Azərbaycan məktəblilərinin “Dərs vaxtı”

 

Virtual dərslərin gerçək ünvanından reportaj

 

Sükuta bürünmüş, "boynu bükük” qalmış məktəb...

Ətrafda nə şagirdlərin səs-küyü var, nə şən-şaqraq gülüşləri eşidilir. Nə zəng çalınır, nə də dərsə tələsən məktəblilər, müəllimlər gözə dəyir...

Səssizlik çöküb məktəbin həyətinə, binasına, dəhlizinə... Cansız daşların da gözü yol çəkir sanki. Daş hafizəsinə, quru "canına” hopmuş məktəb zənginə, uşaqların hay-küyünə möhtac qalıb aylardır.

Məktəbin alışdığımız qaynar həyatını qulaqbatırıcı bir sükut əvəzləyib xeyli vaxtdır.

"Mənə qalsa, doğru deyil bu sükut. Nə nöqtəsi, nə vergülü yerində...”

Amma elə bu sakit, səssiz həyatın içində də başqa bir dünya var. Bu sükutun içində belə əks-sədası bütün ölkəyə yayılmış, miqyasca böyük bir iş görülür.

İndi bu bina təkcə bir neçə yüz şagirdin təhsil aldığı məktəb deyil. İndi bura bütün Azərbaycan məktəblilərinin - 1, 6 milyon şagirdin tədrisə cəlb olunduğu təhsil ocağıdır. Üç aydır bütün ölkədə həftəiçi hər gün nümayiş olunan, məktəbi müəyyən qədər əvəz edən "Dərs vaxtı” adlı teledərslərin çəkildiyi, ərsəyə gətirildiyi məkandır...

Biz də teledərslərin çəkiliş prosesini izləmək, görülən işlərlə yaxından tanış olmaq üçün layihənin həyata keçirildiyi məktəbə getdik. Beləliklə, virtual dərslərin gerçək ünvanında - 6 nömrəli məktəbdəyik.

Koronavirusdan qorunmaq üçün müvafiq sanitar-epidemioloji qaydalara uyğun olaraq binaya daxil olan hər kəsin öncə qızdırması ölçülür, əllərinə dezinfeksiyaedici məhlul vurulur. Tibbi maska ilə təmin ediləndən sonra içəri keçməsinə icazə verilir.

Məktəbin ikinci və üçüncü mərtəbəsi layihənin icrası üçün ayrılıb. Hər gün səhər saat 9-dan axşama kimi, müəllim heyəti də daxil olmaqla, təxminən 100 nəfərdən ibarət komanda pandemiya dövrünün şərtlərinə, gigiyena qaydalarına əməl etməklə burada fəaliyyət göstərir. Gün ərzində 40-60 teledərs çəkilib montaj edilir.

 

"Dərs vaxtı” vasitəsilə 1,6 milyon şagird tədrisə cəlb olundu

 

 

Dünyanın gərdişini, düzənini dəyişən koronavirus bütün sahələrdə yeni normalar müəyyənləşdirdi. Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz ötüşmədi. Martın 2-də dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edildi. Həmin vaxt ölkə ərazisində bütün təhsil müəssisələrinin fəaliyyətini dayandırması barədə qərar dünyada yalnız 12 ölkə tərəfindən verilmişdi, sonradan isə bu qərar, demək olar ki, bütün ölkələri əhatə etdi. Qərara uyğun olaraq, martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Bu məqsədlə qısa müddət ərzində peşəkar heyət müəyyənləşdirildi, texniki təchizat məsələləri həll edildi və teledərslərin çəkilişlərinə start verildi.

Dərslərin nümayişi üçün televiziyanın seçilməsi təsadüfi deyildi. Belə ki, ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz və sürətli internet bağlantısı ilə təmin edilməsində çətinliklər olduğu üçün onların müəyyən hissəsinin dərslərdən yararlana bilməməsi ehtimalı var idi. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı və "ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Beləliklə, martın 11-dən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat "Dərs vaxtı” yayımlanmağa başlandı, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu.

Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edir. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin "www.video.edu.az” elektron portalında və rəsmi "Facebook” səhifəsində, "Youtube” kanalında da yerləşdirilir.

 

 

"Bir neçə müəllimlə təkcə üz ifadəsinə görə sağollaşdıq”

 

 

Dərslərin çəkilməsi kənardan asan görünsə də, əslində, uzun prosesdir. Bu, müəllimlərin seçilməsindən başlayıb, onların dərsə hazırlanması, hazırlıq prosesi ilə bağlı konsultasiyaların aparılması, operator otağında iki rakursdan dərslərin çəkilməsi, montaj otağında çəkilmiş dərslərin montaj edilməsindən ibarətdir. Sonda operatorlar ayrı-ayrı çəkilmiş dərsləri sinifər üzrə və dərs cədvəlinə uyğun qruplaşdırırlar.

 

Bəs görəsən televiziya vasitəsilə dərs keçən müəllimlərin seçimi necə həyata keçirilib?

 

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva ilə bu barədə söhbət etdik. Deyir ki, çəkilişlərin ilk günü seçim imkanı olmadığına görə Bakının ən yaxşı fənn müəllimləri layihəyə cəlb edildi. Paralel olaraq məktəb direktorlarına təcrübəli müəllimlərini çəkilişə göndərmələri ilə bağlı elan verildi. Beləliklə, seçimlər başlandı. Təxminən 250-300 müəllim seçimlərə qatılsa da, onlardan 110-u layihə üçün seçildi: "Əvvəl müəllimlərlə şifahi müsahibə aparırdıq. Nitqinə baxırdıq, kamera qarşısında özünü necə hiss etdiyini soruşurduq. Əsas danışığı, fənnini bilməsi və hansı metodikadan istifadə etməsi idi. İkinci addımda tapşırıq verirdik ki, sabaha bir dərs çək. Kamera önündə necə danışdıqlarına baxırdıq. Ola bilər nitqi gözəldir, amma kamera önündə həyəcanlanır, özünü itirir, bu zaman səs əsir. Belə müəllimlərlə dərhal sağollaşırdıq. Təxminən 20 ən güclü, olimpiadalara şagird hazırlayan müəllim teledərsə uyğun gəlmədi, çünki kamera qarşısında özlərini çox pis hiss edirdilər. Birinci meyarımız o idi ki, təcrübəli müəllim olsun. Amma sonradan başa düşdük ki, vizual görüntüyə də fikir vermək lazımdır. Bir neçə müəllimlə təkcə üz ifadəsinə görə, qaşqabaqlı, ciddi olduqları üçün sağollaşdıq”.

 

 

"Müəllimlər dərsi qısaldıb danışa bilmirdilər”

 

