Azərbaycanın və
Litvanın hüquq-mühafizə orqanları arasında səmərəli
hüquqi əməkdaşlıqdan məmnunluq
ifadə edilib
İyunun
11-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran
Əliyev Litva Respublikasının ölkəmizdəki səfiri
Eqidius Navikas ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş prokuror Kamran Əliyev ilk növbədə hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, yeni informasiya texnologiyalarının tətbiqinə əsaslanan qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan köklü kadr və struktur islahatlarının reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində aparılan tədbirlərdən danışan Baş prokuror Avropa İttifaqının Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdikləri tədbirləri alqışladığını və Litva Respublikasının hüquq-mühafizə orqanları ilə mövcud səmərəli ikitərəfli hüquqi əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Görüşdə 2009-2011-ci illərdə Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq İdarəsi ilə Azərbaycan Prokurorluğu arasında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək” layihəsini xatırladan Kamran Əliyev “Tvininq” layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını xüsusi vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Eqidius Navikas ikitərəfli münasibətlərə toxunaraq, təmsil etdiyi ölkənin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib. Diplomat ölkələrimizin prokurorluq orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini vurğulayıb.
Görüşdə
qarşılıqlı maraq kəsb edən məsələlər
müzakirə olunub, faydalı fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2020.- 12 iyun.- S.4.