Deqradasiyaya uğramış təşkilat

 

İlham ƏLİYEV: "Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil”

 

Azərbaycanın bu gün əzəmətli dövrünü yaşaması müasir tariximizin ən mühüm reallığıdır. Dayanıqlı iqtisadi inkişafı, yüksəlişi ilə Cənubi Qafqazın liderinə çevrilməsi, qlobal enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin yaradılması kimi məsələlərdə söz sahibi olması, hər sahədə tam müstəqil mövqe nümayiş etdirməsi respublikamızın beynəlxalq münasibətlər sistemində yerini möhkəmlədən mühüm siyasi-iqtisadi faktorlardır.

 

 

Azərbaycanın inkişafı və uğurları təhrif olunur

 

 

Son dövrlərdə ölkəmiz bir sıra əlamətdar hadisələrlə regionda və dünyada öz mövqelərini daha da bərkitməkdədir. Bunlara misal olaraq "Cənub qaz dəhlizi”nin və onun digər seqmentlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini, "Əsrin müqaviləsi”nin uzadılmasını, kosmosa ardıcıl olaraq peyklərin göndərilməsini qeyd etmək olar. Artıq TAP kəmərinin insaşında son tamamlanma işləri aparılır və gələn ildən Azərbaycan qazı Avropa bazarlarına çatdırılacaq.

Bununla da Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində mövqeləri bir qədər də yüksələcək, Avropa İttifaqı ilə ölkəmizin münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq. Eyni zamanda bu gün Bakı beynəlxalq tədbirlər məkanı kimi tanınır. Hətta NATO-Rusiya və ABŞ-Rusiya hərbi dialoqları da Bakıda keçirilir.

Lakin Azərbaycanın qazandığı bu uğurlar regionla bağlı sağlam baxışları olmayan Qərbin bəzi dairələri tərəfindən qısqanclıqla qarşılanır. Respublikamıza qarşı inkarçı mövqedə dayanan Qərbin müəyyən siyasi dairələri zaman-zaman ölkəmizdəki demokratik vəziyyətlə bağlı qərəzli münasibət ortaya qoyublar. O cümlədən bir sıra təşkilatların qəbul etdiyi qətnamələrdə ölkəmizin demokratik inkişafı təhrif olunub, əsassız, real həqiqətləri inkar edən iddialar ortaya atılıb. Xüsusilə Azərbaycan hansısa uğura imza atanda, yaxud mühüm beynəlxalq tədbir ərəfəsində olanda həmin dairələr fəallaşıb, hətta daxili sabitliyi pozmağa, xaos yaratmağa cəhdlər ediblər. Amma bu cəhdlərin hamısı elə ilk addımda iflasa uğrayıb.

 

 

AŞ PA tamamilə nüfuzdan düşmüş quruma çevrilib

 

 

Son dövrlərdə Azərbaycana qarşı sağlam məntiqlə əsaslandırılması mümkün ola bilməyən, buna görə yalnız qərəzli olduğu görünən münasibət bəsləyən təşkilatlardan birinin Avropa Şurasının Parlament Assambleyasının olması sirr deyil. Bu təşkilat mütəmadi olaraq Azərbaycanı hədəf seçir, onun təmsilçiləri tərəfindən ölkəmiz haqqında olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan dünyaya geridə qalmış ölkə kimi təqdim edilir, ölkəmizdə gedən müsbət proseslər qeydə alınmır. Bunların da nəticəsində əsassız və saxta məruzələr hazırlanır, qətnamələr qəbul edilir.

Lakin başqa bir reallıq da odur ki, son vaxtlar AŞ PA tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib, Qərbin bir sıra siyasi mərkəzlərinin maraqlarına ximət etməklə marginallaşıb və deqredasiyaya uğrayıb. AŞ PA-da son illər aparılan müzakirələrin daha sönük keçməsi heç kəsə sirr deyildir. AŞ PA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda parlamentin ümumi sayının 1/3-i və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞ PA-nın bu ilin yanvarın sonlarında keçirilmiş qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.

Artıq AŞ PA dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Qurumun nüfuzu çox aşağı düşüb və bunun da başlıca səbəbi orada hökm sürən siyasi riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Aydındır ki, siyasi alətə çevrilməsi səbəbindən hörmətdən düşən AŞ PA elə Azərbaycanın hesabına özünə reytinq qazanmağa, Avropadakı itirilmiş mövqelərini bərpa etməyə çalışır. Azərbaycan isə ermənipərəst dairələrin əlində alətə çevrilən bu təşkilata çoxdandır etibar etmir. Ən əsası bu təşkilatın çıxardığı qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

Bu barədə Prezident İlham Əliyev bir neçə ay əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı fikirlərini bildirmişdi. İyunun 3-də isə Tərtər Olimpiya İdman Kompleksinin açılışında rayonun bir qrup idmançısı ilə görüşən Prezident İlham Əliyev deyib: "Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər! Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”.

 

 

Azərbaycan müstəqil siyasəti, qətiyyətli mövqeyi olan dövlətdir

 

Martda Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma "prezident və parlament seçkiləri” keçirildi. Həmin "seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma "seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid etmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞ PA bir daha mötəbər olmağı bacarmadı.

AŞ PA-nın erməni təəssübkeşlərinin maraqlarına xidmət edərək Azərbaycanla bağlı daim müzakirəyə çıxardığı məsələlərdən biri "siyasi məhbus” mövzusudur. İndiyə qədər "siyasi məhbus” anlayışını verə bilməyən AŞ PA məruzəçiləri onlara ötürülən yalanlar, donoslar əsasında Azərbaycanda "siyasi məhbus” axtarışına çıxsalar da, heç kimi tapa bilməyiblər. Çünki Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs edilməyib. Hər bir vətəndaş siyasi fəaliyyətində, düşüncələrində sərbəstdir. Azərbaycandan fərqli olaraq Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu ölkədə sırf siyasi baxışlarına görə vətəndaşlar həbs olunub, vaxtilə seçkilər zamanı ölüm hadisələri baş verib, namizədlərə silahlı basqın olub. Amma AŞ PA bunların heç birinə münasibət bildirməyib.

Bundan başqa, Avropa ölkələrində insan hüquqlarının kobud şəkildə pozulması, toplaşmaq azadlığının ən qəddar vasitələrlə boğulması inkarolunmaz reallıqlardır. ABŞ-ın Minneapolis şəhərində "Nəfəs ala bilmirəm”, - deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümündən sonra bş verənlər insan hüquqlarının pozulması ilə müşayiət olundu. Amma heç bir təşkilatdan səs çıxmadı.

AŞ PA kimi ikili standartlardan çıxış edən, siyasi alət rolunu oynayan bir təşkilatın fəaliyyətinin və çıxardığı qərarların Azərbaycan üçün əhəmiyyəti yoxdur. Azərbaycan müstəqil siyasəti, qətiyyətli mövqeyi olan dövlətdir. Ona görə AŞ PA və ya qeyrisi Azərbaycana təsir edə bilməz.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 10 iyun.- S.1;6.