Bütün
sosial proqramlar icra olunmuşdur
İyunun 12-də Milli Məclisin növbədənkənar
sessiyasının növbəti plenar iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Sahibə
Qafarova bildirdi ki, bir neçə gündən sonra
xalqımız tariximizə qızıl hərflərlə
yazılmış 15 İyun Milli Qurtuluş Gününü
qeyd edəcək. Bu, bizim üçün sadəcə təqvim
bayramı deyil. Onun ictimai, siyasi və
tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın
müasir tarixinin dönüş nöqtəsidir,
xalqımızın, Azərbaycan dövlətçiliyinin
sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil
dövlətçiliyimizin banisi Ulu Öndər Heydər
Əliyevdir.
Spiker qeyd etdi ki, müstəqilliyin ilk illərində
dövlətimizin üzləşdiyi təhdidlərin,
xalqımızın yaşadığı faciələrin bu
gün bu zalda əyləşən bir çoxları
canlı şahidi olublar. Həmin dövrdə müşahidə
olunan siyasi xaos və anarxiya, dərin iqtisadi tənəzzül,
separatizm meyilləri yenicə əldə olunmuş müstəqilliyimizi
itirmək təhlükəsi yaratmışdı.
Belə bir zamanda xalqımızın dəstəyi,
etimadı və tələbi ilə ölkəmizdə
hakimiyyətə gələn Heydər Əliyevin yüksək
səriştəsi, liderlik bacarığı, zəngin
dövlətçilik təcrübəsi Azərbaycanı
siyasi təlatümlərdən, beynəlxalq təcriddən
xilas etdi. Ölkəmizdə hökm sürən
özbaşınalıq aradan qaldırıldı və
ictimai-siyasi sabitlik təmin olundu. Qısa
müddət ərzində Ümummilli Liderin rəhbərliyi
ilə köklü islahatlar başlandı, dövlətçiliyin
əsasları yaradıldı.
Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları
formalaşdırıldı, azərbaycançılıq məfkurəsi
dövlət ideologiyası kimi qəbul edildi. Demokratik
inkişaf, insan hüquqları ilə bağlı çox
ciddi islahatlara start verildi. Azərbaycan
müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət
kimi inkişaf etməyə başladı. Heydər
Əliyev Azərbaycanın müstəqilliyinin əbədi,
sarsılmaz və dönməz xarakter almasına nail oldu.
Parlamentin Sədri daha sonra belə bir fikri
vurğuladı ki, 15 iyunun bizim üçün müstəsna
əhəmiyyəti həm də onunla əlaqədardır
ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada -
Milli Məclisdə yazılmağa başlanmışdır. Ulu Öndərin
parlamentə rəhbərlik etməsi Azərbaycan parlamentarizm
tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta
qədər siyasi çaxnaşmaların, marginal qrupların
mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər
Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə,
Azərbaycanın gələcək inkişaf yolunun müəyyən
olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər
məhz parlamentin 1993-cü il iyunun 15-də
keçirilən iclasındakı
çıxışında Azərbaycan dövlətçiliyinin
gələcək inkişaf strategiyasını elan etdi və
sonrakı illərdə onu həyata keçirdi.
Spiker
çıxışında dedi ki, xalqımız haqlı
olaraq ölkəmizin bugünkü uğurlarını,
sabitlik və firavanlığı məhz Heydər Əliyevin
tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir.
Ölkəmizin inkişafı ilə
bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən
müəyyən edilmişdir. Çox
sevindirici haldır ki, Qurtuluşdan başlanan tarixi yol bu
gün də uğurla davam etdirilir. Ölkəmizin
bugünkü yüksək inkişafı və tərəqqisi
Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə
istinad edir. Möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən çoxşaxəli siyasət sayəsində
Azərbaycan Respublikası inkişaf edir, dövlət
quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər
əldə edilir. Cənubi Qafqaz regionunun
lider dövləti olan Azərbaycan müasir beynəlxalq
münasibətlər sistemində də etibarlı tərəfdaş
kimi tanınır. Bu gün tam əminliklə
deyə bilərik ki, Heydər Əliyevin şah əsəri
olan müstəqil Azərbaycan ən yüksək zirvələri
fəth edir.
