“Azərbaycan
xalqı xoşbəxtdir ki, Sizin kimi müdrik Prezidenti var”
Bütün
dünyanı bürümüş koronavirus
pandemiyasının ölkəmizdə geniş
yayılmasının qarşısının alınması
istiqamətində Prezident İlham Əliyevin
atdığı qətiyyətli addımlara, əhalinin
sağlamlığının qorunması, rifahının
yaxşılaşdırılması üçün
gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından
dövlətimizin başçısına minnətdarlıq məktubları
gəlməkdə davam edir. Vətəndaşlarımız
Prezident İlham Əliyevin göstərdiyi diqqət və
qayğıdan razılıqlarını ifadə edirlər.
AZƏRTAC
Prezidentin saytına istinadla dövlətimizin
başçısına ünvanlanan məktubların bir
qismini təqdim edir.
Cəlilabad
rayonunun Kazımabad kəndindən Allahşükür
Cabbarov, Rəsul Əliyev, Samir Qəribov, Kamran Məmmədov,
Qoşqar Babayev, Mürsəl Muradov və Arif Əliyev
yazırlar: "Möhtərəm cənab Prezident,
ümummilli liderimiz Heydər Əliyev torpaqları kəndlilərə
qaytardıqdan sonra güzəranımız
yaxşılaşmağa başladı. Min bir əziyyətlə
olsa da, əkin-biçinlə məşğul olaraq ailəmizi
dolandırır, gələcəyə daha böyük
ümidlə baxırdıq. İndi ölkəmizin
imkanları genişləndiyindən və dövlət dəstəyi
gücləndirildiyindən torpağa meyillilik də artıb.
Əkdiyimiz sahələrə görə Sizin göstərişiniz
əsasında güzəştli gübrələrin və
subsidiyanın ödənilməsi bizi sevindirir. Bu il
pandemiyanın və karantin rejiminin olması biz kəndliləri
narahat edirdi. Bizi narahat edən əsas məsələ əkdiyimiz
kartofu xarici bazara çıxarmaq idi. Sizin qayğınız nəticəsində
heç bir problemlə üzləşmədik. Çox
sağ olun ki, Rusiya-Azərbaycan sərhədlərindən
keçən çoxsaylı yük
maşınlarının buraxılmasını təmin
etdiniz. Bu maşınlar vasitəsilə kartofumuzu xarici
bazarlara çıxararaq, itkisiz və heç bir əngəl
olmadan məhsulumuzu satdıq, gəlir əldə etdik.
Bütün bunlara görə Sizə minnətdarıq, cənab
Prezident. Allah Sizi qorusun!”.
Bakının
Xəzər rayonundan Xalidə Məmmədova: "Hörmətli
cənab Prezident, mən Sizin fəaliyyətinizi çox
böyük maraqla və qürurla izləyirəm. Bir vətəndaşın
normal yaşaması və cəmiyyətdə
özünü ifadə etməsi üçün nə
lazımdırsa, onu da edirsiniz. Xüsusilə qeyd etmək
yerinə düşər ki, ölkəmizdə sabitliyi qoruyub
saxlayırsınız. Bunun əhəmiyyəti çox
böyükdür. Sizin düzgün siyasətiniz nəticəsində
biz pandemiya dövründə bir çox ölkələr
kimi, tənəzzülə uğramadıq. Siz işsizlərə,
pensiyaçılara, əlillərə, veteranlara və digərlərinə
kömək göstərdiniz, maddi və ərzaq
yardımları etdiniz. Sizin göstərişlərinizə
uyğun olaraq, banklar vətəndaşlara kreditlərin ödənilməsində
möhlət verdi. Bütün bunlara görə Sizə
böyük təşəkkür düşür, cənab
Prezident. Allah Sizə möhkəm cansağlığı,
tükənməz güc-qüvvət qismət eləsin!”.
