Şairin
həqiqəti - insanlığın həqiqəti bizim nailiyyətimizdir
Rəsul
Rza Azərbaycan xalqının XX yüz ildə yetişdirdiyi
böyük və bənzərsiz ədəbi simalarından
biridir. Mirzə Ələkbər Sabir və Mirzə Cəlil,
Məhəmməd Hadi və Əli bəy Hüseynzadə,
Hüseyn Cavid və Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli
və Yusif Vəzir Çəmənzəminli, Mikayıl
Müşfiq və Səməd Vurğun kimi bəşər
mədəniyyətinin üzvi bir hissəsinə çevrilən
sənətkarlarla bir sırada Rəsul Rza da Azərbaycanın
adını və mənəvi qüdrətini dünya
xalqları arasında ləyaqətlə təmsil etməkdədir.
Akademik
İsa Həbibbəyli böyük sənətkarın Azərbaycanın
bədii təfəkkür tarixində təkrarsız xidmətlərini
ümumiləşdirərək yazır: "Rəsul Rza əsrlərdən
qırıq-qırıq sızıb gələn ənənələri
böyük sürətlə inkişaf etdirərək, sərbəst
şeiri XX əsr Azərbaycan poeziyasında qanuniləşdirmək
missiyasını böyük şərəflə həyata
keçirmişdir. Məhz Rəsul Rzanın böyük
yaradıcı dühasının simasında sərbəst
şeir Azərbaycan ədəbiyyatının həmişəlik
ədəbi sərvətinə çevrilmişdir. Rəsul
Rzanın sərbəst şeirləri Azərbaycan ədəbiyyatına
geniş fikir və düşüncə sərbəstliyi gətirmiş,
lirikanın poetik formanın bəzi formal tələblərindən
xilas olmasına imkan yaratmışdır. Sərbəst
adlanmasına baxmayaraq, Rəsul Rzanın poeziyasında şeir
texnologiyası üçün zəruri olan şərtlərə
yaradıcı şəkildə əməl olunmuşdur. Bu mənada
Rəsul Rzanın sərbəst şeirləri özünəməxsus
yüksək sənətkarlıq xüsusiyyətlərinə
malik olan qiymətli poetik nümunələrdir. Rəsul
Rzanın sərbəst şeirləri ilə Azərbaycan sərbəst
şeiri özünün inkişafının ən yüksək
səviyyəsinə çatmışdır. Azərbaycan
xalqının tarixi taleyi və XX əsr boyu çətin həyatın
real fəlsəfəsi Rəsul Rzanın poeziyasının nəbzində
döyünür”. Dünya bədii-estetik fikrinin nəhəng
nümayəndələrinin Rəsul Rza haqqında fikir və
qənaətləri də görkəmli ədəbiyyatşünas
alimin mülahizələrinin elmi-nəzəri əhəmiyyətini
vurğulamaqdadır.
Rəsul
Rza poeziyasının böyüklüyünü və
ümuminsani mahiyyətini təkcə onu
yazıldığı dildə oxuyub anlayanlar deyil, bu təkrarsız
şeiriyyəti tərcümədə oxuyanlar da bilirdilər.
Qardaş türk dillərində yazıb-yaradan Nazim Hikmət,
Muxtar Auezov, Qafur Qulam, Aybek, Maqsud Şeyxzadə, Mirtemir və
Əsəd Muxtar, Çingiz Aytmatov, Oljas Süleymanov, Muxtar
Şaxanov və başqaları da Rəsul Rza əsərlərinin
dünya şöhrətini dərindən anlayırdılar.
Məşhur şairimizin irsini Kanadadan Yaponiyaya qədər,
Latın Amerikası ölkələrindən Hindistana,
Norveç və İsveçdən Çinə qədər
bütün mədəni ölkələrdə oxuyur və həvəslə
öz doğma dillərinə çevirirdilər.
