Koronavirus
Ermənistanı cəhənnəmə çevirib
Paşinyan
iqtidarının pandemiya ilə bağlı vəziyyəti
düzgün qiymətləndirməməsi
işğalçı ölkəni uçuruma yuvarladıb
Ermənistanda
koronavirus pandemiyası səbəbindən getdikcə
ağırlaşan vəziyyət hakimiyyət
üçün də əlavə problemlərə yol
açmaqdadır. Hətta fikirlər səslənir ki, bu
gedişlə Nikol Paşinyan yaxın vaxtlarda iqtidardan devrilə
bilər. Yerli medianın yazdığına görə, hakimiyyət
artıq Paşinyanın əlindən sürüşüb
gedir. Bildirilir ki, baş nazir öz komandasında birliyi belə
təmin edə bilmir. Hakimiyyətin müxtəlif qanadları
arasında gərginlik yüksək həddə
çatıb.
Bütün
bunlara paralel olaraq işğalçı ölkədə
sosial-iqtisadi durum pandemiya ucbatından daha sürətlə
pisləşməkdədir. Ermənistanda koronavirusun
yayılmasının qarşısını almaq məqsədilə
martın 16-da elan edilmiş fövqəladə vəziyyətin
müddəti aprelin 13-dən sonra iki dəfə 30 gün
uzadılıb. Lakin martın 24-dən sonra azad hərəkət
etmək və müəyyən iqtisadi fəaliyyət
üçün qadağalar ləğv edilib. Mayın 18-dən
sonra isə, infeksiya təhlükəsizliyi qaydalarına əməl
etmək şərtləri ilə, ictimai nəqliyyatın,
uşaq bağçaları, idman və gözəllik
salonlarının, kafe və restoranların fəaliyyətinə
icazə verilib.
Hazırda
ölkədə virusa yoluxanların sayı 13 mini keçir.
Pandemiya qurbanlarının ümumi sayı 200-ü
ötüb. Bu arada xatırladaq ki, Ermənistanın baş
naziri Nikol Paşinyana da koronavirus diaqnozu qoyulub. Baş nazir
fövqəladə vəziyyət üzrə komendaturanın
növbəti iclasından sonra ölkəsində vəziyyətin
cəhənnəmə çevrildiyini açıqlayıb.
Yerli medianın verdiyi xəbərə görə, Paşinyan
ölkədə koronavirusa yoluxma hallarının kəskin
artmasına görə səhiyyə sisteminin
çökdüyünü, yeni xəstələri qəbul
edə bilmədiyini, yüzlərlə xəstənin xəstəxanaya
yerləşdirilmək üçün növbə gözlədiyini
deyib. Onun sözlərinə görə, situasiya kritik həddi
keçib və ölkə cəhənnəmə
çevrilib: "Bu gün biz ölkədə total karantin tətbiq
edilməsi barədə qərar qəbul etməyə
çox yaxın idik. Lakin sonda belə qənaətə gəldik
ki, bu, vəziyyəti xilas etməyəcək. Ölkədə
antipandemiya hərəkatı başlamalıdır və biz
hamımız situasiyaya ciddi yanaşmalıyıq”.
Baş
nazir vətəndaşları "koronavirus yoxdur”, "maska
taxmaq lazım deyil, çünki xeyri yoxdur”, "hökumət
yoluxanların sayını qəsdən şişirdir” kimi
şayiələrə inanmamağa çağırıb.
Paşinyana görə, virusun belə sürətlə
yayılmasının səbəbi insanların təhlükəyə
məhəl qoymaması və laqeydliyidir. Onun fikrincə,
insanların davranışı dəyişmədən və
epidemiya əleyhinə tədbirlərə sərt riayət
olunmadan vəziyyəti normallaşdırmaq mümkün
olmayacaq.
