“Lenta.ru”:
Ermənistan koronavirusla savaşı uduzub
Rusiyanın "lenta.ru” saytında jurnalist Elen
Babayanın "Cəhənnəmə addımlayırıq”
sərlövhəli məqaləsi dərc edilib. Materialda
COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Ermənistanda
yaranmış cari vəziyyətdən bəhs edilir. AZƏRTAC həmin məqaləni təqdim edir.
Ermənistan
koronavirusla savaşı uduzub. Orada insanlar çipləşdirməyə
inanır və kütləvi şəkildə yoluxurlar
Ermənistanın COVID-19 koronavirus infeksiyası ilə
savaşı uduzmuş dövlətlər siyahısına
düşmək üçün hər cür şansı
var. Ölkədə xəstəliyin sürətlə
yayılması yenidən müşahidə olunur, ağır
vəziyyətdə olan pasiyentlərin faiz nisbəti kəskin
şəkildə artıb, səhiyyə sisteminin resursları
tükənməkdədir. Bununla bərabər,
hakimiyyət orqanları küçələrdə
maskasız halda yaxalanmış vətəndaşları
sosial şəbəkələrdə qınamaqla kifayətlənirlər.
Vətəndaşlar isə utanmağa tələsmir,
çünki epidemiyanın lap əvvəlindən heç kəs
epidemioloji təhlükəsizlik qaydalarına riayət
olunmasına nəzarət etmirdi. Üstəlik,
çoxları COVID-19 barəsində rəsmi KİV və
hörmətli ictimai xadimlər tərəfindən yayılan
konspiroloji nəzəriyyələrə inanır. Bəs necə olur ki, Ermənistanı epidemiyanın
ikinci dalğası bürüyüb və bu dalğa
respublika əhalisinə necə təhdid edir?
Gözlənilməyən
yerdən dəyən zərbə
Ermənistanın
baş naziri Nikol Paşinyan ötən çərşənbə
günü "Facebook” şəbəkəsinin birbaşa
efirinə çıxıb və vətəndaşları təzə
xəbərlə təşvişə salıb - ölkədə
"epidemioloji fəlakət” yaranıb, baş nazir
özü və onun bütün ailəsi COVID-19-a yoluxub, sadəcə
bu yoluxma simptomsuz olub. Ölkədə vəziyyət, həqiqətən,
pisləşib: bütün dünyada məhdudiyyətlər
götürülür, koronavirus epidemiyasının
azalması qeydə alınır, Ermənistanda isə xəstələrin
sayı üçqat artıb.
Ermənistanda COVID-19-dan qeydə alınmış
ölüm hallarının 70 faizi son üç həftəyə
təsadüf edir. Bu müddətdə xəstəliyin
sürətlə artması müşahidə olunur.
Mayın 20-də ölkədə rəsmən təsdiq
edilmiş xəstəlik hallarının sayı 5606 olduğu
halda, iyunun 10-da xəstələrin sayı artıq 14103 olub. Ölüm
hallarının sayı da kəskin artıb. Ölkədə epidemiya dövründə qeydə
alınmış 227 ölüm halından 160-ı bu dövrə
düşüb. Həmin dövrdə daha
67 nəfər koronavirusa yoluxmuş olsa da, onlar "başqa səbəblər
üzündən” ölmüş hesab edilir. Koronaviruslu xəstələri öldürən
"başqa səbəblər” nədir və bu səbəblər
üzündən ölənlərin sayı nəyə
görə bu qədər çoxdur - bunu heç kəs izah
etmir.
Lakin belə güman etməyə əsas var ki, real vəziyyət
qat-qat pisdir. Məsələn, iyunun 1-də həkimlər 1249 nəfərdən
analiz götürüblər, onlardan təqribən
yarısının analizi müsbət nəticə verib.
Bununla belə, sutka ərzində aparılan
testlərin sayı iki mini aşmır - resurslar
çatışmır. Fəlakətin
real miqyasını hakimiyyət orqanları da qismən etiraf
edirlər. Paşinyan özü iyunun 7-də
bəzi "analitik məlumatlar” dərc edib, həmin məlumatlara
görə o anda Ermənistanda yoluxmuş şəxslərin
sayı 100 min olub. Sonradan baş nazir bu
postunu redaktə edib və həmin rəqəmləri
götürüb.
