İlham
Əliyevin tarixi xidmətləri
İrəvanın
ermənilərə verilməsi ilə bağlı əsl həqiqətlər
"Mən
deyəndə ki, İrəvan bizim qədim
torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər
kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan
Demokratik Respublikası nə üçün onda qərar qəbul
edib ki, İrəvanı Ermənistana versin,
bağışlasın. Özü də nə vaxt? Müstəqillik
elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın
28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul
edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə
çıxanlar da olubdur, amma onların rəyi nəzərə
alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən
qərar qəbul edilib ki, İrəvan Ermənistana
bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və
bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya
ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər
iddialarından əl çəkəcəkdi. Amma əl
çəkdimi? Yox!”
Prezident
İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin
açılışındakı
çıxışından
3
iyun 2020-ci il
Prezident
İlham Əliyevin Tərtərdəki
çıxışı Azərbaycan tarix elminin
inkişafı ilə bağlı yeni istiqamətlər müəyyənləşdirdi.
Xüsusilə ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsindən sonra burada
baş verən proseslər diqqətdə olacaq. Bu məsələlər
həmişə dövlət başçısının
gündəlik nəzarətindədir. Tarix İnstitutunun
direktoru olaraq bütün xalqımıza bəyan edirəm ki,
2004-cü ildə bu institutun rəhbərliyinə gələndə
dövlət başçısı tərəfindən
qarşımıza bir sıra ciddi məsələlər
qoyuldu. Əgər bu gün İrəvan məsələsi ilə
bağlı konseptual baxışımız varsa, o, Azərbaycan
Prezidentinin xidmətidir! İrəvan Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ermənilərə
verilib. Və İrəvanın onlara heç bir aidiyyəti
yoxdur, bu şəhər qədim Azərbaycan şəhəridir.
Ermənilər bu ərazilərə XIX əsrin əvvəllərində
köçürülüblər. Eyni zamanda
qarşımıza qoyulan vəzifələr sırasında
İrəvan, Qarabağ və Naxçıvanın tarixinin
yenidən yazılması, erməni vandalizminin
araşdırılması da var idi. Bütün bunların
hamısı Azərbaycan Prezidentinin millətimiz və tarix
elmi qarşısında konseptual xidmətləridir. Əgər
"Qarabağ: real tarix, faktlar, sənədlər”
mövzusunda fundamental əsər yazılıbsa, bu, dövlət
başçısının xidmətidir və onun
tapşırığı ilə yazılıb. İrəvanın
tarixinin qələmə alınması Prezidentin birbaşa
göstərişi ilə olub və dünya dillərinə tərcümə
edilib, yayılıb. Yeri gəlmişkən deyim ki,
Naxçıvanla əlaqədar ermənilərin iddiaları
ilə bağlı dövlət başçısı tapşırıq
verdi və "Naxçıvan: tarixi və abidələri”
adlı əsər meydana gəldi. Bu problemlər ətrafında
yazılan silsilə əsərlərə görə Prezident
bir sərəncamla Tarix İnstitutunun 13 nəfər alimini Azərbaycanın
Dövlət Mükafatına layiq gördü. Bunlar onu
göstərir ki, Prezident İlham Əliyev tarix elminin zərgər
kimi bilicisidir və ərsəyə gələn elmi
araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir.
Ulu Öndər Heydər Əliyev bu işləri
başlatdı və zamanın tələbinə uyğun
olaraq İlham Əliyev onu yaradıcılıqla davam etdirir.
Prezident
İlham Əliyev real tarixi həqiqətlərə və ilk
mənbələrə əsaslanaraq dəfələrlə
bütün dünyaya birmənalı şəkildə və
qətiyyətlə bəyan edib ki, ermənilər Azərbaycan
Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətrafını
əhatə edən Azərbaycan torpaqlarında bir dəfə
özlərinə dövlət yaradıblar. Azərbaycan
öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni
dövləti yaratmağa imkan verməyəcəkdir! Dövlət
başçısının tövsiyə və
tapşırıqları əsasında Tarix İnstitutunda bu
istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilmiş,
İrəvan və ətrafındakı Azərbaycan
torpaqlarının ermənilərə verilməsi ilə
bağlı bir sıra yeni sənədlər və maraqlı
faktlar aşkar olunmuşdur.
