Heç bir sosial infrastruktur layihəsi ixtisar edilməyəcək

 

Son aylar Azərbaycanda bu qəbildən olan onlarca obyekt istifadəyə verilib

 

 

Koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərə baxmayaraq, ölkəmizdə bu il üçün nəzərdə tutulan sosial infastruktur layihələrinin həyata keçirilməsi davam edir.

İlin əvvəlindən bəri, o cümlədən pandemiyanın hökm sürdüyü son aylarda Bakıda, digər şəhər və rayonlarımızda onlarca sosial infrastruktur obyekti istifadəyə verilib. Onların bir çoxunun açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib.

Cari il yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı demişdir: "İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı IV Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır”.

Zaman göstərir ki, dünyanı çənginə alan COVID-19 pandemiyası belə Azərbaycan Prezidentinin yeritdiyi sosial siyasətə mane ola bilmir. Dövlət başçısı Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində də, ilin birinci rübünün sosial-iqtisadi yekunları ilə bağlı videokonfrans şəklində keçirdiyi müşavirədə və digər çıxışlarında da bəyan edib ki, nəzərdə tutulan bütün sosial infrastruktur layihələri tam icra ediləcək.

Beləliklə, qətiyyətli və uzaqgörən dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın müxtəlif şəhər və bölgələrində yeni sosial infrastruktur obyektləri istifadəyə verilir. May və iyun aylarında başa çatmış həmin layihələrdən bir neçəsini göstərmək kifayətdir.

Mayın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda modul tipli xəstəxana kompleksinin açılışında iştirak etdilər.

Tikintisi üç həftə ərzində tamamlanan modul tipli bu ilk xəstəxana kompleksi 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərir. Üç korpusdan, 100 palatada 200 çarpayı yerindən ibarət kompleksdə orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. İyun ayının 9-da isə Sumqayıt şəhərində, paytaxtın Bilgəh qəsəbəsində və Abşeron rayonunun Saray qəsəbəsində növbəti üç belə xəstəxananın açılışı oldu.

Qeyd edək ki, modul tipli yardımçı xəstəxana korpusları mühüm üstünlüklərə malikdir. Çünki sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni artıq zərurət olmadıqda asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.

Son vaxtlar istifadəyə verilən əhəmiyyətli obyektlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzidir. Mərkəzin xidmətindən paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinləri bəhrələnəcəklər. Burada əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Xatırladaq ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq.

Beləliklə, bu gün ölkədə həyata keçirilən sosial islahatların əsas məqsədi insanların rahatlığını təmin etmək və yaşayış səviyyəsini yüksəltməkdir. Dövlət aztəminatlı və xüsusi diqqət tələb edən təbəqənin sosial qayğılarının həllini ən vacib məsələlərdən biri sayır. Məsələyə kompleks yanaşma əhalinin bütün təbəqələrini əhatə etməyə imkan verir. Bu sırada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Artıq bu kateqoriyadan olan insanlar üçün ölkənin müxtəlif ərazilərində salınan yeni qəsəbələrdə və müasir yaşayış komplekslərində 300 mindən çox insan məskunlaşıb. Şəhid ailələrinin, müharibə veteranlarının mənzillərlə təmin olunması da dövlətin sosial siyasətinin prioritetləri sırasına daxildir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri "Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi bu siyasətin davamlı olmasının göstəricisidir. Məcburi köçkünlər üçün salınmış yeni kompleks Bakının Qaradağ rayonununun Lökbatan qəsəbəsindəki "Qobu Park-1” və "Qobu Park-2”nin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. "Qobu Park-3”də 10 mərtəbəli 13 yaşayış binası inşa olunub.

Təbii fəlakətdən zərər çəkən vətəndaşların problemləri də hər zaman diqqət mərkəzindədir. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda təbii fəlakətin fəsadları vətəndaşın dövlətə etimadı, dövlətin isə vətəndaşın qayğısına qalmaq vəzifəsinin birliyi sayəsində həll olunur.

Dövlət başçısı və birinci xanım bu ilin may ayında Şamaxı rayonuna səfərləri çərçivəsində keçən ilin fevralında rayonda zəlzələdən zərər çəkənlər üçün inşa edilmiş binadakı mənzillərə baxıblar. Zəlzələdən sonra bu rayonda bütövlükdə 205 ev tikilib, bir çox evlərdə təmir və bərpa işləri aparılıb.

Yeri gəlmişkən, Şamaxı şəhərində Heydər Əliyev Fondunun inşa etdiyi 2 nömrəli körpələr evi-uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının açılışları da həmin vaxt olub.

Təqdirəlayiq haldır ki, istifadəyə verilən sosial infrastrukturun xeyli hissəsi bölgələrin payına düşür. Dövlət başçısı iyun ayının əvvəlində Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı bu qəbildən olan bir sıra obyektlərin açılışında iştirak edib. Belə ki, Tərtər rayonunda 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 21,5 kilometrlik Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Yenidənqurmadan sonra "Tərtər” və "Ağcabədi-2” elektrik yarımstansiyaları da istismara daxil olub. Bu yarımstansiyalar sözügedən rayonların sosial-iqtisadi təyinatlı obyektlərinin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatını təmin edəcək.

Tərtərdə istifadəyə verilən Olimpiya İdman Kompleksi isə cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq.

İyun ayında Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də istismara verilib. Cəbhəyanı ərazidə yerləşən Ağcabədi şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Son günlər Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması, Zərdab rayonunun Ucar-Zərdab-Ağcabədi (32 kilometr)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi, Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının inşa edilməsi ilə bağlı və bir sıra digər sərəncamlar imzalayıb. Bu da bir daha göstərir ki, nəzərdə tutulan heç bir sosial infrastruktur layihəsi ixtisar edilməməklə yanaşı, günün, zamanın tələbi ilə yenilərinin də icrasına qərar verilir.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 11 iyun.- S.1;4.