XİN:
Etnik və dini zəmində nifrət, düşmənçilik
və dözümsüzlük Ermənistanın siyasətinin
əsasını təşkil edir
Ermənistan
Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət
nümayiş etdirən çıxışları ilə
ittiham etməyə cəhd göstərən son
açıqlamaları bu ölkənin beynəlxalq
qurumların qəbul etdiyi qərarları özbaşına və
seçilmiş şəkildə şərh etmək təcrübəsini
bir daha üzə çıxarır. Ənənəvi əsassız
iddialar səsləndirməklə Ermənistan beynəlxalq
birliyi yanıltmaq, diqqəti öz irqçi siyasətindən
və nifrət zəminində törətdiyi cinayətlərdən
- Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və
ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından, təcavüz
zamanı yüz minlərlə azərbaycanlının
hüquqlarının və əsas azadlıqlarının
ciddi şəkildə pozulması faktından
yayındırmaq məqsədi güdür.
AZƏRTACxəbər
verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin
yaydığı bəyanatda yer alıb.
Bəyanatda,
həmçinin deyilir: "Azərbaycana qarşı
müharibəni başlatdığına və beynəlxalq səviyyədə
tanınmış ərazilərinin beşdəbir hissəsini
zəbt etdiyinə görə tam məsuliyyət
daşıyan, işğal olunmuş ərazilərdə etnik
təmizləmə həyata keçirən, münaqişə
zamanı digər ağır cinayətlər törədən,
irqçi ideologiyanı müdafiə edən, BMT Təhlükəsizlik
Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993)
saylı qətnamələrinə, Avropa İnsan
Hüquqları Məhkəməsinin qərarlarına, habelə
digər beynəlxalq təşkilatların qərar və sənədlərinə
açıq-aşkar laqeydlik göstərən Ermənistan
özünün davamlı şəkildə pozduğu
standartlar və dəyərlərlə başqalarını
ittiham edə bilməz.
Ermənistan
bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları
ölkədən qovmaqla monoetnik ölkəyə
çevrilmişdir. Ermənistan etnik cəhətdən homogen
ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini,
bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq
rejimini yaratdığı Azərbaycanın işğal
edilmiş ərazilərinə də tətbiq edib.
Etnik
və dini zəmində nifrət, düşmənçilik və
dözümsüzlük Ermənistanın siyasətinin əsasını
təşkil edir və bu ölkə rəhbərliyinin ermənilərlə
azərbaycanlılar arasında "etnik uyğunsuzluğa”
aşkar inamının sübutudur. Beynəlxalq ictimaiyyət
dəfələrlə Ermənistanın bu cür iyrənc
fikirləri açıq şəkildə təbliğ etməsinə
öz etirazını bildirib və Ermənistanda hökm
sürən dözümsüzlük ruhu, bu ölkədə
həyata keçirilən ayrı-seçkilik siyasəti və
təcrübələri ilə bağlı ciddi
narahatlığını ifadə edib.
Ermənistan
insan hüquqları standartlarına və Avropa İnsan
Hüquqları Məhkəməsinin qərarlarına
münasibətdə riyakarlıq və seçici
yanaşmasına son qoymalı, eyni Məhkəmənin
"Çıraqov və digərləri Ermənistana
qarşı” adlı 2015-ci il 16 iyun tarixli qərarının
icrasına başlamalıdır. Məlum olduğu kimi, Avropa
Məhkəməsinin Böyük Palatası təqdim olunan
sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və digər
işğal olunmuş əraziləri üzərində nəzarəti
həyata keçirdiyini təsbit etmiş, bu ölkənin azərbaycanlı
məcburi köçkünlərin hüquqlarının
pozulmasına görə məsuliyyət
daşıdığını bildirmiş, onların işğal
olunmuş ərazilərdəki evlərinə və doğma
yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq
etmişdir.
Münaqişənin
davam etməsinin və bunun nəticəsində bölgədə
gərginliyin ara-sıra artmasının başlıca səbəbi
Azərbaycan ərazilərinin qanunsuz işğalı və
Ermənistanın bu vəziyyəti möhkəmləndirmək
cəhdləridir. İlk növbədə, Ermənistanın
təcavüzünün nəticələri aradan
qaldırıldıqdan sonra, yəni, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinin tələbinə
uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılması, ölkəmizin beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyünün bərpa olunması,
yüz minlərlə azərbaycanlı məcburi
köçkünün hüquqları və əsas
azadlıqlarının, o cümlədən onların evlərinə,
mülklərinə geri qayıtmaq hüququnun təxirə
salınmadan təmin edilməsindən sonra sülh, təhlükəsizlik
və sabitliyə nail olmaq mümkündür”.
Azərbaycan.-2020.-
11 iyun.- S.3.