AKMOLA HƏBS DÜŞƏRGƏSİ

 

1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarix olmuşdur. Həmin il bu proses özünün zirvə nöqtəsinə çatmış və təbii ki, sonralar da səngimək bilmədən davam etmişdir. SSRİ-nin cinayətkar siyasətinin daralması həbs düşərgələrində məhbusların əhəmiyyətli dərəcədə artmasına da gətirib çıxarmışdı. "Böyük təmizləmə” dönəmində kütləvi həbslər yüz minləri keçmişdi. 1931-1932-ci illərə aid arxivlər QULAQ düşərgələrində təxminən 200 min məhbusun olduğunu göstərirdi. 1935-ci ildə bu düşərgələrdə 800 min, koloniyalarda isə 300 min nəfərin saxlanıldığı bildirilirdi. On minlərlə ziyalımız məhv edilir, onların hamısı da "imperialistlərlə əlaqə”də, "vətənə xəyanət”də, "türkçülük”də, "islamçılıq”da ittiham olunurdular. O zaman xüsusilə azərbaycanlı ziyalıların bir təbəqə olaraq "ləğvi” stalinizmin başlıca məqsədlərindən birinə çevrilmişdir.

1937-ci il iyulun 30-da XDİK-in "Keçmiş qolçomoqların, cinayətkarların və başqa antisovet elementlərin repressiya olunması üzrə əməliyyat haqqında” və həmin il avqustun 15-də "Vətən xainlərinin arvadlarının və uşaqlarının repressiya olunması üzrə əməliyyatlar haqqında” operativ əmrləri geniş müzakirə edilir. Hər iki əmr xalq daxili işlər komissarı N.Yejov tərəfindən hazırlanır. Bu, "böyük terror” dövrünün ən amansız, qeyri-insani aksiyası idi.

Akmola həbs düşərgəsi də həmin ildə, bu qərarların icrası nəticəsində yaranır və özünün vəhşi, qaniçən fəaliyyətinə başlayır. Bura postsovet məkanının ən qaranlıq və hazırda da insanları vahiməyə salan ərazilərindən biridir. İşgəncə tətbiqinə görə analoqu yox idi. Düşərgəyə xalq düşməni adı ilə güllələnənlərin həyat yoldaşlarını sürgün edirdilər. Cəza çəkən qadınlar cəhənnəmi xatırladan bu məkana qeyri-rəsmi "ALJİR” adası (Akmolinskiy laqerğ jen izmennikov Rodinı) adını vermişdilər.

Düşərgə hazırda Qazaxıstanın paytaxtı olan Nur-Sultandan çox da uzaqda olmayan səhralığın ortasında salınıb. 15 avqust 1937-ci ildə NKVD başçısı Nikolay Yejovun imzaladığı 00486 nömrəli əmrə əsasən yaradılıb. Bu ölüm təcridxanasına güllələnmiş "xalq düşmənləri”nin həyat yoldaşları ilə yanaşı, onların anaları, bacıları və həddi-büluğa çatmış qızları da sürgün edilirdilər. Həmin adamlarla bağlı heç bir istintaq və məhkəmə işi aparılmırdı. Onların bütün əmlakları müsadirə olunur, evləri başqalarına verilir, hətta kiçik yaşlı uşaqlarının adları, soyadları dəyişdirilir, yetimxanalara, internatlara göndərilir, özləri isə valideyn hüququndan məhrum edilirdilər. Sovetlər həmin uşaqları öz bildikləri kimi, ideologiyalarına uyğun - sərt, amansız, qaniçən ruhda tərbiyə edirdilər. Bütün fəaliyyət dövrü ərzində düşərgədə 18 min qadın məhbus həyatı yaşamışdı. Digər araşdırmalara görə isə bu sayın 26 min olduğu göstərilir.