Təbii ki, çəkilişlər zamanı xeyli çətinliklər və problemlər üzə çıxıb. N.Mehdiyevanın sözlərinə görə, müəllimlərin teledərslərə çəkilməsində əsas çətinliklərdən biri öyrətmə mühitinin sinifdəkindən fərqli olmasıdır. Belə ki, müəllim sinifdə dərsləri izah edərkən şagirdlərin reaksiyasına baxır, onların sual dolu baxışlarını görəndə nəyi anlamadıqlarını hiss edir. Şagirdlərin verdiyi suallardan başa düşür ki, məhz onlar hansı məsələni mənimsəməkdə çətinlik çəkirlər. Teledərslərin çəkiliş otağı isə boşdur və müəllim yalnız öz fərziyyəsinə, illərin təcrübəsinə əsasən nələri daha çox vurğulamaq, hansı məsələnin üzərində daha çox dayanmaq lazım olduğunun fərqindədir. Belə əks əlaqə olmadan dərs keçmək isə hər müəllimdə dərhal alınmır. Onların buna vərdiş etməsi üçün zaman lazım olur. Bəziləri daha peşəkar olur və dərhal vəziyyətə uyğunlaşırlar. Bəziləri isə çətinlik çəkir: "Seçim prosesi zamanı digər ən böyük problemimiz ümumiləşdirmə ilə bağlı oldu. Məqsəd bu idi - tədris etdiyin mövzü vasitəsilə şagirdə çatdırmaq istədiyin əsas fikri, vacib mesajı 10-12 dəqiqəlik vaxta sığdırmağın səmərəli yolunu düşün. Yəni müəllimə şərt qoyulurdu ki, 45 dəqiqəlik dərsi 10 dəqiqəyə ümumiləşdirin. Çəkiliş başlayırdı, dərs 35 dəqiqə davam edirdi. Müəllimlər dərsi qısaldıb danışa bilmirdilər. Yuxarı sinif müəllimləri bir neçə məşqdən sonra buna alışdılar. Ancaq ibtidai sinif müəllimləri ilə son günlərə qədər çox əziyyət çəkdik. Dərsi danışır, çəkiliş gedir, sonra oturub baxanda görürsən ki, istənilən nəticə alınmayıb. Tədris etdiyi mətnin qəhrəmanı məsələn, dovşandırsa, bütün dərsi dovşana həsr edir. Soruşanda uşağa nə öyrətmək istəyirdiniz, deyir "Dovşan” hekayəsini. Demək, bu müəllim hələ də anlamır ki, hekayə sadəcə vasitədir. Hardasa 30-40 yaxşı adlandırdığımız ibtidai sinif müəllimini o şablondan çıxa bilmədikləri üçün çəkmədik. Sonradan müəyyən gənc müəllimlərdə bu proses daha tez alındı. Burda əsas çətinlik müəllimin sinifdəki metodikasını teledərsə gətirmək bacarığıdır. Sinifdə o metodika düzgün deyilsə, burda da düzgün olmayacaq. Bu çəkilişlər kurikulumla bağlı boşluqları da ortaya qoydu. Müəllimlərin çoxu elə bil şüuraltında bu cür formalaşıb, ya o cür təhsil alıblar, uzun illər çalışıblar deyə, ənənəvi təhsildən çıxa bilmirlər. Bu problem təkcə ibtidai sinif yox, dil müəllimlərində də var. Dəqiq fənlərdə çətinlik nisbətən az oldu. O müəllimlərin böyük əksəriyyəti dərsi canlı deməyi sevirlər. Əksəriyyəti iddia edir iki, dərsi 10 dəqiqəyə izah etmək çətindir, çünki mürəkkəb misallardır, ətraflı izah olunmalıdır. Amma bacaranlar oldu. Yaxud texniki problemlər yaranırdı. Məsələn, hər şey hazırdı, dərs efirə gedə bilər. Amma son anda problem çıxıb, həmin dərs yenidən çəkilməli olub. Yəni bu proses uzaqdan göründüyü kimi, asan başa gəlməyib. Böyük komandanın gərgin əməyinin bəhrəsi hesabına ərsəyə gəlib”.

Bu proseslər Azərbaycan müəllimi üçün bir ilkdir. Teledərslərin mahiyyətini anlamaq, ruhunu tutmaq baxımından müəllimlər üçün böyük bir məktəbdir. Çox qısa müddətdə tamamilə yeni, vərdiş etmədiyi şəraitdə dərs keçməyə alışmaq üçün müəllimdən böyük əzm tələb olunur. Sevindiricidir ki, müəllimlərin böyük əksəriyyəti bu çətinliyi aşdı və layihə uğurlu alındı. Bəs teledərslər müəllimə nə verdi?

