Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz

 

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir. Ölkəmizin bütün guşələrindən və xaricdən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Cəlilabad rayonunun Göytəpə şəhərindən İqbal Əkbərov və Dünyamalı Ağababayev yazırlar: "Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib, beynəlxalq aləmdə özünə layiqli yer tutub. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərdiyiniz qayğı aqrar sektora güclü təkan verib və ərzaq təhlükəsizliyini təmin edib. Biz bunu Cəlilabad rayonunun timsalında bir daha görürük. Bizim məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikamızla yanaşı, xarici bazarlara da çıxarılır. Bu il karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, Siz məhsulun Rusiyaya göndərilməsinə şərait yaratdınız. Min bir əziyyətlə istehsal etdiyimiz kartofu Rusiyaya göndərməklə yaxşı pul qazanmağa və güzəranımızı yaxşılaşdırmağa nail olduq. Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!”.

Cəlilabad rayonunun daha bir qrup sakini Möhübbət Alışov, Ramin Babayev, Məhəmməd Muradov, Baladin Balayev, Rafəddin Mehdiyev, Tahir Hüseynov və Əliqismət Qasımov yazırlar: "Əziz və hörmətli cənab Prezident, bu gün dünyada, o cümlədən qonşuluğumuzdakı ölkələrdə tüğyan edən iqtisadi-siyasi problemlərin təsirindən Azərbaycanı və xalqımızı qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Biz bölgələrdə və kəndlərdə yaşayan vətəndaşlar olaraq Sizə daim güvənirik. Koronavirus pandemiyası bəlasının tüğyan etdiyi bir dövrdə verdiyiniz uzaqgörən qərarlarla bizi bu bəlalardan minimum itkilərlə xilas etməkdəsiniz. Cənab Prezident, becərdiyimiz məhsulları xarici bazarlara göndərilməsini təşkil etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Rusiyanın Moskva vilayətinin Fryazino şəhərindən Nizami Abdullayev: "Hörmətli cənab Prezident, mən Qarabağ müharibəsi veteranıyam. Taleyin qismətindən hazırda Rusiyada yaşayıram. Bu məktub vasitəsilə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz. Bunu deməyə mənim haqqım var. Üzləşdiyim vəziyyəti qısaca qeyd etsəm yəqin ki, hər şey aydın olar. Bu çətin pandemiya dövründə ailəmə kömək göstərilməsi ilə əlaqədar Sizə müraciət etmişdim. Bir neçə gündən sonra ərzaq yardımı ilə təmin olunduq. Belə bir qayğını görmək, hiss etmək əlbəttə ki, qürurvericidir. Əziz Prezidentimiz, bizi darda qoymadığınız üçün ailəmin adından Sizə təşəkkür edirəm. Bizim ailə fəxr edir ki, doğma Azərbaycanımızın Prezidenti məhz Sizsiniz. Allah Sizdən razı olsun!”.

Gəncə şəhərindən təqaüddə olan müəllim Sevil Babayeva: "Möhtərəm Prezident, Sizin söylədiyiniz "İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür" sözləri bizi ruhlandırır. Sanki dağa söykənmişik. Mehriban xanım Əliyevanın xalqımıza bir ana, bacı, nənə kimi müraciət etməsi və müraciətlərinin sonunda "Sizin Mehriban" imzasını qoyması ən xoş sözlərə layiqdir. Bu sözlərin, gördüyünüz işlərin əks-sədası çox-çox uzaqlara gedib çıxır. Bu sözlər, bu xoş münasibət bizə ən yaxşı valideynləri, ailə üzvlərini xatırladır. Cənab Prezident, bacıma söylədim ki, bu çətin pandemiya dövründə mən Prezidentimizi düşündüyümdən də güclü, bacarıqlı, xalqı üçün fədakarlıq nümayiş etdirən gördüm. Bacım isə cavab olaraq mənə dedi: "O, müdrik şəxsiyyətin, Ulu Öndərin oğludur. Elə də olmalıdır". Əziz Prezidentim, ürəyimdə sözüm çoxdur. Hamısını yazsam yəqin ki, bir məktuba sığmaz. Allah Sizi və ailə üzvlərinizi pis gözdən, bəd nəzərdən uzaq etsin!”.