Tarix
İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini
araşdıran ayrıca şöbə fəaliyyət
göstərir. Dünyanın müxtəlif ölkələrindən
Cümhuriyyət tarixinə dair ilk mənbələr və
arxiv sənədləri ölkəmizə gətirilir.
Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər,
o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Elmi
müəssisədə aparılmış tədqiqatlar nəticəsində
sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda
heç zaman erməni dövləti olmayıb. Həmçinin
institutun Elmi Şurasının qərarı ilə İrəvanın
ermənilərə verilməsi məsələsinə həsr
olunan "Azərbaycan xalqının İrəvan və ətrafındakı
torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır”
adlı kitab (Azərbaycan, rus və ingilis dillərində)
çap olunub.
Prezidentin
İrəvanın verilməsi ilə bağlı fikirləri
real tarixi faktlara, tarixi həqiqətə əsaslanıb:
"Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq
ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından
biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana
vermək idi. Bunu heç cür əsaslandırmaq və
heç vaxt bağışlamaq olmaz”.
Sənədlər
sübut edir ki, erməni tərəfi Batum
danışıqları və müqavilələrinə (11
may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətrafındakı
Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində
üzərinə bir sıra öhdəliklər
götürmüşdü. Lakin ermənilər məqsədlərinə
nail olduqdan sonra üzərlərinə götürdükləri
bütün öhdəlikləri birtərəfli qaydada
pozmuş, işğalçılıq siyasətini davam
etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı
Azərbaycan topraqlarının ermənilərə verilməsi
barədə həm Batum müqavilələrinin müvafiq
maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti
Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı
öz hüquqi qüvvəsini itirib.
İrəvanın
ermənilərə verilməsi ilə bağlı arxiv sənədlərinin
təsdiq etdiyi tarixi həqiqət belədir:
Çar
Rusiyasında mütləqiyyətin devrilməsindən sonra
yaranmış Zaqafqaziya Demokratik Federativ Respublikası 1918-ci
il mayın 26-da süqut etdi. Bununla Cənubi Qafqazda müstəqil
yerli dövlətlərin formalaşması prosesi
başlandı. Həmin dövrdə Cənubi Qafqazda yalnız
iki yerli (aborigen) xalqın - azərbaycanlıların və
gürcülərin dövləti yaradıla bilərdi.
Çünki ancaq bu iki xalqın müstəqil dövlət
yaratmaq üçün tarixi etnik - ərazi bazaları
vardı. Və ancaq bu iki xalq - azərbaycanlılar və
gürcülər Cənubi Qafqazda dövlətçilik ənənələrinə
malik idilər.
XIX əsrdə
Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə
əsasən çar Rusiyası tərəfindən
Osmanlı İmperiyasından və Qacarlar İranından Cənubi
Qafqaza köçürülüb gətirilmiş və əsasən
Azərbaycan torpaqlarında yerləşdirilmiş ermənilərin
isə dövlət yaratmaq üçün burada - Cənubi
Qafqazda ərazi bazaları yox idi. Beləliklə, Cənubi
Qafqaz ərazisində erməni dövləti ancaq bu regionun
yerli xalqları olan azərbaycanlıların və
gürcülərin torpaqları hesabına yaradıla bilərdi.
Birinci
Dünya müharibəsini aparan hərbi blokların hər
ikisinin, həm Antantanın (Çar Rusiyası, İngiltərə,
Fransa, ABŞ), həm də Almaniya-Osmanlı blokunun üzvləri
arasında ermənilərə dövlət yaratmaq barədə
ümumi fikir formalaşmışdı. Çar Rusiyası,
İngiltərə, Fransa və ABŞ gələcək erməni
dövlətinin Osmanlı İmperiyası ərazisində -
Şərqi Anadoluda yaradılmasına tərəfdar idilər.
Osmanlı İmperiyasının bəzi siyasi dairələri
isə "erməni təhlükəsi”ni özündən,
yəni Şərqi Anadoludan uzaqlaşdırmaq
üçün erməni dövlətinin imperiya sərhədləri
xaricində - Azərbaycan torpaqlarında yaradılmasına
çalışırdılar.
