Heç
bir maneə regionların inkişafını ləngidə
bilməz
Prezidentin
Qarabağ bölgəsinə növbəti səfəri bu dəfə
də yeni obyektlərin açılışı ilə yadda
qaldı
Xəbər
verildiyi kimi, Prezident İlham Əliyev koronavirus pandemiyası
dövründə Bakı, Sumqayıt şəhərlərində
və Şamaxı rayonunda bir sıra sosial-iqtisadi obyektlərin
açılışında iştirak etmiş, ölkədəki
mövcud dinamik iqtisadi inkişafı qorumaq, pandemiyadan daha az
itki ilə çıxmaq üçün konkret tədbirlər
həyata keçirmişdir.
Dövlət
başçısının iyunun 3-də Qarabağ bölgəsinə
- Tərtər və Ağcabədi rayonlarına səfəri
isə bölgələrin inkişafının da diqqət mərkəzində
qaldığını göstərir.
2004-cü
ildə regionların sosial-iqtisadi inkişafına dair ilk
dövlət proqramının qəbul edilməsindən
bugünədək icra olunan dörd analoji proqram sayəsində
regionların sosial-iqtisadi siması tamamilə dəyişmiş,
bölgələrdə iri sosial-iqtisadi müəssisələrlə
yanaşı, kiçik və orta obyektlər fəaliyyətə
başlamış, yeni iş yerləri
açılmış, əhalinin iqtisadi fəaliyyəti
canlanmışdır.
Bu
sürətli inkişafı Tərtər rayonunun timsalında
da görmək mümkündür. Rayonun bütün kəndlərinə
qaz xətləri çəkilərək
qazlaşdırmanın səviyyəsi 98 faizə
çatmış, yolların 80 faizi əsaslı təmir
olunmuşdur. Bunlardan əlavə, Tərtərdə digər
infrastruktur layihələri də həyata
keçirilmişdir. Belə ki, Tərtər şəhərinin
su-kanalizasiya sistemi yenidən qurulmuş, mərkəzi rayon xəstəxanası
əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz
edilmişdir.
Tərtərin
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil edir. Bu sahənin inkişafı, xüsusən
istehsalda yüksək məhsuldarlıq isə su təminatı
ilə bağlıdır. Amma məlum olduğu kimi, rayonun əsas
su mənbəyi olan Sərsəng Su Anbarı Ermənistan tərəfindən
işğal edilmiş, Tərtərə suyun verilməsinin
qarşısı kəsilmişdir. Tərtərdə bu
problemi həll etmək məqsədilə bugünədək
72 subartezian quyusu qazılıb, əlavə 21 subartezian
quyusunun qazılması da nəzərdə tutulub.
Prezident
İlham Əliyev dövlətin bu istiqamətdə
gördüyü işlər sayəsində rayon
iqtisadiyyatında qazanılan uğurları qeyd edərək
demişdir: "Taxılçılıq,
pambıqçılıq Tərtər üçün ənənəvi
kənd təsərrüfatı sahələridir.
Pambıqçılığa gəldikdə, Tərtərdə
məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan
üstündür. Hər hektardan 34 sentner pambıq
götürülüb. Ölkə üzrə bu göstərici
də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər
burada qabaqcıl yerdədir”.
Bölgələrin
inkişafı, əhalinin sayının çoxalması, eyni
zamanda, elektrik enerjisinə olan tələbatı
artırır. Bununla yanaşı, elektrik enerjisinin fasiləsiz
və dayanıqlı olması həm iqtisadi, həm də
sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Xəbər
verildiyi kimi, dövlət başçısının
iştirakı ilə iyunun 3-də 110/35/6 kilovoltluq "Tərtər”
elektrik yarımstansiyasının yenidən qurulmadan sonra
açılışı olmuşdur. Stansiyanın istifadəyə
verilməsi ilə 17 min 103-ü əhali, 1296-sı qeyri-əhali
olmaqla, ümumilikdə 18 min 393 abonentin elektrik enerjisinin təminatı
daha da yaxşılaşacaq. Beynəlxalq standartlara cavab verən
"Tərtər” yarımstansiyası 110 kilovoltluq Naftalan və
110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə
"Azərbaycan” İstilik Elektrik Stansiyası və 330
voltluq "Gəncə” yarımstansiyası arasında dairəvi
elektrik təchizatı sisteminə qoşulub. Bunun sayəsində
yarımstansiya Tərtər, Bərdə rayonlarında, habelə
Naftalan şəhərində enerji ilə təminatın
etibarlığını və təhlükəsizliyini təmin
edəcək.
Sözügedən
səfər çərçivəsində mühüm tədbirlərdən
biri də əhalinin, xüsusən qadınların iş yerləri
ilə təmin olunmasına xidmət edən xalça sexinin
açılmasıdır. Dövlət
başçısının müvafiq sərəncamları
ilə ölkə üzrə 31 xalça müəssisəsinin
yaradılması nəzərdə tutulur ki, onlardan da 13-ü
artıq istifadəyə verilib, 8-i isə istifadəyə
hazır vəziyyətinə gətirilib. Bununla yanaşı,
yunəyrici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin,
yun və boyaq tədarükü məntəqələrinin
yaradılması istiqamətində də müəyyən
işlər görülür.
"Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin Tərtər
filialının açılışında iştirak edən
Prezidentə məlumat verildi ki, filialda 43 dəzgah
quraşdırılıb. Müəssisənin konfrans
zalı, tibb otağı, anbar, yeməkxana, xalça və
xalça məmulatlarının sərgilənməsi, həmçinin
satış üçün xalça-satış salonu var.
Filialda 150 toxucunun və 14 inzibati-təsərrüfat
işçisinin çalışması nəzərdə
tutulur. Hazırda burada 71-i toxucu, 14-ü inzibati-təsərrüfat
işçisi olmaqla, 85 nəfər işləyir.
Dövlət
başçısının bölgələrə növbəti
səfəri bir daha göstərdi ki, regionların
sosial-iqtisadi inkişafı ilə bağlı həyata
keçirilən tədbirlər dördüncü regional
inkişaf proqramı çərçivəsində indiki
pandemiya dövründə də davam edir. Bu proqramın icra
müddəti isə sona çatmayıb. Odur ki, proqram
başa çatanadək bölgələrdə, o cümlədən
də Tərtərdə hələ yeni sosial-iqtisadi obyektlərin
tikilib istifadəyə verilməsinin çox şahidi
olacağıq.
Rüstəm KAMAL
Azərbaycan.-2020.- 9 iyun.- S.1;4.