Koronavirusla mübarizədə Azərbaycan nümunəsi

 

Dövlət mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün lazımi tədbirlər görür

 

 

2020-ci il başlayandan bütün dünya COVID-19 adlı bəlayla mübarizəyə atılıb, qlobal pandemiyaya qarşı savaşır. Bu savaşda müxtəlif üsullara əl atılır, yeni "silahlar” - peyvənd və dərmanlar yaratmağa çoxsaylı cəhdlər edilir. Buna baxmayaraq, hələ də dünya koronavirusa uduzur. Bu kiçik mikroorqanizm insanları yoluxdurmağa, canlar almağa davam edir. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan dünyasını dəyişir. Heç bir ölkənin səhiyyə sistemi sayı artmaqda olan xəstələrin müalicəsini tam təşkil edə bilmir.

Azərbaycan isə bu gün dünyanı bürümüş pandemiyaya qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Tbbi baxımdan ən inkişaf etmiş ölkələrin belə bu xəstəliklə mübarizədə aciz qaldığı bir vaxtda Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Ölkəmiz bu çətin durumdan az itkilərlə çıxmaq üçün vaxtında qabaqlayıcı tədbirlər həyata keçirərək nümunəvi mübarizə ortaya qoyub. Azərbaycanın koronavirusla bağlı mübarizə metodları beynəlxalq aləmdə də təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri bir neçə dəfə yüksək qiymətləndirib, bu sahədə nümunəvi ölkə adlandırıb. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar, hətta insanlar üçün nümunə olub, böyük motivasiya rolunu oynayıb. Məhz bunların sayəsində koronavirusa qarşı uğurla mübarizə aparan ölkələr sırasında respublikamız faktiki olaraq ön sıradadır.

 

 

Adambaşına keçirilən testlərin sayına görə ölkəmiz qabaqcıl yerlərdədir

 

 

Azərbaycanda koronavirusla mübarizə sahəsində işlər yüksək səviyyədə təşkil olunub. COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsallı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxtregionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub, hər bir karantin zonasına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilib, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılıb. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilib.

 

Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Ölkədə testlərin aparılması üçün 20-dən çox laboratoriya fəaliyyət göstərir. Adambaşına keçirilən testlərin sayına görə ölkəmiz dünya miqyasında qabaqcıl yerlərdədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 10-na olan məlumatına görə, ötən müddət ərzində ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.

 

Azərbaycanda koronavirusa yoluxanlara yanaşma ən humanist yanaşmadır

 

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Bu xəstəlikdən ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilironlara lazımi xidmət göstərilir. İyunun 9-da üç modul tipli xəstəxananın açılışında çıxışı zaman Prezident İlham Əliyev bu məsələyə toxunarkən dünya praktikasını nümunə göstərərək bildirib ki, bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır: "Dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyubbütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir.

İnkişaf etmiş ölkələrlə digər müqayisəni də apara bilərəm. Məsələn, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.

 

Bütün işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı durur

 

Hazırda Azərbaycanda mövcud səhiyyə imkanları vəziyyəti nəzarət altında saxlamağa imkan verir. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb. Ümumilikdə isə son 16 il ərzində ölkəmizdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir edilib. Artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası öz qaydalarını diktə etdiyi üçün yeni xəstəxanaların tikintisi labüddür. Bu baxımdan dövlət başçısının tapşırığı ilə tikilən modul tipli xəstəxanalar koronavirusa qarşı mübarizədə böyük rol oynayacaq.

Azərbaycanda artıq yeni modul tipli 4 xəstəxana açılıb. İyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Yeni yaradılmış modul tipli xəstəxanaların hesabına əlavə iki min çarpayı əldə olunacaq ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da genişləndirəcək.

Eyni zamanda karantində qalan vətəndaşlar üçünxüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu hotellərdə, Atletlər Kəndində yerləşdirilir. Bu müddət ərzində minlərlə insan xaricdən təxliyə edilibproses qrafik üzrə davam etdirilir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlar xüsusi portaldan qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Bu da onu göstərir ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunublar.

Dövlət mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir. Çünki Azərbaycanda görülmüş bütün işlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb. Həyata keçirilən tədbirlərin məqsədi həm də kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdir. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Və görünən də odur ki, qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır.

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 12 iyun.- S.8.