Qazax şəhərindən Nurlanə Əhmədli və İlhamə Əsədova yazırlar: "Möhtərəm Prezident, bütün dünyaya yayılan koronavirusun ölkəmizdə qarşısının alınması üçün öncədən gördüyünüz tədbirlər bu gözəgörünməz düşmənlə mübarizənin ilkin mərhələsində səmərəsini verdi. Bunun sayəsində ölkəmizdə xəstələrin və itkinin sayı xeyli az oldu. Karantin dövründə Sizin sərəncamınız və tapşırığınız ilə əhali üçün yardım paketləri müəyyən olundu və vətəndaşlara böyük kömək göstərildi. Biz bu tədbirlərin dəyərini indi daha aydın hiss edirik. Çünki karantin rejimi yumşaldıqdan və bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra koronavirusa yoluxanların sayı bir qədər artmışdır. Sözsüz ki, bu mənzərə hamını yenidən narahat etməyə başlamışdır. Mətbuatdan oxuyur və eşidirik ki, bunun qarşısının alınması üçün növbəti tədbirlər həyata keçiriləcək. Hörmətli cənab Prezident, məqsədyönlü tədbirlər hesabına mövcud narahatlığın tezliklə birdəfəlik aradan qaldırılacağına inanırıq. Gördüyünüz işlər üçün Sizə təşəkkür edir, daxili və xarici siyasətinizdə növbəti uğurlar arzulayırıq”.

Lənkəran şəhərindən Əlizadə Quliyev və İsmayıl Ağayev: "Hörmətli cənab Prezident, çox sağ olun ki, xalqımız üçün böyük işlər görürsünüz. Biz görürük ki, bu gün bütün dünya ölkələri çətinliklərlə üzləşib. Amma Sizin və Mehriban xanımın sayəsində biz bu çətinlikləri o qədər də hiss etmirik. Sizin davamlı qayğınızla ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da böyük işlər görülür. Koronavirus pandemiyası ilə əlaqədar bizim şəhərdə də lazımi tədbirlər həyata keçirilir. Biz bundan çox razıyıq. Bu günlərdə bizim yaşadığımız M.Hüseynzadə küçəsinin asfaltlanması bizi çox sevindirdi. Bunu çox arzulayırdıq. Çox sağ olun, cənab Prezident. Biz Sizə inanırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz bütün arzularımıza çatacağıq. Sizə bir daha minnətdarlığımızı bildiririk”.

Gədəbəy rayonunun Əyrivəng kəndindən Söhbət Tağıyev: "Cənab Prezident, Gədəbəy rayonunun Əyrivəng kəndi düşmənlə sərhəddə yerləşən kəndlərimizdən biridir. Bu gün Əyrivəng kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Respublikamızda, o cümlədən Gədəbəyimizdə və Əyrivəng kəndində görülən işlərə görə kənd sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Tanrı Sizi və Azərbaycanımızı qorusun!”.

Naftalan şəhərindən Adilə Bağırova: "Möhtərəm cənab Prezident, Sizin Tərtər rayonuna səfəriniz zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməyiniz hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Həmçinin həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Bu ağır vəziyyətdə ölkəmizdə görülən işlərə, bütün sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və hər zaman Azərbaycan vətəndaşının yanında olduğunuza görə kurort şəhərimiz Naftalanın sakinləri adından Sizə sonsuz məhəbbətimizi və hörmətimizi bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və millətimizi qorusun!”.

Ağcabədi rayonundan Ruxsarə Nəsirova: "Möhtərəm cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir. Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi. Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun!”.

Tərtər rayonundan Faiq Məmmədov: "Hörmətli cənab Prezident, Tərtər rayonunun idmançıları adından Sizi ürəkdən salamlayır, rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Siz Mehriban xanımla birlikdə yeni sosial layihələrin həyata keçirilməsini dayandırmadınız. Tərtərdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir. Biz gənclər Sizin idmana göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik, bu gün də hiss edirik. Cənab Prezident, Tərtər idmançıları adından söz verirəm ki, yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində daha həvəslə məşq edəcək, sıralarımızı gənc idmançılarla genişləndirəcək, yeni uğurlara imza atacağıq. Tanrı Sizi və ailənizi qorusun!”.

Bakının Xəzər rayonundan Extiyar Əzizov: "Hörmətli Prezident, cənab Ali Baş Komandan, COVID-19-un dünyanı cənginə aldığı bir vaxtda Sizin iti zəkanız, uzaqgörən siyasətiniz sayəsində görülən qabaqlayıcı tədbirlər nəticəsində bu qorxulu bəlanın ölkəmizdə geniş yayılmasının qarşısı vaxtında alındı. Əks təqdirdə, bu bəlanın fəsadları daha böyük olardı. Bu çətin və ağır günlərdə Siz birinci xanım Mehriban Əliyeva və bütün ailə üzvləriniz ilə birlikdə böyük fədakarlıq, hünər göstərərək xalqınıza arxa, dayaq oldunuz. Xalqın sağlamlığını iqtisadiyyatından üstün tutmağınız, aztəminatlı ailələrə göstərdiyiniz maddi və mənəvi dəstək Sizin xalqa olan dərin məhəbbətinizin təzahürüdür. Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndirir və Sizi dəstəkləyirəm. Gördüyünüz işlərə görə şəxsən öz adımdan, həmçinin çalışdığım Bakı abadlıq şirkətinin bağbanları adından Sizə təşəkkür edir, cansağlığı arzulayıram. Qoy, Ulu Tanrı Sizləri qorusun!”.

 

Azərbaycan.-2020.- 9 iyun.- S.1-2.