Azərbaycan–Türkiyə
parlamentlərarası əlaqələr üzrə
işçi qrupu onlayn videokonfrans keçirib
İyunun
10-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvləri
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla
dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans
keçiriblər.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki,
videokonfransı Milli Məclisin Səhiyyə komitəsinin sədri,
Türkiyə ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupun rəhbəri, akademik Əhliman
Əmiraslanov açaraq Azərbaycan Milli Məclisinin Sədri
Sahibə Qafarovanın salamlarını Türkiyənin
deputatlarına çatdırıb. Bildirib ki, bu
görüş hər iki ölkənin parlament rəhbərlərinin
təşəbbüsü və arzusu ilə təşkil
olunub.
Sonra
Əhliman Əmiraslanov hazırda dünyanı
bürümüş koronavirus (COVID-19) pandemiyası ilə
mübarizə sahəsində ölkəmizdə görülən
işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə görülmüş qabaqlayıcı tədbirlər
xeyli müsbət nəticə verib. Pandemiya elan olunduğu
gündən Azərbaycanda Nazirlər Kabineti yanında Operativ
Qərargah yaradılıb və genişmiqyaslı tədbirlər
görülməyə başlanıb. Bunun nəticəsində
bu gün Azərbaycanda əhali sayına düşən həm
yoluxma göstəricisi, həm də koronavirusdan ölüm
sayı digər ölkələrlə müqayisədə dəfələrlə
aşağıdır.
İşçi
qrupun rəhbəri məlumat verib ki, hazırda ölkəmizdə
koronavirusla mübarizə sahəsində 7 mindən çox
çarpayı fondu olan 21 xəstəxana fəaliyyət
göstərir və həmin xəstəxanaların
imkanları son dərəcə genişdir. Azərbaycanda
COVID-19-a yoluxmuş bütün xəstələr dövlət
hesabına stasionarda müalicə alırlar. Eyni zamanda,
pandemiya dövründə digər ölkələrdən gətirilən
soydaşlarımız dövlət hesabına, geniş
imkanları olan otellərdə karantinə alınır, həkim
nəzarətində saxlanılır.
Dövlətimiz
COVID-19 pandemiyası ilə mübarizədə bütün
imkanlarını səfərbər edib. Qalır insanların
karantin rejiminə riayət etməsi. Əminik ki, görülən
tədbirlər müsbət nəticəsini verəcək,
yollar açılacaq və biz bir-birimizlə əyani surətdə
görüşə biləcəyik.
Videokonfransda
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla
dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət,
bir millət olan ölkələrimizin və
xalqlarımızın qardaşlığından söz
açıb. TBMM-in Sədri Mustafa Şentopun Azərbaycan
parlamentinin Sədri xanım Sahibə Qafarovaya və Milli Məclisin
bütün üzvlərinə salamlar
ünvanladığını bildirib. Pandemiya dövründə,
böhran vəziyyətində belə bir-birindən dəstəyini
əsirgəməyən Türkiyənin və Azərbaycanın
dostluğunun sarsılmaz olduğunu vurğulayıb.
Şamil
Ayrım Türkiyədə COVID-19-la aparılan mübarizə
barədə məlumat verib. Parlamentlərarası əlaqələrimizin
daha da inkişaf edəcəyinə əminliyini
vurğulayıb. Prezident İlham Əliyevə minnətdarlığını
ifadə edərək deyib ki, yubiley günümdə Azərbaycanın
“Dostluq” ordeni ilə təltif olunmağım sevincimi ikiqat
artırıb.
Sonra
videokonfransda fikir mübadiləsi aparılıb.
Milli
Məclisin deputatları, Türkiyə ilə parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvləri
Eldar İbrahimov, Məlahət İbrahimqızı, Sabir
Rüstəmxanlı, Aqiyə Naxçıvanlı, Fazil
Mustafa, Rəşad Mahmudov, Nizami Səfərov, Arzu
Nağıyev, Ramil Həsən ölkələrimiz
arasındakı dostluq-qardaşlıq münasibətlərindən,
strateji tərəfdaşlıq əlaqələrindən bəhs
ediblər. Qanunvericilik sahəsində qarşılıqlı
təcrübə mübadiləsinin əhəmiyyətindən
danışıblar.
Videokonfransda
Türkiyə Böyük Millət Məclisinin üzvləri
Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Aylin Cesur,
Yaşar Karadağ, Yılmaz Tunc, Uğur Bayraktutan
çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin
mənəvi, siyasi əhəmiyyətini yüksək qiymətləndiriblər.
Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın
inkişafından bəhs ediblər.
Söhbət
zamanı Azərbaycanın və ulu öndər Heydər
Əliyevin böyük dostu olan Türkiyənin 9-cu prezidenti
Süleyman Dəmirəlin xatirəsi hörmətlə yad
olunub. Dağlıq Qarabağ münaqişəsinin həllində
Türkiyənin hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyi
vurğulanıb.
COVID-19
pandemiyasının tezliklə bitməsi, əlaqələrin
adi ahənginə qayıtması və bütün bəşəriyyətin
bu bəladan xilas olması arzulanıb.
Videokonfransı
yekunlaşdıran Milli Məclisin komitə sədri Əhliman
Əmiraslanov bildirib ki, dövlət
başçılarımız bizim qarşımızda
böyük vəzifələr qoyub. Əlaqələrimiz
çoxşaxəli olmalı və daha sıx inkişaf etməlidir.
Videokonfransda
TBMM-in deputatları, Azərbaycanla dostluq qrupunun üzvləri
İbrahim Aydemir, Yaşar Tüzün, Mehmet Erdoğan da
iştirak ediblər.
Azərbaycan.-2020.- 11 iyun.- S.2.