“Biz birlikdə güclüyük!”

 

Bütün dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda Azərbaycan Respublikası etibarlı beynəlxalq tərəfdaş olduğunu bir daha göstərdi.

Ötən ilin sonlarında Çində başlamış, qısa müddət ərzində dünyanın əksər ölkələrinə yayılmış COVID-19 pandemiyası hər bir dövləti ciddi sınaq qarşısında qoydu. Son ayların təcrübəsi aydın şəkildə göstərdi ki, dərhal qabaqlayıcı tədbirlər həyata keçirən, heç bir halda xəstəliyə laqeyd yanaşmayan dövlətlərdə virusun yayılmasının qarşısı çevik şəkildə alınır və koronavirus infeksiyasının daha ciddi fəsadlara yol açmasına imkan verilmir.

COVID-19 pandemiyasına qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda heç şübhəsiz ki, Azərbaycan Respublikasının adı xüsusilə qeyd olunmalıdır.

Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları nəticəsində COVID-19 pandemiyasına qarşı mübarizənin aparılması məqsədilə ölkədə təxirə salınmadan zəruri addımlar atılmışdır. 2020-ci ilin fevral ayının sonlarında ölkədə koronavirusa ilk yoluxma halı qeydə alındıqdan dərhal sonra operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılmışdır.

Virusun ilk öncə xarici ölkələrdən səfər edən insanlarda müşahidə olunması nəzərə alınaraq, yükdaşıma və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxış dayandırılmışdır. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3 mart tarixindən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır. Bununla yanaşı, ölkə ərazisində mart ayının 4-dən etibarən sosial izolyasiya tədbirlərinə başlanılmış, sonrakı günlərdə izolyasiya tədbirləri genişləndirilmiş və ölkədə karantin rejimi tətbiq olunmuşdur.

COVID-19 pandemiyası dövründə əhalinin sosial müdafiəsi sahəsi Prezidentin xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət sektoru üzrə 900 mindən çox işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilmiş, hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilmiş, sahibkarlara müraciət olunmuşdur. Pandemiya nəticəsində işsiz qalan şəxslərə birdəfəlik ödəmələr həyata keçirilmiş, habelə 80 min ailə - 330 min nəfər ünvanlı sosial yardım proqramından faydalanmışdır.

Bu istiqamətdə görülmüş digər sosial-iqtisadi tədbirlərlə yanaşı, koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatının yaxşılaşdırılması üçün əlavə addımlar atılmış, bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılmışdır.

Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva birillik əməkhaqqı məbləğlərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişlər. Qısa müddətdə dövlət qurumları, bir çox hüquqi və fiziki şəxslər də bu çağırışa qoşularaq könüllü olaraq fonda müvafiq ianələr etmişlər.

Bu dövr ərzində xarici ölkədə müvəqqəti olan və Azərbaycan Respublikasına qayıtmaq istəyən 15 mindən çox vətəndaşın ölkəyə təxliyəsi həyata keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılmışdır.

Məhz effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunmuşdur. Bu mənada ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən mart ayının 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilərək, Azərbaycan nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Tedros Adhanom Gebreyesus COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir etmişdir.

Bu gün milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görən Azərbaycan eyni zamanda regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməkdə davam edir. Buna misal olaraq, cari ilin aprel ayında Azərbaycanın sədrliyi ilə təşkil olunmuş iki mühüm Zirvə görüşünü qeyd etmək lazımdır.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirmiş ilk beynəlxalq təşkilat kimi tarixə düşmüşdür. Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi olmuşdur.

Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiyanın ümumbəşəri bəlaya çevrildiyi bir şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğunu bildirmiş, koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması ilə mübarizədə həyata keçirilmiş tədbirləri diqqətə çatdırmışdır.

Videokonfrans zamanı Türk Şurasına üzv dövlətlərin rəhbərləri çətin dövrdə Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımları alqışladıqlarını, pandemiya ilə mübarizədə dövlətimizin qabaqlayıcı tədbirlər həyata keçirərək çoxlarına nümunə olduğunu diqqətə çatdırmışlar. Zirvə görüşündə həmçinin pandemiyanın yaratdığı sosial-iqtisadi problemlərə toxunularaq, dövlət başçıları tərəfindən iqtisadi itkilərin minimuma endirilməsi məsələsi müzakirə olunmuşdur. Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurasının Zirvə toplantısı həm təşkilata üzv dövlətlərin həmrəyliyi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində, həm də COVID-19 pandemiyasına qarşı birgə mübarizə səylərində vacib və əhəmiyyətli tarixi bir hadisə kimi yadda qalmışdır.

Digər belə bir tədbir Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi olmuşdur.

Zirvə görüşündə açılış nitqi ilə çıxış edən qurumun indiki sədri Prezident İlham Əliyev COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini qeyd edərək, pandemiyaya qalib gəlmək üçün qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərin zəruri olduğunu vurğulamışdır.

Zirvə görüşündə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verən Prezident İlham Əliyev, pandemiya dövründə Azərbaycan Respublikası üçün prioritet məsələ insanların sağlamlığının və onların sosial müdafiəsinin təmin edilməsi olduğunu diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər, pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlər barədə ətraflı məlumat vermişdir.

Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür.

BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande öz çıxışında BMT-nin çox böyük məmnunluqla bu kimi təşəbbüsləri dəstəklədiyini qeyd etmişdir.

BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində Baş katib Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir. Müraciətdə vurğulanmışdır ki, COVID-19 pandemiyasının miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir, bu mənada Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə-ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus çıxışında Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək dəyərləndirmiş, Azərbaycan hökumətinə və xalqına ÜST-ə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkür etmiş, həmçinin təşkilata əlavə olaraq 5 milyon dollar həcmində yardım göstərdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat da Zirvə görüşünün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirmişdir ki, pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rol danılmaz və əhəmiyyətlidir.

Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Borel videomüraciətində COVID-19-un dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdiyini, bunun oyanış üçün qlobal çağırış olduğunu qeyd etmişdir. O, Qoşulmama Hərəkatının Zirvə görüşünün çağırılması təşəbbüsünü alqışlayaraq, pandemiyanın məğlub edilməsinin qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb etdiyini diqqətə çatdırmışdır.

Zirvə görüşünün sonunda dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş bəyannamədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəyliyə, hazırkı böhranla mübarizədə multilateralizmə dəstək ifadə olunmuşdur.

 

 

"Diplomacia Siglo XXI” jurnalının 2020-ci il may buraxılışı

Azərbaycan.-2020.- 10 iyun.- S.5.