Hakimiyyət orqanları vəziyyətin pisləşməsində
dərhal vətəndaşları təqsirləndiriblər -
Paşinyan göstərir ki, xalq, xüsusən Yerevanda təhlükəsizlik
tədbirlərinə kütləvi şəkildə
etinasızlıq göstərir. Baş nazir qaydaları
pozanlara qarşı elə həmin "Facebook”un köməyi
ilə mübarizə aparır, vaxtaşırı
küçələrdə sosial məsafəni və evdən
kənarda maskasız olmaq barədə qadağanı pozan
insanların fotoşəkillərini dərc edir. O, sosial
şəbəkənin digər istifadəçilərini də
bu "kütləvi epidemiya əleyhinə hərəkata”
qoşulmağa çağırır.
Hakimiyyət orqanları hələlik heç bir
başqa tədbir tətbiq etməyə hazırlaşmır. Paşinyan
artıq eyhamla bildirib ki, hüquq mühafizə orqanları
epidemiyaya qarşı mübarizə aparmayacaqlar,
çünki bu məsələni həll edə biləcək
"güc strukturu yoxdur”.
Baş
nazir Nikol Paşinyan xəstəliyin kəskin artması barədə
fikrini belə ifadə edib: "Biz böhran nöqtəsinə
çatmışıq. İndi cəhənnəmə
addımlayırıq”.
Baş nazirin sosial şəbəkədə
paylaşdığı fotoşəkillərdə, həqiqətən,
epidemiya dövründə elementar davranış qaydalarına
riayət etməyən insanların kütləvi şəkildə
toplaşması görünür. Maska və əlcək
yoxdur, olanda da çənənin altına düşüb və
ya burnu örtmür. İnsanlar qrup şəklində
toplaşır, növbədə dayanır, məsafə
gözləmir və ilaxır. Bu şəkillərə
əsasən, onların epidemiyanın pik dövrünü
yaşayan ölkədə çəkildiyini demək
mümkün deyil. Lakin burada təzə
bir şey yoxdur - heç kəs, o cümlədən baş
nazir özü də əvvəldən təhlükəsizlik
qaydalarına riayət etmirdi.
Konspiroloqlar
epidemiyanın müttəfiqləridir
Ermənistanda fövqəladə vəziyyət rejiminin
tətbiq edildiyi bütün müddətdə (martın
16-dan bəri) həyat bir dəqiqə belə sakitləşməyib
və faktiki olaraq İsveç ssenarisi üzrə davam edib,
lakin skandinavlılara xas olan şüurluluq və təmkin
müşahidə olunmayıb. Ermənilər
mümkün qədər çox sayda həmvətənlərini
yoluxdurmaq üçün əlindən gələni edirlər.
"Facebook”un Ermənistan seqmentində artıq
iki aydır ki, yayılan foto və videolarda heç bir karantin
əlaməti görünmür.
İş burasındadır ki, xalq kütlələrinin
çox hissəsi bu virusa qeyri-ciddi yanaşır. Bunun da azı
iki səbəbi var. Birinci səbəb - "bəlkə də
sovuşdu” düşüncəsi və qonşusunun həyatına
laqeyd münasibətdir. İkinci səbəb
koronavirus təhlükəsini süni şəkildə azaldan
və ya ümumiyyətlə, inkar edən populyar konspiroloji nəzəriyyələrdir.
Ermənilərin əsas götürdüyü
cəfəng fikirlər sırasına saxta elmi və gülməli
dərəcədə ağlasığmaz nəzəriyyələr
palitrası daxildir.
Bəziləri əmindir ki, COVID-19 təhlükəlilik
dərəcəsinə görə adi soyuqdəymə ilə
müqayisə oluna bilər. Savad dərəcəsi
daha aşağı olanlar əmindirlər ki, bu virusu Bill Geyts
və ya dünya miqyaslı sui-qəsdçilər qrupu fikirləşib
ki, məcburi vaksinləşdirmə bəhanəsi ilə
çipləşdirmənin köməyi ilə bütün
bəşəriyyət kölə vəziyyətinə
salınsın. Belə bir absurd fərziyyənin pərəstişkarları
da tapılır ki, epidemiyanın səbəbi 5G
vışkası olub, lakin Ermənistanda bu cür
vışkalar olmadığına görə virus da yoxdur.
Bill Geyts
bəşəriyyətin kütləvi şəkildə
çipləşdirilməsi məqsədilə dünya
miqyaslı sui-qəsd nəzəriyyələri barədə
deyib: "Mən heç vaxt mikroçiplərə oxşar
şeylərlə məşğul olmamışam. Bunu təkzib etmək çox çətindir,
çünki bu, çox cəfəng və qəribə
fikirdir”.