Sosial
şəbəkələrdə bəzi istifadəçilər
isə baş nazir Paşinyana onun Şuşada Araik
Arutyunyanın andiçmə mərasimindən sonra ziyafət
zamanı epidemioloji təhlükəsizlik qaydalarına riayət
edilmədiyini irad tutublar. Bildirilir ki, sosial şəbəkələrdə
yayılmış şəkillərdə görünür
ki, masa arxasında toplaşanların əksəriyyəti nə
maska taxıb, nə də sosial məsafə saxlayıb.
Politoloq
Artur Atayev "İzvestiya” qəzetinə müsahibəsində
qeyd edir ki, Ermənistanda hər gün 600-ə yaxın adam
koronavirusa yoluxur və artıq bütün xəstəxanalar
dolub. Ölənlərin sayı da hər gün artır. Ermənistan
Cənubi Qafqazda koronavirusla bağlı ən dramatik vəziyyətin
hökm sürdüyü ölkədir.
"Xəstə
mövzu: Ermənistan nə üçün koronavirus üzrə
rekordçudur” sərlövhəli məqalədə qəzet
Ermənistanın koronavirus üzrə "antirekordu”
haqqında yazır. Məqalədə deyilir ki, Ermənistan
koronavirusa yoluxanların və bu səbəbdən ölənlərin
sayı üzrə Zaqafqaziyada birinci yeri tutur. Məqalənin
müəllifi İqor Karmazinin fikrincə, ölkədə
infeksiyanın yayılmasına qarşı mübarizə
üzrə radikal tədbirlər görülməsinə
baxmayaraq, nə məmurlar məhdudiyyətlərə riayət
edirdi, nə də sakinlər: "Məmurlar özləri
insanları səhlənkar münasibətə təhrik
edirdilər. Səhiyyə naziri Arsen Torosyan yazın əvvəlində
keçirdiyi mətbuat konfransında bu tədbirə maska
taxmış vəziyyətdə gəlmiş jurnalistləri
lağa qoyurdu. Torosyan bildirirdi ki, koronavirusu təhlükəli
hesab etmir. O deyirdi: "Spesifik dərmanlar lazım deyil.
Ümumiyyətlə, onu adi qrip kimi müalicə edirlər”.
Bildirilir
ki, başqa siyasətçilər də məhdudlaşdırıcı
tədbirlərə məhəl qoymurdular. Ermənistan
parlamentinin deputatlarının vuruşmasının videosu
sosial şəbəkədə geniş
yayılmışdı. Mayın 8-də onlar kommunal ödənişlərlə
bağlı fikir ayrılıqlarına görə əlbəyaxa
oldular. Dalaşqan deputatlar sosial məsafəyə riayət
etmirdilər. Mayın 21-də qondarma "Dağlıq
Qarabağ respublikası”nın ("DQR”) yeni "prezidenti”nin
inaqurasiyasından sonra daha bir qalmaqal qopdu. Sosial şəbəkələrdə
yayılmış fotoşəkillərdə
görünür ki, Ermənistan və "DQR” hökumətlərinin
üzvləri sosial məsafəyə və qoruyucu maskalara məhəl
qoymurlar. Bütün bunların nəticəsində vətəndaşlar
arasında da karantinə sərin münasibət yarandı.
Politoloq
Artur Atayev vəziyyəti şərh edərək bildirib ki,
Ermənistan hakimiyyətinin inamsız hərəkətləri
etiraz əhvali-ruhiyyəsinin güclənməsinə gətirib
çıxara bilər. Ekspert deyir ki, Paşinyan hökumətinin
reytinqi karantinə qədər də düşürdü,
indi də düşür. Bunun hansı nəticələrə
gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə
etiraz aksiyaları başlanmasını istisna etmirəm. Bir
sıra siyasi qüvvələr, ilk növbədə, vaxtilə
Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə
özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən
istifadə etməyə hazırdırlar. Ambisiyalı gənclər
tezliklə vəziyyəti daha da qızışdıra bilərlər.
Bütün
bunlar ondan xəbər verir ki, Ermənistanı
qarşıdakı dövrdə daha böyük böhran
gözləyir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 9 iyun.- S.6.