Tərtər
rayonundan Rafiq Səfərov, Məhərrəm Rəhimov, Kəmalə
Quliyeva, Elşən Səfərov və Nabat İbrahimova
yazırlar: "Çox hörmətli cənab Prezident, Tərtər
rayonunun A.Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin
kollektivi adından Sizə böyük təşəkkürümüzü
bildiririk. Uzun illər məktəbimiz yararsız vəziyyətdə
idi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi
çətin də olsa, təhsilini davam etdirirdi. Sizin Tərtərə
gəlişiniz və məktəbimizin yenidən tikilməsi
haqqında verdiyiniz Sərəncam bizi Sizə daha da
yaxınlaşdırdı. Biz gördük ki, Siz hər zaman
xalqımızın yanındasınız. İstər cəbhə
bölgəsində vəziyyətin gərginləşdiyi
dövrlərdə, istərsə də hazırkı
koronavirus bəlası ilə mübarizə zamanı Siz tərtərliləri
heç vaxt diqqətdən kənarda qoymamısınız. Qədirbilən
tərtərlilər bunun dəyərini çox gözəl
bilir və hər zaman təqdir edir. Əziz Prezidentimiz, Ulu
Tanrıdan Sizə cansağlığı, xoşbəxtlik və
işlərinizdə uğurlar arzulayırıq”.
Bakı
şəhərinin sakini Əli Quliyevin məktubunda deyilir:
"Hörmətli cənab Prezident, "Mən istəyirəm
ki, hər bir insan yaxşı yaşasın, hər bir
insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə
oxusunlar, müəllimlər yaxşı məktəblərdə
dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda
işləsinlər və insanlarımız da sağlam
olsunlar”. Bu sözlərin sahibi, Möhtərəm Prezident,
bütün dünyanı öz ağuşuna alan, ciddi itkilərə
səbəb olan COVID-19 pandemiyasından xalqımızı
qoruduğunuz, bizdən yardım əlinizi heç çəkmədiyiniz
üçün Sizə xalqımız adından dərin minnətdarlığımı
bildirirəm. Mən həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Sizin kimi müdrik
siyasi xadim rəhbərlik edir. Xarici mənfi proseslərin milli
iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər
çəkmiş sahələrdə çalışan
sahibkarlara və muzdlu işçilərə dəstək vermək,
iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin
etmək, həmçinin postpandemiya dövründə yeni
iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin
hazırlamaq məqsədilə operativ addımlar
atmağınız çox təqdirəlayiqdir. Rəhbərliyinizlə
ölkəmizdə COVID-19 pandemiyasına qarşı
genişmiqyaslı tədbirlər görülür, məşğulluğa
və sosial rifaha dəstək məqsədilə fəal siyasət
aparılır. Bir daha Sizə minnətdarlığımı
bildirirəm. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab
Prezident! Allah Sizi qorusun!”.
Ağcabədi
rayonundan Nabat Yusifova: "Möhtərəm cənab Prezident,
mən Ağcabədi rayonunda yaşayıram, təqaüdçüyəm.
Uzun illər tibb sahəsində çalışmışam.
Tibb işçisi kimi deyə bilərəm ki, COVID-19
pandemiyasının dünyanı cənginə alması məni
çox narahat edirdi. Hər gün televiziya ekranlarından
dünyadakı insan tələfatını gördükcə
bu narahatlıq daha da artırdı. Lakin Sizin uzaqgörənliyiniz,
məqamında tədbirlər görməyiniz
xalqımızı kütləvi tələfatdan xilas etdi,
insanların qəlbindəki həyəcanı sakitləşdirdi.
Hər zaman, hər şəraitdə güvəndiyimiz rəhbərimizə
bu məqamda da güvənə bildik. Amma bəzi
insanlarımız lap çox arxayınlaşdılar. Dövlətin
həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə
səthi yanaşan həmin insanlara isə Siz bir daha nümunə
oldunuz. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz
zamanı tibbi maskadan istifadə etməyiniz, görüş
zamanı ara məsafəsi saxlamağınız bir daha Sizin
böyüklüyünüzü, hər zaman xalqın
yanında olduğunuzu və təhlükəsizlik tədbirlərinə
əməl etməyin vacibliyini sübut etdi. Tanrı Sizi, ailənizi
və xalqımızı qorusun!”.
