Azərbaycanın və Türkiyənin birgə layihəsindən bütün Avrasiya faydalanacaq

 

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyənin Əskişəhər şəhərində 2018-ci il iyunun 12-də istifadəyə verilib. Bu, Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi ilə həyata keçirilmiş unikal bir layihədir.

Lakin TANAP təkcə iki ölkə və region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün mühüm əhəmiyyəti olan kəmərdir. Çünki Azərbaycan qazını Türkiyənin ərazisindən keçərək Avropaya TANAP çatdıracaq.

Avropanın bu qaza böyük ehtiyacı var. Ümumiyyətlə, bütün dünyada qaza tələbat ildən-ilə artır.

Müxtəlif neft regionlarında istismar olunan qaz yataqlarının ehtiyatları getdikcə azalır. Yeni yataqlar isə heçtez-tez kəşf olunmur. Bu baxımdan Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının ehtiyatları mühüm əhəmiyyət kəsb edir. Bu, 1,2 trilyon kubmetr mavi yanacaq sərvəti olan zəngin yataqdır. Buradan çıxarılan qazı Avropaya "Cənub qaz dəhlizi” nəql edəcək. TANAP 3500 kilometrlik bu möhtəşəm dəhlizin ən böyük hissəsidir.

TANAP Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədində Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) qəbul edir. CQBK "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisidir, uzunluğu Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometrdir. CQBK-nin yolunu Türkiyənin ərazisində 1850 kilometrdən çox məsafə boyu TANAP davam etdirir. TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən, habelə 67 rayonundan və 600 kəndindən keçir. Kəmərin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Xəttin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılır.

TANAP Türkiyə-Yunanıstan sərhədindəki Kipoi məntəqəsində TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Bir tərəfdən CQBK-yə, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı "Cənub qaz dəhlizi”nin "birləşdirici halqası”, yaxud "onurğa sütunuda adlandırırlar.

"Cənub qaz dəhlizi”nin TANAP-dan sonrakı 878 kilometrlik hissəsi TAP-ın payına düşür. Bu kəmərin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək, sonuncu 8 kilometri İtaliya ərazisində quruda yerləşəcək. Hazırda TAP-ın çəkilişi uğurla yekunlaşmaqdadır və cari ilin sonunadək bu boru xəttinin TANAP-la nəql olunan mavi yanacağı qəbul edəcəyi gözlənilir. Belə ki, keçən il noyabrın 30-da TANAP-ın çəkilişi tam yekunlaşıb və o, Avropa sərhədinə çataraq TAP-la qovuşub.

Xatırladaq ki, TANAP-ın çəkilişinə dair hökumətlərarası saziş 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və o vaxt Türkiyənin Baş Naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda kəmərin təməli qoyulub. 2018-ci ilin iyun ayında artıq istismara daxil olmuş boru xətti ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə başlanıb. Keçən il noyabrın sonunda isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaşa, 12 faizi BP şirkətinə məxsusdur.

 

TANAP-la Türkiyəyə bu il 4 milyard kubmetr və 2021-ci ildə 6 milyard kubmetr Azərbaycan təbii qazı çatdırılacaq. Hər il boru xəttinə ötürülən 16 milyard kubmetr qazın 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.

Cari ilin yanvar-aprel aylarında TANAP boru kəməri ilə Türkiyəyə 1,3 milyard kubmetr təbii qaz göndərilib. İstismara veriləndən cari il mayın 1-dək isə bu kəmərlə qardaş ölkəyə 5,1 milyard kubmetrdən çox qaz ixrac edilib.

TANAP möhkəm təmələ əsaslanan kəmərdir. Çünki yaranan böyük dəhlizin başlanğıcında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm layihələrin təcrübəsi dayanır. Kəmərin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli tədbirdə Prezident İlham Əliyevin dediyi kimi: "TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”.

İstər "Cənub qaz dəhlizi”, istərsə də onun ayrı-ayrı seqmentləri, o cümlədən TANAP möhkəm beynəlxalq əməkdaşlıq platforması üzərində inkişaf edən layihələrdir. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində bir daha vurğulamışdır: "TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, BosniyaHerseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu, bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür”.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 12 iyun.- S.1;9.