Son
illər energetika sahəsində çox böyük işlər
görülüb
Prezident
İlham Əliyev “Azərenerji”nin “Əhmədli”
yarımstansiyasının açılışında
iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də
Bakı şəhərinin Xətai rayonunda “Azərenerji”
Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq
“Əhmədli” yarımstansiyasının
açılışında iştirak edib.
“Əhmədli”
yarımstansiyası tamamilə yenidən qurulub, buradakı
transformatorlar yeniləri ilə əvəzlənib,
yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə
çatdırılıb. Yenidənqurma işləri
zamanı yarımstansiyanın idarəetmə binası da
inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami
rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini
fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
Prezident
İlham Əliyev “Əhmədli” yarımstansiyasını
işə salıb.
“Azərenerji”
Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev
dövlətimizin başçısına yarımstansiyada görülən
işlər barədə məlumat verib.
Bildirilib
ki, müasir avadanlıq və qurğuların
quraşdırılması yarımstansiyanın səmərəliliyini
və gücünü artırıb. Burada 3 köhnə
transformatorun daha yeni transformatorlarla əvəzlənməsi
yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240
mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma
işləri istehlakçıların enerji təchizatında
fasilə yaranmaması üçün xüsusi rejimdə -
onun fəaliyyəti dayandırılmadan həyata
keçirilib.
Ümumilikdə,
son iki ildə Prezident İlham Əliyevin
tapşırığı ilə elektrik stansiyaları ilə
yanaşı, ötürücü şəbəkədə
də geniş yenidənqurma, təmir və bərpa işləri
həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı
çərçivəsində bu dövrdə 1 ədəd
500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110
kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa
işləri həyata keçirilib.
Prezident
İlham Əliyev: Burada böyük yaşayış massivləri
yerləşir, bəs bu köhnə yarımstansiya
bütün bu obyektləri necə qidalandırırdı?
Baba
Rzayev: Bu, qidalandırmırdı.
Prezident
İlham Əliyev: Yəni, fasilələrlə verilirdi?
Baba
Rzayev: Bəli, çox pis idi, həmişə fasilə
buradan olurdu. “Əhmədli” bir nömrəli qəza mənbəyi
idi.
Prezident
İlham Əliyev: Əhmədlidə, Günəşlidə
qəzalar tez-tez olurdu. İndi qəzalar olmamalıdır.
Baba
Rzayev: İnşallah, heç bir qəza olmayacaq.
Prezident
İlham Əliyev: İstifadəyə verilən bu
yarımstansiya 300 min əhalini əhatə edəcək. Həmçinin
burada bir çox sənaye müəssisələri, ictimai
binalar var. Ona görə bu yarımstansiyanın çox
böyük əhəmiyyəti var.
Baba
Rzayev: Cənab Prezident, “Ağ Şəhər” böyük
bir layihədir. Orada 110 kilovoltluq 3 böyük yarımstansiya
var, onlardan ikisi buradan qidalanır.
Prezident
İlham Əliyev: Son illər ərzində energetika sahəsində
çox böyük işlər görülüb, həm
generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş
gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki
İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra
açılışını edəcəyik. Əslində,
bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik
stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz
buna görə bu gün enerji təminatı ilə
dayanıqlılıq əmsalına görə Azərbaycan
dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz
demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz
bir çox inkişaf etmiş ölkələri də
qabaqlamışıq və işlər davam edir. Mənim
rayonlara səfərlərim çərçivəsində də
yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə,
Ağcabədidə iki yarımstansiya
açılıbdır. İndi “Əhmədli”
yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”,
“Ağ şəhər”.
Baba
Rzayev: Cənab Prezident, Sizin birbaşa
tapşırığınızla son bir ildə ancaq
Abşeron regionunda 12 yarımstansiya, o cümlədən
“Görədil” işə salınıb.
Prezident
İlham Əliyev: Bizim bütün elektrik təsərrüfatımız
tamamilə yenilənməli və ən yüksək
müasir standartlara cavab verməlidir. Bir sıra layihələr
başa çatıb, ancaq hələ görüləsi
işlər çoxdur, onları da ardıcıllıqla icra
edəcəyik.
Baba
Rzayev: Çox sağ olun, cənab Prezident. Sizi əmin edirəm
ki, energetika sahəsinin inkişafı ilə bağlı
müəyyənləşdirdiyiniz strategiyanı,
qarşıya qoyduğunuz vəzifələri energetiklərimiz
uğurla yerinə yetirəcəklər. Sizə təşəkkür
edirik.
Cənab
Prezident, harada ki, ərazi imkan verir, 110, 220, 330 kilovoltluq
yarımstansiyaları ən müasir texnologiyalar əsasında
bu cür açıq paylayıcı qurğularla təmin
edirik. Ancaq “Böyükşor” yarımstansiyasını qapalı
“GİS”lə inşa etmişik. Özü də bu
yarımstansiyaların gücü 80 və 240 meqavoltamperdir.
***
Qeyd
edək ki, son illərdə Prezident İlham Əliyevin
tapşırıq və göstərişlərinə əsasən
ölkəmizdə elektrik enerjisi təsərrüfatının
yenidən qurulması, bu sahədə ən son innovativ həllərin
tətbiqi və nəticə etibarilə əhalinin fasiləsiz
elektrik enerjisi ilə təminatı istiqamətində
böyük işlər görülüb. Həyata
keçirilən işlərin tərkib hissəsi kimi
çox sayda mövcud yarımstansiya müasir səviyyədə
yenidən qurulub. Onlardan biri də 110/35/10 kV-luq “Əhmədli”
yarımstansiyasıdır.
Azərbaycan.-2020.- 12 iyun.- S.1-2.