Azərbaycan
tərəfinin real olaraq, həm böyük dövlətlərin
təzyiqlərinə, həm də ölkənin bütün
ərazilərində soyqırımları həyata
keçirən daşnak-erməni silahlı birləşmələrinə
və onların arxasında duran dövlətlərə hərbi
müqavimət göstərmək gücü yox idi. Buna
görə də Azərbaycan milli hərəkatının
xadimləri ermənilərə dövlət yaratmaq məsələsində
Osmanlı dövlətinin bəzi siyasi dairələrinin diktəsi
ilə hərəkət edirdilər, daha doğrusu, buna məcbur
idilər.
Yaranmış
tarixi şəraitdə Azərbaycan tərəfi, yəni
Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının nümayəndələri
ermənilərə dövlət yaratmaqdan ötrü
hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən
etmək üçün Osmanlı dövlətinin vasitəçiliyi
ilə erməni tərəfi ilə danışıqlara
girdi. Danışıqlar Batum konfransı (11 may - 4 iyun 1918-ci
il) çərçivəsində və konfransda iştirak
edən Osmanlı nümayəndə heyətinin vasitəçiliyi
ilə aparıldı.
Batum
danışıqlarının lap başlanğıcındaca
məlum oldu ki, həqiqətən də, Osmanlı dövlətinin
bəzi siyasi dairələri "erməni təhlükəsi”ni
özündən uzaqlaşdırmaq üçün gələcək
erməni dövlətinin Azərbaycan ərazisində
yaradılması siyasətini yeridirlər. Bununla bağlı
olaraq Batum konfransında aparılan danışıqların
gedişi barədə danışıqlarda iştirak edən
Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib
bəy Usubbəyov Zaqafqaziya Seyminin sabiq üzvlərinin 27 may
1918-ci
il tarixli fövqəladə iclasında məlumat verdi. Batumdan
yenicə qayıdan Nəsib bəy Usubbəyov fövqəladə
iclas iştirakçılarına bildirdi ki, "Osmanlı
nümayəndə heyətinin fikrinə görə
Zaqafqaziyanın tərəqqisi üçün ən
başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi
və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi
ermənilərə müəyyən qədər ərazi
güzəştə getməlidir”.
Onu
da qeyd etmək lazımdır ki, Osmanlı dövlətinin
hakim siyasi dairələrində Cənubi Qafqazda erməni
dövləti yaradılması məsələsində fikir
ayrılığı vardı. Sədrəzəm Tələt
paşa və hərbi nazir Ənvər paşa Cənubi
Qafqazda erməni dövləti yaradılmasının əleyhinə
idilər və bu məsələdə "çibanı
kökündən təmizləmək” tərəfdarı
idilər. Bu mümkün olmadıqda "ermənilərin
çox zəif və yaşaya bilməyəcək bir
dövlət şəklində təşəkkül etməsini”
təklif edirdilər. Lakin Tələt paşa və Ənvər
paşadan fərqli olaraq, Batum danışıqlarında
Osmanlı nümayəndə heyətinə
başçılıq edən Dövlət
Şurasının sədri və Ədliyyə naziri Xəlil
bəy Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin
komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan
torpaqları hesabına ermənilərə dövlət
yaratmaq tərəfdarı idilər. Onlar güman edirdilər
ki, bununla ermənilər həm Anadoludan
uzaqlaşdırılacaq, həm Osmanlı-erməni münasibətləri
biryolluq nizama salınacaq, həm də "erməni məsələsi”
ilə bağlı Osmanlı dövlətinə qarşı
beynəlxalq qınağa son qoyulacaqdır.
Yeri
gəlmişkən, Azərbaycan tərəfi də Tələt
paşa və Ənvər paşanın "çibanı
kökündən təmizləmək” siyasətinin əleyhinə
idi və "kiçik bir erməni kantonunun”
yaradılmasını təklif edirdi. Belə bir təkliflə
Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri
Məmməd Həsən Hacınski və Məhəmməd
Əmin Rəsulzadə hələ 1918-ci il mayın 23-də
Ənvər paşaya xüsusi müraciətnamə göndərmişdilər.
