Azərbaycanın növbəti diplomatik uğuru

 

Avropa Parlamentində Ermənistanın işğalçı siyasəti etiraf olunur

 

Bu gün Azərbaycanın öz potensial və imkanlarına görə Cənubi Qafqazın lider dövləti olması dünyanın bütün siyasi-iqtisadi mərkəzlərinin birmənalı olaraq qəbul etdiyi tarixi reallıqdır.

Bu reallıq həm də rəsmi Bakının tək regional deyil, həm də qlobal səviyyədə gedən müzakirələrdə söz sahibi kimi çıxış etməsini şərtləndirir.

Enerji təhlükəsizliyi, nəqliyyat layihələrinin həyata keçirilməsi, dünyada sülhə nail olunması kimi məsələlərdə Azərbaycanın nümayiş etdirdiyi aydın və konkret mövqe, etibarlı tərəfdaş olması və nəhayət, pandemiyaya qarşı mübarizədə qlobal fəallığı ölkəmizin beynəlxalq münasibətlərdəki möhkəm yerinigüclü rolunu müəyyən edən faktorlardır. Digər tərəfdən İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın həm region, həm Avropa İttifaqı ölkələri ilə əlaqələri daha da genişlənib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu zəmində ölkəmizin beynəlxalq mövqeləri baxımından yeni zəmin formalaşıb.

Təbii ki, bütün bunlar Ermənistanla aparılan sülh danışıqlarında, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Azərbaycanın üstün mövqeyinin təmin olunmasına xidmət edən mühüm siyasi uğurlar kimi də çıxış edir.

Bu siyasətin nəticəsidir ki, Ermənistanın yalan iddiaları daha əvvəlki kimi ayaq tutub yerimirgüclü Azərbaycan bu gün əsl həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırır. Məhz Azərbaycanın güclənən mövqeləri nəticəsində Ermənistanın baş naziri N.Paşinyanın hakimiyyətə gəldikdən sonra bir-birinə zidd, eləcə də danışıqlar prosesinin mahiyyətinə uyğun olmayan bəyanatlarına qarşı beynəlxalq təşkilatlar tərəfindən sərt reaksiya verilir. Məsələn, Ermənistan tərəfinin danışıqlar prosesinin formatının dəyişdirilməsi, Dağlıq Qarabağdakı separatçı rejimin müzakirələrə cəlb edilməsi barədə tələbləri ilk gündən beynəlxalq səviyyədə dəstəklənmədi. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr formatın dəyişdirilməsi barədə təklifi yaxına belə buraxmadılar. Avropa İttifaqı rəsmiləri də formatın dəyişdirilməsinə etiraz etdilər. Nəticədə işğalçı rejim əvvəlki formatda danışıqlar masasına qayıtmaq məcburiyyətində qaldı.

Bu gün siyasi baxımdan danışıqlarda üstünlük Azərbaycanın tərəfindəndir. Eləcə də Azərbaycan Ordusu son dövrlərdə öz mövqelərini strateji baxımdan da xeyli gücləndirib. Aprel döyüşlərindən sonra ordumuz əlverişli mövqelərə sahib olub. Naxçıvandakı Günnüt zəfərindən sonra ordumuz Yerevan-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti təmin edib.

Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycanın hər sahədə üstünlüyünü artırmasından narahatçılıq keçirməsi sirr deyil. Elə işğal olunmuş Dağlıq Qarabağdan Azərbaycanın digər işğal altında olan rayonlarından keçməklə Ermənistana yeni avtomobil yolunun çəkilməsi də bu narahatçılığın göstəricisidir. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında deyilir ki, respublikamızın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir.

Bu məsələdə ən mühümü odur ki, artıq Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi işlərə bəraət qazandıra və hüquqi don geyindirə bilmir. Yolun çəkilişi ilə bağlı Avropa Parlamenti təmsilçilərinin sərt etirazlarını bildirmələri bunu təsdiq edir. Belə ki, bu günlərdə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir: "Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırırıq”.

Bu bəyanat bir çox həqiqətlərə yenidən işıq saldı. Belə ki, bir daha aydın olur ki, Avropa institutları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. - Bəyanatda "Dağlıq Qarabağın və ətraf rayonların işğalı” ifadəsi işlədilir. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir. Eyni zamanda sənəd Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini göstərir, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır.

Beləliklə, Avropa təsisatları, beynəlxalq ictimaiyyət artıq işğal faktını görür və həm də əmindirlər ki, Ermənistan infrastrukturu dəyişdirməyə cəhd göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın nəticələrini qanuniləşdirmək istəyir. Ən əsası bu bəyanat göstərdi ki, beynəlxalq təşkilatlar artıq erməni yalanlarını qəbul etmək istəmirlər.

Başqa bir reallıq da odur ki, sülh danışıqları nəticəsiz qalarsa və hərbi əməliyyatlar yenidən başlayarsa heç bir magistral yoldan istifadə etmək Ermənistana müyəssər olmayacaq. Çünki Azərbaycanın hərbi qüdrəti işğalçı qüvvələrin istifadəsində olan istənilən infrastrukturu dərhal məhv etmək imkanındadır. Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı bəyanatında deyilir: "Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 13 iyun.- S.1;7.