Azərbaycan
Respublikası Yəmən xalqına yardım edib
Yəməndə
baş verən humanitar böhranla əlaqədar BMT Baş
katibinin humanitar məsələlər üzrə müavini
Mark Loukokun Kral Salmanın Humanitar Yardım və Dəstək
Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə
ünvanladığı məktuba cavab olaraq, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstərişi
ilə Yəmənə humanitar yardımın göstərilməsi
məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən 25 min ABŞ dolları məbləğində
maliyyə vəsaiti ayrılıb.
Bu
barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Sözügedən
yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi
Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar
böhrandan əziyyət çəkən əhaliyə təcili
humanitar yardım şəklində
çatdırılması nəzərdə tutulub.
Məlumat
üçün bildirmək istərdik ki, BMT-nin
hesablamalarına görə dünyanın ən
acınacaqlı humanitar fəlakətin
yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin
80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə
kəskin aclıqdan əziyyət çəkir. 3,3 milyon məcburi
köçkünü olan ölkədə əhali arasında
müxtəlif növ təhlükəli xəstəliklər
yayılmaqdadır. Cari il ərzində Yəməndə
humanitar ehtiyaclarının qarşılanması, o cümlədən
COVID-19 pandemiyası ilə mübarizənin aparılması
üçün 2 milyard ABŞ dolları həcmində vəsaitə
ehtiyac duyulduğunu elan edən BMT müvafiq yardımın
göstərilməsi üçün üzv dövlətlərə
və beynəlxalq təşkilatlara
çağırışlar etmişdir.
Azərbaycan.-2020.- 11 iyun.- S.1.