Şirvan
şəhərindən Nərgiz Mehdiyeva: "Hörmətli
cənab Prezident, bütün dünyanı bürüyən
və hamını qorxu altında saxlayan koronavirus
pandemiyasına qarşı Sizin rəhbərliyiniz altında
aparılan mübarizə əlbəttə ki, bizi sevindirməyə
bilməz. Məhz Sizin həyata keçirdiyiniz operativ tədbirlərin
hesabınadır ki, ölkəmiz virusla mübarizəni arxada
qoymaqdadır və bəzi yumşalma tədbirləri
görülməkdədir. Əgər vaxtında Sizin tərəfinizdən
lazımi tədbirlər görülməsəydi, biz də
digər ölkələr kimi, pandemiyanın acı nəticələri
ilə barışmalı olacaqdıq. Biz şirvanlılar
qürur hissi keçiririk ki, Sizin kimi rəhbərlərimiz
var. Ölkəmizdə elə bir sahə yoxdur ki, Sizin və
Mehriban xanımın diqqətindən kənarda qalsın.
Bütün bunlar isə gərgin əmək tələb
edir. Buna görə, cənab Prezident, ilk növbədə,
Sizə və elimizin, obamızın, millətimizin dəyərli
xanımı Mehriban xanıma cansağlığı,
xalqımızın gələcəyi naminə həyata
keçirdiyiniz gərgin, məsuliyyətli və şərəfli
işlərinizdə sonsuz uğurlar arzulayırıq. Əmin
ola bilərsiniz ki, xalqımız daim Sizi dəstəkləyir
və Sizin arxanızdadır. Allah Sizi və ailənizi
qorusun!”.
Goranboy
rayonunun Tapqaraqoyunlu kəndindən tələbə Cəmilə
Abbaszadə: "Hörmətli cənab Prezident, mən bir Azərbaycan
vətəndaşı və gənc nəslin nümayəndəsi,
gələcəyin həkimi kimi bu məktubu Sizə
böyük qürur hissi ilə yazıram. Cənab
Prezidentimiz, ölkə vətəndaşlarının
sağlamlığının qorunması naminə
gördüyünüz işlərə görə Sizə təşəkkür
edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə
bütün çətinliklərin öhdəsindən
uğurla gələcəyik. Azərbaycan xalqı Sizin
bütün qərarlarınızla həmrəydir. Biz gənclər
Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik.
Ulu Tanrı Sizi qorusun, bütün işlərinizə Sizə
yardımçı olsun!”.
Bakının
Xətai rayonundan Aliyə İmamquliyeva: "Hörmətli cənab
Prezident, mən koronavirus pandemiyasının ölkədə
geniş yayılmasının qarşısının
alınması üçün görülən tədbirlərə,
həmçinin tibbi maskanın taxılmaması
üçün cərimələrin tətbiqinə görə
Sizə minnətdarlıq edirəm. Hər bir vətəndaş
bilir ki, tətbiq edilən qadağalar bizim
sağlamlığımızın qorunması
üçündür. Sizin
tapşırıqlarınızı həyata keçirən
polis, həkim və müəllimlərimizə də
xüsusi təşəkkürlərimizi
çatdırır, onlara "Çox sağ olun!"
deyirik. Mən və ailəm Sizin Azərbaycanın
inkişafı üçün gördüyünüz
işləri yüksək qiymətləndirir, Sizə olan sevgimizi
bildiririk. Var olun, cənab Prezident!”.
