Bolşevik haqsızlığının qurbanı

 

Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş məzunlar arasında 1895-ci il təvəllüdlü Şəmkir rayonunun İrmaşlı kəndindən olan Həsənov Kamal Allahverən oğlunun da adı qürurla çəkilir. O, kənddə axund Əhmədin üçsinifli mədrəsə təhsilli məktəbini bitirdikdən sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının hazırlıq sinfinə qəbul edilmişdir. 1915-ci ildə seminariyanı başa vuran Kamal Yelizavetpol (Gəncə) quberniyasının Zəyəm nahiyəsində müəllim işləmişdir.

Bu o vaxtlar idi ki, Azərbaycanın qərb bölgəsində də azərbaycanlılara qarşı erməni qırğınları həddini aşmışdı. Kamal müəllimin uğrunda mübarizə apardığı Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süquta uğradıldıqdan sonra uzaq dağ kəndi İrmaşlıda da yeni quruluşun düşmənlərini, müsavatçıları və Gəncə üsyanının iştirakçılarını axtarmaq adı ilə bolşevik-erməni silahlı birləşmələri evlərə basqın edir, adamları dindirəndə rus dilində cavab verə bilməyənləri yerindəcə güllələyirdilər. Bu zaman Qalaça kənd dördsinifli məktəbində dərs deyən Kamal müəllim rus dilini bildiyindən dilmanc (tərcüməçi) kimi çox adamın köməyinə çatırdı. Odur ki,1925-ci ilin payızında keçirilən yığıncaqda camaat Kamal müəllimin kənd şurasının sədri olmasını təkid etdi. Bolşevik və NKVD nümayəndələri nə qədər cəhd göstərsələr də, erməni namizədlərinin bu vəzifəyə seçilməsinə nail ola bilmədilər. Camaat Kamal müəllimi özünə arxa-dayaq hesab edirdi. Çünki o, bu vəzifəyə seçiləndən kənddə ölüm-itim, quldurluq azalmışdı, sakinləri bolşevik təqibindən, güllələnmədən, sürgündən və həbsxana zülmündən xilas edirdi.

Buna görə ermənilər və ermənipərəst məmurlar Kamal müəllimə göz verib, işıq vermirdilər. Bir dəfə Zəyəmə yolu düşəndə (o zaman İrmaşlı ərazi vahidi kimi Zəyəmə tabe idi) yaxşı münasibətdə olduğu sıravi rusəsilli milis nəfəri ona yaxınlaşıb deyir: "Kamal müəllim, bunlar səndən yaman yanıqlıdılar, ehtiyatlı olun, yerinizə başqasını şura sədri qoymaq istəyirlər...”

Kamal müəllim özü də bunu hiss edirdi. Qəza Komitəsində, İnqilabi Hökumətin yığıncaqlarında, Zəyəmdə məmurlar dəfələrlə Kamal Həsənovu erməniləri müdafiə etməməkdə günahlandırırdılar.

O zaman daşnak yuvası olan Çardaxlıdan və digər kəndlərdən olan erməni quldurları tez-tez azərbaycanlıların qoyun-quzu sürülərinə basqın edir, çobanları öldürür, mal-qaralarını aparırdılar. Bu barədə o, Gəncə Qəza Komitəsinə və İnqilabi Hökumətə, qəza milis idarəsinə dəfələrlə məlumat versə də, nəticəsi olmurdu. Çünki bolşevik qiyafəli ermənipərəst məmurlar istəyirdilər ki, Kamal Həsənov bu məsələdə erməniləri yox, öldürülən, mal-qarası oğurlanan azərbaycanlıları günahkar bilsin.

Bir gün yenə kəndə xəbər yayıldı ki, Çardaxlı erməniləri Atabəylə Yuxarı İrmaşlının arasında, Bulannıq dərəsindəki Avdı bulağının yanında çobanları döyüb, qoyun sürüsünü əllərindən alıblar. Kamal müəllim bunu eşidən kimi atını minib birbaşa Avdı bulağına tərəf çapır. Yolda görür ki, iki nəfər kənd sakini al-qanın içindədir.

- Əyə, dığalar sürünü hara apardılar? - deyən Kamal müəllim dayanmadan atını çobanların göstərdiyi səmtə çapır. Çardaxlıya çathaçatda erməniləri haqlayır, beşaçılanla ikisini güllələyir, birini də ölümcül yaralayır. Sonra da sürünün ağzını döndərir kəndə sarı.

Yolda camaata rast gəlir, qoyun-quzunu sahiblərinə verib deyir ki, gedirəm Zəyəmə, İnqilabi Hökumətə məlumat verim. Deyilənə görə, Kamal müəllim o gedən olur. Qohum-əqrəbanın da xəbəri olmadan keçirilən məhkəmədə Kamal Həsənov müqəssir bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilir.