Rəsul
Rzanın yaradıcılığı haqqında başqa
ölkələrdən olan qələm dostlarının və
pərəstişkarlarının müxtəlif dövrlərdə
bildirdiyi mülahizələr yuxarıda söylədiklərimizi
parlaq şəkildə təsdiqləyir. Görkəmli rus
şairi İlya Selvinski aşağıdakı misraları
misal gətirib:
Aydındır
şeirin dili,
İstəyirsən
sevincdən,
istəyirsən
qəmdən yaz.
Elə
aydındır bu dil,
nadan
yüz il oxusa,
yenə
bir şey anlamaz. -
səmimi
və qəti münasibətini bildimişdi: "Nə qədər
iti və incə deyilmişdir. Bu şeirdə Şərqin təmkinli
müdrikliyi canına hopmuş Azərbaycan şairinin
siması nə qədər aydın hiss olunur. Belə
şeirin altından Nizami və Sədi imza qoya bilərdilər.
Yəni hər hansı bir ölkənin hər hansı
müasir şairi də öz lirikasında belə incinin
olması şərəfindən imtina etməzdi”.
Böyük şairin zamandaşları bu poeziyanın əzəmətini
və miqyasını düzgün səciyyələndirirdilər.
Rəsul Rzanın Azərbaycan və ümumtürk şeiriyyətində
mövqeyini Pablo Nerudanın ispandilli poeziyadakı, Vladimir
Mayakovskinin rus, Pablo Tıçinanın Ukrayna, Nazim Hikmətin
Türkiyə poeziyasında yeri və rolu ilə müqayisə
edirdilər.
Qırğız
yazıçısı, XX yüz ilin görkəmli ədiblərindən
biri Çingiz Aytmatov Rəsul Rza lirikasının pərəstişkarlarından
olmuşdur. Onun səmimi ürək sözləri qeyri-ixtiyari
qəlbimizi riqqətə gətirir: "Əziz Rəsul
müəllim! Zəmanəmizdə ən çox hörmət
bəslədiyim şairlərdən biri də sizsiniz.
İlhamlı təfəkkürünüz üçün,
obrazlarınız üçün Sizə təşəkkür
edirəm...” Son dərəcə qürurlu və fərəhlidir
ki, qardaş və qandaş qırğız yazarı Rəsul
Rzanın ilhamlı təfəkküründən, nəfis
lirik obrazlarından necə məftunluq duyursa, ötən əsrin
oxşarsız sənətkarlarından Eduardas Mejelaytis də
eyni heyranlıqla şairin bədii surətlərinin əlvanlığından,
poetik xəyallarının füsunkarlığından
söz açır: "...Siz gözəl şairsiniz, öz
doğma, günəşli və şairanə
diyarınız Azərbaycanın, bütün çoxmillətli
Sovet İttifaqının nəğməkarısınız.
Gözəl kosmik fenomenimizin - Yer kürəmizin əlvan
boyalarının bütöv bir şairanə rənglər
palitrasının nəğməkarısınız. Bu
gözəl Yer kürəsi sizin köksünüzdədir,
gözəl şeirlərinizdə, poetik xəyallarınızdadır.
Möhtəşəm vüsətinizə, poetik
istedadınıza, insanlığınıza görə,
insana bəxş etdiyiniz hər şeyə görə
çox sağ olun!”
Bəzən
bizi yerli-yersiz özümüzə məftunluqda
günahlandırırlar. Öz mədəniyyətimizi
göylərə qaldırmaqda, obyektiv olmamaqda təqsirləndirirlər.