Cəlilabad
rayonunun Üçtəpə kəndindən Dövlət
Rzayev, Barat Bağırov, Rahim Nağıyev, Cavanşir Səlimov
və Zakir Rzayev yazırlar: "Hörmətli cənab
Prezident, koronavirus pandemiyası dünya ölkələrinin
iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına
mənfi təsirini göstərməkdədir. Artıq
pandemiyanın cəmiyyətin həyatına təsiri göz
önündədir. Məhz Sizin rəhbərliyinizlə Azərbaycanda
həyata keçirilən tədbirlər nəticəsində
koronavirusun geniş yayılmasının qarşısı
alınır, həmçinin pandemiyadan sonrakı dövrdə
iqtisadiyyatın, kənd təsərrüfatının
inkişafı üçün proqramlar qəbul olunur. Sizin
aqrar sahəyə diqqətiniz ölkəmizi mümkün
çətinliklərdən qorumaq əzminizin göstəricisidir.
Pandemiya dövründə sahibkarların, fermerlərin
yetişdirdiyi kənd təsərrüfatı məhsullarının
xarici bazarlara çıxarılması üçün
göstərdiyiniz dəstək və kömək bizim
heç bir halda tək olmadığımızın, Sizin
diqqətinizlə əhatə olunduğumuzun sübutudur. Bu dəstək
və köməyə görə Sizə minnətdarlığımızı
bildiririk. Sizin qarşıya qoduğunuz vəzifələr kənd
təsərrüfatının inkişafına xidmət edir.
Biz də öz zəhmətimizlə, yetişdirdiyimiz keyfiyyətli
məhsullarla bu vəzifələrin icrasına kömək
etməyə hazırıq”.
Qəbələ
rayonunun Vəndam qəsəbəsindən Sadəddin
Zülfüqarov: "Çox hörmətli cənab Prezident,
Sizin ölkəmizə rəhbərliyiniz dövründə
çox müsbət dəyişikliklərin şahidi oluruq.
Regionlara olan böyük diqqət və qayğınız sayəsində
şəhər və rayonlar, kənd və qəsəbələr
öz libasını dəyişmiş, füsunkar görkəm
almışdır. Bu işlər sayəsində yerli əhalinin
rifahı yaxşılaşmaqla yanaşı, ölkəmizə
gələn turistlərin sayı da son illər ərzində
artmışdır. Axı belə gözəllikləri kim
görmək istəməz?! Azərbaycanda
apardığınız abadlıq-quruculuq işlərindən
Qəbələ rayonunun Vəndam qəsəbəsinə də
pay düşmüşdür. Belə ki, qəsəbəmizdə
"Rüsyan" adlanan yaşayış sahəsində
200-dən artıq yaşayış evi vardır. Qış
aylarında yolun palçıqlı, yay aylarında isə
tozlu olması sakinləri narahat edirdi. Sizin göstərişiniz
əsasında yola asfalt örtüyü çəkildi.
Əziz Prezidentimiz, bütün sakinlər adından Sizə dərin
minnətdarlığımızı bildirirəm. Sizin
apardığınız daxili və xarici siyasəti bəyənirik.
Biz həmişə Sizinləyik”.
Bakının
Xəzər rayonundan Həzərxan Əbilov: "Hörmətli
cənab Prezident, Sizin düşünülmüş siyasətiniz
sayəsində Azərbaycan artıq 17 ildir ki, öz gələcəyini
inamla qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun
möhkəmləndirilməsi sahəsində böyük
uğurlar qazanır. Bu gün Azərbaycan öz sabitliyini və
inkişafını təmin edən ölkədir. Bu sabitlik,
bu inkişaf koronavirus pandemiyasının öhdəsindən
gəlməyə də kömək etdi. Cənab Prezident,
COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı
şəraitdə Sizin verdiyiniz səmərəli qərarlarınız
sayəsində ölkəmiz bu virusdan ən az zərər
görən dövlətlər sırasındadır.
