Ölkədə
növbəti sərtləşdirilmiş karantin rejimi tətbiq
ediləcək
Vətəndaşlar
həmrəylik nümayiş etdirməsələr, çox
ciddi fəsadlar yarana bilər
Azərbaycanda
yeni növ koronavirusun qarşısının alınması
istiqamətində dövlət tərəfindən həyata
keçirilən zəruri tədbirlər davam etdirilməkdədir.
Ötən gün üç modul tipli xəstəxananın
açılması da COVID-19-un ölkəmizdə
yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət
kəsb edir. Modul tipli xəstəxanaların
quraşdırılması ilə ölkənin səhiyyə
sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı
yaranır. Bu da koronaviruslu xəstələrin müalicəsi
istiqamətində səhiyyənin imkanlarını daha da
genişləndirəcək. Çünki xüsusi karantin
rejimi yumşaldılandan və sərt qadağalar aradan
qaldırılandan sonra ölkədə yeni yoluxma
hallarının sayı artmaqdadır.
Elə
bu səbəbdən də mövcud sanitar-epidemioloji vəziyyət
təhlil edilərək, son günlərdə virusa yoluxma
sayı, xəstəliyin yayılma dinamikası nəzərə
alınaraq ölkə üzrə xüsusi karantin rejiminin
iyulun 1-dək uzadılmasına qərar verildi. Eyni zamanda,
infeksiyanın geniş yayılmasının
qarşısının alınması üzrə həyata
keçirilən tədbirlər çərçivəsində
dövlət sərhədində
giriş-çıxışa müvəqqəti olaraq tətbiq
edilən məhdudiyyətin və beynəlxalq
uçuşların təxirə salınma müddəti
artırıldı. COVID-19 pandemiyası ilə bağlı
dünyadakı vəziyyət təhlil edilərək
yükdaşımaları və çarter reysləri istisna
olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava
yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət
1 iyuladək uzadıldı.
Daha
iki gün evdən çıxma qadağası tətbiq ediləcək
Son
günlər Yevlax, İsmayıllı, Kürdəmir və
Salyan rayonlarında yüksək yoluxma faktları aşkar
edildiyindən COVID-19 virusunun yayılma sürətinin
azaldılması, eləcə də onun törədə biləcəyi
fəsadların minimuma endirilməsi məqsədilə 14 iyun
saat 00:00-dan 16 iyun saat 06:00-dək adıçəkilən
dörd bölgənin, eləcə də Bakı, Gəncə,
Lənkəran və Sumqayıt şəhərlərinin,
Abşeron rayonunun ərazisində növbəti dəfə sərtləşdirilmiş
karantin rejimi tətbiq ediləcək. İki gün ərzində
bütün iş, xidmət və ticarət sahələri
üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın
və avtomobillərin hərəkəti dayandırılacaq, əhalinin
yaşayış yerlərini və ya olduğu yerləri tərk
etməsi qadağan ediləcək. Sakinlər qeyd olunan
müddətdə yaşayış yerlərini və ya
olduğu yerləri həyat və sağlamlığa bilavasitə
təhlükəli vəziyyət yarandığı halda, eləcə
də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda
yalnız təcili tibbi yardım xidməti vasitəsilə,
habelə yaxın qohumların dəfnində iştirak etmək
üçün Daxili İşlər Nazirliyinin Növbətçi
Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti -
Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk
edə biləcək.
Müəyyən
olunmuş tarixlər üzrə fəaliyyətinə icazə
verilən iş və xidmət sahələrində işləyən
şəxslər, onların xidməti və şəxsi
avtomobillərinin hərəkətinə işəgötürən
tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə
"icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.
Fəaliyyətinə icazə verilən qurumların, eyni
zamanda dövlət əhəmiyyətli, həyat təminatlı
müəssisələrin və qurumların, həmçinin
fasiləsiz işləyən qurumların fəaliyyətləri
zəruri hesab edilən işçilərini məhdud sayda cəlb
etməklə tənzimlənəcək.
Xüsusi
karantin rejiminin tələblərinin pozulmasına görə
fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti
daşıyır.
Ehtiyatda
11,6 milyon maska var
Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyinin
(TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində
çıxışı zamanı qadağa günlərində
çox az halda narazılıq müşahidə olunduğunu
bildirib: "Ciddi neqativ hallar olmadı. Müəyyən yerlərdə
çörək satışı növbələrində
problem yaşandı. Sonradan tullantı qablarında atılan
çörəkləri gördük. Güman edirik ki, ilk qərar
olduğundan təşviş yaşandı. Təcrübənin
olduğunu düşünür və inanırıq ki,
növbəti dəfə belə olmayacaq”.
TƏBİB
sədri qeyd edib ki, yeni açılan üç modul tipli xəstəxana
ilə çarpayı ehtiyatımız 600 yataq yeri genişlənib.
