq şəkildə durdular.
Polisin
karantin dövründə xidmətləri danılmazdır,
bunu görməmək mümkün deyil. Prezident İlham
Əliyev də onların xidmətinə yüksək qiymət
verib. Dövlət başçısı bildirib ki, polislər,
Daxili Qoşunların əməkdaşları gecə-gündüz
küçələrdədir, həyatlarını risk
altına atırlar, insanları başa salmağa
çalışırlar. Onların əməyini yerə
vurmamalıyıq.
"Hesab
edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz
yeganə məsələ məsuliyyətdir. Çünki bəzi
insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi
insanlar qəbul edilmiş qaydaları pozmağa
çalışırlar. Beləliklə, həm özlərini,
həm yaxınlarını, həm də ki,
tanımadığı insanları risk altına qoyurlar. Bunu
etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki,
yoluxma halları məhdudlaşdırılsın. Yaşı
65-dən yuxarı olan insanlar küçəyə
çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər.
Bizim polis işçiləri onları çox mülayim
formada başa salmağa çalışırlar. Siz indi
yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis
nümayəndələri necə davranırlar. Televizorda
görürük, heç iki-üç sual da vermir, dərhal
hərəkətə keçir. Bizim polisimiz insanları
qoruyur. İndi onların üzərinə böyük
yük, böyük məsuliyyət düşür. Onlar da
öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz
küçələrdə onu başa sal, bunu başa sal. Biz
nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik.
Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən
qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə
olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək
ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim
öz həyatını, sağlamlığını,
yaxınlarının sağlamlığını risk
altına atsın bir məsuliyyətsiz adama görə. Bu,
tamamilə qəbuledilməz bir fikirdir ki, "mən qorxmuram,
mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə
cəlb edilməlidir”, - deyə Prezident qeyd edib.
Unutmayaq
ki, karantin dövründə ən çox səbrli olan elə
polislərdir. Amma onları da anlamaq lazımdır. Onlar da
insandır, əsəbləri gərgin, yorğun anları
olur. Biz evdə oturduğumuz zaman onlar soyuq, isti bilmədən
yollarda xidmət aparırlar, həyatımızın
keşiyində dururlar. Elə bilirsiniz polisə xoşdur
yayın istisində, istirahət günündə gün
başına döyə-döyə ac, susuz xidmət çəkmək?
Polis evindən, ailəsindən kənarda qalıb
başqalarını qorumaq üçün xidmətdədir.
Onlar öz vəzifəsini icra edirlər. Onlar qanun, asayiş,
sabitlik keşikçisidirlər. O keşikçilər ki,
başına pis bir iş gələn vətəndaş
birinci növbədə elə ondan kömək istəyir, ona
sığınır. O keşikçilər ki, pandemiya
günlərində gecə-gündüzləri küçədə
keçdi. Maska taxmayana irad tutdular ki, gedib ailəsini yoluxdurar.
Qocalarla mədəni danışdılar, kobudluq göstərmədilər.
Metrostansiyalarda qatarlara daxil oldular ki, adamlar maskanı
çıxarmasınlar, sosial məsafəni gözləsinlər.
Çox vaxt cərimə yazmayıb, mədəni şəkildə
xəbərdarlıq etdilər. Biz karantin günlərində
evimizdə rahat oturanda onlar xəstəliyə yoluxma riskini
gözə almadan fasiləsiz fəaliyyət göstərdilər.
Bəzi insanların təhlükədən qorunması, məsuliyyətsiz
davranışların qarşısının alınması
üçün səfərbər oldular. Bu gün isə o
polis təhqir edilir, başına zibil atılır. Elə o
zibil atan və qanunu pozan insanların düşüncə tərzi,
məsuliyyətsizliyi ucbatından kiminsə bacısı,
qardaşı, övladı virusa yoluxur, kiminsə valideyni bu xəstəlikdən
həyatını itirir...
Dövlət
qərar veribsə, vətəndaş olaraq bizim də borcumuz
o qərarı yerinə yetirməkdir. İctimai məsuliyyətini
anlayan insan karantin rejimini pozmaz və buna görə məsuliyyətə
cəlb olunmaz. Vətəndaşın vəzifəsi qanuna
sayğılı əməl etmək, polisin vəzifəsi isə
qərara qarşı çıxanları məsuliyyətə
cəlb etməkdir. Odur ki, polisi təhqir edənlər bunu nəzərə
almalıdırlar. Vətəndaş kimi məsuliyyətimizi
dərk etməliyik. Haqsızlığa susmayaq, amma
haqsızlıq da etməyək.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 9 iyun.- S.1;5.