Elmar
Məmmədyarov: Azərbaycan İsrail-Fələstin
münaqişəsinin “iki dövlət” prinsipi əsasında
həllini dəstəkləyir
İyunun
10-da İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər
nazirləri səviyyəsində "İsrailin
işğalçı hökumətinin 1967-ci ildə
işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin
bir hissəsini ilhaq etmək təhlükəsi” ilə
bağlı növbədənkənar açıq virtual
iclası keçirilib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Xarici İşlər
naziri Elmar Məmmədyarov virtual iclasda iştirak edib.
İclasda
çıxış edən Elmar Məmmədyarov bildirib:
"Fələstinin işğal olunmuş ərazisinə təsir
edən mühüm hadisələri nəzərdən
keçirmək məqsədilə bir araya gəldiyimiz bir
vaxtda, Azərbaycanın qardaş Fələstin
xalqının dövlətçilik, sülh, sabitlik və
davamlı inkişafa verdiyi səylərini tam dəstəklədiyini
bir daha bildirmək istərdim. Müxtəlif beynəlxalq
forumlarda dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan
İsrail-Fələstin münaqişəsinin Şərqi
Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla
"iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir.
Bununla
əlaqədar olaraq, İordan çayının qərb
sahilinin bir hissəsinin ilhaqına yönəlmiş
mümkün hərəkətlər barədə xəbərlərdən
narahatlığımızı bildiririk. Həll prosesinə təsir
göstərə biləcək bütün hərəkətləri
hər iki tərəf razılaşdırmalıdır. Buna
görə də tərəfləri sülh
danışıqlarına daha da zərər verə biləcək
və beynəlxalq hüququ pozan birtərəfli addımlar
atmaqdan çəkinməyə çağırırıq”.
Elmar
Məmmədyarov qeyd edib ki, Qoşulmama Hərəkatının
hazırkı sədri qismində Azərbaycan paytaxtı Şərqi
Qüds olan suveren və müstəqil Fələstin Dövlətində
öz müqəddəratını təyinetmə və
azadlıq da daxil olmaqla, Fələstin xalqının
ayrılmaz hüquqlarının və qanuni milli istəklərinin
reallaşdırılmasına yönəlmiş səylərin
təşviq olunmasına sadiqdir. Fələstin məsələsinin
bütün aspektlərinin, o cümlədən fələstinli
qaçqınlar məsələsi də daxil olmaqla beynəlxalq
hüquqa, Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinə və BMT-nin müvafiq qətnamələrinə
uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə
həllinə yönəlmiş səylərə dəstəyimizi
bir daha bildiririk.
"Həqiqətən
hazırda dünya pandemiyadan çox əziyyət çəkir.
Pandemiyanın nəticələrinə qarşı mübarizə
ölkələr və beynəlxalq təşkilatlar
arasında intensiv beynəlxalq əməkdaşlıq və
yardımlaşma tələb edir. Bununla əlaqədar olaraq,
Azərbaycan dünyanın 15-ə yaxın ölkəsinə
humanitar yardım göstərib”, - deyən Elmar Məmmədyarov
bildirib ki, ərazi əldə etmək üçün
gücün tətbiqi beynəlxalq hüquqla qəbuledilməzdir
və bütün dövlətlərin işğal nəticəsində
yaranan vəziyyəti hüquqi cəhətdən tanımamaq,
bu vəziyyətin davam etdirilməsinə kömək və
ya yardım göstərməmək öhdəlikləri var.
Otuz ilə yaxındır ki, beynəlxalq səviyyədə
tanınmış ərazilərinin işğalı davam edən
Azərbaycan Fələstin xalqının hisslərini tam
bölüşür”.
Azərbaycan.-2020.- 11 iyun.- S.2.