Azərbaycan
alimləri dövlətin qayğısından
razıdırlar
Hər
bir xalqın ən böyük xoşbəxtliyi onun müstəqilliyi,
azadlığı ilə bilavasitə bağlıdır.
Dünya dövlətləri içərisində,
bütün beynəlxalq təşkilatlarda özünə
yer tutaraq suveren bir dövlət kimi tanınmaq, taleyini öz əllərilə
həll etmək arzusu dünyada olan beş minədək
xalqın bir çoxunun ən böyük istəyi olsa da,
indiyədək təxminən 200 dövlət qurulmuşdur.
Bu
baxımdan Azərbaycan xalqı xoşbəxt xalqlar
sırasındadır və müstəqillik illərində
iqtisadi baxımdan xeyli inkişaf etdiyi üçün daha
xoşbəxtdir. 30 ilə yaxın müstəqillik tariximizin
yarıdan çoxu bu iqtisadi uğurların baş memarı
Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən möhtərəm
Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Praqmatik liderlik keyfiyyətlərinə malik olan Prezident
İlham Əliyev Azərbaycanın müasir dövlətə
çevrilməsini milli ideyanın başlıca hədəfi
kimi müəyyənləşdirmişdir. Onu yeni
dövrün tələblərinə uyğun zənginləşdirmiş,
sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin
paralel şəkildə aparılmasına, birinin digərini
tamamlamasına çalışmışdır.
Ötən
illər respublika iqtisadiyyatında islahatlar kursu inamla davam
etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft
sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə,
neft amilindən asılılığın minimuma endirilməsinə,
sahibkarlığın inkişafına və güclü insan
kapitalının formalaşdırılmasına xidmət edən
mühüm addımlar atılmışdır. O, milli təhsil
konsepsiyasının müasirləşdirilməsini,
"iqtisadi potensialı insan kapitalına çevirmək”
strategiyasının reallaşmasını, Azərbaycanda
güclü intellektual bazanın, müasir biliklərə əsaslanan
yeni tipli iqtisadi sistemin formalaşdırılmasını cəmiyyət
həyatındakı müsbət dəyişikliklərin
fundamenti hesab edir.
İndi
dünyanın bütün ölkələrində
koronavirusla bağlı problemlər yaşanan çətin
sınaq dövründə ölkə rəhbərinin
göstərdiyi iradə və mətinlik ən yüksək
qiymətə layiqdir. Priventiv qərarlar, xalqımızın
sağlamlığının qorunması, təhlükəsizliyinin
təmin olunması istiqamətində atılan innovativ
addımlar, qabaqlayıcı tədbirlər artıq öz nəticəsini
vermiş, ümumbəşəri bəla olan koronavirus
pandemiyası ilə mübarizədə dünyanın
inkişaf etmiş dövlətlərinin belə aciz
qaldığı vəziyyətdən minimum ziyanlarla
çıxmağımızı şərtləndirmişdir.
Məhz hazırkı mürəkkəb tarixi mərhələdə
pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın
nümunəvi təcrübəsi artıq bir çox ölkələr
tərəfindən fəaliyyət proqramı kimi geniş
şəkildə istifadə olunur. Koronavirus fəlakətini,
bu və ya digər səbəblərdən dünya
iqtisadiyyatında yaranmış ciddi böhranı və onun təzahür
formalarından biri kimi neftin qiymətində baş verən kəskin
ucuzlaşmanı Azərbaycanın hazırlıqlı
qarşılaması respublikada son illər aparılmış
genişmiqyaslı islahatların, kadrların düzgün
seçilməsi, rəhbər komandanın elmi əsaslarla
formalaşdırılması və vahid orqanizm şəklində
çalışması sayəsində mümkün
olmuşdur. Bu çətin günlərdə Birinci
vitse-prezident Mehriban xanım Əliyeva xalqa bir neçə dəfə
müraciət etdi: "Hələ bir il bundan əvvəl
bizim əksəriyyətimiz sadəlövhcəsinə
güman edirdik ki, bu günədək bəlli olmayan və
insan həyatına son qoyan təhlükəli xəstəliklər
dövrü geridə qalıb. Reallıq isə fərqli
oldu”. Mehriban xanım bu məsələdə
baxışından, düşüncəsindən
asılı olmayaraq, bütün vətəndaşlarımıza
həmrəy oldu, gözə görünməz dəhşətli
bəlaya qarşı birgə mübarizə aparmağı, məsuliyyətli
olmağı, Operativ Qərargahın verdiyi təlimatlara ciddi
riayət etməyi tövsiyə etdi. Görülən əməli
işlərin və çağırışların
şahidi kimi biz bu mübarizədə yenə də hər
zaman olduğu kimi öndə Azərbaycan Prezidenti İlham
Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı
gördük. Azərbaycan xalqı bir daha öz xoşbəxt
gələcəyini, sağlamlığının müdafiəsini
və təhlükəsizliyinin təmin edilməsinin
etibarlı əllərdə cəmləşdiyinə əmin
oldu.
