Azərbaycan
bütün parametrlər üzrə liderlik göstərib
İlham
Əliyevin rəhbərliyi altında ölkəmiz qlobal
pandemiyaya qarşı effektiv mübarizə aparır
Aylardır
dünyanı bürüyən koronavirus, COVID-19 infeksiyası
hələ də sovuşmayıb və bəşəriyyəti
təhdid etməkdə davam edir. Qurtuluş peyvəndinin isə
yaxın müddətdə tapılacağı ehtimalı
yoxdur. Buna görədir ki, hələlik "taclı” bəla
yoluxma sayını və aldığı canları günbəgün
artırmaqdadır. Super dövlətləri belə
qarşısında diz çökdürür,
iqtisadiyyatını, səhiyyəsini alt-üst edərək
çarəsizliyə yuvarladır.
Virusa
qalib gəlməyin isə məhz dövlət və vətəndaş
həmrəyliyindən asılı olduğunu dünyanın
bir çox ölkələrində rast gəlinən acı
həqiqətlər də təsdiqlədi. Buna görədir
ki, koronavirusa zamanında ciddi yanaşmayan ölkələrdə
sonradan görülən tədbirlər, alınan qadağa qərarları
elə də effektiv olmadı və bu təsir
gücünün işlək olmamasında vətəndaşların
da həmin qaydalara uymamasının böyük rolu oldu. Təəssüf
ki, nəticə insan faciələri ilə müşayiət
edildi... Buna görə Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) ölkələrdə COVID-19-a yoluxmanın
sayını azaltmaq üçün bir sıra fundamental
addımların həyata keçirilməsini vacib hesab edir. Təkliflər
sırasında dövlət qurumları arasında
koordinasiyanın gücləndirilməsi, ictimai
toplantıların dayandırılması, test, izolyasiya və
karantinin həyata keçirilməsi üçün dövlət
qurumlarının yeni şəraitə
uyğunlaşdırılması, səhiyyə
qurumlarının və ön sırada olan işçilərin
müvafiq resurslarla təmin edilməsi durur. Həmçinin əhaliyə
bu xəstəliyin ciddiliyinin izah olunması, əl
gigiyenası, öskürək etiketi və sosial məsafənin
vacibliyinin izah edilməsi, bütün şübhəlilərin
təcrid edilməsi, pandemiyadan ən çox zərər
çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi,
dövlətlər arasında həmrəyliyin gücləndirilməsi,
yoluxma halları və nəzarət tədbirləri barədə
ÜST ilə operativ şəkildə informasiyanın
paylaşılması kimi məsələlər də bura
aiddir.
Zamanında
görülən tədbirlər
Azərbaycanda
isə sadalanan təkliflər hələ COVID-19
infeksiyasının yayıldığı ilk zamandan etibarən
tətbiq olunmağa başlanmış, real vəziyyətə
əsaslanan tədbirlər görülmüş, virusun
yayılmasının qarşısının alınması
istiqamətində vacib addımlar atılmışdı. Hələ
fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı
qeydə alınandan operativ şəkildə qabaqlayıcı
tədbirlərin həyata keçirilməsinə
başlanıldı.
Qonşu
ölkələrlə yük avtomobillərinin hərəkəti
istisna olmaqla, bütün sərhədlərimiz
bağlanıldı, xaricdəki Azərbaycan vətəndaşları
vətənə qaytarıldı.
Ölkə
ərazisində mart ayının 4-dən etibarən sosial
izolyasiya tədbirlərinə start verildi. Sonrakı günlərdə
izolyasiya tədbirləri genişləndirildi və ölkədə
karantin rejimi tətbiq olundu. Mart ayının əvvəllərindən
bütün məktəblərdə tədris
dayandırıldı, uşaq bağçaları
bağlanıldı.
Xüsusi
karantin rejimi zamanında da dövlət hər bir vətəndaşının
yanında oldu, problemlərinin, çətinliklərinin həllinə
dəstək göstərdi, maddi dayaq durdu. İqtisadi
sabitliyi, məşğulluqla bağlı problemləri həll
etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul
olundu.
Eyni
zamanda 20-dən çox müasir laboratoriyada yoluxmanın erkən
aşkarlanması üçün xeyli sayda testlərin edilməsi,
koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana
şəraitində yüksək səviyyədə müalicə
edilməsi və bu istiqamətdə görülən kompleks
tədbirlər sağalanların sayını
çoxaltdı. Azərbaycanda virusa yoluxmada ağır fəsadlar
yaranmadı, COVID-19-a qarşı çevik mübarizə sayəsində
qısa zaman kəsimində müsbət nəticələr əldə
edildi.
İnsanları
qorumaq və onların həyatını xilas etmək
missiyası
Qlobal
pandemiya ilə mübarizənin ilk günlərindən etibarən
bununla bağlı hər bir məsələ Prezident İlham
Əliyevin diqqət mərkəzində oldu. Bütün bu
dövr ərzində dövlət
başçısının fəaliyyəti, mütəmadi
keçirdiyi görüşlər, verdiyi qərarlar
koronavirusla mübarizəyə öz töhfəsini verdi. Azərbaycan
vətəndaşının sağlamlığı və təhlükəsizliyi
hər zaman olduğu kimi, indi də dövlət siyasətinin
əsas prioritetini təşkil edir. İyunun 9-da modul tipli xəstəxanaların
açılışı zamanı Prezident İlham Əliyev
bir daha bildirdi ki, görülmüş bütün tədbirlərin
mərkəzində məhz Azərbaycan vətəndaşlarının
sağlamlığı dayanmışdır: "Bizim əsas
vəzifəmiz insanları bu xəstəlikdən
qorumaqdır, onların həyatını xilas etməkdir.
Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi
ölkələrlə müqayisədə Azərbaycandakı
vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir
ki, düşünülmüş siyasət, xalqla iqtidar
arasında birlik, dövlətin addımlarına yüksək
inam olan yerdə nəticə də olur. Bu günə qədər
mən hər gün yüzlərlə vətəndaşdan məktub
alıram. Bu məktublarda görülmüş işlərə
yüksək qiymət verilir. Bu məktubların çox
kiçik bir hissəsi mətbuatda dərc edilir. Ancaq o məktublar
göstərir ki, bütün rayonlardan, bütün
kateqoriyalara aid olan insanlardan bu məktublar gəlir və
insanlar minnətdarlıqlarını bildirirlər. Eyni zamanda
məhdudlaşdırıcı dövr ərzində çətin
vəziyyətə düşmüş vətəndaşların
maddi məsələləri də həll olunubdur və Azərbaycan
burada da liderlik göstəribdir. Ümumiyyətlə,
mübarizəyə və pandemiyadan əziyyət çəkən
işsiz adamlara, aztəminatlı təbəqəyə aid
olan insanlara, sahibkarlara və bütün işləri təşkil
etmək üçün 3,5 milyard manat vəsait nəzərdə
tutulubdur və bu vəsait xərclənir. Tibbi
avadanlığın, dərman preparatlarının
alınması - bütün bu işlərə dövlət
böyük vəsait ayırdı”.
Beynəlxalq
müstəvidə də Azərbaycan özünü
çox məsuliyyətli aparır
Azərbaycan
eyni zamanda beynəlxalq səviyyədə də koronavirusla
mübarizəyə dəstək verən ilk ölkələrdən
oldu. Dövlətimiz qlobal böhranın aradan
qaldırılması istiqamətində ehtiyacı olan 10-dan
çox ölkəyə maddi-texniki yardım edib, kömək
əlini uzadıb, pandemiya ilə mübarizəyə
qarşı dünya birliklərinin səylərinin birləşdirilməsinin
təşəbbüskarı olub. Adıçəkilən xəstəxanaların
açılışındakı
çıxışında bu məsələyə də
toxunan Prezident qeyd etdi ki, beynəlxalq müstəvidəki
rolumuza gəldikdə, bildiyiniz kimi, Azərbaycan
özünü çox məsuliyyətli aparır: "Mən
qeyd etdim ki, ilk növbədə, ölkə daxilində və
beynəlxalq arenada bizim təşəbbüsümüzlə
iki Zirvə görüşü keçirilibdir: Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə görüşü və
Qoşulmama Hərəkatının Zirvə
görüşü. Bildirməliyəm ki, Qoşulmama Hərəkatının
Zirvə görüşündə 120 ölkə təmsil
olunub, eyni zamanda, Afrika İttifaqı buna qoşulub, o
İttifaqda 55 ölkə cəmləşibdir. Avropa İttifaqı
ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə
yüksək səviyyədə və ümumiyyətlə,
ilk dəfə qoşulmuşdur. Avropa İttifaqında 27
ölkə var. Düzdür, Afrika İttifaqının bəzi
ölkələri, eyni zamanda Qoşulmama Hərəkatının
üzvləridir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan,
deyə bilərəm ki, tam məsuliyyətlə
dünyanı birləşdirdi. Qəbul edilmiş bəyannamədə
Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir.
Əlbəttə ki, bizim onsuz da yüksək səviyyədə
olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir.
Azərbaycan liderlik göstərib.
Eyni
zamanda biz Qoşulmama Hərəkatının üzvlərinə,
ilk növbədə, müraciət edərək təklif
etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə
bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi
biz aldıq, Qoşulmama Hərəkatının üzvləri
bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər
və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının
Zirvə görüşündə öz sözünü
demişdi, müraciətini səsləndirmişdi, -
müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm
ki, indiki şəraitdə dünya birliyinin bu məsələ
ilə bağlı vahid mövqedən çıxış
etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən
təşkilat Birləşmiş Millətlər Təşkilatıdır.
Ona görə biz belə təkliflə çıxış
etdik və ümid edirik ki, bu, müsbət qarşılanar.
İndi biz ikitərəfli və çoxtərəfli formatda
məsləhətləşmələr aparırıq və əgər
bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın
təşəbbüsü ilə dünya birliyi birləşib
bu məsələ ilə bağlı öz sözünü
deyəcək”.
Minnətdarlıqdan
doğan səmimi hisslərin təzahürü
Göründüyü
kimi, Azərbaycan həm ölkə daxilində, həm də
beynəlxalq müstəvidə qlobal pandemiya ilə mübarizəyə
öz layiqli töhfəsini verir. Buna görədir ki, Prezident
İlham Əliyevə vətəndaşlarımız tərəfindən
ünvanlanan təşəkkür məktubları
saysız-hesabsızdır. Hər bir azərbaycanlının
qəlbində dünyanın ən təhlükəli bəlasına
qarşı Prezidentin rəhbərliyi altında ölkəmizdə
aparılan mübarizənin dövlətimizi və
xalqımızı qoruyacağına dair böyük əminlik
var.
Çünki
dövlət başçısı ən ağır günlərdə
xalqı düşünməklə, onun yanında olmaqla, əsl
lider kimi, öz müqəddəs missiyasını bir daha
yerinə yetirdi.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 12 iyun.- S.1;8.