Qurtuluşdan başlanan inkişaf və
yüksəliş
Müstəqil yaşamaq hər bir xalq üçün ən qiymətli nemətdir. Şükürlər olsun ki, bu nemətdən Azərbaycan xalqına da pay düşüb. Lakin bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan və dünyada özünə layiq yer tutan Azərbaycan bu müstəqilliyi heç də asan əldə etməyib. Hətta yenicə əldə edilmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Bir tərəfdən hərbi təcavüzə məruz qalan, digər tərəfdən hakimiyyət çəkişmələri ilə üzləşən Azərbaycan çox çətin sınaqlardan keçib.
Ulu
Öndər xilaskarlıq missiyasını uğurla yerinə yetirdi
Tarix sübut edir ki, hər bir xalqın davamlı və sabit inkişafını hansısa taleyüklü mərhələdə ona rəhbərlik edən müdrik lider müəyyənləşdirir. Ötən əsrdə xalqımızın yetirdiyi böyük şəxsiyyət - Ulu Öndər Heydər Əliyev də məhz belə liderlərdən olaraq Azərbaycanın demokratik tərəqqisi üçün zəruri inkişaf strategiyasını irəli sürmüş, bu kursun alternativsizliyini real addımlar, əməli nəticələrlə sübuta yetirmişdir.
1993-cü ildə son dərəcə ağır bir vaxtda xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev bu dəfə Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bəlkə də Ulu Öndər 1993-cü ilin iyununda ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlməyə razılıq verməsəydi, indi Azərbaycan ya parçalanmışdı, ya da yenidən əsarət altına düşmüşdü.
Tarixə qısa ekskurs etsək, 1990-cı ilin əvvəlindən başlayaraq ölkədə acınacaqlı durumun hansı ssenarilər üzrə davam etdiyinə bir daha şahidlik etmiş olarıq. Müstəqilliyimizin ilk illərində dövlət rəhbərliyinin başına keçən naşı və səriştəsiz rəhbərlərin "fəaliyyəti” həm dövlətin zəifləməsinə, həm də torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına şərait yaratdı. Xaos və özbaşınalıq hökm sürən ölkədə cinayətkarlıq baş alıb gedir, dövlət orqanları iflic vəziyyətə düşürdü. Qanunsuz hərbi birləşmələr kimsəni tanımır, torpaqların müdafiəsini taleyin ümidinə buraxır və heç kəsin qarşısında məsuliyyət daşımırdılar.
Bütün
bunlar acınacaqlı günlər keçirən xalqın səbir
kasasını doldurdu və 1993-cü ilin iyun ayında ölkə
ictimaiyyəti ayağa qalxaraq Heydər Əliyevi təkidlə
hakimiyyətə çağırdı. Belə
məqamda dahi rəhbər xalqın təkidli
tələbini geri çevirmədi və
bununla da Azərbaycanı böyük bəladan
qurtarmış oldu. İyunun
9-da Bakıya gələn dahi rəhbəri
xalq böyük ümid və sevinclə qarşıladı. Bununla da daxili
və xarici düşmənlərimizin bütün planları iflasa
uğradı. Xilaskarlıq missiyasını öz
üzərinə götürən Ümummilli
Liderin Gəncəyə səfəri
vətəndaş müharibəsinin qarşısını
aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu, Azərbaycanın müasir tarixində əsl müstəqil dövlət quruculuğunun başlanması tarixi kimi yaddaşlara yazıldı. Xalqın itirilmiş inamını özünə qaytaran Heydər Əliyev Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Ona görə də tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün hesab olunur.
İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövrünə çatdırdı
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı.
1993-cü illə bugünümüzü 27 illik zaman kəsiyi ayırır. 27 ildir ki, Azərbaycanın yüksəliş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu gün Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev bu siyasi kursa sadiq qalaraq müstəqil ölkəmizi inamla xoşbəxt gələcəyə doğru aparır.
Əgər Heydər Əliyev ölkəmizi parçalanmadan, məhv olma təhlükəsindən qurtararaq nicat yoluna çıxardısa, Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Bunu Heydər Əliyev hələ illər öncə görür və deyirdi: "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün Azərbaycan məhz dahi liderin görmək istədiyi bir ölkəyə çevrilib.
Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu isbatlayan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tam müstəqil siyasətlə Azərbaycan dünya düzənində söz sahibinə çevrilib. Ən əsası, yürütdüyü siyasətlə İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövrünə çatdırdı.
Cəmiyyətin avanqard qüvvəsi olan gənclər də bu siyasəti hər zaman dəstəkləyir və öz dövləti, lideri ətrafında sıx birləşərək Prezidentin ən böyük dəstəkçisi, onun siyasətinin davamçılarıdırlar. Biz gənclər əminik ki, Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt, parlaq gələcəyə qovuşacaq və bu yolda bir vətəndaş olaraq gənclər də hər zaman Prezidentin yanında olacaqlar. Çünki cənab İlham Əliyevin siyasəti ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinə, dövlətin dayanıqlı inkişafına yönəlib. Gənclərin ən böyük xoşbəxtliyi, ən dəyərli sərvəti məhz Azərbaycanın müstəqilliyi, sabitliyi və tərəqqisidir.
Məcburi köçkünlərin himayədarı
Son 17 ildə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində reallaşdırdığı bütün layihələr, apardığı mütərəqqi islahatlar cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Sosial sahədəki ən mühüm addımlardan biri də Ermənistanın işğalı nəticəsində doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın sosial və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 111 qəsəbə, şəhərcik və kompleks yaradılıb. Bunlardan 111-cisi mayın 28-də açılışı olan "Qobu Park-3” yaşayış kompleksidir. Həm bu kompleksin yaradılması, həm də açılış mərasimində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi məcburi köçkünlərə diqqət və qayğının növbəti ali təcəssümü oldu.
Dövlət qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür. İndiyədək 111 şəhərciyin salınması böyük uğurdur. Prezidentin də söylədiyi kimi, son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürsə də, Azərbaycanda məcburi köçkünlərlə bağlı olan heç bir layihədə yubanma yoxdur və heç bir proqram ixtisar edilməyib. Hətta ötən il məcburi köçkünlər üçün rekord sayda (5 minə yaxın) evlər-mənzillər tikilib. Bu il isə qarşıya qoyulan hədəf 7-8 min məcburi köçkün ailəsinin evlərlə, mənzillərlə təmin edilməsidir. "Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq” -deyə dövlət başçısı bildirib.
Dövlətimiz məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılması üçün də ciddi addımlar atır. Keçən il məcburi köçkünlərə verilən müavinətin həcmi 50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Bir sözlə, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır. Cənab Prezidentin açılış mərasimindəki çıxışı, məcburi köçkünlərə, qaçqınlara və xalqa olan müraciəti həm dövlət başçısının, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısının, diqqətinin təzahürüdür.
Bütün bunlar qaçqınların və məcburi köçkünlərin Azərbaycan Prezidentinin, Heydər Əliyev Fondunun daim xüsusi diqqət mərkəzində olduğunu aydın şəkildə nümayiş etdirir.
Bu
diqqət və qayğını daim öz üzərində
hiss edən məcburi köçkünlər cənab
İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində
tezliklə doğma yurda qayıdacaqları günün uzaqda
olmadığına əmindirlər.
Vasif HƏSƏNOV,
YAP Ağdam Rayon Təşkilatının
Gənclər
Birliyinin sədr
müavini
Azərbaycan.-2020.- 12 iyun.- S.6.