Uğurlu sosial siyasətiniz nəticəsində vətəndaşların
pandemiya dövründə sağlamlığının və
rifahının qorunması yüksək səviyyədə həyata
keçirilir. Aztəminatlı ailələrin müavinətlərinin
artırılması, işsizlər üçün əlavə
müavinətlərin təyin edilməsi istiqamətində
atdığınız addımlar, bu ağır günlərdə
təhsil sisteminin yeniləşməsi, xüsusilə məktəb
tikintisinin davam etdirilməsi, müəllimlərin sosial
qayğılarının diqqət mərkəzində
saxlanılması xalqımız tərəfindən rəğbətlə
qarşılanır. Möhtərəm cənab Prezident,
sadaladıqlarım amillər Sizin Azərbaycan vətəndaşlarına
olan qayğı və sevginizin parlaq təzahürüdür.
Bütün bunlara görə rayonumuzun müəllimləri
adından Sizə dərin minnətdarlığımızı
bildirirəm. Tanrı bütün işlərinizdə
yardımçınız olsun. Biz Sizinlə
güclüyük!”.
Gəncə
şəhərindən Yelena Əlişanova, Pərvin
Mustafayeva, Pərvanə Pirqulu, Elşən Əmirli və Mətləb
Əliyev: "Hörmətli cənab Prezident,
yaşadığımız Şahlar Hüseynov 13a
ünvanındakı binada 2018-ci ilin noyabr ayında qaz
sızması nəticəsində partlayış baş
vermişdi. Yararsız vəziyyətə düşən həmin
tikilinin yerində Sizin göstərişinizlə yeni bina
inşa edildi. Artıq işlər yekunlaşıb və yeni
binada sakinlərin rahatlığı üçün
bütün imkanlar yaradılıb. Biz əvvəlkindən
daha geniş və daha müasir təmirli mənzillərə
köçürüldük. Bununla yanaşı, binamızda
istilik sistemi quraşdırılıb və digər zəruri
işlər görülüb. Cənab Prezident, müasir tələblərə
cavab verən binada mənzillə təmin olunduğumuza
görə Sizə dərin təşəkkür edirik. Hər
zaman Sizin diqqət və qayğınızı hiss edirik. Bir
daha minnətdarlığımızı bildirərək, Sizə
gələcək fəaliyyətinizdə uğurlar
arzulayırıq”.
Mingəçevir
şəhərindən Əjdər İbrahimov: "Möhtərəm
cənab Prezident, "Azərbaycan” İES-in yenidən
qurulması ilə əlaqədar verdiyiniz
tapşırığa əsasən müəssisə əsaslı
təmir edilib. Bu, biz energetiklər üçün
böyük sevincdir. Bu gün "Azərbaycan” İES-in gecə
görüntüləri şəhərimizin gözəlliyinə
yeni rəng qatıb. Bu gözəlliklər Azərbaycanımızın
inkişafı deməkdir və gələcəyə
ümidimizdir. Görülən bütün bu işlər
Sizin tapşırığınızla həyata
keçirilir. Ona görə də Sizə minnətdarıq.
Ulu Tanrı köməyiniz olsun!”.
Ağdaş
rayonundan Xəyal İsayev: "Zati-aliləri cənab
Prezident, Sizin gərgin fəaliyyətiniz nəticəsində
daxili və xarici siyasətdə əldə edilən
uğurlarınız danılmazdır. Bunu son zamanlar ölkədə
aparılan uğurlu kadr islahatları, əhalinin sosial
rifahının yaxşılaşdırılması istiqamətində
və bütün dünyanı bürüyən COVID-19
pandemiyasına qarşı əvvəlcədən
görülən qabaqlayıcı tədbirlər bir daha əyani
şəkildə göstərir. Atalar demişkən,
"Görünən dağa nə bələdçi”. Sizin
gördüyünüz işlər göz
qabağındadır. Bütün bu işlərin xüsusi
bir istedadın və zəhmətin bəhrəsi olduğunu
deyə bilərik. Lakin çox təəssüf ki,
bütün bu zəhməti və gərgin fəaliyyəti
yüksək qiymətləndirmək əvəzinə, bəzi
nankorlar və xarici qüvvələrin təsiri altına
düşmüş nadanlar sosial şəbəkələrdə
əks mövqe yaratmağa çalışmaqdadırlar.
