Şuşanın işğalından 28 il ötür...

 

Bir vaxtlar "Azərbaycan musiqisinin beşiyi”, "Şərqin konservatoriyası”,”Qafqazın sənət məbədi” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi, uzun illər Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhəri artıq 28 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunmuşdur. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılmış, 195 nəfər dinc sakin həlak olmuş, 165 nəfər yaralanmış, 58 nəfər itkin düşmüş, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalmışdır.

Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulmuşdur. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılmış, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmişdir. Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansara, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natəvanın evi, Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun ev-muzeyi və digər tarixi-mədəniyyət nümunəsi Ermənistan qoşunları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.

Təcavüzkar ölkə Ermənistan beynəlxalq humanitar hüququn tələblərini kobudcasına pozaraq, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllərini bu gün də davam etdirməkdədir.

Qeyd etmək lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 nömrəli qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı Ermənistandan qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev müxtəlif beynəlxalq platformalardan verdiyi bəyanatlarla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın qətiyyətli mövqeyini, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu daim dünya ictimaiyyətinin diqqətinə çatdırır.

 

Azərbaycan.-2020.- 10 iyun.- S.5.