Paşinyan hakimiyyəti ümidsiz vəziyyətdədir

 

Ermənistanda siyasi çaxnaşma böyüyür

 

Ermənistanda Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək.

Bu gün ermənilər birmənalı şəkildə bəyan edirlər ki, baş nazir hakimiyyətdə olduğu müddətdə vəziyyət düzəlməyəcək. Getdikcə daha gərgin xarakter almağa başlayan pandemiya fonunda ictimai-siyasi vəziyyət bu ölkədə həm də xaotik bir durum formalaşdırmağa başlayıb.

Bütün qeyd olunanlar Paşinyanın reytinqini getdikcə aşağı salır. Sosial şəbəkələrdə aparılan müstəqil sorğulara görə də baş nazirə etimad azalmaqda davam edir.

Bu günlərdə "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan rəhbərlik etdiyi partiyanın fəalları qarşısındakı çıxışında Paşinyan hökumətində dəyişikliklər keçirilməsini tələb etmişdi. Bildirmişdi ki, koronavirus pandemiyası zamanı erməni baş nazir hökumət qarşısına qoyulan vəzifələrin həll edə bilməməsini nümayiş etdirib.

Müxtəlif müxalif qrupları Qaqik Tsarukyanın tələbinə qoşulduqdan sonra Paşinyanın istefa məsələsi aktiv şəkildə ortaya atılmaqdadır. Bu günlərdə Ermənistanda ikinci müxalifət partiyası kimi dəyərləndirilən "İşıqlı Ermənistan” partiyası da ölkədə müxaliflərin səfərbər olması ilə bağlı şüarlar səsləndirməyə başlayıb. Təbii ki, çoxları bu çağırışı onların "Çiçəklənən Ermənistan” partiyası ətrafında birləşməyəcəyinə işarə ola biləcəyini istisna etmirlər.

Maraqlısı da odur ki, Tsarukyanın açıqlamalarından sonra koronavirusa yoluxan Paşinyan tez bir müddət ərzində sağalaraq tam işə qayıtdığını söyləyib. Təbii ki, işə qayıdan baş nazir keçirdiyi ilk brifinq zamanı onun istefasını tələb edənlərin də cavabını verməyi özünə borc bilib. Vurğulayıb ki, xalqın etibar etdiyi bir hökumətə qarşı təxribat lazımi qiymət alacaq, ona qarşı qalxanlar tezliklə özlərini tarixin zibilliklərində tapacaqlar. Baş nazir onun istefasını tələb edənləri dünyanı başına almış virusla müqayisə etdiyini də gizlətməyib.

"Lragir” saytı isə yazır ki, istefa verən ilk kim olacaq - baş nazir Paşinyan və ya onun təqdim etdiyi "virus”? "ArmenianReport” portalı isə Paşinyanı "korrupsioner və hakimiyyətdə təsadüfi adam” adlandırır. Məqalənin müəllifi Paşinyanı "oğru və yalançı” da adlandırmaqdan çəkinmir və istefasının vaxtının çatdığını bildirir.

Erməni politoloq Stepan Danielyan da Paşiyanı növbəti seçkiləri gözləməməyə çağırıb və səbəb kimi reytinqinin çox düşdüyünü göstərib. Erməni ekspert Armen Manvelyan isə Paşinyanın ən böyük günahını Rusiya ilə münasibətləri korlamasında görüb. Qeyd olunub ki, indi Yerevanda inqilab kabusu dolaşmaqdadır. İnqilabın ortaya çıxaracağı "qəhrəman” böyük ehtimalla keçmiş hərbi xuntanın müəyyənləşdirdiyi və sabiq prezident Robert Koçaryanın biznes ortağı, oliqarx Qaqik Sarukyan olacaq.

Bunlarla yanaşı, Ermənistanda koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxmaqdadır. Erməni siyasi icmalçısı Akop Koçaryan yazır ki, Ermənistanda koronavirusun olacağına inanmayan bir adam qalmadı, çünki demək olar ki, hər kəsin qohumları və dostları arasında xəstələr var. Pandemiya Ermənistanın milli təhlükəsizliyinə təhdid oldu. İndi Paşinyan hakimiyyəti ümidsiz vəziyyətdədir. Səhiyyə sistemi artıq bütün xəstələrə xidmət edə bilmir. Xəstəxanalarda yer olmadığı üçün insanlar ölürlər.

A.Koçaryan onu da deyib ki, Ermənistan iqtisadiyyatında son hadisələr hökumətin iqtisadi siyasətinin sadəcə çökdüyünü göstərir: "Hər yerdə vəziyyət getdikcə pisləşir. Üstəlik, Ermənistan qazın qiymətlərinin artmasını gözləyir. Hakimiyyət müvəffəq olduqları görünən sahələrdə də uğursuz oldu. İnsanlar bu komandanın keçmiş hakimiyyətin oğurladıqları milyardları geri qaytaracağına ümid edirdilər. Ancaq vaxt bunun əksini göstərdi”.

Görünən odur ki, hakimiyyət getdikcə dərinləşən problemlərə son qoymaq iqtidarında deyil. Elə bu səbəbdən qarşıdakı müddət ərzində Ermənistanda vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 11 iyun.- S.4.