Koronavirusla
mübarizədə dövlətin gördüyü işlər
və vətəndaş məsuliyyəti mövzusunda
videokonfrans keçirilib
İyunun
10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində
“Koronavirus pandemiyasına qarşı mübarizədə
dövlətin həyata keçirdiyi işlər və vətəndaş
məsuliyyəti” mövzusunda videokonfrans formatında tədbir
keçirilib.
YAP-dan
AZƏRTAC-a verilən məlumata görə, tədbirdə
çıxış edən Azərbaycan Respublikası
Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi
Əli Əhmədov bildirib ki, dünyada tüğyan edən
koronavirus pandemiyası (COVID-19) həm dövlətlərin, həm
cəmiyyətlərin, həm də insanların həyatına
ciddi şəkildə öz təsirini göstərib. Onun
sözlərinə görə, bu gün bütün dövlətlərin
gündəliyində ən aktual məsələ pandemiyaya
qarşı mübarizə ilə bilavasitə əlaqədardır.
Təbii ki, Azərbaycan hökuməti də bu mənada
istisna deyil. Azərbaycanda da COVID-19 pandemiyası yayıldığından
hökumətin başlıca vəzifələrindən biri
pandemiya ilə mübarizənin aparılmasından ibarətdir.
Baş
Nazirin müavini qeyd edib ki, Azərbaycan hökumətinin
pandemiya ilə mübarizədə özünü büruzə
verən ən vacib cəhətlərdən biri böyük
humanizmdir və Prezident İlham Əliyevin siyasətində
bunu aydın şəkildə görmək
mümkündür: “Hazırkı şəraitdə
insanların sağlamlığı və pandemiyanın
iqtisadiyyata vurduğu zərbə aradan qaldırılır.
Prezidentimizin qeyd etdiyi kimi, bizim həyata keçirdiyimiz siyasətlə
əlaqədar olaraq insanların
sağlamlığının qorunması ilə
pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan
qaldırılması arasında seçim etmək lazım gələrsə,
bizim üçün əsas olan insanların
sağlamlığıdır. Məhz bunun nəticəsində
Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə
daha müsbət nəticələr verib. Bu gün dünyada
pandemiyaya yoluxanların sayı 7 milyondan, onun
qurbanlarının sayı isə 400 min nəfərdən
çoxdur. Dünyada hər 1 milyon nəfərə pandemiya
qurbanlarının sayı təxminən 440 nəfərdir. Azərbaycanda
isə bu göstərici dünya göstəricisindən 5 dəfədən
azdır. Bu müsbət nəticə Prezidentimizin əhalinin
sağlamlığının qorunması istiqamətində həyata
keçirdiyi siyasətin ifadəsidir”.
Azərbaycan
hökumətinin koronavirusla mübarizə çərçivəsində
gördüyü işləri təhlil edən Əli Əhmədov
söyləyib ki, burada birinci amil yoluxma hallarının
qarşısının alınmasında qabaqlayıcı tədbirlərin
əhəmiyyətidir. Belə ki, mart ayından etibarən
karantin rejimi, məhdudlaşdırıcı tədbirlər nəticəsində
yoluxmada artım çox olmayıb. Bununla da, ölkədə
epidemioloji vəziyyətə nəzarəti həyata
keçirmək mümkündür. Digər istiqamət isə,
virusa yoluxmuş insanların müalicəsi ilə
bağlıdır. Baş Nazirin müavini deyib ki, ölkə
Prezidentinin tapşırığı ilə
yaradılmış müasir səhiyyə infrastrukturu virusa
yoluxmuş insanların müalicəsi üçün səfərbər
edilib.
Əli
Əhmədovun sözlərinə görə, pandemiya ilə
mübarizədə məhdudlaşdırıcı tədbirlərlə
əlaqədar insanların sosial müdafiəsinin gücləndirilməsi
də vacib amillərdən biridir. Bu istiqamətdə
böyük layihələrin həyata keçirildiyini deyən
Əli Əhmədovun fikrincə, bu tədbirlər əhalinin
sosial müdafiəsinin gücləndirilməsi ilə
yanaşı, virusa yoluxmanın qarşısını da
alır.
O
qeyd edib ki, Yeni Azərbaycan Partiyası da sosial layihələrdə
fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizə
ilə Dəstək Fonduna 530 min manatdan çox vəsait
köçürüb. Bunun 230 min manatı partiyanın
hesabından, 300 manatı isə YAP-ın strukturlarında
çalışanların bir aylıq əmək
haqlarından ianə edilib. Eləcə də, YAP-ın
könüllüləri tərəfindən 7770 ailə
qoruyucu tibbi vasitələr çatdırılıb. 13 234 ailəyə
isə YAP və onun yerli strukturlarının maddi dəstəyi
ilə ərzaq yardımı edilib. Bununla yanaşı,
ƏƏSMN-lə birgə layihə çərçivəsində
21 234 ailəyə ərzaq yardımı
çatdırılıb.
“Bütün
dünyanın göstərdiyi təcrübə ondan ibarətdir
ki, koronavirusla mübarizə ilə bağlı dövlət
siyasəti yalnız o halda müsbət nəticə verir ki,
dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın
sosial məsuliyyətini dərk etməsi ilə
tamamlanmış olsun. Koronavirus tüğyan etdikcə hər
bir fərdin həyatında dəyişikliklər baş
verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər
tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin
tətbiq edilməsi yalnız bir məqsəd
üçündür. Bu da hər bir insanın virusa
yoluxmasının qarşısının alınmasına və
aparılan mübarizənin istənilən nəticə verməsinə
xidmət edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan
vətəndaşları yüksək sosial məsuliyyət
nümayiş etdirir. Etiraf etmək lazımdır ki,
koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan
tələb olunan sosial məsuliyyət o qədər də
böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan
istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara
əməl etməkdən ibarətdir. Bunların verəcəyi
fayda hər bir insan üçün, bütövlükdə
cəmiyyət üçün əhəmiyyətlidir. Hər
bir vətəndaşın sosial məsuliyyətinin
artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı
insanlara bu çağırışı etməlidir. Biz də
YAP üzvləri olaraq sosial məsuliyyətə əməl
etməklə yanaşı, digər insanlara da bunu təşviq
etməli, insanları sosial məsuliyyətli olmağa
çağırmalıyıq”, - deyə YAP sədrinin
müavini vurğulayıb.
Daha
sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov çıxış edərək
ölkəmizdə koronavirusla mübarizə ilə
bağlı səhiyyə sisteminin gücləndirilmiş
iş rejimində çalışdığını diqqətə
çatdırıb. Onun sözlərinə görə, bir
sıra dövlət xəstəxanalarının sırf bu
prosesə cəlb olunması, modul tipli xəstəxanaların
açılması, laboratoriyaların yaradılması,
qoruyucu vasitələr istehsal edən müəssisələrin
açılması və s. tədbirlər bu baxımdan
önəmlidir.
Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar
Əliyev isə çıxışında pandemiya
dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı həyata keçirilən tədbirlər
haqqında məlumat verib.
Tədbirdə
çıxış edən Milli Məclisin deputatı Rəşad
Mahmudov koronavirusla mübarizədə Azərbaycan həkimlərinin
fədakarlığından bəhs edib, vətəndaşları
verilən tövsiyələrə əməl etməyə
çağırıb.
Azərbaycan.-2020.- 11 iyun.- S.2.