İnsanları təhdid edən təhlükə davam edir

 

COVID-19-un peyvəndinin tapılmasına qədər koronavirusdan yeganə qurtuluş yolu vətəndaş məsuliyyətidir

 

 

Qlobal pandemiya elan edilən yeni növ koronavirus (COVID-19) bəşəriyyəti təhdid etməkdə davam edir. Bütün ölkələrdə xəstəliyin yayılmaması üçün ciddi tədbirlər görülür, amma təəssüf ki, hələlik "taclı” bəlanın qarşısını almaq mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, dünya miqyasında pisləşir.

İnsanları təhdid edən təhlükə davam edir və bəşəriyyət 6 aydır koronavirusla mübarizədə bir addım da önə keçə bilməyib...

 

Pandemiyanın təsirini minimuma endirmək üçün zəruri tədbirlər görülür

 

Qlobal təhlükə Azərbaycandan da yan keçməyib və ölkəmizdə virusun üzə çıxdığı ilk zamandan etibarən ona qarşı mümkün effektiv və zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir. Dövlətimiz cidd-cəhdlə çalışır ki, pandemiyanın əhaliyə təsirini mümkün qədər minimuma endirsin.

Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorunması üçün bütün imkanlardan istifadə edilir.

Buna görədir ki, COVID-19-un birinci dalğası zamanı ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər virusun yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Koronavirusdan sağalan xəstələrin sayı ona yoluxanların sayını xeyli üstələdi. Ölkədə tətbiq edilən sərt karantin rejimi mərhələli şəkildə yumşaldılmağa başlandı.

 

 

İnsanlarda virusun tamamilə məhv olması fikri formalaşmışdı

 

Bu ərəfədə əhali diqqətli olmalı, virusun yenidən alovlanmaması üçün tövsiyə olunan bütün qaydalara daha çox əməl etməli idi. Amma elə yumşalmanın ilk zamanlarından etibarən bunun əksi ilə qarşılaşdıq. Karantinin yumşaldılması əhali arasında yanlış olaraq virusun tamamilə məhv olması fikrini formalaşdırdı. Əksəriyyət koronavirusdan əvvəlki həyat normaları ilə yaşamağa başladı. Nə sosial məsafə gözlənildi, nə də maskanın istifadəsinə ehtiyac görüldü... Bir sözlə, ehtiyat əldən verildi və koronavirusa qarşı dövlətin aylardır mübarizə aparıb qazandığı pozitiv dinamika əks istiqamətə doğru sürətlə irəliləməyə başladı. Yeni yoluxmaların sayı artaraq 3 rəqəmli həddə sıçradı, həyatını itirənlərin sayı artdı. Həmçinin yoluxanlar arasında daha gənc yaşlarda olanlara da rast gəlinməyə başlandı, hansı ki, infeksiyaya yoluxmanın birinci dalğasında bu hal çox az müşahidə olunmuşdu.

Elə təkcə iyunun 8-də Azərbaycanda koronavirus infeksiyasına 323 yeni yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 93 nəfər vəfat edib, 3406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi aparılır.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3515, ötən müddət ərzində isə ümumilikdə 343 391 test aparılıb.

 

 

Məcburiyyət qarşısında verilən qərar

 

Bu nəticələrə əsasən Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verməyə məcbur oldu. 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkətinə icazə verildi.

 

Eyni zamanda Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi, qoruyucu vasitələrdən istifadə etməməyə görə cərimələr müəyyənləşdirildi.

 

Həftəiçi günlərdə də lazımi qaydalara əməl edilməlidir

 

Amma adıçəkilən tədbirlərin qısa zamanda müsbət nəticə verəcəyini gözləmək də hələ tezdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı həftə sonunda tətbiq edilən sərt karantin qaydalarının nəticəsinin bu həftənin əvvəlində müşahidə edilməyəcəyini söyləyib. Onun sözlərinə görə, COVID-19 virusunun inkubasiya dövrü 7-10 gündür: "Biz iki gün ərzində insanların təmasını minimuma endirdik. Həftənin son iki günündə karantin qaydalarının tətbiqi onunla əlaqədardır ki, həmin günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məqsəd o idi ki, biz qaydalara əməl edərək təması minimuma endirək. Biz bu həftə buna nail olduq”.

R.Bayramlı qeyd edib ki, 1-2 həftə sonra aparılacaq təhlillər həftə sonunda tətbiq edilən karantinin əhəmiyyətini göstərəcək: "Ona görə də planlaşdırılır ki, bu, qarşıdakı həftələrdə və bayram günlərində tətbiq edilsin. Amma insanlarımız işləməyə icazənin verildiyi 1-5-ci günlər ərzində də lazımi qaydalara əməl etməlidirlər”.

 

 

Dövlət başçısının maskadan istifadə etməsi əhaliyə nümunə və mesajdır

 

 

Prezident İlham Əliyevin Tərtərdəki muzeyin açılışına maska ilə qatılması əhaliyə nümunədir. Həm də vəziyyətin nə qədər təhlükəli olması və yalnız qaydalara riayət etməklə, xüsusilə də ictimai yerlərdə maska taxmaqla virusdan qorunmağın mümkünlüyünə dair bir mesajdır. Əhali bundan nümunə götürməli, nəticə çıxarmalı və bilməlidir ki, koronavirusla mübarizə birbaşa vətəndaş məsuliyyətindən asılıdır.

Şənbə və bazar günləri qapalı həyata keçmək həmin günlərdə yoluxmanın qarşısının alınması, sayın minimuma endirilməsi, vətəndaşlarımızın bir-biri ilə daha az kontakta girməsi üçün atılan addımdır.

Amma həftəiçi də eyni həssaslığı nümayiş etdirib sosial məsafəni gözləməli, ictimai yerlərdə, nəqliyyatda maska taxmalı, fərdi gigiyena qaydalarına riayət etməliyik.

 

 

Tətbiq edilən qaydalar yalnız o halda səmərəli olur ki...

 

Özümüzü, yaxın və doğmalarımızı, xalqımızı, genefondumuzu qorumalıyıq. Mütəxəssislərin də söylədiyi kimi, koronavirus çox təhlükəli xəstəlikdir, sürətlə yayılır, qəfil ağırlaşma verir. Onun digər qorxulu cəhəti isə odur ki, bəzən yoluxdurduğu şəxsdə heç bir simptomatik hal müşahidə edilməsə də, o, virus daşıyıcısına çevrilərək ətrafdakıları yoluxdura bilir ki, xüsusilə bu şəxslərin maska taxması həyati əhəmiyyət daşıyır.

Ölən və yoluxanların sayının artması həkimlərin və digər tibb işçilərinin gərgin şəraitdə işləməsinə səbəb olur. Həmçinin xəstəxanalarda çarpayı, süni nəfəs aparatlarının çatışmazlığı yaranır. Və arxasınca daha neçə ağlagəlməz faciələrə yol açılır.

Göründüyü kimi, tətbiq edilən qaydalar, həyata keçirilən qabaqlayıcı tədbirlər yalnız o halda effektli olur ki, ona əməl edilsin. Yəni cansağlığımızın təhlükədə olmaması, həyatımızın əvvəlki məcraya yönəlməsi də özümüzdən asılıdır. Birmənalı olaraq qaydalara əməl etməli, sosial izolyasiyanı gözləməli, gigiyenaya riayət etməli, maska taxmalıyıq. COVID-19-un peyvəndinin tapılması ilə bağlı tibb aləminin elan edəcəyi şad xəbər verilənə qədər bu bəladan sığortalanmağımızın yeganə qurtuluş yolu da elə budur.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 10 iyun.- S.1;7.