Sonra parlamentin iclas zalında Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsinin 15
iyun Milli Qurtuluş Günü ilə əlaqədar
hazırladığı video-material nümayiş olundu.
Tədbirdə
çıxış edən komitə sədrləri Sadiq
Qurbanov, Musa Quliyev, Zahid Oruc, Səməd Seyidov, deputatlardan
Elşən Musayev, Ramil Həsən, Tural Gəncəliyev,
Azay Quliyev, Ceyhun Məmmədov, İlham Məmmədov, Cavid
Osmanov, Fəzail Ağamalı qarşıdan gələn 15
iyun Milli Qurtuluş Günü ilə əlaqədar fikirlərini
bölüşdülər, bu günün milli tariximizdəki
rolunu və əhəmiyyətini xüsusi
vurğuladılar, seçiciləri maraqlandıran məsələlərdən
söhbət açdılar. Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov və Dağlıq
Qarabağın Azərbaycanlı İcmasının rəhbəri,
deputat Tural Gəncəliyev Avropa Parlamentinin Ermənistanın
Dağlıq Qarabağa üçüncü yol çəkməsi
əleyhinə verdiyi bəyanatı Azərbaycan
diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı
kimi dəyərləndirdilər. Sonra gündəlikdəki
məsələlərin müzakirəsinə başlandı.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki,
gündəliyə 7 məsələ daxil edilmişdir.
"Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim
edən Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarliq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, layihənin
birinci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı
sənəd barədə ətraflı məlumat
verilmişdir. Müzakirələr zamanı 17
deputat çıxış etmiş, qeyd və təkliflərini
vermiş, bir sıra məsələlərə maliyyə
naziri Samir Şərifov tərəfindən aydınlıq gətirilmişdir.
Komitə
sədri bildirdi ki, 2019-cu il Azərbaycanda ən
sürətli, əhatəli islahatlar ili kimi yadda
qalmışdır. Aparılan iqtisadi islahatlar
sürətli və inklüziv iqtisadi inkişafla nəticələnmişdir.
2019-cu ilin dövlət büdcəsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müəyyən etdiyi strateji inkişaf prioritetləri və
sosial-iqtisadi siyasət istiqamətləri ilə
uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin
icmal və dövlət büdcələrinin əsas parametrlərinə
ehtimal olunan təsirləri nəzərə alınmaqla icra
olunmuşdur.
Bütün sosial proqramlar və xüsusilə
də iki böyük sosial paket icra olunmuş, nəzərdə
tutulan hədəflərə nail olunmuşdur.
Dövlət və icmal büdcələrinin gəlirləri
proqnozla nəzərdə tutulduğundan artıq, xərcləri
isə təsdiq edilmiş büdcə ayırmaları həddini
aşmadan icra olunmuşdur. Xərclərin az
icrası heç bir sosial layihənin prioritet xərclərinin
ixtisar olunmaması təqdirəlayiq haldır. Dövlət
büdcəsinin kəsiri proqnoza nisbətən qat-qat az
olmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi
isə cəmi 0,3 faiz olmuşdur. 2019-cu ilin dövlət büdcəsinin icrası
Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf
kursunun ardıcıl surətdə davam etdirilməsində
öz müsbət rolunu oynamışdır.
Müzakirələr
zamanı çıxış edən Milli Məclis Sədrinin
birinci müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə
sədrləri Bəxtiyar Əliyev, Zahid Oruc, Siyavuş
Novruzov, deputatlar Jalə Əliyeva, Erkin Qədirli, Məlahət
İbrahimqızı, Fazil Mustafa, Emin Hacıyev, Malik Həsənov,
Razi Nurullayev, İltizam Yusifov, Əziz Ələkbərov, Səttar
Möhbalıyev, Sevinc Fətəliyeva, Elman Məmmədov,
Rauf Əliyev 2019-cu ilin dövlət büdcəsinin
icrasını yüksək qiymətləndirdilər, qeyd və
təkliflərini verdilər.
Müzakirələrdən sonra "Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə
qoyularaq qəbul edildi.