ALJİR-də keçən hər gün olduqca dözülməz olub. İlk dustaqlar bura 1938-ci ilin yanvarında xüsusi vaqonlarda gətiriliblər. XDİK (Xalq Daxili İşlər Komissarlığı) əvvəlcə onları aldadaraq qadın qohumları və doğmaları ilə görüşəcəklərini vəd ediblər. Ona görə çoxları bura gözəl geyimdə, bərli-bəzəkli görkəmdə gəliblər. Amma acı bir tale ilə rastlaşıblar. Minlərlə günahsız insan ölüm düşərgəsinin sakinlərinə çevriliblər. 30 hektar ərazidə yerləşən düşərgədə ilk tikinti işlərini, barakları, tikiş sexlərini, inzibati və yardımçı otaqlarını da bu qadınlar - birinci dəfə sürgünə göndərilənlər tikiblər. Düşərgənin tikintisi üç növbədə aparılıb. Təkcə altı ay müddətində tikinti zamanı soyuqdan 98 nəfər qadın həyatını itirib.

16 il, yəni 1938-ci ildən 1953-cü ilə qədər fəaliyyət göstərən Akmola düşərgəsinin üç rəisi olub: Aleksandr Bredixin, Sergey Barinov, Mixail Yuzipenko. Onların içərisində düşərgə sakinlərinin dediyinə görə Sergey Barinov az da olsa mərhəmətli rəis sayılıb. Araşdırmalarda xüsusi qeyd olunur ki, Akmola düşərgəsinin fəaliyyəti 1953-cü ildə dayandırılsa da, 1958-ci ilə qədər burada cəza çəkən qadınlara Qazaxıstanı tərk etmək qadağan edilib.

Akmolada həbs müddəti 5-10 il olub. Amma 1941-ci ildə müharibə başlayanda cəza müddəti qeyri-müəyyən vaxta qədər uzadılıb. Yəni cəzası başa çatanlar bu cəhənnəm yuvasından, əzab-əziyyətdən xilas ola bilməyiblər.

Düşərgədə çox sərt daxili rejim qaydaları hökm sürürdü. Bu qaydaları pozanlara isə rejim qaydalarından daha ağır cəzalar tətbiq edilirdi. Məsələn, qış fəslində, temperaturun mənfi 30-40 dərəcə olduğu bir vaxtda qaydaları pozan qadınların çılpaq şəkildə ərazidə 1 saat "gəzintisi” keçirilərdi və bu, ən adi cəzalardan biri sayılırdı. Yaxud eyni vəziyyətdə olan qadını nəzarətçinin otağında yanan sobanın bir neçə santimetrliyində stula bağlayaraq yüksək temperatur verilməsi və sonra stul qarışıq həyətə buzun, qarın üstünə atılması da bu düşərgədə təəccüblü hadisə sayılmırdı. Qadınların iradəsini sındırır, onları həyat yoldaşlarından, ata və qardaşlarından imtina etməyə məcbur edirdilər.

Düşərgə əməkdaşları tərəfindən tez-tez "yemək-içmək” məclisləri təşkil edilirdi, bundan sonra da qadınların vəziyyəti acınacaqlı olurdu. Hətta bəzi hallarda aclıqdan, qidasızlıqdan zəifləyən qadınlara qatqısız texniki spirt içirdilir və onların düşdüyü vəziyyətlər nəzarətçilər üçün əyləncəyə çevrilirdi.

Yuyunmaq və paltar yumaq üçün gün ərzində qadınlara yalnız bir vedrə su verilirdi. Lap yaxınlıqda su mənbəyinin olmasına baxmayaraq, əlavə sudan istifadə etmək ciddi qanun pozuntusu sayılırdı.

Ətrafla tam təcrid olunan düşərgənin ərazisinə giriş yalnız NKVD başçısı Nikolay Yejovun imzası olan xüsusi buraxılışla həyata keçirilirdi. Düşərgədə cəza çəkən qadınlar yaxın adamları ilə görüşmək, bağlama qəbul etmək, məktub göndərmək və almaq hüquqlarından məhrum idilər. Qadınlara mənəvi əzab vermək üçün yerli NKVD orqanlarının əməkdaşları tez-tez görüşlər keçirirdilər. Onlar məhbuslara övladları haqqında məlumat verib bildirirdilər ki, uşaqlar valideynlərinə xalq düşməni kimi nifrət edirlər və heç vaxt onlarla görüşmələrini arzu etmirlər.