Ancaq elin gözü tərəzidir. Xalq artıq kimin kim
olduğunu yaxşı dərk edir və hər şeyi ədalətli
şəkildə qiymətləndirə bilir. Odur ki, Sizin bu
danılmaz fəaliyyətiniz biz din xadimləri tərəfindən
də yaxşı qarşılanır və yüksək qiymətləndirilir.
Biz hər zaman Prezidentimizin, dövlətimizin
arxasındayıq”.
Şabran
rayonundan İlhamə Şahpələngova: "Hörmətli
cənab Prezident, koronavirusun yayıldığı ölkələrin
sayı və cəmiyyətə təsiri bütün
dünya ictimaiyyətini bu pandemiya ilə mübarizə
üçün ayağa qaldırıb. Azərbaycanda da Sizin
rəhbərliyinizlə virusun yayılmasının
qarşısının alınması istiqamətində
lazımi tədbirlər həyata keçirilir. Bu ağır
günlərdə xalqımıza arxa və dayaq olduğunuza,
vətəndaşların üzləşdiyi çətinliklərdə
onlara kömək göstərdiyinizə görə Sizə minnətdarıq.
Sizin qayğınız, doğma münasibətiniz bu çətin
günlərdə bizdə böyük inam yaratdı.
Əminik ki, xalqımız Sizin ətrafınızda daha
sıx birləşərək, bu sınaqdan da
üzüağ çıxacaqdır. Çox sağ olun.
Allah Sizi qorusun!”.
Zərdab
rayonunun Şahhüseynli kəndindən Eyyub Eyyubov:
"Möhtərəm cənab Prezident, Sizin
apardığınız məqsədyönlü daxili və
xarici siyasətiniz nəticəsində ölkəmiz hər
gün daha da inkişaf edir. Hazırda bəşəriyyətə
yayılmış COVID-19 virusunun dünya iqtisadiyyatına
güclü təsir etməsinə baxmayaraq, Sizin diqqət və
qayğınız nəticəsində ölkəmizin
iqtisadiyyatı dayanıqlı olduğunu göstərdi. Buna
görə Zərdab rayonunun Şahhüseynli kəndinin
dindarları adından və şəxsən öz adımdan
Sizə dərin minnətdarlığımızı bildirirəm.
Sizin hərtərəfli siyasətinizi hər zaman dəstəkləyirik.
Cənab Prezident, son zamanlar sosial şəbəkələrdə
bəzi şəxslərin dövlətimizin əleyhinə səsləndirdiyi
ifadələri qəbuledilməz hesab edirik.
İnanırıq ki, qısa zamanda bu kimi xoşagəlməz
halların qarşısı alınacaqdır. Allah-Təala
Sizi və ailənizi qorusun!”.
Quba
rayonundan Abdul Paşayev: "Zati-aliləri, cənab Prezident,
bu gün Azərbaycan vətəndaşları Sizi özlərinə
ən etibarlı dost, qayğıkeş ailə üzvü
bilirlər. Fikrimcə bu, çox ədalətli
yanaşmadır. Çünki Sizin işlərinizin bəhərini,
səmərəsini Azərbaycanın hər bir ailəsində
müşahidə etmək mümkündür. Bütün
bunları görənlər Sizə xoş ürək
sözlərini ifadə edir, təşəkkür məktubları
ünvanlayır, görməyənlər isə gərək
problemi başqa yerdə axtarsınlar, bəzi nadanlar kimi,
xarici sifarişlər əsasında təşkil edilən
qarayaxma kampaniyalarının iştirakçısına
çevrilməsinlər. Cənab Prezident, qeyd etmək istəyirəm
ki, mən özüm əliləm və dövlətimizin
qayğısını hər zaman hiss edirəm. Bir müddət
bundan əvvəl qəzalı evimin təmiri ilə əlaqədar
etdiyim müraciətim nəzərə alındı və
lazımi işlər görüldü. Bundan əlavə, bu
yaxınlarda çətin pandemiya dövründə iki
ayı əhatə edən birdəfəlik yardım
almışam. Bunlar olmasaydı, indi həyatım necə
olardı?! Düşünürəm ki, qayğı görən
mənim kimi insanlar çoxdur və hər birinin
alqışı, duası Sizinlədir, əziz Prezidentim.