Yaxın vaxtlarda qohumlarını dəfn etmiş
tanışlarının həyatında baş vermiş
halları təsvir edən adamları ayrıca qeyd etmək
lazımdır. Guya, həkimlər bu adamların
yanına gəlir və bir-iki yüz dollar təklif edirlər
ki, onlar mərhumun COVID-19-dan ölmüş kimi qeydə
alınmasına razılıq versinlər. Bu cür uydurmalar peyvəndin əleyhinə olanlar
arasında çox populyardır. Onlar hesab
edirlər ki, hamını məcburi şəkildə peyvənd
etmək üçün hakimiyyət orqanlarına xəstəlik
və ölüm göstəricilərini süni şəkildə
artırmaq lazımdır. Bu insanların təfəkküründə
peyvəndlər nə isə pis bir xəstəliyə qəsdən
yoluxdurmağa xidmət edir, sonsuzluğa səbəb olur,
"erməni genini” öldürür, məhv edir və
korlayır.
Bu cür
mühakimə şəhər dəliləri
üçün səciyyəvidir, lakin Ermənistanda belələri
o qədər çoxdur ki, onların səsi KİV-ə
çatır, Səhiyyə Nazirliyi isə tamamilə
aşkar olan belə cəfəngiyyata münasibət bildirməyə
və onu təkzib etməyə məcburdur. Başqa
sözlə desək, digər ölkələrdə
müzakirə edilməsi qəbahət sayılan məsələlər
Ermənistanda daim gündəlikdədir.
Ən kədərlisi odur ki, bəzi hallarda koronavirus
haqqında dezinformasiyanı həkimlər özləri
yayırlar. Onlar bunu şüurlu surətdə, yoxsa peşə
yararsızlığı nəticəsində edirlər - məlum
deyil. Məsələn, Yerevan
Ağsaqqallar Şurasının keçmiş üzvü, həkim
təhsili almış Marine Xaçatryan deyir ki, koronavirus
çox uzaq məqsədlər üçün
yaradılmış bioloji silahdır.
Marine
Xaçatryan SARS CoV-2-nin laboratoriyada yaradılması barədə
dəfələrlə təkzib olunmuş nəzəriyyəni
şərh edərək deyir: "Bizə qarşı bioloji
silah tətbiq edə bilərlər. Bu virusun maraqlı tərkibi
var: o, dörd elementdən, xalq arasında QİÇS virusu
adı ilə məşhur olan virus parçasından ibarətdir.
Yəni bu virusun dörd parçası çox
ehtimal ki, laboratoriya şəraitində kəsilib
götürülüb”.
Dezinformasiya təkcə ayrı-ayrı insanlar tərəfindən
deyil, bütöv təşkilatlar və KİV tərəfindən
də yayılır. Məsələn, ABŞ Dövlət
Departamenti xətti ilə ayrılmış qrant vəsaiti
hesabına açılmış "Medmedia.am” saytı ətrafında
bu günlərdə qalmaqal yaranıb. Həkim
Gevork Qriqoryanın idarə etdiyi bu sayt sözün hərfi mənasında
yuxarıda sadalanan bütün sui-qəsd nəzəriyyələrinin
- həm statistikanın şişirdilməsi, həm də qərəzli
peyvəndlər barədə uydurmaların yayılması
üzrə ixtisaslaşır.
Bundan əlavə,
Qriqoryan həm də "COVID-19 Ermənistan: faktlar toplayan
qrup” təşəbbüsünün həmtəsisçisidir
və artıq "ekspertlər” təsisatı vasitəsilə
öz nəzəriyyələrini kütlələr
arasında yayır. Nəticədə bu məlumatlar
minlərlə insana çatdırılır və sosial
şəbəkələrdə yüz minlərlə
baxış toplayır. Beləliklə,
kütləvi məsuliyyətsizlik və konspiroloji nəzəriyyələrə
inam koronavirusun yayılması üçün ən
münbit şərait yaradır. İnsanlar
ölümcül təhlükəli xəstəliyə
qarşı mübarizəyə qoşulmaqdan sadəcə
imtina edir və hər kəs bunu etməmək
üçün bir bəhanə tapır.
Ermənistan əhalisinin təhsilinin aşağı səviyyədə
olması da özünü göstərir - bu ölkədə,
ümumiyyətlə, virusu bakteriyadan, bakteriyanı göbələkdən
fərqləndirə bilənlər azdır, həkimə
müraciət etmək də çox populyar məşğələ
deyil.
