İlham Əliyevin qlobal böhran şəraitində uğur modeli

 

Azərbaycanın pandemiya ilə mübarizə planlarını öz hesabına həyata keçirməsi Prezidentin siyasi müdrikliyinin və qətiyyətinin göstəricisidir

 

Dünyanı çətin sınaq qarşısında qoyan pandemiya getdikcə böyük ölkələrin iqtisadiyyatına daha ciddi təsir göstərməkdədir. Yəni koronavirus bəlası yalnız can almır, sosial-iqtisadi problemləri də dərinləşdirir. Mütəxəssislər qeyd edirlər ki, bu il dünya iqtisadiyyatı 4 faiz azalacaq.

Pandemiyanın iqtisadiyyata mənfi təsirini əvvəlcədən proqnozlaşdıran dövlətlər, siyasi liderlər məhz bu problemdən az itki ilə qurtulmaq üçün fərqli yanaşma tərzini və öz metodlarını ortaya qoydular. Əvvəlcədən düşünülmüş proqramların, layihələrin icrası təbii ki, effektiv nəticələr verməli idi. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycan da həmin dövlətlər sırasındadır. Koronavirus hələ qlobal xarakter almadan qabaqlayıcı tədbirlər görən Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirləri minimuma endirildi.

 

 

Pandemiya dövründə nümunəvi islahatlar

 

Qısa zaman ərzində cənab İlham Əliyevin mütərəqqi islahatları ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin olundu, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı.

Dövlət başçısının apardığı islahatlar və tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və pandemiya dövründə bu addımlar öz önəmini göstərdi. Həmçinin pandemiya dövründə ölkədə heç bir sosial layihə təxirə salınmadan icra edildi. Ölkədə yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan sosial layihələr bunu bir daha təsdiqləyir.

Bununla yanaşı, pandemiya ilə mübarizə üçün həyata keçirilən layihələrin də xüsusi əhəmiyyəti oldu. Belə ki, qısa müddətdə Bakıda "Yeni klinika” tibb müəssisəsi, "Bakı Tekstil Fabriki” tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi, modul tipli 4 xəstəxana, "Gilan Tekstil Park”ın tibbi maska fabriki, qoruyucu kombinezonların istehsalı müəssisəsi tikildi.

Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir.

Bir sözlə, koronavirusa qarşı aparılan mübarizədə əldə edilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir. Bu isə hər ölkənin bacara biləcəyi məsələ deyil.

 

Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı 3 faiz artacaq

 

 

Azərbaycan həm daxildə, həm də xaricdə pandemiya ilə bağlı həyata keçirilən mübarizə tədbirlərinə əvəzsiz töhfələr verdi. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırdı.

Bundan başqa, pandemiyadan əziyyət çəkən bir çox ölkələrə müxtəlif yardımlar göstərdi. Cənab İlham Əliyevin bu addımları dünya birliyi tərəfindən dəfələrlə təqdir edildi.

Məhz bu çətin dövrdə Azərbaycan Prezidenti həm də makroiqtisadi sabitliyin qorunması üçün düşünülmüş addımlar atdı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə dövlət başçısı vurğuladı ki, pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacib məsələlərdən biridir. Ona görə də Azərbaycan pandemiya dövründə də etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin etməkdədir.

Həm makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr, vergi güzəştləri və məşğulluğa dəstək tədbirləri, həm də tranzit daşımalarının maneəsiz təmin edilməsi təbii ki, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatına müsbət təsirini göstərəcək. Bütün bunları nəzərə alan Avropa Yenidənqurma və İnkişaf Bankının regional iqtisadi perspektivlərə dair hesabatında bildirildi ki, gələn il Azərbaycan iqtisadiyyatı 3 faiz artacaq.

 

İlham Əliyevin mütərəqqi qərarlarına verilən yüksək beynəlxalq qiymət

 

Dünyada və ölkəmizdə pandemiya dövrünün birinci mərhələsinin yekunlarını təhlil etsək görərik ki, hər zaman olduğu kimi, pandemiya dövründə də Azərbaycan istənilən dövlətlə təcrübəsini bölüşdü. ÜST bir çox ölkələrə Azərbaycan təcrübəsini nümunə göstərdi. Bəyan edildi ki, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir.

Bu dövrdə Azərbaycan rəhbərlik etdiyi iki böyük təşkilat - Türk Şurası və Qoşulmama Hərəkatının videokonfrans formatında zirvə görüşlərini təşkil etdi. Hər iki konfransda koronavirusla mübarizə sahəsində Prezident İlham Əliyevin atdığı addımlar çox müsbət qiymətləndirildi.

Prezident İlham Əliyev isə bu məsələlərə münasibətində qeyd etdi ki, Azərbaycan hər zamankı kimi, ortaya nümunə qoyaraq etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi: "Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.

Həqiqətən də, Azərbaycan dövləti bütün dövrlərdə ehtiyacı olan insanlara, yardım üçün müraciət edən ölkələrə əl tutub, lazımi kömək göstərib. Bu da Prezident İlham Əliyevin humanist, insansevər siyasətinin bariz təcəssümüdür.

 

 

Pandemiya ilə mübarizədə İlham Əliyev örnəyi

 

Artıq pandemiyanın ikinci dalğası başlayıb. Bir tərəfdən insan tələfatı, yoluxmanın getdikcə artması, digər tərəfdən ölkələrin iqtisadiyyatındakı tənəzzül dövrü ciddi çətinliklər yaratmaqdadır. Azərbaycanda da son günlərdə yoluxma və ölüm faktlarının artması müşahidə olunur. Ancaq həkimlərin səyləri nəticəsində sağalanların sayı gündən-günə artır.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlərə imza atır. Azərbaycan dünyanın yeni reallıqlarına çevik və adekvat reaksiya verir. Yəni dünyanın bir parçası olan ölkəmiz bəşəriyyəti böyük sınaq qarşısında qoyan qlobal pandemiyaya qarşı nəinki milli səviyyədə səmərəli tədbirlər görür, eyni zamanda regional və qlobal miqyasda koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 12 iyun.- S.1;3.