Azərbaycan koronavirusla mübarizədə nümunə göstərir

 

İlham ƏLİYEV: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir”

 

 

Bir neçə aydır bütün ölkələrdə ciddi təhdid mənbəyinə çevrilən koronavirus pandemiyası hər gün on minlərlə insanın həyatını təhlükə altına atır. Təsadüfi deyil ki, son statistikaya görə, dünyada bu virusa yoluxanların sayı 7,3 milyon, ölənlərin sayı isə 413 min nəfəri ötüb. Ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıb.

 

Bütün tədbirlərin mərkəzində məhz vətəndaşların sağlamlığı dayanır

 

Bu müddətdə xəstəliklə mübarizə tədbirləri təsdiq etdi ki, yoluxuculuq forması yüksək olan virusdan qorunmağın ən yaxşı yollarından biri sosial izolyasiya, insanlar arasında ünsiyyətin məhdudlaşdırılması, karantin rejiminin tətbiqidir. Bu xüsusda müvafiq addımlar atan, qabaqlayıcı tədbirlər görən ölkələrdə virusun tüğyan etməsinin qarşısı alınıb və itkilər digər dövlətlərlə müqayisədə xeyli az olub.

Bunun ən real nümunəsi qismində çıxış edən ölkələrdən biri də Azərbaycandır. Təsadüfi deyil ki, bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Bu da təsadüfi deyil. Çünki fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı qeydə alınandan sonra dərhal, operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Virusun qonşu ölkələrdən gəlməsi nəzərə alınaraq yük avtomobillərinin hərəkəti istisna olmaqla, bütün sərhədlərimiz bağlanıldı və yalnız Azərbaycan vətəndaşlarının vətənə qayıtmalarına imkan yaradıldı. O cümlədən bütün istiqamətlərə təyyarə uçuşları dayandırıldı.

Qlobal pandemiya ilə mübarizə məsələsi ilk gündən Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Mart, aprel, may və iyun aylarında dövlət başçısının fəaliyyəti, keçirdiyi görüşlər, verdiyi qərarlar bunu təsdiq edir. Koronavirusla mübarizə bu gün dövlət siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə ən vacib məsələ isə ilk növbədə vətəndaşların sağlamlığıdır. İyunun 9-da modul tipli xəstəxanaların açılışı zamanı Prezident İlham Əliyev bir daha bildirdi ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır.

 

 

Modul xəstəxanalardan dördü hazırdır

 

Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Belə ki, modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyat yeri yaranır. Eyni zamanda bu xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

Modul tipli xəstəxanaların yaradılması Prezident İlham Əliyevin "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2020-ci il tarixli sərəncamı ilə həyata keçirilir.

Bunun üçün dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Növbəti 3 xəstəxana isə paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılıb. Mühüm məsələlərdən biri də odur ki, 10 modul xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Bununla da dövlətin üzərinə düşən yük bir qədər azalır. Bu barədə danışan Prezident İlham Əliyev özəl sektora və vətəndaşlara təşəkkür edərək deyib: "Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm”.

 

Vətəndaşların və beynəlxalq təşkilatların təqdir etdiyi fəaliyyət

 

Ümumiyyətlə, Prezident İlham Əliyevin koronavirusla mübarizə təşəbbüsləri çoxşaxəlidir. Bu zaman vətəndaşlarımız və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan əsas məsələ Prezident İlham Əliyevin problemin həllində nümayiş etdirdiyi nümunəvi mövqeyidir. İlham Əliyevin fərman və sərəncamları ilə məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olan Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması və buraya Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 20 milyon manatın ayrılması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının artırılması, koronavirusla əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi virusla mübarizənin ilkin mərhələsində atılan mühüm addımlar oldu.

Eyni zamanda 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika” adlanan xəstəxanasının açılışından sonra virusa yoluxan xəstələrin müalicəsi üçün onların ixtiyarına verilməsi, yeni laboratoriyaların alınması, Sumqayıtda qoruyucu tibbi maska istehsalı müəssisələrinin fəaliyyətə başlaması vətəndaşların sağlamlığı naminə həyata keçirilən dövlət siyasətinin uğurlu nümunələri oldu.

Minlərlə Azərbaycan vətəndaşının müxtəlif ölkələrdən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə ölkəmizə təxliyə edilməsi isə İlham Əliyevin hər bir məsələdə öz xalqının yanında olduğunu, vətəndaşının taleyinə son dərəcə diqqətlə yanaşdığını növbəti dəfə təsdiq etdi.

Atılan addımlar, verilən qərarlar həm də iqtisadi dayanıqlığın qorunması və vətəndaşların sosial rifahı kimi məsələləri əhatə etdi. Yüz minlərlə vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. Aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırılıb. Aprelin 1-dən həm də ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min artırılıb.

 

Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirir

 

Məhz həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda koronavirus pandemiyasının ağır fəsadları, Avropa ölkələrində olduğu kimi, çoxlu sayda insan itkisi baş vermədi. Bu həm də onu göstərir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Azərbaycanda virusa yoluxanların sayı 8 minə qədər olduğu halda, əhalisi bizdən beş dəfə az olan Ermənistandan yoluxma sayı 13 mini ötüb. Prezident İlham Əliyev bildirib ki, xalqla iqtidar arasında birlik olan yerdə nəticə də yaxşı olur: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

Azərbaycan Prezidentinin təşəbbüsləri ilə koronavirusla mübarizə məsələləri yalnız ölkə daxilini əhatə etmir. Respublikamızın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyindən irəli gələrək Prezident İlham Əliyevin təşəbbüsləri ilə bir müddət əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirilib. Bununla da Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirib. İlham Əliyevin qeyd etdiyi kimi, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi və beləliklə də, 29 ölkəyə humanitar yardım göstərməsi, fərdi qaydada isə 14 ölkəyə humanitar yardım etməsi də Azərbaycanın qlobal səviyyədə koronavirusla mübarizəyə verdiyi töhfələrdir. Bütün bunlar beynəlxalq ictimaiyyət, o cümlədən ÜST tərəfindən yüksək qiymətləndirilib.

Ən böyük qiyməti isə Azərbaycan xalqı verir. Bu günlərdə xalqımızın İlham Əliyevin ətrafında sıx birləşməsi ölkəmizdəki milli həmrəyliyin təcəssümüdür. Bu baxımdan bir çox sınaqlardan layiqincə çıxmış Azərbaycanın koronavirusla mübarizədən qalib ayrılacağı da şübhəsizdir.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 11 iyun.- S.1;6.