Həmin müraciətnaməni onlardan başqa Əhməd bəy
(Can Baba), Aslan bəy Səfikürdski, Əhməd bəy
Pepinov, Məmməd Yusif Cəfərov, Fətəli xan Xoyski,
Nəsib bəy Usubbəyov və Xəlil bəy Xasməmmədov
da imzalamışdılar. Eyni təkliflə bundan bir gün əvvəl
- 1918-ci il mayın 22-də Tələt paşaya və Ənvər
paşaya Əli bəy Hüseynzadə və Əhməd bəy
Ağaoğlu da müraciət etmişdilər.
Azərbaycan
tərəfi belə bir təkliflə çıxış
edərkən inanırdı ki, bu güzəşt
müqabilində, yəni ermənilərə Azərbaycan
torpaqları hesabına "kiçik bir kanton”
yaradılacağı halda ermənilərin Osmanlı ərazilərindən
Azərbaycan torpaqlarına, o cümlədən Bakıya
axınının qarşısı alınacaq, ermənilər
Azərbaycan xalqına qarşı soyqırımlarını
dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi
iddiaları irəli sürməyəcəklər. Azərbaycan
tərəfi güman edirdi ki, bu addım, həm də
böyük dövlətlər tərəfindən rəğbətlə
qarşılanacaqdır.
Beləliklə,
Azərbaycan tərəfi Cənubi Qafqazda - Azərbaycan ərazisində
ermənilərə "kiçik bir kanton” və ya
"kiçik bir dövlət” yaradılmasına tərəfdar
idi və bu məsələdə Xəlil bəy və Vehib
paşa eyni mövqedən çıxış edirdi.
Azərbaycan
tərəfinin ermənilərə Azərbaycan
torpaqlarında dövlət yaradılması barədə
yuxarıda göstərilən mövqeyi və bunun
üçün konkret ərazi vermək təklifi Batum
danışıqlarının gedişinə ciddi təsir
göstərdi.
Bununla
da Batumda faktiki olaraq, ermənilərə dövlət yaratmaq
üçün hansı Azərbaycan torpaqlarının verilməsi
ətrafında danışıqlar aparıldı.
Batum
danışıqları zamanı ermənilərin özlərinə
mərkəz kimi iddia etdikləri Qars və Gümrü
(Aleksandropol) artıq Osmanlı hərbi qüvvələri tərəfindən
zəbt olunmuşdu və Osmanlı tərəfi bu şəhərlərdən
hər hansı birinin danışıqlar mövzusu
olmasına imkan vermədi. Beləliklə, İrəvan məsələsi
gündəmə gətirildi. Ənvər paşa
"çibanı kökündən təmizləmək”
planının baş tutmadığını görcək
ermənilərə veriləcək torpağın Azərbaycan
və Osmanlı əraziləri arasında bir ada kimi əhatəyə
alınması təlimatını verdi.
Danışıqlar
zamanı Azərbaycan ərazisində dövlət yaratmaq
üçün ermənilərə torpaq veriləcəyi
halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri
qarşısında bir sıra öhdəliklər yerinə
yetirməyi üzərinə götürdü. Həmin
öhdəliklər aşağıdakılar idi:
1.
Ermənilərlə müsəlmanlar arasında düşmənçilik
aradan qaldırılacaq və erməni tərəfi
Şaumyanla əlaqəyə girib Bakının müsəlman
əhalisinin təhlükəsizliyini təmin edəcək,
bununla azərbaycanlılara qarşı kütləvi
qırğınların qarşısı alınacaqdır.
Erməni tərəfinin üzərinə
götürdüyü bu öhdəlik Osmanlı
İmperiyası ilə yenicə yaradılmış Ararat (Ermənistan)
Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda
bağlanmış "Sülh və Dostluq” müqaviləsində
təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən
Ermənistan Respublikası hökuməti erməni silahlı
qüvvələrinin tez bir zamanda Bakıdan
çıxarılması üçün bütün
qüvvələrini səfərbər edəcəyini öhdəsinə
götürdü. Müqavilənin yuxarıda göstərilən
maddəsində deyilirdi: "Ermənistan Respublikasının
hökuməti erməni qüvvələrini Bakıdan
çıxmağa məcbur etmək üçün
özünün bütün qüvvələrini səfərbər
edəcəyini öhdəsinə götürür”. Bundan əlavə,
yenicə yaradılan Ermənistan Respublikasının hökuməti
"Respublika ərazisində (yəni Ermənistan
Respublikası ərazisində) hər hansı silahlı quldur
dəstələrinin yaradılmasının
qarşısını alacağını, ölkənin
müxtəlif yerlərində gizlənən və fəaliyyət
göstərən bütün quldur dəstələrinin tərksilah
ediləcəyini öhdəsinə götürdü”.
