Təhsilimizin
böyük qayğıkeşi
Koronavirus
bəlasının sərhədlərimizə
yaxınlaşdığı ilk gündən onun sürətlə
yayılma tendensiyasını nəzərə alaraq dövlətimiz
tərəfindən uzaqgörənliklə mühüm və
düşünülmüş qərarlar qəbul edildi.
Əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməklə
bir daha sübut olundu ki, ölkə rəhbərinin
yürütdüyü siyasətin bünövrəsində
xalqımızı hər bir çətinlikdən qorumaq
amalı durur. Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva koronavirusla ümumxalq
mübarizəsinin önündə getdi və gözəgörünməz
düşmənlə qarşıdurmada da sərkərdəlik
etdi.
Dünya
xəritəsində kiçik də olsa öz yeri olan, bir
milyondan çox qaçqın və məcburi
köçkünün problemi ilə yüklənən, hələ
də torpaqlarının 20 faizindən çoxunun
işğal edildiyi bir ölkənin belə bir çətin
dönəmdə duruş gətirməsi, vətəndaşlarının
həyatını qoruması yaxşı bilirik ki, dost və
ya düşmən masalarında müzakirə mövzusudur. Təkcə
özümüzü deyil, dünyanı qurtarmaq
üçün çabalarımız, daha çətin
durumda olan ölkələrə etdiyimiz yardımlar tolerant və
multikultural dəyərlərimizin Anayasamızdan tutmuş qəbul
edilən qərarlarda, verilən fərman və sərəncamlarda
önə çəkilməsi bir xalq olaraq humanistliyimizin, həm
də qədim dövlətçilik ənənələrimizin
təzahürüdür.
Aztəminatlı
ailələrin müavinətlərinin artırılması,
işsizlər üçün əlavə müavinətlərin
təyin edilməsi, bu çətin dövrdə ölkə
iqtisadiyyatının inkişafının qorunub
saxlanılması istiqamətində qəbul edilən qərarlar,
xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin
yüksək səviyyədə təşkili xalqımız
tərəfindən rəğbətlə
qarşılanır. Karantin rejimi ilə əlaqədar işə
gedə bilməyən insanlara birdəfəlik ödəmənin,
Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə
ərzaq yardımlarının verilməsi çox
böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan
vətəndaşlarına olan qayğının və
sevginin təzahürüdür.
Dövlət
tərəfindən koronavirus (COVİD-19) infeksiyasının
Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin
qarşısının alınması məqsədilə həyata
keçirilən təxirəsalınmaz tədbirlər təhsilimizi
də əhatə edib. Yoluxma hallarının
qarşısının alınması, bu sahədə aparılan
müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi,
ölkə ərazisində yerləşən bütün təhsil
müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və
digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi
məqsədilə 2020-ci ilin mart ayının 3-dən bütün
təhsil müəssisələrində tədris, təlim-tərbiyə
prosesi dayandırılıb.
Şagirdlərin
dərs proqramından geri qalmaması üçün Təhsil
Nazirliyi tərəfindən genişmiqyaslı işlər
görülüb. "Mədəniyyət” kanalında
yayımlanan "Dərs vaxtı” onlayn dərsi ilə
yanaşı, nazirlik internet resurslarında da bu cür vasitələr
yerləşdirib. Bu gün "Zoom”, "YouTube” kanalında,
eləcə də nazirliyin öz platformalarında şagirdlər
üçün onlayn dərslər təşkil olunur və
bütün siniflər əhatə edilir.
Ölkə
Prezidentinin "Biz birlikdə güclüyük”
çağırışına qoşularaq
xalqımızın bu sınaq günündə meydana
çıxan könüllü onlayn dərslər keçən
müəllimlərin əməyini xüsusi vurğulamağa
dəyər. Bu gün internet resurslarından istifadə edərək
xeyli sayda müəllim "Zoom”, "WhatsApp”, "Facebook” və
digər platformalar üzərindən şagirdlərə
ödənişsiz onlayn dərslər keçirlər.
Koronavirusla mübarizə dövründə könüllü
olaraq övladlarımıza dərs keçən müəllimlərin
sayəsində böyük könüllülər ordusu
formalaşıb. Maraqlı məsələlərdən biri də
odur ki, bu müəllimlər onların açdıqları
qruplara qatılan hər bir uşağa böyük həvəslə
tapşırıqlar verir, mövzuları izah edirlər.
Müşahidə
olundu ki, bizim təhsil sistemində öz vəzifəsini məsuliyyətlə,
şərəflə yerinə yetirən böyük bir
müəllim ordusu var. Onların bu addımı müsbət
tendensiyadır və bəzi məmurlara, öz məsuliyyətini
dərk etməyənlərə, eləcə də müəllim
adını ləyaqətlə daşıya bilməyənlərə
böyük örnəkdir.
Prezidentin
rəhbərliyi ilə ölkəmizdə gənclərin
aparıcı qüvvəyə çevrilməsi istiqamətində
böyük işlər görülür, dövlətçiliyə
bağlı, yüksək intellektli və geniş
dünyagörüşünə malik gənc nəsil
formalaşıb. Hər bir Azərbaycan gənci ölkə
başçısının gördüyü işlərin
dəyərini çox yaxşı bilir və hər zaman
Prezidentə güvənir. Türkiyədə olan azərbaycanlı
tələbələrin hər birinə müəyyən vəsaitin
verilməsi onlara həm maddi, həm də mənəvi
kömək oldu.
Çox
sevindirici haldır ki, Azərbaycan təhsil sisteminin yetirmələri
olan mütəxəssislərin, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
xaricdə tibb təhsili almış şəxslərin də
bu prosesdə müxtəlif formalarda rolu var. Xaricdə yüksəkixtisaslı
mütəxəssislər kimi yetişən azərbaycanlı
məzunlar artıq pandemiya ilə mübarizə sahəsində
öz töhfələrini verirlər.
Nazirlər
Kabineti koronavirus (COVİD-19) pandemiyasının ölkənin
məktəblərində təhsil prosesinə mənfi təsirinin
aradan qaldırılması ilə bağlı bəzi tədbirlər
barədə 18 may 2020-ci il tarixli 179 nömrəli qərar qəbul
edib. Həmin qərara 9-cu sinif buraxılış imtahanı
qaydaları, 9-cu və 11-ci sinif təhsil bazasında orta
ixtisas təhsili və ali təhsil müəssisələrinə
qəbul qaydalarında müvəqqəti dəyişikliklər
edilib. Bütün bunlar hər birimizdə əminlik
yaradır ki, dövlətimiz tərəfindən həyata
keçirilən zəruri tədbirlər və
xalqımızın göstərəcəyi həmrəylik
sayəsində tezliklə koronavirus infeksiyasına birlikdə
qalib gələcəyik.
Vətənimiz
və xalqımız üçün görülən
bütün işlərə görə Prezident İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya dərin minnətdarlığımızı
bildiririk. Biz müəllimlər Prezidentimizə inanır və
güvənirik. Əminik ki, ölkə rəhbərinin səmərəli
fəaliyyəti və xalqımızın həmrəyliyi sayəsində
bu pandemiyanın Azərbaycana təsiri çox da böyük
olmayacaq. Müəllimlər daim Prezidentimizin yanındadır.
Zaur VƏLİYEV,
Bakı Dövlət
Sosial-İqtisadi Kollecin tarix müəllimi
Azərbaycan.-2020.- 9 iyun.- S.6.