Sonra Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Əminə Ağazadə "Məhkəmə-Hüquq
Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsinə təklif olunan dəyişiklikləri
ikinci oxunuşda diqqətə çatdırdı. Bildirildi ki, layihə barədə birinci oxunuşda ətraflı
məlumat verilib. Bu dəyişiklik ədalət
mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin
artırılması sahəsində görülən tədbirlər
çərçivəsində məhkəmələrin fəaliyyətinin
monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini
daşıyır. Qanun layihəsi ətrafında
müzakirələr zamanı komitə sədrləri Musa
Quliyev, Siyavuş Novruzov və deputat Qüdrət Həsənquliyevin
fikirləri dinlənildikdən sonra layihə səsə
qoyularaq ikinci oxunuşda qəbul edildi.
Cinayət-Prosessual Məcəllədə dəyişiklik
edilməsi haqqında qanun layihəsi də ikinci oxunuşda təqdim
olundu. Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki,
bu dəyişikliklər ölkə Prezidentinin "Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi
haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır.
Belə ki, ədalət mühakiməsinin əlçatanlığını
və şəffaflığını daha da artırmaq məqsədilə
məcəlləyə bir sıra dəyişikliklər təklif
olunur. Bu dəyişikliklər "Elektron
məhkəmə” informasiya sisteminin tətbiqini, müasir
informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən
istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin
videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən
yeni maddələrin əlavə edilməsini, həmçinin
bu sahədə müasir informasiya vasitələrinin tətbiqini
nəzərdə tutur.
Müzakirələr
zamanı çıxış edən komitə sədrləri
Bəxtiyar Əliyev, Hicran Hüseynova, Zahid Oruc, deputatlardan
Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, Erkin Qədirli, Kamal Cəfərov,
Arzu Nağıyev qanun layihəsi barədə öz fikirlərini
açıqladılar, təklif olunan dəyişiklikləri
məqsədəmüvafiq hesab etdilər. Sonra
layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Naxçıvan Muxtar Respublikasının Babək
rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında qanun layihəsi barədə məlumatı
Regional məsələlər komitəsinin sədri Siyavuş
Novruzov çatdırdı. Bildirdi ki, layihəyə
əsasən Muxtar Respublikanın Babək qəsəbəsinə
şəhər statusunun verilməsi, Cəhri və Nehrəm
kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə
tutulub. Ümummilli Lider Heydər
Əliyevin qurduğu müstəqil Azərbaycan Prezident
İlham Əliyevin rəhbərliyi altında günbəgün
inkişaf edir. Həm iqtisadi islahatlar, həm
sosial problemlərin həll olunması regionların da
inkişafında özünü büruzə verir. Son
illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri
həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar,
sənaye müəssisələri, park və xiyabanlar
salınıb. Rayonun Cəhri və Nehrəm kəndlərinə
göstərilən dövlət qayğısı nəticəsində
əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi
inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşmış,
yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər
iki kənd müasir tipli qəsəbəyə
çevrilmişdir. Siyavuş Novruzov
Naxçıvanın bu yaşayış məntəqələrinin
əhalisinin tarixən göstərdikləri qəhrəmanlıqlar,
onların dövlətçiliyimizə sadiqliyi, Ümummilli
Lider Heydər Əliyevə verdiyi dəstək barədə
fikirlərini və xatirələrini bölüşdü.
Qanun layihəsi barədə deputat Fəzail
Ağamalının fikirləri dinlənildikdən sonra layihə
səsə qoyularaq təsdiqləndi.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Yerin təki haqqında” və "Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdilər. Bildirildi ki, təklif olunan bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edildi.
Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Bildirdi ki, bu dəyişikliklər tikinti sahəsində səlahiyyətləri həyata keçirən qurumların dəqiqləşdirilməsi üçün hazırlanmışdır. Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev də fikirlərini bildirdi.
Sonra sənəd səsə qoyularaq qəbul edildi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcəkdir. Məsələ barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da fikirlərini bildirdi, layihəni yüksək qiymətləndirdi.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasın gündəliyindəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclis Sədrinin müavini Adil Əliyev, komitə sədri Sadiq Qurbanov, deputatlar Fazil Mustafa, Tahir Kərimli, Əli Məsimli, Qüdrət Həsənquliyev, Aqil Abbas cari məsələlər barədə fikirlərini bildirdilər, 15 İyun Milli Qurtuluş Günü münasibətilə ürək sözlərini dedilər.
İclasa yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova bir daha 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırdı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizə bundan sonra da yeni-yeni uğurlar arzuladı.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Azərbaycan.-2020.-
13 iyun.- S.1-2.