2.
Erməni tərəfi öhdəsinə götürdü ki,
Azərbaycan qəzalarında erməni silahlı birləşmələri
tərəfindən müsəlmanlara qarşı həyata
keçirilən kütləvi qırğınlar
dayandırılacaqdır. Bu öhdəlik Azərbaycan Xalq
Cümhuriyyətinin rəsmi sənədlərində də
öz əksini tapıb. Belə ki, Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin başçısı Fətəli
xan Xoyski İrəvan və ətrafındakı torpaqların
ermənilərə verilməsi barədə Milli
Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal
sonra xarici işlər naziri Məmməd Həsən
Hacınskiyə verdiyi rəsmi göstərişdə
yazırdı: "Biz ermənilərlə bütün
mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər
və müharibəni dayandıracaqlar. Biz İrəvanı
onlara güzəştə getdik”.
3.
Ermənistan hökuməti İrəvanda və yeni
yaradılan erməni dövlətinin digər ərazilərində
müsəlmanların sərbəst dini ibadət, mədəniyyət,
siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin
etməyi öhdəsinə götürdü. Ermənilərin
qəbul etdiyi bu öhdəlik Osmanlı dövləti ilə
yenicə yaradılmış Ermənistan Respublikası
arasında bağlanmış Batum müqaviləsinin 6-cı
maddəsində və müqaviləni tamamlayan III əlavədə
təsbit olundu. Müqavilənin 6-cı maddəsinə və
III əlavəsinə əsasən yeni yaradılan Ermənistan
Respublikasında türk-müsəlman əhali bütün
yuxarıda göstərilən sahələrdə ermənilərlə
eyni hüquqa malik olmalı idi. Batum müqaviləsinin 6-cı
maddəsində bu məsələ aşağıdakı
kimi təsbit olundu:
"Ermənistan
Respublikasında yaşayan müsəlmanların dininə və
adətlərinə hörmət olunmalıdır...
Onlar
başqa mədəniyyətlərə mənsub olan digər
sakinlərlə eyni vətəndaşlıq hüquqlarına
və siyasi hüquqlara malik olmalıdırlar. Onlar öz etnik
dillərində təhsil ala və öz dinlərində ibadət
edə bilərlər.
Müsəlmanlar
praktiki olaraq öz dinlərində ibadət etmək və
xeyriyyəçilik işlərilə məşğul olmaq
üçün müsəlman icmaları yaratmaq, məscidlər,
xəstəxanalar, məktəblər, dini müəssisələr
açmaq və xeyriyyə cəmiyyətləri təşkil
etmək hüququna malikdirlər.
İrəvan
şəhərində Ermənistan Respublikası Müftisinin
və respublikanın digər vilayətlərində müftilərin
fəaliyyət göstərməsi zəruri hesab edilsin...”
Bəhs
olunan müqaviləni tamamlayan III əlavədə
bütün yuxarıda göstərilən öhdəliklər
təfərrüatı ilə təsbit olunur və qeyd
olunurdu ki, "Ermənistan hökuməti öz hesabına
ibtidai və orta təhsil verən müsəlman məktəbləri
açacaqdır”.
4.
Batum danışıqları zamanı əldə olunmuş
razılığa əsasən ermənilər Azərbaycana
qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5.
Bundan başqa, İrəvan və ətrafındakı
torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla
vahid konfederativ dövlətdə birləşməli idilər.
Beləliklə,
Batum danışıqlarında yuxarıda göstərilən
məsələlərlə bağlı ilkin razılaşma əldə
olunduqdan dərhal sonra, hələ Batum müqavilələrinin
bağlanmasına, yəni 1918-ci il iyunun 4-nə bir həftə
qalmış, 1918-ci il mayın 29-da Azərbaycan Milli
Şurasının qərarı ilə qədim Azərbaycan
şəhəri İrəvan onun ətrafındakı 9 min
kvadrat kilometr ərazini əhatə edən torpaqlarla birlikdə
ermənilərə verildi.