Qadınların məruz qaldıqları işgəncələr insanlığa sığmırdı. Bir çoxları ağıllarını itirir və ya intihar edirdilər. Akmola düşərgəsinə göndərilənlərin şəxsi işlərində iki bənddə aparılan qeydlər fərqli şriftlərlə qeyd olunurdu. Cinayət dərəcəsi - "xüsusi təhlükəli cinayətkar”, işə yararlığı - "ən ağır işlərin görülməsi üçün”. Həmin dövrü tədqiq edən araşdırmaçılar yazırlar ki, ölənlərin və sağ qalanların sənədlərinin kifayət qədər olmaması səbəbindən dəqiq say məlum deyildi. Düşərgənin rəhbərliyi hesab edirdi ki, Qazaxıstanın ərazisi böyükdür və ölənləri kütləvi şəkildə qardaşlıq məzarlığında basdırmaq olar.

Yerli əhalinin xatirələrinə görə onlar məhbus qadınların öz həbs səbəbləri haqqında danışdıqlarına inanmırdılar. Məhbuslarla yerli əhalinin əlaqəsinin məhdud olmasına baxmayaraq, düşərgənin tikintisi üçün əhəmiyyətli dərəcədə böyük ərazi yerli əhalinin əlindən alınmışdı. Bu ərazidə bir neçə qazax aulu və "avropalı” əhalisi olan 7 qəsəbə var idi (4861 təsərrüfat və 21979 nəfər insan). Düşərgənin tikintisinə görə bu əhali Karaqanda vilayətinin digər bölgələrinə köçürülmüşdülər. Düşərgənin ehtiyacları üçün yerli əhalinin mal-qarası əllərindən alınmışdı. Düşərgə nəzarətçiləri duyuq düşməsinlər deyə qazax qadınlar özlərini məhbuslara qarşı daş atan kimi göstərirdilər. Əslində isə onlar qadınların üzərinə qurut atırdılar. Bu da neçə qadının aclıqdan ölməsinin qarşısını almışdı.

Akmola düşərgəsində o dövrün tanınmış simalarının, partiya və dövlət xadimlərinin arvadları, anaları, bacıları, qızları, görkəmli yazıçılar, şairlər, aktrisalar həbs cəzası çəkiblər. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalininin həyat yoldaşı Yekaterina Kalinina, marşal Tuxaçevskinin bacısı Yelizaveta Tuxaçevskaya, yazıçı Qalina Serebryakova, Siyasi Büronun üzvü Nikolay Buxarinin həyat yoldaşı Anna Buxarina, aktrisa Tatyana Okunevskaya, dövrün sevilən müğənnisi Lidiya Ruslanova, Mixail Plisetskinin həyat yoldaşı, aktrisa Rahil Messerer-Plisetskaya, rejissor və teatr xadimi İsrail Veytserin həyat yoldaşı Nataliya Sats, tarixçi və arxeoqraf Kseniya Serbina, sovet kinematoqrafı, jurnalist Arkadi Qaydarın həyat yoldaşı, Yeqor Qaydarın nənəsi Liya Solomyanskaya, sovet diplomatı Kərim Xakimovun həyat yoldaşı Xədicə Xakimova və digər tanınmışlar uzun illər bu düşərgənin sakinləri olublar.