Son
dövrlərdə ölkədə zəruri tibbi vasitələr,
avadanlıq və ləvazimatlarla təminat yaxşılaşdırılır,
ən müasir tələblərə cavab verən səhiyyə
obyektləri istifadəyə verilir, yenilərinin inşası
planlaşdırılır, xaricdə çalışan həkimlər,
tibb üzrə alimlər ölkədə gedən proseslərə
cəlb edilir. Bütün bunlar xalqın rifahı, təhlükəsizliyi
və sağlamlığı naminə həyata keçən
işlərdir. Bu gün Azərbaycanda nəinki koronavirus
pandemiyası ilə ciddi mübarizə aparılaraq
insanların həyatı xilas olunur, həmçinin əhalinin
sosial rifahının yaxşılaşdırılması
üçün əsaslı tədbirlər
reallaşdırılır, postpandemiya dövründə
iqtisadiyyatın inkişafı üçün müxtəlif
proqramlar qəbul edilir. Bu il mayın 4-də cənab İlham
Əliyevin təşəbbüsü və sədrliyi ilə
videokonfrans formatında Qoşulmama Hərəkatının
Zirvə görüşünün keçirilməsi, burada
120 ölkənin, o cümlədən Afrika İttifaqından
55 ölkənin, Avropa İttifaqından 27 ölkənin
iştirakı, həmin görüşə Birləşmiş
Millətlər Təşkilatının Baş katibi Antonio
Quterreşin, BMT Baş Assambleyasının prezidenti, Afrika
İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru və Avropa Komissiyasının vitse-prezidentinin
qatılması Azərbaycanın beynəlxalq arenada çox
yüksək nüfuz qazanmasının bariz nümunəsidir.
Ölkə Prezidenti müsahibələrinin birində bununla
bağlı çox dəqiq qeyd etdi ki, "Azərbaycan və
Azərbaycanın təşəbbüsü praktiki olaraq
bütün dünyanı birləşdirdi”.
Ölkəmizin
son illərdə əldə etdiyi uğurlar, yüksək
nailiyyətlər Yeni Azərbaycan Partiyasının fəaliyyəti
ilə bilavasitə bağlıdır. YAP Ümummilli Lider Heydər
Əliyevin ideyalarını gerçəkliyə çevirən
nüfuzlu bir siyasi təşkilatdır. Yarandığı
ilk günlərdən müstəqilliyimizin qorunması,
dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin
möhkəmləndirilməsi, iqtisadiyyatımızın
inkişaf etdirilməsi, demokratiyanın bərqərar
olması kimi mühüm vəzifələrin icrası istiqamətində
mühüm işlər görmüş Yeni Azərbaycan
Partiyası bu gün ölkəmizin inkişafına öz
layiqli töhfələrini verir. Həyata keçirilən
islahat konsepsiyasında avanqard rol Yeni Azərbaycan Partiyasına
məxsusdur. Cəmiyyətin sosial-psixoloji impulslarını dəqiq
müşahidə etmək, ölkədəki ictimai-siyasi
durumu düzgün araşdırmaq, əhalinin mənəvi
ovqatını, daim yenilənən baxış və gözləntilərini
aydın müəyyənləşdirmək xalqın
partiyası olan YAP-ın tarixi missiyasıdır. Heydər
Əliyev ideyaları əsasında işini davam etdirən
Yeni Azərbaycan Partiyası zamanın nəbzini dəqiqliklə
tutaraq strateji hədəfləri, taktiki gedişləri dəqiq
müəyyənləşdirir və Azərbaycanda misli
görünməmiş dəyişikliklərə müəlliflik
edir.