Ömrünüz uzun, yolunuz hər zaman açıq və
işıqlı olsun!”.
Kəlbəcər
rayonundan məcburi köçkün Heydər Cəfərov:
"Möhtərəm cənab Prezident, Siz Azərbaycanın
müstəqilliyi uğrunda canını fəda etmiş
şəhidlərimizin ailələrinə hər zaman
xüsusi diqqət və qayğı göstərir,
onların problemlərinin aradan qaldırılması ilə
bağlı tapşırıqlar verirsiniz. Bu diqqət və
qayğı xalqımız tərəfindən məmnunluqla
qarşılanır. Şəhid ailələrinin, əlillərin,
məcburi köçkünlərin sosial müdafiəsinin
gücləndirilməsi, onların hər cür qayğı
ilə əhatə olunması Sizin həyata keçirdiyiniz
siyasətin əsas istiqamətlərindən birini təşkil
edir. Bu istiqamətdə imzaladığınız fərman və
sərəncamlar çox sayda ailəyə böyük sevinc
bəxş edib, vətəndaşlarımız tərəfindən
təqdirəlayiq hal kimi qiymətləndirilib. Şəhid ailəsi
kimi biz də bu diqqət və qayğıdan kənarda
qalmamışıq. Şəhid ailələrinə verilən
11 min manat məbləğində birdəfəlik müavinətlə
təmin olunmağımız dövlətimizin bizə
göstərdiyi davamlı dəstəyin daha bir bariz göstəricisidir.
Şəhid ailələrinə, məcburi
köçkünlərə göstərilən qayğı
nümunəvi və davamlı xarakter daşıyır. Bu
münasibətə, apardığınız uğurlu işlərə
görə ailəmiz adından Sizə təşəkkürümüzü
bildiririk. Allah Sizi qorusun!”.
Bakı
şəhərinin sakini, Əməkdar artist Yasəf Eyvazov:
"Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi
səmimiyyətlə salamlayır, Sizə dərin hörmət
və ehtiramımı bildirirəm. Hazırda
dünyamızın çox ağır bir vəziyyətlə
üzləşdiyi, amansız xəstəliklə mübarizə
apardığı vaxtda Siz uzaqgörən siyasətiniz nəticəsində
ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə
başlayaraq, epidemiyanın sürətlə
yayılmasının qarşısını aldınız və
vətəndaşların təhlükəsizliyini
bütün işlərdən üstün tutdunuz. Sizin mədəniyyətimizə,
musiqimizə, milli-mənəvi dəyərlərimizə olan
diqqət və qayğınızı da yüksək qiymətləndirir,
ürəkdən alqışlayıram. Bu problemlər
arasında biz musiqiçiləri və incəsənət
xadimlərini də yaddan çıxarmayıb əməyimizi
yüksək dəyərləndirdiyiniz və
mükafatlandırdığınıza, şəxsən məni
Prezident mükafatına layiq gördüyünüzə
görə şəxsən öz adımdan və ailəmin
adından Sizə dərin təşəkkürümü və
minnətdarlığımı bildirirəm. Çox sağ
olun, cənab Prezident! Allah Sizi, ailənizi və
xalqımızı qorusun!”.
Azərbaycan.-2020.- 11 iyun.- S.1;3.