Könüllü qanvermə

 

 

Mərhəmət, xeyirxahlıq duyğuları qəlbdən gəlir və insanın fitrətən onda mövcud olan mənəvi keyfiyyətlərinin əyani təzahürü kimi çıxış edir. Başqalarına həyat bəxş etmək və ya həyat üçün zəruri yardımı, dəstəyi göstərmək isə mənəvi yetkinliyin ən dolğun təcəssümüdür.

Qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə geniş vüsət alan könüllü qanvermə aksiyası da cəmiyyətdə könüllü əsasda mərhəmət göstərməyin, xeyirxah əmələ imza atmağın gündəlik həyatın üstün prinsiplərinə çevrilməsinə səbəb oldu.

Hər gün insanlar istər fərd, istər qrup şəklində könüllü olaraq, böyük həvəslə qanvermə aksiyalarına qoşulurlar. Onların sırasında dövlət qurumları da diqqəti cəlb edir. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyibu nəcib aksiyaya öz töhfəsini verdi. Nazirliyin əməkdaşları Milli HemotologiyaTransfiziologiya Mərkəzinə yollanaraq burada könüllü olaraq qan veriblər. Əvvəlcə donorlar olaraq onların sağlamlıq vəziyyəti müəyyən edilibsonra qan götürülüb. Toplanan qan ehtiyatı laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.

Əməkdaşlar könüllü olaraq qanvermə aksiyasına qoşulduqlarına, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək məqsədi daşıyan bu aksiyanın iştirakçısı olduqlarına görə məmnundurlar.

Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük fəaliyyətinin ümummilli hərəkat kimi daha geniş miqyas almasına imkan verib. Hər bir sahədə könüllülərin sayının artmasının şahidi oluruq. Bu həm də cəmiyyətimizin yüksək mənəvi-əxlaqi keyfiyyətlərin daşıyıcı olduğunu bir daha təsdiq edir.

Könüllülük hərəkatının genişlənməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiöz sözünü deyir: Nazirliyin tabeliyindəki DOST Agentliyində "Gənc DOST”, "Gümüşü DOST” və "Virtual DOST” altproqramları icra olunur. İndiyədək yüzlərlə şəxs bu proqramların iştirakçısı olaraq DOST mərkəzlərində dövlət sosial xidmətlərinin "bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verir. Eyni zamanda pandemiya dövründə yaşlı vətəndaşlara evlərində sosial xidmətlərin təşkilində DOST könüllülərinin xüsusi fəallığının şahidi oluruq.

Bu gün könüllü qanvermə aksiyası könüllülükdə daha bir xeyirxahlıq nümunəsini ortaya qoyur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi bu istiqamətdə də öz dəstəyini göstərir.

Sosial sahədə ölkədə böyük islahatları reallaşdıran qurumun əməkdaşları qanvermə aksiyasında da yaxından iştirak etdilər. Onlar bildirirlər ki, talassemiyalı və hemofiliyalı xəstələrə yardım etmək, belə xəstələr üçün qan ehtiyatını artırmaq çox vacibdir. Bu vacib işlərdə bundan sonra da həmişə ön cərgədə olacaqlar.

 

İ.ƏLİYEVA

Azərbaycan.-2020.- 13 iyun.- S.6.