Azərbaycan
Milli Şurasının 29 may 1918-ci il tarixli qərarına əsasən
ermənilərə dövlət yaratmaq üçün
İrəvanla birlikdə aşağıdakı Azərbaycan
torpaqları verilmişdir: Yeni Bayazit qəzası
(Basarkeçər adlanan cənub-şərq qismi istisna
olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar,
Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin
qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası
(qəza mərkəzi Aleksandropol istisna olmaqla). Beləliklə,
yeni yaradılmış Ermənistan Respublikası
Göyçə gölü ilə Osmanlı dövlətinin
yeni sərhədləri arasındakı dar dağlıq ərazini
əhatə edirdi.
Ermənilərə
verilmiş Azərbaycan ərazisinin əhalisi cəmi 321 min nəfər
idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11
mini isə digər xalqların nümayəndələri idi.
Yeri
gəlmişkən, ermənilərə verilmiş İrəvan
və onun ətrafındakı Azərbaycan torpaqlarında
yaşayan 230 min nəfər erməni bu yerlərə 1828-ci
ildən sonra çar Rusiyası tərəfindən
Osmanlı İmperiyası və Qacarlar İranından
köçürülüb gətirilmişdi.
Qeyd
etmək lazımdır ki, yuxarıda göstərilən qərar
qəbul olunarkən 28 nəfər Milli Şura üzvündən
20 nəfər iştirak edirdi. Onlardan qərarın lehinə
16 nəfər səs vermiş, 1 nəfər əleyhinə
olmuş, 3 nəfər bitərəf qalmışdı. Yəni
qərar üçdəiki səs çoxluğu olmadan qəbul
edilib. İyunun 1-də İrəvandan olan deputatlar - Mirhidayət
Seyidov, Bağır Rzayev, Nəriman bəy Nərimanbəyov
protest verdilər ki, bu, qeyri-qanuni qərardır.
Azərbaycan
Milli Şurasının yuxarıda göstərilən
iclasında, eyni zamanda, ermənilərlə konfederativ dövlət
yaradılması da qərara alındı. Yəni İrəvan
və ətrafındakı torpaqlar ermənilərə, həm
də onlarla konfederativ dövlət yaradılması şərti
ilə verilmişdi.
Beləliklə,
1918-ci il mayın 29-da Azərbaycan ərazisində - Cənubi
Qafqazda erməni dövləti yaradıldı. Ertəsi
gün - mayın 30-da erməni dövlətinin
yaradılması barədə bəyannamə elan olundu.
Osmanlı
dövlətinin vasitəçiliyi ilə Azərbaycan tərəfi
ilə erməni tərəfi arasında razılıq əldə
olunan kimi, daha doğrusu, ermənilər məqsədlərinə
nail olduqdan dərhal sonra, 1918-ci il iyunun 4-də Batumda
Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti
arasında "Dostluq”, Osmanlı dövləti ilə
Gürcüstan və Ermənistan respublikaları arasında
isə "Sülh və Dostluq” müqavilələri
imzalandı.
Beləliklə,
xalqın iradəsi ilə hesablaşılmadan onun
torpağında İrəvan mərkəz olmaqla erməni
dövləti yaradıldı. Cümhuriyyət hökuməti
Azərbaycan torpaqlarının ermənilərə verilməsi
səbəblərini beynəlxalq aləmə
açıqlayan bəyanatla da çıxış etmədilər.
Ermənilər
məqsədlərinə nail olduqdan dərhal sonra Batum
danışıqları zamanı və Batum müqavilələrinə
əsasən İrəvan və ətrafındakı Azərbaycan
torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə
götürdükləri bütün öhdəlikləri
yerinə yetirməkdən imtina etdilər.
Belə
ki, 1) Yeni yaradılmış erməni hökuməti
götürdüyü öhdəliyin əksinə olaraq, nəinki
Bakıda hakimiyyəti ələ keçirərək Azərbaycan
xalqına qarşı soyqırımı cinayəti həyata
keçirən Şaumyanla əlaqə yaradıb
qırğınları dayandırmadı, əksinə,
Şaumyanın göstərişi ilə daşnak-bolşevik
qüvvələri ermənilərə dövlət yaratmaq
üçün torpaq vermiş Azərbaycan Xalq Cümhuriyyəti
hökumətini aradan qaldırmaq üçün Gəncə
istiqamətində hücuma başladı və Azərbaycan
xalqına qarşı yeni soyqırımları həyata
keçirdi.