Elə bu səbəbdən də xarici ölkələrin
yazıçılarının mühakimə və
mülahizlərinə müraciət etməyi vacib bildik. Biz
yeri gələndə Şekspir kimi tragikimiz, Mikelancelo və
Rafael dərəcəsində rəssamımız, Motsart təki
bəstəkarımız, A.Eynşteyn qüdrətində
alimimiz olmadığını etiraf edirik. Amma Dədə
Qorqud, Nizami, Nəsimi, Füzuli, Tusi miqyaslı dahilərin də
başqalarında olmadığını vurğulayanda, bu təbii
duyulmalıdır. Dünya şöhrətli sənətkarların
Rəsul Rza haqqında söylədikləri ana Vətənimiz
və onun mənəvi qüdrəti haqqında, Azərbaycan
mədəniyyəti və söz sənəti fenomeni barəsində
dərin düşüncələrə vadar edir. Azərbaycanın
iki min illik zəngin ədəbiyyat və mədəniyyət
tarixini təhlil edərkən, bütün zamanların ən
böyük azərbaycanlısı, dahi Öndərimiz Heydər
Əliyevin söylədiyi kimi, bu millətə mənsubluğuna
görə özünü xoşbəxt sayırsan, azərbaycanlı
olduğuna görə fəxr edirsən!..
Qazax
şairi, Azərbaycanın böyük dostlarından biri Oljas
Süleymanov Rəsul Rza yaradıcılığına
hörmət və ehtiramını dəfələrlə
ifadə etmişdir. Oljasın böyük ustada müraciəti,
onun əsərlərinə münasibəti ilə:
"Əziz Rəsul ağa! Bu xoş səbəbdən
istifadə edərək Sizə bir daha sağlıq,
sağlamlıq, yeni gözəl kitablar, ailənizə
xoşbəxtlik, doğma Azərbaycana çiçəklənmə
arzulayıram” və məşhur rus şairi Arsen Tarkovskinin dəyərləndirməsi
həmahəngdir. A.Tarkovski yazır: "Əziz Rəsul Rza,
sən bizə gərəksən. Bizə sənin həqiqətin
lazımdır. Çünki şairin həqiqəti -
insanlığın həqiqəti bizim nailiyyətimizdir”. Təbii
ki, Azərbaycan şairinin əsərlərinə Avropa və
Asiya, Şərq və Qərb mədəniyyət xadimlərinin,
müxtəlif dünyagörüşlü və məsləkli
sənət adamlarının məhəbbətinin
kökündə onun çoxrəngli və çoxsəsli
dünyaya, insanlığa səmimi sevgisi dayanırdı. Bu
humanist və harmonik qarşılıqlı münasibətin
estetik anatomiyasını ingilis ədəbiyyatşünası
B.Kopey həssaslıqla şərh etmişdir: "Rəsul
Rzanın sənət dünyası təzadları: sevgini və
nifrəti, yaxşılığı və pisliyi, həyatı
və ölümü, xoşbəxtliyi və kədəri
realistcəsinə təsvir edir. Şairin yarı canı dəhşətdən
gözləri qaralan vyetnamlı körpənin
yanındadır. Şairin qəlbində xoş gələcəyə
inam şeirin uğurlu finalına çevrilir. Bütün
dünyada sülh və əmin-amanlığı,
bütün bəşər övladlarının birliyini
görmək arzusu Rəsul Rza poeziyasının canına
hopmuşdur”.
Dünyanın
dörd bir yanından Rəsul Rzaya ünvanlanmış məktublar,
teleqramlar, ürək sözləri, arzular axışıb gəlirdi.
Və Azərbaycan şairinin əsərləri, kitabları
da planetin dörd bir tərəfinə gedib
çatırdı. Bu günün, kompüter əsrinin ən
məşhur yazarı belə yarım əsr əvvəl Rəsul
Rzanın misilsiz populyarlığına, böyük dünya
ilə bu dərəcədə
qaynayıb-qarışmasına qibtə edə bilər.
Müəllif əsərlərini tərcümə edən,
onun yaradıcılığını araşdıran həmkarları
və qələm yoldaşları ilə
yaradıcılıq əlaqələri saxlayırdı. Bu ədəbi
ünsiyyətin əsasında isti insani təmaslar
dayanırdı. Demək olar ki, bütün məşhur rus
yazıçı və şairləri ilə onu möhkəm
dostluq telləri bağlayırdı. Baltikyanı respublikaların
ədibləri, Ukrayna və Moldovanın, Belarus və
Qazaxıstanın, Tacikistan və Türkmənistanın,
Özbəkistan və Qırğızıstanın
yazarları Rəsul Rzaya öz səmimi sevgilərini ifadə
edirdilər. Azərbaycanın böyük sənətkarının
qardaş türk dünyası ilə yaradıcılıq əlaqələri
ayrıca bir tədqiqatın mövzusudur. Onun Nazim Hikmətlə
ədəbi-mənəvi qardaşlığı yaxşı
məlumdur.
