Azərbaycan koronavirusla
mübarizədə nümunəvi ölkələrdəndir
Prezident İlham Əliyev: "Biz
həm ölkə daxilində, həm beynəlxalq müstəvidə
düzgün, ləyaqətli siyasət
aparırıq”
Sərhəd tanımayaraq bütün planetimizə yayılan yeni növ koronavirus, (COVID-19) hazırda bəşəriyyətin üzləşdiyi ən böyük problem olmaqda davam edir.
Artıq yarım ildir ki, dünya ölkələri müxtəlif üsullarla bu xəstəliklə mübarizə aparmağa çalışır. Qlobal problemə çevrilmiş koronavirus infeksiyasının yayılmasına qarşı bütün dövlətlər tərəfindən intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri hələ də nəticə vermir. Ən inkişaf etmiş ölkələr belə, bu virusla mübarizədə acizdirlər, gündə yüzlərlə insanın həyatı sona yetir.
Azərbaycanda koronavirusla bağlı vəziyyətin pisləşməməsi üçün hökumət tərəfindən bütün imkanlar səfərbər edilib. Dövlətin güclü potensialı bu infeksiya ilə mübarizəyə yönəlib, lazımi tədbirlər həyata keçirilir. Pandemiya ilə mübarizə çərçivəsində ölkədə səhiyyə, sosial, iqtisadi və s. sahələrdə müxtəlif istiqamətlərdə işlər görülür. Sevindiricidir ki, dünyanı sarsıdan COVID-19-a qarşı mübarizə tədbirlərinin effektivliyi ilə seçilən nümunəvi ölkələr sırasında respublikamızın da adı çəkilir. Azərbaycan öz xalqının sağlamlığını düşünərək virusun yayılmasının qarşısını almaq üçün dərhal qabaqlayıcı, çevik tədbirlər həyata keçirən azsaylı və ilk dövlətlərdəndir. Koronavirusun ölkədə geniş vüsət almasına imkan verməmək, onun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün hələ yanvar ayından dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı, Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı.
Prezident İlham Əliyev tərəfindən vaxtında qəbul edilən düzgün qərarlar nəticəsində ölkəmiz pandemiyadan minimum itkilərlə çıxa bilir. Azərbaycan vətəndaşlarından dövlət başçısına hər gün daxil olan yüzlərlə məktubda ölkəmizdə pandemiya dövründə görülmüş işlərə yüksək qiymət verilir, atılan bütün addımlar dəstəklənir. Vətəndaşlar bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır, görülmüş tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır.
Koronavirusla
Mübarizəyə Dəstək Fonduna könüllü ianə
həmrəylik nümunəsidir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də Azərbaycan koronavirusa qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilir. Ölkəmiz pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Belə ki, martın əvvəlində təşkilatın mütəxəssisləri Azərbaycana dəvət olundu. 9-13 mart tarixlərdə təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə vəziyyətlə tanış olaraq görülmüş işlərə müsbət qiymət verdi.
Koronavirus
pandemiyasına qarşı mübarizədə həm ölkə
daxilində, həm də dünyada öz fəal rolunu oynayan
Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək
Ümumdünya Səhiyyə Təşkilatına
könüllü maliyyə yardımı ayırdı. Mart
ayının 13-də Azərbaycan tərəfindən ÜST-ün strateji
hazırlıq və cavab planı çərçivəsində
COVID-19 müraciəti Fonduna könüllü maliyyə
yardımının ayrılmasını nəzərdə tutan donor sazişi
imzalandı.
Dövlət
başçısının təşəbbüsü ilə
Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis
edildi və ilkin olaraq Prezidentin Ehtiyat Fondundan bura 20 milyon manat
vəsait ayrıldı. Bu gün artıq sahibkarlar
və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ
110 milyon manatı ötüb.
Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı
şəxslərin, sahibkarların və təşkilatların
fonda könüllü
ianəsi həm də böyük rəmzi
məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan
həmrəyliyin nümunəsidir. İyunun
9-da üç modul tipli xəstəxananın
açılışında çıxışı zaman Prezident İlham Əliyev Koronavirusla
Mübarizəyə Dəstək Fonduna bu qədər məbləğin
yığılmasını xalqımızın çətin
dövrdə birləşə, həmrəylik və birlik göstərə bilməsi kimi qiymətləndirib: "Ona
görə mən özəl sektorun bu işlərdə fəal rolunu
dəstəkləyirəm. Eyni zamanda, ictimai təşkilatlar,
ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai
təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti
aşağı olan insanlara
humanitar yardım da
göstərmişlər və bu proses davam edir.
Amma hər kəs bilir
ki, bu mübarizədə,
əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə
düşür. Azərbaycan dövləti
əlindən gələni edir ki, biz bu
vəziyyətdən az itkilərlə
çıxa bilək”.
"Dünya birliyi vahid mövqedən çıxış etməlidir”
Pandemiya dövründə ölkəmiz beynəlxalq arenada, iqtisadi, sosial sahədə özünü güclü dövlət kimi göstərdi. O da vurğulanmalıdır ki, Azərbaycan beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşünü təşkil etməklə dünyanı birləşdirdi. Azərbaycan BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdü, bu təşəbbüs Qoşulmama Hərəkatının üzvləri tərəfindən yekdilliklə dəstəkləndi. Ölkə rəhbəri bu mövzuya toxunarkən bildirdi ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir: "Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar. İndi biz ikitərəfli və çoxtərəfli formatda məsləhətləşmələr aparırıq və əgər bu təklif qəbul olunarsa, onda, bax, dediyim kimi, bir daha Azərbaycanın təşəbbüsü ilə dünya birliyi birləşib bu məsələ ilə bağlı öz sözünü deyəcək.
Çünki burada əsas məsələ özünə qapanmamaqdır. Biz yaxşı xatırlayırıq ki, pandemiyanın ilkin dövründə bəzi ölkələr özlərinə qapandılar. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir”.
Azərbaycan COVID-19-la mübarizə məqsədilə fərdi qaydada 14 ölkəyə, ÜST xətti ilə Quşulmama Hərəkatına üzv 15 ölkəyə, ümumilikdə 29 ölkəyə humanitar yardım göstərib. Bu da onu deməyə əsas verir ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bu da bizim həmrəylik və əməkdaşlığa sadiqliyimizə dəlalət edir.
"Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır”, - deyə dövlət başçısı əlavə edib.
Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə təkcə insanlar deyil, dövlətlər də bir olmağa, birlikdə mübarizə aparmağa borcludurlar. Ölkələr bir-birinə yardım edərsə, bu bəladan uzaqlaşmaq və yaxud onun qarşısını almaq mümkündür. COVID-19-a yalnız qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə qalib gəlmək olar. Çünki hazırkı çətin vəziyyətdə dünyanın həmrəyliyə və əməkdaşlığa ciddi ehtiyacı var.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 13 iyun.- S.1;5.