Operativ
Qərargah: Ölkə üzrə xüsusi karantin rejiminin
iyulun 1-dək uzadılmasına qərar verilib
Azərbaycan
Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi
ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil
edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin
yayılma dinamikası nəzərə alınaraq, ölkə
üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək
uzadılmasına qərar verilib.
Nazirlər
Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata
görə, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə
alındığı tarixdən bu günədək COVID-19
testi müsbət çıxmış 8191 nəfər
aşkarlanıb, hazırda isə 3487 aktiv xəstə
müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda
davam etdirir.
Ölkə
üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən,
son günlər Yevlax, İsmayıllı, Kürdəmir və
Salyan rayonlarında yüksək yoluxma faktları aşkar
edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin
azaldılması, eləcə də onun törədə biləcəyi
fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci
il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə,
Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron,
Yevlax, İsmayıllı, Kürdəmir və Salyan
rayonlarının ərazisində sərtləşdirilmiş
karantin rejimi tətbiq ediləcək.
Bununla
əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Operativ Qərargah
aşağıdakıları qərara alır:
•
2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə,
Lənkəran və Sumqayıt şəhərlərinin,
Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və
Salyan rayonlarının ərazisində bütün iş,
xidmət və ticarət sahələri üzrə fəaliyyət,
eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti
dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa,
təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə
icazə verilən orqanların (qurumların) və təşkilatların
xidməti, həmçinin onların əməkdaşlarına
məxsus şəxsi avtomobillərin, eyni zamanda, yaxın
qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların
şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);
•
2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə,
Lənkəran və Sumqayıt şəhərlərində,
Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan
rayonlarında əhalinin yaşayış yerlərini və
ya olduğu yerləri tərk etməsi qadağan edilir;
•
sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran
və Sumqayıt şəhərlərində, Abşeron,
Yevlax, İsmayıllı, Kürdəmir və Salyan
rayonlarında yaşayış yerlərini və ya olduğu
yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli
vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz
tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım
xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində
iştirak etmək üçün Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri
İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi
vasitəsilə icazə almaqla tərk edə bilər.
2020-ci
il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə,
Lənkəran və Sumqayıt şəhərlərində,
Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və
Salyan rayonlarında yalnız aşağıdakı qurum və
xidmətlərin fəaliyyətinə icazə verilir:
•
siyahısı Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyənləşdirilən
dövlət orqanlarının (qurumlarının) və digər
təşkilatların fəaliyyəti;
•
hüquq mühafizə və hərbi xidmət nəzərdə
tutulmuş orqanların fəaliyyəti;
• xəstəxanalar,
təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
•
sosial xidmət müəssisələrinin fəaliyyəti, o
cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə
xüsusi qayğıya ehtiyacı olan şəxslər
üçün baxıcılıq xidməti;
•
kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz
təchizatı, istilik təchizatı, enerji paylanması, məişət
tullantılarının yığılması və
utilizasiyası);
•
elektrik enerjisinin istehsalı və təchizatı;
•
meliorasiya və su təsərrüfatı;
•
rabitə xidmətləri;
•
teleradio yayımçılarının (televiziya və radio
kanalları, kabel televiziyaları) fəaliyyəti;
• dəmir
yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük
daşımaları;
•
boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi
fəaliyyəti;
•
fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə
görə fəaliyyətinin dayandırılması
mümkün olmayan müəssisələr);
•
neft və qazın hasilatı, emalı, saxlanması və
satışı;
•
çörək məsullarının istehsalı (2020-ci il
15 iyun saat 16:00-dan etibarən);
• fəaliyyəti
dayandırılmış iş və xidmət sahələrinin
mühafizə və texniki təhlükəsizliyinin təmin
edilməsi üzrə xidmətlər;
Müəyyən
olunmuş tarixlər üzrə fəaliyyətinə icazə
verilən iş və xidmət sahələrində işləyən
şəxslər, onların xidməti və şəxsi
avtomobillərin hərəkətinə işəgötürən
tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə
"icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.
Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda,
dövlət əhəmiyyətli, həyat təminatlı
müəssisələrin və qurumların, həmçinin
fasiləsiz işləyən qurumların fəaliyyətləri
zəruri hesab edilən işçilərini məhdud sayda cəlb
etməklə tənzimlənəcək.
Xüsusi
karantin rejiminin tələblərinin pozulmasına görə
fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti
daşıyır.
COVID-19
virusu ilə mübarizədə, insanların
sağlamlığı və təhlükəsizliyinin
qorunması istiqamətində dövlət tərəfindən
həyata keçirilən tədbirlərdə həmrəylik
nümayiş etdirdiklərinə görə vətəndaşlarımıza
bir daha təşəkkür edir, özünüzün və
yaxınlarınızın səhhəti naminə Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın
tələb və qaydalarına əməl etməyə
çağırırıq.
Mövcud
sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər
günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət
olmadan yaşayış yerlərindən və ya olduğu
yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni
zamanda, kütləvi yoluxma hallarının qarşısının
alınması məqsədi ilə xüsusi karantin rejimi
müddətində respublika üzrə ictimai yerlərdə,
bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində
bir yerdə insanların 10 nəfərdən artıq qruplarda
cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən
istifadə edilməsi qaydalarına ciddi əməl olunması
tələb edilir.
Azərbaycan.-2020.- 10 iyun.- S.6.