Son
illər Azərbaycanda elm sahəsində aparılan uğurlu
islahatlar, qəbul edilən fərman və sərəncamlar
müsbət nəticələrə gətirib
çıxarmış, Azərbaycan alimlərinin beynəlxalq
aləmə inteqrasiyası istiqamətində mühüm
nailiyyətlər əldə olunmuşdur. Bu gün elm və
təhsil sahəsində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, dünya elminin tələblərinə
cavab verən multidissiplinar tədqiqatların aparılması,
elmi-texniki potensialın qorunub saxlanılması, eləcə də
yüksəkixtisaslı kadrların hazırlanması dövlət
siyasətinin əsas istiqamətlərindəndir. Müasir
dövrdə dayanıqlı inkişafın əsasında
elmi-texniki tərəqqinin rolunu və əhəmiyyətini
ciddi bir faktor kimi qəbul edən Azərbaycan Prezidenti ölkəmizdə
elmin inkişafı, elmi-texniki potensialın qorunub
saxlanılması və modernləşdirilməsi, elm və təhsil
sahəsində yüksəkixtisaslı kadrların
hazırlanması, onlara daim qayğı göstərilməsi,
cəmiyyətdə alimlərin, elm və təhsil
işçilərinin nüfuzunun artırılması,
respublikada alınmış elmi nəticələrin xaricdə
tanıdılması, elmi tədqiqatların infrastrukturunun
modernləşdirilməsi sahəsində bir sıra
mühüm qərarlar qəbul edib. 2009-cu ildə "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya”nın müəyyənləşdirilməsi,
2010-cu ildə Elm fondunun təsis edilməsi, 2016-cı ildə
"Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul
edilməsi, 2017-ci ildə Yüksək Texnologiyalar
Parkının yaradılması və Azərbaycan Milli Elmlər
Akademiyasının dünya elminə inteqrasiyası istiqamətində
atılan addımlar bu sahəyə xüsusi diqqətin
göstəricilərindəndir. Belə addımlardan biri də
ölkəmizdə yeni elm sahəsi kimi nanotexnologiyanın təşəkkülüdür.
Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 4-də
Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan və
Rumıniya universitetləri arasında nanotexnologiya istiqamətində
müqavilə imzalanmış, dövlət
başçısının göstərişinə əsasən
bir il sonra BDU-da Nano Araşdırmalar Mərkəzi, ardınca
Nanomaterialların kimyəvi fizikası kafedrası
yaradılmış və dünya elminin bu prioritet istiqaməti
üzrə tədqiqatlara başlanmışdır. Universitet
alimləri müxtəlif texnoloji üsullarla nanohissəciklərin
alınması, stabilləşdirilməsi, xassələri və
tətbiq imkanlarının müəyyən edilməsi ilə
texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı və
hərbi sahələrdə uğurlu nəticələr əldə
etdilər. Belə ki, BDU alimləri ilk dəfə olaraq
nanohissəciklərin bitki hüceyrələrinin
membranından daxilinə diffuziya yolu ilə keçərək
həmin hüceyrənin həyat fəaliyyətinin
pozulmasına səbəb olduğunu müəyyənləşdirdilər
ki, bununla dünyada yeni bir elmi istiqamətin-nanotoksikologiyanın
əsası qoyuldu. Bununla yanaşı, məhz həmin
laboratoriyada dərman maddələrinin digər hüceyrələri
zədələmədən xəstə hüceyrələrə
daşına bilməsi, metal əsaslı nanohissəciklərlə
yükləndikdən sonra bitki toxumlarının şoran
torpaqlarda inkişaf qabiliyyətinin artması, şiş
hüceyrələrinə maqnit nanohissəcikləri vasitəsilə
dərman maddələrinin daşınması kimi çox
mühüm uğurlar əldə edildi. Nanoaraşdırmalar
Mərkəzinin əldə etdiyi uğurlar dünyanın bir
çox elm mərkəzlərinin, o cümlədən
ABŞ-ın Massaçutes Texnologiya Universiteti, Yaponiyanın
Kumamoto universiteti, İsveçrənin Lozanna Politexnik Federal
İnstitutu və digər nüfuzlu qurumların diqqət mərkəzinə
düşdü və onlarla intensiv əlaqələr quruldu.
Nəticədə
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(ICESKO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin ICESKO
mükafatı”nı nanomateriallar və nanotexnologiyalar sahəsindəki
böyük uğurlarına görə Bakı Dövlət
Universitetinə vermişdir. Fərəhli haldır ki, bu tədqiqatlar
ICESKO-nun üzvü olan 56 müsəlman ölkəsi
arasında sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin
həll olunması uğrunda görülən mühüm işlərin
ən yaxşısı kimi dəyərləndirilmiş, ilk dəfə
azərbaycanlı alimlərə təqdim edilmişdir.
