XİN: Ermənistanın Azərbaycanın
işğal olunmuş
ərazilərinin ilhaq edilməsinə cəhd
göstərən siyasəti uğursuzluğa
məhkumdur
Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsi Ermənistan tərəfindən Azərbaycanın
işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən
üçüncü magistral yolun tikintisi ilə bağlı
açıqlama yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan açıqlamada deyilir: “Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Ermənistanın bu addımı təcavüzkar ölkənin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdərək, həmçinin bu ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsi, qanunsuz məskunlaşdırmanın davam etdirilməsi, təbii sərvətlərin talan edilməsi, istismarı və daşınmasının həyata keçirilməsinə xidmət edə bilər.
Xarici İşlər Nazirliyinin hələ 2016-cı ildə hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı, eləcə də 2019-cu ildə Azərbaycan XİN və “Azərkosmos” ASC tərəfindən hazırlanmış və Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz fəaliyyətinin peykdən çəkilmiş təsvirlərini əks etdirən hesabatlarda işğalçı ölkənin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti təsdiq edən kifayət qədər dəlillər göstərilib. Bu dəlillər Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınmasının həyata keçirildiyini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də təbii sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistanın nəqliyyat məntəqəsi rolunu oynadığını üzə çıxarır. Beləliklə də, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə üçüncü magistral yolu çəkməsinin başlıca səbəbi işğalçı ölkənin məhz qeyri-qanuni fəaliyyətini davam etdirərək işğalı möhkəmləndirmək və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək niyyətini aşkar şəkildə göstərir.
Ermənistanın qanunsuz əməlləri onun öz beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin, həmçinin 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Məlumdur ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasəti ilə bağlı birmənalı mövqeyini başda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olmaqla, bu günədək qəbul olunmuş çoxsaylı qərar və sənədlərdə əks etdirib. Eyni zamanda, Ermənistanın işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyətini pisləyən, habelə işğal nəticəsində yaranmış vəziyyətin saxlanılması üçün iqtisadi fəaliyyət də daxil olmaqla hər hansı yardım göstərilməsindən çəkinməyə çağıran qətnamə və bəyanatlar İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən qəbul olunub. Ermənistanın qanunsuz fəaliyyətinə münasibətdə Avropa Parlamentinin üzvləri tərəfindən birgə bəyanatın qəbul olunması isə işğalçı ölkəyə ünvanlanmış konkret çağırış kimi dəyərləndirilməlidir.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı həllinə nail olmağın yeganə yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır.
Azərbaycana qarşı törədilən
təcavüz siyasətinin, Azərbaycan ərazilərinin hərbi
işğalda saxlanılması və bu ərazilərdə etnik
təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının
pozulmasının, eləcə də bu torpaqlarda həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətin
tam məsuliyyəti Ermənistanın
üzərindədir. İşğalçı ölkə bu əməllərinin cavabını gec-tez verəcəkdir”.
Azərbaycan.-2020.- 12 iyun.- S.11.