Mərkəzi
Asiya respublikalarından olan tanınmış söz və sənət
adamlarının Rəsul Rza əsərləri haqqında
mülahizələri də bir çox cəhətdən
maraqlı və diqqətəlayiqdir. Türkmənistan söz
sənətinin və ədəbiyyatının korifeyi, məşhur
ədib Berdı Kerbabayev yazırdı: "Rəsul Rzanın
böyük istedadı, onun şeirlərinin siyasi kəsəri
dünyanın və insanın yeniləşməsi uğrunda
mübarizəmizin məqsədlərinə sədaqətlə
xidmət edir”. Muxtar Auezov, Sabit Muğanov, Mirzə Tursunzadə,
Alı Tokombayev, Qafur Qulam, Mirtemir, Aybek, Maqsud Şeyxzadə və
başqaları da Rəsul Rzanın bədii xidmətlərini
yüksək dəyərləndirmişlər.
Dünya
xalqları ədəbiyyatında Azərbaycan xalqının
böyük oğlu Rəsul Rzaya həsr olunmuş bir
çox şeirlər və ithaflar mövcuddur.
Tanınmış özbək şairi, yüksək bədii
zövqə malik tərcüməçi Osman
Qoçqarın Rəsul Rza və Nigar Rəfibəylinin xatirəsinə
həsr etdiyi "Xəzər ağısı” adlanan silsilə
şeirləri də bu cəhətdən xüsusi əhəmiyyətə
malikdir. Öncə bu silsilənin yazılış səbəbləri
və müəllifi barəsində oxucuya qısaca bilgi vermək
zərurətini hiss edərək bəzi məlumatları
vurğulamaq istəyirik. Osman Qoçqar Azərbaycanla sıx
bağlı olan, bizim söz sənətimizi dərindən
bilən istedadlı bir yazar kimi Mirzə Cəlil və
M.Ə.Sabir, M.Hadi və H.Cavid, S.Vurğun və R.Rza kimi
klassiklərimizin əsərlərini məharətlə
öz ana dilinə çevirmişdir. Azərbaycan ədəbi-mədəni
həyatını, Rəsul Rzanın həyat yolunu, şəcərəsini
və əsərlərini yaxşı bilmədən
haqqında söhbət açmaq istədiyimiz silsilənin
meydana çıxması mümkün olmazdı. Xüsusən
"Sizsiz”in tərcüməsi prosesi belə bir əsərin
yazılmasına, "Xəzər ağısı”nın
doğulmasına təkan vermişdir. Böyük bir sənətkarlar
ailəsinin özünəməxsus dramını və
iztirablarını müəllifin yaxından duyması Rəsul
Rza və Nigar Rəfibəyli obrazlarının hədsiz təbii,
emosional çıxmasına səbəb olmuşdur. Doqquz
şeirdən ibarət bu silsilədə ümumi, möhtəşəm
bir poetik obraz yaradılmışdır. Amma hər bir
şeirdə təkrarolunmaz, əlahiddə və özünəməxsus
lirik əhvali-ruhiyyə hakimdir. Birinci şeirdən
başlanan bu lirik-emosional vəziyyət tədricən dəyişir,
dinamik tərzdə ümumi poetik ovqata və obraza doğru
inkişaf edir. Silsilədə biz şairanə ruhun təkamülünü
sərbəst şəkildə müşahidə edə
bilirik. Əsərdə lirik kulminasiya lirik başlanğıc
qədər gözəldir.
Budur,
qayğılarla ötməkdə dünya,
Rəsulsuz,
Nigarsız gün çıxıb-batar.