...Tiflisdə Kamalı sürgünə göndərilən yüzlərlə "xalq düşməni”ndən ayırıb dustaq aparan başqa bir vaqona mindirirlər. Tələbəlik illərində Tiflisdən Qoriyə gələndə həmişə bu platformadan qatara minib təxminən bir saatdan sonra Qoridə düşərdi. Odur ki, qatar tərpənəndə Kamal bildi ki, Batuma tərəf gedirlər. Səhərə yaxın qatar sürətini azaldıb dayananda ona elə gəldi ki, buradan da harasa uzaq bir yerə aparacaqlar. Amma vaqondan düşəndə gözlərinə inanmadı: "Bu ki, Qoridir”, - deyib səsini içinə qısdı. O qədər də böyük olmayan bu şəhərdə hər ünvan, hər tin ona tanış idi, yaxşı münasibətdə olduğu dostları çox idi. Xəyallardan onu kanvoyun amiranə səsi ayırdı...

Kamal Həsənov Qori həbsxanasında olanda da təmkinliyi, tədbirliyi və xeyirxahlığı ilə seçilib. Orada xeyli azərbaycanlı olub, əksəriyyəti də rus dilini bilmirmiş, onlar rus məmurları ilə danışıqlarında həmişə Kamal müəllimi çağırtdırarmışlar. Həbsxana rəhbərliyi də görürdü ki, Kamal vicdanlı adamdır, dustağın deyəcəyi fikri onlara yüksək səviyyədə tərcümə edir. O zaman İrmaşlıdan dörd nəfər Kamal müəllimlə bir yerdə olub. Dördü də "qolçomaq”, yeni quruluşu qəbul etməyən "xalq düşməni” kimi həbs edilib. Onlardan biri də qaçaq Mayıl olub. Həmin vaxt malını-mülkünü şura hökumətinə vermədiyinə və yeni quruluşu bəyənmədiyinə görə NKVD onu 5 il müddətinə azadlıqdan məhrum etməklə Qori həbsxanasına göndərmişdi. Amma Mayıl bu həbsxanadan heç 5 ay keçməmiş Kamal müəllimin köməyi ilə qaçmışdı.

Mayıl həbsxanadan qaçandan sonra sovet quruluşunu qəbul etməyənlərə qoşulub yeni hökumətə qarşı vuruşurdu. 1930-cu ildə indiki Sabirkənddən yuxarıda, Babalar deyilən ərazidə bolşeviklər onu mühasirəyə alıb güllələyirlər.

...Kamal müəllimi 1935-ci ildə həbsdən iki il tez buraxmışdılar. Həyət-bacada təsərrüfat işləri ilə və üç-dörd baş qoyun-quzu saxlamaqla ailəsini dolandırırdı. Kənd toylarında, nişanda, qohum-qonşu tədbirlərində Kamal müəllim yazdığı şeirlərdən bir-ikisini deməsə, onu məclisdən buraxmazdılar. 1937-ci ildə NKVD işçiləri iki gündənbir Kamal müəllimin ya qapısına gəlir, ya da onu Zəyəmə çağırırdılar ki, sovet hökumətinin əleyhinə filankəsə belə demisən, filan yerdə belə danışmısan. Əslində, bunlar bir bəhanə idi, Çardaxlı erməniləri Kamalı yenidən aradan götürməyə çalışırdılar. Nəhayət, iki ildən sonra buna nail oldular. Zəyəm NKVD-nin nümayəndələri bir neçə erməni ilə gəlib pambıq yığımına getmədiyinə görə Kamal müəllimi və daha iki nəfəri həbs edirlər. Ona bildirirlər ki, şura hökumətinin ziyanına danışırsan, yeni quruluşun əleyhinə şeirlər yazırsan, kolxozu, kolxozçuları məsxərəyə qoyursan...

Yaxınlarının dediyinə görə, 1937-ci ilin oktyabr ayında Kamal Həsənovu Tiflis həbsxanasından Ağstafaya gətirirlər, 15-20 dəqiqəlik "məhkəmədən” sonra o, "xalq düşməni” elan olunaraq Gəncə Fövqəladə üçlüyünün hökmü ilə sürgünə göndərilir. Rus, alman və ərəb dilini yaxşı bilən, Qori Müəllimlər Seminariyasını əla qiymətlərlə bitirən, vətənpərvər ziyalı Qalaçalı Kamalın ailəsi onun nə öldüsündən, nə də qaldısından xəbər tuta bilir. Bilinən odur ki, Kamal müəllim ermənilərin əli ilə bolşevik haqsızlığının qurbanı olur.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 9 iyun.- S.7.