Əksər
hallarda nəticə eyni olur - xəstələr xalq tərəfindən
yoxlanılmış resept üzrə hərəkət edirlər:
hər hansı xəstəliyin hər hansı əlamətləri
yarandıqda antibiotik içirlər. Ermənistanda
artıq iki ildir ki, antibiotiklərin sərbəst
satışı qadağan edilib, amma reallıqda bu qadağa
işləmir. İnsanlar həbləri qəbul
edir, amma bilmirlər ki, antibiotiklər koronavirusun müalicəsinə
kömək etmir. Onlar
sağaldıqlarını güman edərək küçəyə
çıxırlar.
İtirilmiş
imkanlar
Əgər konspiroloqların təhlükəli fəaliyyətinin
qarşısı vaxtında alınsaydı, bəlkə də
onlar özlərini daha təvazökar aparardılar, amma belə
olmadı.
Martın 1-də, Ermənistanda ilk yoluxma halı aşkar edilən
gün ölkənin ən populyar "Facebook”-blogeri olan
Paşinyan birbaşa efirdə epidemiyanı ələ salaraq
soruşurdu: "Ümumiyyətlə, bu koronavirus kimin itidir?”
Bundan iki gün əvvəl Ermənistan Səhiyyə
Nazirliyinin rəhbəri Arsen Torosyan sosial şəbəkədə
iddia edirdi ki, virus o qədər təhlükəli deyil ki, ona
görə ciddi tədbirlər elan edilsin. Həmin vaxt
ÜST COVID-19-un yayılmasını beynəlxalq miqyaslı
fövqəladə vəziyyət kimi tanımışdı,
pandemiyanın və beynəlxalq əhəmiyyətli fövqəladə
vəziyyətin elan edilməsinə 2 həftə
qalırdı.
ÜST ilk dəfə beynəlxalq əhəmiyyətli
fövqəladə vəziyyəti 2002-2003-cü illərdə
qeyri-tipik SARS Cov pnevmoniyası dövründə elan
etmişdi.
Son 10 ildə belə rejim cəmi bir neçə dəfə
"donuz qripi” A(H1N1) epidemiyası, poliomielit, "Ebola”
qızdırması, Zik virusu və SARS Cov-2 koronavirusu ilə əlaqədar
tətbiq edilib.
Virus ilk real problem oldu ki, Paşinyan komandası onu əvvəlki
hakimiyyət orqanlarının üzərinə yıxa bilmədi. Epidemiyanı
lazımınca maliyyələşdirilməyən və
lazımınca inkişaf etməmiş səhiyyə sisteminin
bütün imkanlarını səfərbər etməsi ilə
izah etmək cəhdləri uğursuz oldu. Onda
hakimiyyət orqanları başqa yol seçdilər.
Onlar əvvəlcə koronavirusun təhlükəli
olmasını əlaqələndirilmiş şəkildə
inkar etdilər və hər şeyi zarafata salmağa
çalışdılar. O vaxt ölkədə yuxarıdan
idarə edilən mühüm siyasi proseslər gedirdi. Məsələn,
Konstitusiya Məhkəməsinin tərkibinin dəyişməsinə
koronavirus mane ola bildi. Beləliklə,
Səhiyyə Nazirliyinin rəhbəri Torosyan ÜST-ün rəsmi
məlumatına birbaşa zidd olan bəyanatlar verməkdə
davam edirdi. Məsələn, aprelin 14-də
o, bir daha təkrar etdi ki, koronavirus çox təhlükəli
infeksiya deyil, çünki "elə infeksiyalar məlumdur
ki, onlardan ölüm halları təqribən 50 faiz təşkil
edir”.
İyunun
10-u üçün olan rəsmi məlumatlara görə,
dünyada COVID-19-dan ölüm hallarının orta sayı 5,6 faiz təşkil edir. Bu
göstərici ölkələrdən asılı olaraq fərqlənir.
Məsələn, İtaliyada o, 14,4 faizdən
yüksəkdir, Rusiyada 1,2 faiz həddindədir.
Torosyan həm sözdə, həm də əməli
işdə fərqləndi. Mayın 7-də onun
günün günorta çağında naməlum adamlarla
bir kafedə şəklini çəkdilər - onların
üzündə maska və ya hər hansı aşkar
görünən qoruyucu vasitələr yox idi. Təbii
ki, Səhiyyə Nazirliyinin rəhbərinə etirazlar
bildirildi, idarənin mətbuat katibi bu etirazlara o qədər də
gizlədilməyən əsəbiliklə cavab verdi.