2)
Ermənilər verdikləri vədlərin əksinə olaraq,
Azərbaycan qəzalarında nəinki
soyqırımlarını dayandırmadılar, əksinə,
yeni yaradılmış Ermənistan Respublikasının
silahlı müdaxiləsi və yardımı ilə Azərbaycan
xalqına qarşı soyqırımları daha dəhşətli
xarakter aldı.
3)
Erməni tərəfi verilmiş vədlərin əksinə
olaraq, nəinki yeni yaradılmış Ermənistan
Respublikasının ərazisindəki türk-müsəlman əhalinin
dini ibadət, mədəni, siyasi və ana dilində təhsil
almaq hüquqlarını təmin etmədi, əksinə, Azərbaycan
ərazisində dövlət yaratmaq məqsədlərinə
nail olan kimi yerli azərbaycanlılara qarşı dövlət
səviyyəsində kütləvi soyqırımlarına
başladı. Bununla kifayətlənməyən Ermənistan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini
pozaraq Azərbaycan xalqına qarşı
soyqırımlarının coğrafiyasını daha da
genişləndirdi. Yeni-yeni Azərbaycan torpaqları
işğal olundu. İşğal olunmuş Azərbaycan
torpaqlarında türk-müsəlman əhaliyə
qarşı etnik təmizləmə və
soyqırımları həyata keçirildi. Ermənistan
Respublikasının siyasi varisi olan müasir Ermənistan
Respublikası hazırda ancaq ermənilərdən ibarət
olan monoetnik və təcavüzkar dövlətə
çevrilib. Beləliklə, vaxtilə əhalisinin
böyük əksəriyyəti türk-müsəlman əhali
olan müasir Ermənistan ərazisində 1 nəfər də
olsun azərbaycanlı qalmayıb.
4)
Yeni yaradılmış erməni dövləti - Ermənistan
Respublikası götürdüyü öhdəliyin əksinə
olaraq, nəinki Qarabağın dağlıq hissəsinə
olan iddialarından əl çəkmədi, əksinə,
Batum müqaviləsinin imzalanmasından dərhal sonra ermənilərə
dövlət yaratmaq üçün ərazi vermiş Azərbaycan
Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan
torpaqlarının işğalına başladı. Məhz
buna görə də Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin başçısı Fətəli xan Xoyski
1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar
aparan Azərbaycan nümayəndə heyətinin
başçısı Məhəmməd Əmin Rəsulzadəyə
belə bir göstəriş vermişdi: "Əgər ermənilər
əldə olunmuş razılığı pozaraq Qarabağla
bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə
gedilməsindən imtina et”.
Qeyd
etmək lazımdır ki, ermənilər bundan sonra da,
bütün tarixi dövrlərdə Azərbaycana
qarşı işğalçılıq siyasətini davam
etdirdilər. Ozamankı Ermənistan Respublikasının varisi
olan müasir Ermənistan Respublikası da həmin
işğalçılıq siyasətini davam etdirərək
öz havadarlarının köməyi ilə Dağlıq
Qarabağı və ətrafındakı digər Azərbaycan
rayonlarını da işğal etdi, 1 milyon nəfərdən
çox azərbaycanlını öz doğma
yurd-yuvalarından didərgin saldı və bütün
dünyanın gözü qarşısında 1992-ci il
Xocalı soyqırımını törətdi.
5)
Batum müqaviləsinin şərtlərinə və Azərbaycan
Milli Şurasının qərarına əsasən ermənilərə
dövlət yaratmaq üçün İrəvan və ətrafında
9 min kvadrat kilometr sahəsi olan Azərbaycan torpaqları
verilmişdi. Yəni erməni dövləti həmin ərazi
çərçivəsində mövcud olmalı idi. Lakin,
yuxarıda qeyd olunduğu kimi, ermənilər çox
keçmədən Batum müqaviləsinin şərtlərini
pozaraq Azərbaycan torpaqları hesabına öz ərazilərini
genişləndirməkdə davam etdilər. Belə ki, 1918-ci
ilin 29 mayında 9 min kvadrat kilometrlik Azərbaycan
torpağında yaradılmış Ermənistan dövləti
müxtəlif dövrlərdə sovet imperiyasının
birbaşa köməyi ilə daha 20,8 min kvadrat kilometr Azərbaycan
torpağını ələ keçirərək ərazisini
29,743 min kvadrat kilometrə çatdırdı.