Yeri
gəlmişkən qeyd edək ki, müxtəlif vaxtlarda Nano
Araşdırmalar Mərkəzində olan Nobel mükafatı
laureatları Robert Laflin, David Gross, John Polanyi, Markus Rudolf Artur
aparılan araşdırma işlərinə yüksək qiymət
vermiş və universitet alimlərinin bu istiqamətdə
inkişaf etmiş ölkələrin alimləri ilə bərabər
səviyyəli işlər apardıqlarını
vurğulamışlar. Son illərdə Mərkəzdə
Fransa, İtaliya, Almaniya, İspaniya, Çexiya, Yaponiya və
digər ölkələrlə uğurla yerinə yetirilən
layihələrin ümumi həcmi təqribən 10 milyon
ABŞ dolları həcmindədir və bu, bir daha göstərir
ki, beynəlxalq səviyyədə yalnız Azərbaycanın
təbii resurslarına, kənd təsərrüfatına
deyil, həm də elminə investisiya qoyulur. Bu, dövlət
başçısının Azərbaycanda elmin
inkişafına, alimlərimizin beynəlxalq nüfuzunun
yüksəlməsinə göstərdiyi qayğının
daha bir bariz nümunəsidir. Elmin, təhsilin, mədəniyyətin
inkişafı istiqamətində atılan uzaqgörən
addımlar, səmərəli investisiya və innovasiya siyasətinin
aparılması, istehsalın müntəzəm olaraq modernləşdirilməsi,
intellektual mülkiyyətin inkişafı və ölkənin
əmək potensialından səmərəli istifadə edilməsi
Azərbaycan Prezidentinin daim diqqət mərkəzində
saxladığı məsələlərdəndir.
Ölkə
rəhbəri əsas vəzifəsini xalqına xidmətdə
görür və hər bir məmurdan da bunu tələb
edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan
vətəndaşı, onun qayğıları dayanır. Elə
buna görə də xalq öz liderinə bütün
zamanlarda böyük dəstək göstərib və
göstərir.
Bu
ardıcıl, çoxşaxəli və müdrik siyasətin
nəticəsidir ki, bu gün dünyada Azərbaycana
inanırlar, etibar edirlər və respublikamız
dünyanın mədəniyyət mərkəzinə
çevrilmişdir. Azərbaycan "Eurovision” mahnı
müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi
Oyunlarına, Qadınlar arasında futbol üzrə dünya
çempionatına, "Formula-1” yarışlarına,
şahmat, gimnastika, cüdo üzrə dünya birinciliklərinə,
futbol üzrə Avropa Liqasının final oyununa yüksək
səviyyədə evsahibliyi etmiş, bütün bu tədbirlər
yüksək təşkilatçılıq və təhlükəsizlik
şəraitində reallaşmışdır. Bu gün
ölkəmiz hərtərəfli inkişaf edir,
respublikanın ümumi tərəqqisində milli resurslardan
istifadə imkanlarının daha səmərəli və elmi əsaslar
üzərində səfərbər olunması, siyasi və
iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi
ölkəmizi dünyada maraqla qarşılanan və bir
çox dövlətlər üçün örnəyə
çevrilən milli inkişaf modelinə sahib etmişdir.
Əldə olunan möhtəşəm uğurlar cənab
Prezidentin, ilk növbədə, ölkədə sosial ədalət
prinsiplərinin yüksək səviyyədə təminatına
yönələn siyasi kursun, müasir yanaşmalara əsaslanan
mükəmməl islahatlar konsepsiyasının Cənubi Qafqaz
məkanında iqtisadi qüdrətinə görə öndə
olan Azərbaycanın perspektiv strateji hədəflərinə
nail olması və inkişaf etmiş güclü dövlətlər
sırasında yer alması üçün də alternativsiz
olduğunu təsdiq edir.
Azərbaycan
heç vaxt tarixdə bu qədər güclü, bu qədər
müstəqil və azad olmayıb. Ulu Öndər Heydər
Əliyevin yaratdığı və şah əsəri olan
müstəqil Azərbaycan dövləti bu gün daha möhtəşəm,
daha nüfuzlu, daha füsunkardır.
Abel MƏHƏRRƏMOV,
YAP İdarə Heyətinin və
Siyasi Şurasının üzvü,
YAP Elm və Təhsil
Komissiyasının sədri, akademik
Azərbaycan.-2020.- 11 iyun.- S.4.