Nakam
talelərdən danışan əsərlər
Son
dövrlər çeşid-çeşid, cild-cild buraxılan
nəşrlərin sayının çox olmamasına
baxmayaraq, sanbalları ilə seçilənləri də az
deyil. Onların bəziləri həm tarixi, həm də yeni nəslin
kitaba bağlılığı nöqteyi-nəzərdən
diqqəti çəkməkdədir. Doğrudur, bu gün həmin
kitabların müəllifləri arasında klassik ədəbiyyatımızın
tanınmış simaları da var. Vaxtilə kiril əlifbasında
buraxılmış əsərlərin də son vaxtlar bəzi
nəşriyyatlar tərəfindən yenidən latın
qrafikası ilə işıq üzü görməsi təqdirəlayiqdir.
Bunu oxucu nəfəsi ilə qızınan kitabxanalarda da etiraf
edirlər. Onların oxunaqlıları arasına daha ikisi də
əlavə edilib.
"Elm
və təhsil” nəşriyyatının oxuculara təqdim
etdiyi "Arxivlərdən gələn səslər”lə
"Azərnəşr”in buraxdığı "1930-cu illərin
günahsız qurbanları” kitablarının müəllifi
Dövlət Tarix Arxivinin direktoru Aslan Kənan, ön söz
müəllifi və redaktoru filologiya elmləri doktoru İslam
Sadıq və Natiq Heydərlidir. Rəsmi arxiv sənədləri
əsasında hazırlanan, repressiyaya məruz qalanların
taleyindən söz açan hər iki kitabda ötən əsrin
otuzuncu illərində azərbaycanlıların başına
gətirilən müsibətlər - saxta üzədurmalar,
milli vətənpərvərlərin şərlənərək
həbsxana künclərinə atılması, orada minbir
zülm və işgəncələrə məruz
qalmaları, qondarma istintaq və məhkəmələr,
ittihamlar, qəbul edilən qərarlar toplanıb.
"Arxivlərdən
gələn səslər”də nələr yoxdur ki?! Burada Azərbaycanın
böyük bəstəkarı Üzeyir bəylə
kiçik qardaşı, Fransada yaşamağa məhkum
olmuş Ceyhun Hacıbəyli haqqında maraqlı arxiv sənədləri
ilə də qarşılaşırsan. Ceyhun Hacıbəylinin
"Qarabağ dialekti və folkloru” adlı əsərinin
1933-cü ildə Parisdə çıxan "Asiya”
jurnalına əlavə kimi 144 səhifədən ibarət
ayrıca işıq üzü görməsi barədə məlumat,
əlbəttə, oxucular üçün çox
maraqlıdır.
1930-cu
illərin günahsız qurbanları haqqında istər arxivlərdə,
istərsə də nəşr edilmiş bir sıra əsərlərdə
dəhşətləri ilə yaddaşa yazılan qanlı
hadisələr az deyil. Müəllif yazır ki, vaxtilə
ulularımızın yaşadığı tarixin bu
"şikəst dövrü”nün tədqiqini
qarşımıza məqsəd kimi qoymuşuqsa, o zaman hadisələri
məntiqi baxımdan müəyyən etməli və onun real
qiymətini doğru-düzgün verməyi bacarmalıyıq.
Bu
kitab da müəllifin keçən əsrin əvvəllərində
yaşamış insanların taleyindən bəhs edən
araşdırmalar toplusudur. Həmin araşdırmalar
repressiyaya məruz qalmışların acı taleyinə
işıq salır. Belə əsərləri qələmə
almağın bir sıra çətinlikləri barədə
kitabın ön söz yerində maraqlı bir qeyd var:
"Repressiya qurbanları haqqında yazanların əksəriyyəti
ilkin sənədlərlə tanış ola bilmir, onun əziyyətinə
qatlaşmaq istəmir, obyektivliyi gözləmir, hisslərinin
ardınca gedir, faktlardan çox şəxsi düşüncələrinə
söykənir, nəticədə dəyərsiz yazılar
ortaya çıxır. Əslində, istintaq materialları da
o qədər dolaşıq və qarışıqdır ki,
onlarla tanış olan tədqiqatçı belə əsl həqiqəti
üzə çıxarmağa çətinlik çəkir.
İstintaq materialları ilə tanış olub, insanlara verilən
dəhşətli işgəncələri təsəvvür
edəndə hər adamın əsəbləri dözmür,
tarıma çəkilir...”
Elə
buna görə də Aslan Kənan yazır: "Bu təsadüfə
sevinsəm də, lakin vərəqləri çevirdikcə həyəcanımın
durmadan artdığını hiss edirdim. Vaxtilə repressiyaya
məruz qalan insanlar haqqında nəşr etdirdiyim
kitabdakı ah-nalələri bir daha "eşitməmək”
üçün bu mövzudan uzaq olmaq qərarına gəlmişdim...”
Lakin
müəllif vətəndaşlıq baxımından belə
ağır və çətin yazılan mövzuya
qayıtmaya bilərdimi? Əsla. Kitabların hər ikisində
bu - əsl vətəndaşlıq qayəsi özünü
göstərməkdədir.
Maraqlı
olduğu qədər də dəhşətləri
özündə əks etdirən faktlardan görünür
ki, "repressiya qatarı”nın "taqqa-taqqı”
keçmiş SSRİ-nin bu başından o başınadək,
Ağcaqum çöllərindən, Sibirdən, Tayqadan...
keçərək gedib.
Ümumiyyətlə,
hər iki topluda oxuculara təqdim edilən faktlardan müəllifin
həm arxiv materialları əsasında peşəkarcasına
işləməsi, həm də dəhşətli illərin
ictimai-siyasi həyatındakı haqsızlıq və
amansızlıqları bir qədər də publisistik dillə
çatdırmaq məharəti ilk andan hiss olunur.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 9 iyun.- S.7.