Nəzakət xanımın fikrincə, əvvəllər adətən müəllimlər yalnız bir məktəb daxilində bir-birinin dərslərini dinləyib, fikir bildirə bilirdilərsə, indi bir-birini əvvəldən tanımayan müəllimlər tamamilə doğma bir mühitə düşdülər. Bir-birinin dərslərini dinlədilər, rəy bildirdilər, birlikdə işlədilər, səhvləri düzəltmək, ən yaxşısını təqdim etmək üçün kiçik bir məsələni dəfələrlə müzakirə etməyi öyrəndilər. Bu şəraitdə müəllim-müəllim əməkdaşlığının inanılmaz bir forması üzə çıxdı. Teledərslərin təcrübəsi gələcəkdə müəllimlərin peşəkarlığının artırılmasına da töhfəsini verəcək. Müəllimlərin metodik bacarıqlarının inkişaf etdirilməsi üçün hər il yeni ixtisasartırma proqramları hazırlanır. Teledərs təcrübəsi həmin proqramların məzmununun zənginləşdirilməsi üçün bir mənbə olacaq. Təlimlərdə, seminarlarda müzakirə və təhlil etmək üçün də xeyli material toplandı. Müəllimlərin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün bundan sonra bir neçə məsələlərə ciddi diqqət yetiriləcək. Müəllimin nitqinin sürətli olması, böyük məzmunu az vaxt ərzində izah etmək, bir neçə məzmunu ümumiləşdirmək, faktları qruplaşdırıb təqdim etmək bacarıqları və digər bu kimi məsələlər üzərində düşünmək və iş aparmaq lazım olacaq.

 

"Şagirdlərlə ünsiyyət üçün darıxırıq”

 

 

Dərsinin montaj prosesində iştirak edən 6 nömrəli məktəbin rus dili, ədəbiyyat müəllimi Sevinc Hüseynovaya yaxınlaşırıq. Teledərslə ənənəvi təhsilin fərqini soruşuruq. Deyir ki, fərq böyükdür. Sinifdə görməyə alışdığımız, ünsiyyət qurduğumuz şagirdlər, qarşılıqlı sual-cavab mühiti burada yoxdur. Məktəb, sinif otağı boşdur. Ancaq müəllim hər şəraitdə müəllim olmağı bacarmalıdır: "Kamera, çəkiliş prosesi müəllim üçün yaddır və yenidir. Odur ki, kamera önündə çıxış etmək özü də müəllimdən məharət tələb edir. Dərsi izah edən zaman şagirdlərə müraciət edərək xəyalən onları qarşımızda hiss etməyə çalışırıq. Hesab edirəm ki, üç ay ərzində müəyyən uğurlara nail olduq, virtual dərslər səmərə verdi. Bacardığımız qədər çalışdıq ki, şagirdlər karantin müddətində dərsdən geri qalmasınlar, ardıcıl şəkildə biliklərini artırsınlar, bacarıqlarını inkişaf etdirsinlər. Lakin ənənəvi məktəb, dərs mühiti, şagirdlərimiz, onlarla ünsiyyət üçün çox darıxırıq. Ümid edirik ki, tezliklə koronavirus bəlasından qurtulacağıq və yeni dərs ilində əvvəlki, alışdığımız tədris bərpa olunacaq”.

Qeyd edək ki, "Dərs vaxtı”nın son buraxılışı iyunun 12-də yayımlanacaq. Bu, tədris ilinin sonunadək təqdim edilən 2124-cü teledərs olacaq. İyunun 16-dan isə "Abituriyentlərə dəstək” adlı növbəti layihə efir həyatına başlayacaq.

Distant təhsil haqqında illərdir eşidirdik. Amma onun tətbiqinə ilk dəfə ehtiyac duyduq. Üstəlik, nümunəyə də çevrildik. Azərbaycanın teledərslər təcrübəsi sonradan Gürcüstan, Türkiyə, Ukrayna, Böyük Britaniya və digər ölkələr tərəfindən istifadə edilməyə başlandı. Bu və digər onlayn layihələr vasitəsilə nə qlobal problem, nə zaman, nə də məkan bizi təhsildən uzaq düşməyə qoymadı. Əksinə, pandemiya müəllim peşəsinin nə qədər əhəmiyyətli, müqəddəs və alternativsiz olduğunu bir daha təsdiq etdi. Və böyüklü-kiçikli hamımıza bir dərs verdi - heç bir virtual layihə əsl məktəbi, sinif otağını, canlı müəllim-şagird ünsiyyətini, çalınması səbirsizliklə gözlənilən məktəb zəngini əvəz edə bilməz...…

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 10 iyun.- S.7.