1918-ci
il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan
torpağında yaradılmış Ermənistan dövləti
sonrakı dövrlərdə aşağıdakı Azərbaycan
torpaqlarını işğal etdi: 1920-ci ilin dekabrından
başlayaraq 10 il ərzində sovet imperiyasının
birbaşa köməyi ilə Zəngəzur qəzasından
405 000 desyatin (4414,5 kvadrat kilometr), Qazax qəzasından 535 096
desyatin (5832,82 kvadrat kilometr), Naxçıvan MSSR-dən 657
kvadrat kilometr, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir
və Tuğut kəndlərini əhatə edən Azərbaycan
torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet
rejiminin sonrakı illərində də Ermənistan ərazisi
Azərbaycan torpaqları hesabına daha da genişləndirildi
və 29,743 min kvadrat kilometrə çatdırıldı.
Yuxarıda
göstərilən işğallar nəticəsində Azərbaycan
özünün ayrılmaz tərkib hissəsi olan
Naxçıvandan ayrı salındı və Türkiyə
ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum
edildi.
Ermənilərin
həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində,
ümumiyyətlə, türk dünyası ölkələrinin
bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da
aradan qaldırıldı.
Bütün
bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan
1988-1994-cü illərdə Azərbaycanın Dağlıq
Qarabağ və ətrafındakı rayonlarından ibarət
daha 17 min kvadrat kilometrlik ərazisini işğal etdi,
insanlığa qarşı misilsiz vəhşilik aktı olan
Xocalı soyqırımını törətdi.
6)
Erməni tərəfi bütün yuxarıda göstərilənlərdən
əlavə, Azərbaycanla konfederativ dövlət yaratmaq
şərtini də yerinə yetirmədi. Daha doğrusu, Azərbaycan
Milli Şurasının 1918-ci il mayın 29-da ermənilərlə
konfederativ dövlət yaradılması barədə yekdilliklə
qəbul etdiyi qərar da ermənilər tərəfindən
yerinə yetirilmədi.
Göründüyü
kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan
və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə
1918-ci il Batum danışıqları (11 may - 4 iyun) və
Batum müqavilələrinin (4 iyun 1918-ci il) şərtlərinə
əsasən vermişdi. Azərbaycan tərəfi bu
taleyüklü addımı atarkən ermənilərlə
dostluq və mehriban qonşuluq münasibətləri
yaratmağa çalışırdı və
danışıqlarda iştirak edən erməni tərəfinin
səmimiyyətinə inanırdı. Lakin erməni tərəfi
Batum danışıqları zamanı əldə olunmuş
razılaşmalara və Batum müqavilələrinin şərtlərinə
əsasən üzərinə götürdüyü
bütün öhdəlikləri birtərəfli qaydada pozdu:
işğalçılıq, deportasiyalar və
soyqırımları siyasətini davam etdirdi. Buna görə
də 4 iyun 1918-ci il tarixli Batum müqavilələri və Azərbaycan
Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il
tarixli qərarı əslində öz hüquqi qüvvəsini
itirib.
Mən
Milli Məclisin deputatı olarkən Azərbaycan
xalqının İrəvan və ətrafındakı
torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələni
dəfələrlə parlamentdə səsləndirmişəm.
Fikrimcə, erməni tərəfi 1918-ci il Batum
razılaşmalarının və Batum müqavilələrinin
bütün şərtlərini birtərəfli qaydada
pozduğu üçün və bununla da göstərilən
müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə
görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi
olan Azərbaycan Respublikası adekvat addım atmalıdır:
Milli Məclisdə Azərbaycan Milli Şurasının
xalqın iradəsini nəzərə almadan İrəvanın
və ətrafındakı torpaqların ermənilərə
verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən
baxılmalı və həmin qərar qüvvədən
salınmalıdır. Bununla Azərbaycan xalqının öz
tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.
Yaqub MAHMUDOV,
Əməkdar elm xadimi, AMEA-nın
həqiqi üzvü,
Dövlət mükafatı
laureatı
Azərbaycan.-2020.- 10 iyun.- S.1;4.