Düşərgədə Azərbaycandan da 44 nəfər qadın cəza çəkib. Çox təəssüflə yazırlar ki, düşərgənin arxivində bu qadınlar haqqında az məlumat var. Əslən Qazax rayonu Dağkəsəmən kəndindən olan mülkədar qızı Sənubər Eyyubova həbs edilən ərəfədə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin dekanı olub. Sitarə Mehdiyeva bir çox məsul dövlət vəzifələrində çalışmış, sonradan "xalq düşməni” elan olunmuş Mehdi Mehdiyevin xanımı idi. Ən görkəmli xanımlardan biri isə mərhum vətənpərvər şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım olub. O, sürgündən qayıtdıqdan sonra da Bakıda qala bilməyib, icazə verməyiblər. Ona görə də uzun müddət Şəmkirin Seyfəli kəndində yaşamağa məcbur olub.

Daha sonra Tamara Hüseynova Cümhuriyyətin qurucusu və ilk baş naziri Fətəli xan Xoyskinin yeganə qızı olub. Həyat yoldaşı Mirzə Davud Hüseynovla birlikdə Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib. Əliyeva Kənizənin həyat yoldaşı Əliyev Niyaz 1931-1932-ci illərdə Qubadlı rayon partiya komitəsinə rəhbərlik edib. 15 fevral 1937-ci ildə əksinqilabi fəaliyyət ittihamı ilə həbs olunub. Kənizə xanım isə 13 aprel 1938-ci il tarixdə "vətən xaininin həyat yoldaşı” kimi tutulub, XDİK-in 29 may 1938-ci il tarixli qərarına əsasən cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Nəimə Məmmədova xalq maarifinin təşkilatçılarından olan yazıçı-pedaqoq Rəşid bəy Əfəndiyevin kiçik qızı, tarixçi-alim, Azərbaycan Dövlət Universitetinin kitabxanasının direktoru Ağamir Məmmədovun həyat yoldaşı olub. Ağamir Məmmədov 10 yanvar 1937-ci ildə Azərbaycan SSR Xüsusi Dövlət İstintaq Komitəsi tərəfindən terrorçu əksinqilabi-millətçi, pantürkist təşkilatın üzvü olmaqda ittiham olunaraq həbs edilib. Üç aylıq istintaqdan sonra güllələnməyə məhkum edilib. Nəimə Rəşid qızı isə "vətən xaininin həyat yoldaşı” kimi cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bayıl həbsxanasından

ALJİR düşərgəsinə göndərilib.

Siyahını uzatmaq olar... Bu qadınlar bir günahın cəzasını çəkiblər: Stalin repressiyasına məruz qalmış insanların əzizləri, doğmaları olduqları üçün... Repressiyalar taleləri sındırıb, minlərlə ailəni başsız qoyub, ata-anaları, uşaqları gözü yolda qoyub.

Bu gün ALJİR muzey kimi fəaliyyət göstərir, həmçinin ərazidə çox böyük xatirə kompleksi də yaradılıb. Muzeyə girişdə 2007-ci ildə Nursultan Nazarbayev tərəfindən açılan "Qəm alaqapısı” yerləşir. O, 1993-cü ildə həmin düşərgənin bütün qurbanlarına bəraət verilməsinə dair fərman imzalayıb. Muzeydə həmin illərdən qalmış istintaq təcridxanasının qapısı, qadınların aldadılaraq evdən çıxarkən son dəfə geyindikləri təzə, bərli-bəzəkli paltarları, ayaqqabıları, uşaqların analarına, anaların ailələrinə məktubları, düşərgədə işlədilən əmək alətləri, tikiş maşını, istintaq otaqları, otaqlardakı istintaqçıların maketi və dövrü təsvir edən bir çox eksponatlar mövcuddur. Kompleksin həyətində isə azərbaycanlı qadınların xatirəsinə xüsusi lövhə vurulub. Orada olanlar yazırlar ki, muzey kompleksinə çevrilmiş düşərgədə iki heykəl qoyulub. Birinci, kişi heykəli - "ümidsizlik və gücsüzlük” adlanır. İkinci, qadın heykəli isə - "ümid və mübarizə” adlanır. Məhz bu ikinci, qadın heykəli başını dik tutaraq məğrur baxışlarla azadlığa yol axtarır.

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 9 iyun.- S.7.