Aslan
Aslanov: Pandemiya dövründə etibarlı xəbər mənbələrinə
müraciətlərin artdığını gördük
Pandemiya
dövründə jurnalistikanın ənənəvi prinsipləri
dezinformasiyaların qarşısının alınmasında
böyük rol oynadı və biz etibarlı xəbər mənbələrinə
müraciətlərin artdığını gördük.
Bu
fikirləri AZƏRTAC-ın İdarə Heyətinin sədri,
OANA-nın vitse-prezidenti Aslan Aslanov Avropa Xəbər Agentlikləri
Alyansının (EANA) baş katibi Aleksandr Giboiyə müsahibəsində
bildirib.
Müsahibədə
Azərbaycanda xüsusi karantin rejimi müddətində
dövlət başçısının
tapşırığı ilə hökumətin həyata
keçirdiyi miqyaslı sosial tədbirlər paketindən, evdə
qaldığı müddətdə insanlara göstərilən
maddi dəstəkdən bəhs edilib. Diqqətə
çatdırılıb ki, bu dövrdə yayılan şayiələrin
qarşısının alınmasında Operativ Qərargahın
jurnalistlərlə birgə fəaliyyəti önəmli rol
oynayıb. "Belə həssas məqamlarda istənilən
özfəaliyyət, yoxlanılmamış məlumatın
yayımı vəziyyəti daha da ağırlaşdıra
bilər. Biz sosial şəbəkələr, mesencerlər
vasitəsilə çox sayda dezinformasiya, uydurma məlumatlar
paylaşıldığının şahidi olduq. Kimlərsə
haradansa nələrsə eşidib onu tanışlarına
göndərir və bu da bir qar topası kimi böyüyərək
minlərlə insanı əhatə edir. Azərbaycanda karantin
rejimi müddətində Nazirlər Kabineti yanındakı
Operativ Qərargahın müntəzəm brifinqlər
keçirməsi və sualları operativ cavablandırması
vəziyyəti xeyli dəyişdi”, - deyə Aslan Aslanov
bildirib.
AZƏRTAC-ın
xüsusi karantin rejimində fəaliyyəti ilə
bağlı suala cavab olaraq İdarə Heyətinin sədri
qeyd edib ki, agentlik insanları COVID-19 xəstəliyi ilə
bağlı məlumatlandırmaq və maarifləndirmək
üçün işlərə hələ yanvardan
başlayıb, infoqrafikalar, ekspert rəyləri, videoreportajlar
hazırlayaraq abunəçilərə göndərib,
veb-resurslarında, sosial şəbəkə səhifələrində
yayıb: "İnsanların evdə qaldığı
xüsusi karantin rejimində etibarlı məlumata olan
ehtiyaclarının necə artdığının, bizim
agentliyi doğru məlumat mənbəyi kimi seçdiklərinin
şahidi olduq. Statistik məlumatlara əsasən deyə bilərəm
ki, karantin rejimində bizim informasiyalara müraciətlər 40
faizə qədər yüksəldi. Sosial şəbəkə
səhifələrimizdə həm abunəçilərin
sayı, həm də digər KİV-lərin müraciəti
artdı. Bu da agentliyin xəbərlərinə olan etibardan irəli
gəlir”.
Müsahibədə,
həmçinin AZƏRTAC-ın xüsusi karantin rejimi müddətində
əməkdaşların təhlükəsizliyini təmin etmək
istiqamətində görülən tədbirlərdən
danışılıb. Qeyd olunub ki, işçilərə
dezinfeksiyaedici maddələr, tibbi maskalar paylanılıb.
Kollektivin 70 faizi məsafədən çalışsa da
agentlik 8 dildə informasiya, video və foto
buraxılışını davam etdirib.
Postpandemiya
dövründə xəbər agentliklərinin fəaliyyəti
ilə bağlı fikirlərini paylaşan Aslan Aslanov
vurğulayıb ki, sosial şəbəkə bumuna,
açıq informasiya mənbələrinin sürətlə
artmasına baxmayaraq, gələcəkdə də xəbər
agentliklərinə ehtiyac olacaq. "Sosial medianın genişlənməsi,
onlayn media resurslarının artması, informasiyaya
çıxışın hər kəs üçün əlçatan
olması agentliklərə təsir edir və edəcək.
Lakin cəmiyyətin seçim etmək imkanı olacaq: 100
illik tarixi olan media qurumuna etibar etsin, yoxsa yeni yaranan hansısa
bir resursa? Əlbəttə, sosial-psixoloji amil seçimi
böyük təcrübəsi olan medianın xeyrinə edəcək.
Pandemiya dövründə biz bir daha bunun şahidi olduq. Eyni
zamanda, real şərait göstərir ki, agentliklər
informasiya texnologiyalarından daha çox yararlanaraq
resurslarını gücləndirməli, fəaliyyətlərini
şaxələndirməlidirlər”, - deyə o qeyd edib.
Azərbaycan.-2020.- 10 iyun.- S.7.