Yeni
üfüqlərə getməkdə dünya,
Adamlar
gözəl bir yuxuda yatar.
Nazimin
çin olar arzu, istəyi,
Canlanar
yenidən türki bitiklər.
Rəsulun
sevdiyi rəngləri təki,
Göy
qurşağı asta qəddini diklər.
Səmada
ildırım, şimşəklər çaxar,
Yağmağa
başlayar yağış, leysanlar.
Küləklər
saçına sığallar çəkər,
Durnalarla
dolar göy asimanlar.
Durnalar
qayıdar hər yaz, hər bahar,
Qayıdıb
gələrlər Rəsulla Nigar.
Silsilənin
ilk beş şeirində, əsasən, Rəsul itkisinin sevgili
ömür-gün yoldaşı Nigar xanımın qəlbində
yaratdığı ələmli hissiyyat yaddaqalan poetik əlamət
və cizgilərlə təsvir olunur. Şeirdə sədaqətin
ölüm zirvəsi nəfis bir ahənglərdə vəsf
edilir. Bu elə bir əlçatmaz zirvədir ki, artıq oraya
hicranın nəfəsi çatmır. Ondan o yana hicran da, həsrət
də yoxdur - yalnız vüsaldır... Altıncı şeir
isə bu əbədi birliyin, sonsuz vüsalın vəsfi ilə
başlanır. Daha doğrusu, Rəsul və Nigar
ayrılığına taleyin özü də dözməyib,
bu iki munis qəlbin qovuşmasına, əbədiyyətinə
yol açır. İndi onlarsız qalan bizim
dünyamızın Rəsulsuz və Nigarsız günləri
başlayır. Ancaq Vətən təbiəti həqiqətənmi
onlarsız qalır? Müəllif şair olanların bu
dünyadan izsiz gedəcəyinə inanmır. Nazimin nisgilləri,
arzuları həqiqətə dönür. Rəsulun qoyub
getdiyi dünyada onun sevdiyi rənglər cilvələnir,
göy qurşağı yavaş-yavaş asimanı bəzəyir.
Nigar xanımın durnaları da poeziyanın səmasına
qayıdır. Vətəni sevən ürəklər Vətən
göylərində əbədi məskən salırlar.
Rəsul
Rza əbədiyyəti haqqında düşünərkən
qeyri-ixtiyari olaraq Azərbaycan söz sənətinin bir
sıra dahi nümayəndələrinin ədəbi taleyi
gözlərimiz önündə canlanır. Məlumdur ki,
böyük sənətkarların bütöv və
dolğun obrazını təsəvvür etmək, onların
ədəbiyyat tarixində yerini müəyyənləşdirmək
üçün çox vaxt yaşadıqları və mənsub
olduqları ədəbi dövrlərin hüdudları kifayət
etmir. Məsələn, Məhəmməd Füzulinin Azərbaycan
ədəbi təfəkküründə mövqeyini təyin
etməkdən ötrü onu ən azı 500 ilin kontekstində
nəzərdən keçirmək lazımdır. Mirzə Fətəli
Axundzadənin milli bədii düşüncə tarixində səngiməyən
ədəbi təsirini müəyyənləşdirməyə
isə 200 il də azlıq edir. Öz zamanı məcrasına
sığmazlıq və başqa əsrlərə adlayıb
keçmək ədəbi böyüklüyün əsas
nişanələrindən biridir. XX yüzildə də öz
poetik ömrünü ölümündən sonra da davam etdirən
görkəmli ədiblərimiz az deyil: Mirzə Ələkbər
Sabir, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd
Vurğun, Mikayıl Müşfiq və Rəsul Rza məhz belə
şairlərimizdən sayılır. Onlar nəinki
ölümlərindən sonrakı onilliklərə, hətta
XXI yüzilə çətinlik çəkmədən
adlayan və onun fəxri poetik sakininə çevrilən sənətkarlardandır.
Yaşar QASIMBƏYLİ,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya
elmləri doktoru, professor
Azərbaycan.-2020.- 11 iyun.- S.7.