İndiki dövrdə həftədə 200-500 xəstəni qəbul
etmək mümkündür. Xəstə sayı
çoxaldıqca tibbi personalın sayı da
artırılır: "İki xəstəyə ən
yaxşı halda bir tibb işçisi qulluq edir. Bu gün
üçün tibb müəssisələrində hər
hansı çatışmazlıq yoxdur. Depomuzda bütün
lazımlı vasitələr kifayət qədərdir.
Dünyada istifadə olunan bütün dərman preparatları
ölkəmizdə mövcuddur. Olmayan dərman yoxdur və hər
hansı qıtlıq yaşanmır. Gələcəkdə
bununla bağlı problem olmayacaq”.
Nazirlər
Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov
isə Operativ Qərargahın brifinqində Azərbaycanda tibbi
maskaların satışının artdığını
qeyd edib. Onun sözlərinə görə, ehtiyatda 11,6 milyon
maska var. Ölkədə bir gündə 200 minədək
maska istehsal olunur. İyunun 4-də 524 min, iyunun 5-də 950 min,
iyunun 8-də 575 min tibbi maska satılıb.
Yoluxma
daha çox ictimai nəqliyyatda və iaşə obyektlərində
qeydə alınır
Ölkədə
koronavirusa yoluxma hallarının böyük hissəsi
paytaxtın payına düşür - bu göstərici 50
faizin üzərindədir. Bu da yoluxma saylarının
artması ilə əlaqədardır. Sabunçu rayonunda bu
göstərici 12.4, Yasamalda 12.3, Xətaidə 11.6, Nəsimi
rayonunda 11 faiz təşkil edib. İyunun 1-dən 7-dək Azərbaycanda
2059 nəfər koronavirusa yoluxub. "Xəstəlikdən
sağalanlarla virusa yoluxanların sayı arasındakı fərq
narahatedicidir. Son 10 günün nəticəsinə görə,
həmin fərq arzuolunan səviyyədə deyil”, - deyə
R.Bayramlı qeyd edib.
Dövlət
strukturlarında çalışanlar arasında da koronavirusa
yoluxma halları var.
Azərbaycanda
koronavirusa yoluxanların yaş qruplarına gəlincə, bu
göstərici 50-59 yaş arası 21, 30-39 yaş arası 18,
40-49 yaş arası 15 faiz təşkil edir. TƏBİB sədrinin
sözlərinə görə, müşahidələr artan
dinamikada gənclərin payının çox olduğunu
göstərir: "Gənc yaşda olan insanların virusa
yoluxması artıb və onlar xəstəliyi ağır
keçirirlər. Əvvəl ağır xəstələr əsasən
yanaşı gedən xəstəliyi olanlar idisə, bu gün
gənc yaşda olanlar da xəstəliyi ağır keçirir.
Bu da evdə özünü müalicəyə cəhd edənlər
arasında müşahidə olunur. Qadınlar arasında
yoluxma 54 faiz, kişilərdə isə 46 faizdir”.
O da
qeyd olunub ki, yoluxma faktları daha çox ictimai nəqliyyatda
və ictimai iaşə obyektlərində qeydə
alınır. Çünki həmin yerlərdə sosial məsafə
qorunmur. Marketlərdə də yoluxma sayı artır: "Siyəzən
rayonunda 12 yoluxma halı aşkar edildi ki, onların da
hamısı qadınlardır. Onların hamısı yas
yerində yoluxublar”.
R.Bayramlı
qeyd edib ki, tibb müəssisələri virusu vaxtında
aşkarlamağa, vətəndaşlar isə mövcud
qaydalara əməl etməyə borcludur: "Əgər vətəndaşlar
həmrəylik nümayiş etdirməsələr, çox
ciddi fəsadlar yarana bilər”.
Məhz
bu səbəbdən ictimai yerlərdə, qapalı məkanlarda
şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl
etmək, sosial məsafə gözləmək, kənar şəxslərlə
minimum kontaktda olmaq, sanitar-epidemioloji vəziyyətə
uyğun olaraq müəyyən edilmiş yerlərdə
qoruyucu vasitələrdən istifadə mütləqdir.
Dövlətin vəzifəsi insanları bu xəstəlikdən
qorumaq, onların həyatını xilas etməkdir. Vətəndaşların
vəsifəsi isə dövlətin qoyduğu qanunlara riayət
etməkdir. Gəlin COVID-19 virusu ilə mübarizədə,
insanların sağlamlığı və təhlükəsizliyinin
qorunması istiqamətində dövlət tərəfindən
həyata keçirilən tədbirlərdə həmrəylik
göstərək. Özümüzün,
yaxınlarımızın səhhəti,
sağlamlığı naminə Nazirlər Kabineti yanında
Operativ Qərargahın tələb və qaydalarına əməl
edək. Maska taxaq, sosial məsafəni gözləyək, gərək
olmadığı təqdirdə evdən çıxmayaq.
Hazırkı dövrdə pandemiya ilə səmərəli
mübarizə bilavasitə vətəndaşların
intizamlı davranışı və məsuliyyətindən
asılıdır. Ona görə də bir olaq, birlikdə
olaq ki, gözəgörünməz virusa qalib gələk.
Çünki biz birlikdə güclüyük.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 11 iyun.- S.6.