"Biz
şadıq ki, siz nazirin bütün hərəkətlərini
izləyirsiniz, əgər siz son 3 ayda 24/7 rejimində
görülən işləri də belə ruh yüksəkliyi
ilə izləsəydiniz, pis olmazdı”, - sözlərini yazan
mətbuat katibi daha sonra əlavə etmişdi ki, Torosyan bu
fotoşəkildə öz müavinləri ilə birlikdədir,
yəni o, vaxtını boş yerə sərf etmir. Nəyə
görə Səhiyyə Nazirliyinin başçısı
pandemiyanın şiddətli vaxtında fərdi qoruyucu vasitələrdən
istifadə etmir, ətrafdakılara pis nümunə göstərir
və ümumiyyətlə, təhlükənin
sovuşduğuna görə deyil, çarəsizlikdən
açılmış kafelərə nə üçün
gedir, - mətbuat katibi bunları izah etməyib.
Baş nazir özü də vətəndaşlara pis
nümunə göstərirdi. Məsələn,
translyasiyaların birində o deyirdi ki, koronavirusa simptomsuz
yoluxmaq "təbii peyvənd” kimidir və özü də
belə xəstələnmək istərdi. May ayının axırlarında ixtiyar sahibləri və
Paşinyan Qarabağda təntənəli şam yeməyində
görünmüşdü. Onlar
pandemiyanın şiddətli vaxtında pozulması
mümkün olan bütün qaydaları pozurdular. Yeri gəlmişkən, orada ofisiantlar vardı - Ermənistanın
baş naziri özünün yoluxmasının mümkün səbəbi
kimi bu peşənin nümayəndələrini göstərmişdi.
Uğursuz lokdaun
Təəccüblü deyil ki, Ermənistanda mart ayında elan edilmiş ikihəftəlik sərt karantin və hələ də saxlanılan digər məhdudiyyətlər heç bir fayda vermədi, yalnız iqtisadiyyata zərbə vurdu. Karantin rejimini pozanlara qarşı hər hansı ciddi sanksiyalar tətbiq edilmirdi, pozuntuların miqyası isə o qədər böyük idi ki, əgər polis hər bir məsuliyyətsiz vətəndaşdan cavab tələb etsəydi, ölkə əhalisinin yarısını saxlamaq lazım gələrdi.
Ermənistanda COVID-19 testlərinin 30-40 faizi müsbət
nəticə verir.
Paşinyanın milli fəlakət haqqında şivənçi
bəyanatlarından sonra polis tam fəaliyyətsizlik vəziyyətindən
kəskin şəkildə çıxdı və digər
ifrat mövqe tutdu. İndi 4-5 nəfərlik naryadlar
küçələrdə insanları saxlayır, onların
qollarını burur, yerə yıxır, onlar
qışqırmağa başlayana qədər boğurlar.
Təəssüf ki, onlar ABŞ-ı irqi
müharibə həddinə çatdırmış
amerikalı həmkarlarının kədərli təcrübəsini
nəzərə almırlar.
Sadə amerikalılar kimi ermənilər də təkcə
polis özbaşınalığına görə
çaşıb qalmayıblar. Ölkədə məhdudiyyətlər
tətbiq etmək üçün elə ilk cəhd zamanı
sosial və iqtisadi vəziyyətdən narazı insanların
lokal etirazları başladı. Çox zəif
vəziyyətdə olan Ermənistan iqtisadiyyatı ikinci
lokdauna davam gətirəcəkmi - bu, çox böyük
sualdır.
Hakimiyyət
orqanları xalqı, xalq isə hakimiyyət orqanlarını
təqsirləndirir, lakin vəziyyət dəyişmir. Hər
iki tərəf təqsirkardır və tərəflərin
heç biri nəinki səhvlərini düzəltmək,
heç olmasa onları etiraf etmək istəmir. Digər tərəfdən,
hər gün koronavirus testlərinin 30-40 faizi müsbət nəticə
verir. Bu rəqəmlər yoluxanların sayının
çox yüksək olmasına və deməli səhiyyə
sisteminin tezliklə iflasa uğrayacağına və bunlardan
heç də az kədərli olmayan başqa nəticələrə
dəlalət edir.
Azərbaycan.-2020.- 12 iyun.- S.10.