Məzun günü - Təhsil naziri “Son zəng”i çaldı

 

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng” təşkil edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, virtual "Son zəng”də bütün bölgələrin məzunları virtual himn oxuyublar. Eyni zamanda, son 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər "Azərbaycanım” mahnısını ifa ediblər. Virtual "Son zəng”, "Mədəniyyət”, "ARB 24” və "REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsi üzərindən, həmçinin İctimai televiziyanın efirindən yayımlanıb.

Builki "Son zəng” ötən illərdən fərqli olaraq Təhsil naziri Ceyhun Bayramov tərəfindən çalınıb.

Məzunları təbrik edən Təhsil naziri deyib: "Bu ilin məzun günü çox fərqli oldu, arzuladığımız kimi qeyd edə bilmədik. Bu, məyusedicidir, lakin pandemiyanın gətirdiyi reallıqdır.

Bizim üçün sizin sağlamlığınız ən önəmlidir. Cari tədris ilinin ikinci yarımilindən şagirdlərimiz doğma məktəblərindən, müəllimlərindən, müəllimlərimiz isə şagirdlərindən ayrı düşdülər. Bilirik ki, məktəb hər bir müəllim və şagird üçün ikinci evi qədər doğmadır. Müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss olunmadı”.

Ceyhun Bayramov vurğulayıb ki, pandemiya dövründə müəllimlər evdən virtual dərslər keçməklə şagirdlərinin yanında oldular, onların təhsili naminə çalışdılar.

Bu dövrün valideynlər üçün də sınaq olduğunu deyən nazir virtual tədris prosesində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 min 852, XI siniflərini 80 min 646 şagird bitirib. Tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107 min 911 nəfər başa vurub.

Xatırladaq ki, Nazirlər Kabinetinin Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması barədə qərarlarına əsasən martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırılıb. Eyni zamanda, təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirə salınmadan yeni təşəbbüslər reallaşdırılıb. İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslər təşkil olunub. Teledərslər Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı və "ARB Günəş” kanalında yayımlanıb. Ümumi təhsil müəssisələrinin şagirdləri üçün martın 11-dən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat TV dərslər yayımlanıb, təhsilin əhatəliyi və əlçatanlığı təmin olunub, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edib. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi "Facebook” səhifəsində, "YouTube” kanalında yerləşdirilib ki, bu da şagirdlər üçün əlavə imkanlar yaradıb. Tədris ilinin sonunadək 2124 teledərs təqdim edilib.

Təhsil sahəsində görülən işlərin davamı olaraq yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verilib. Bir milyondan çox müəllim və şagird "Virtual məktəb” platformasında qeydiyyatdan keçib.

Təhsilalanlara daha geniş təlim imkanlarının yaradılması, müəllimlərə təlimlərin verilməsi və mentor dəstəyinin göstərilməsi məqsədilə "onlayn siniflər”in fəaliyyəti təşkil edilib. 1000-dən çox müəllim distant təhsil mövzusunda onlayn təlimlərə cəlb olunub.

Xüsusi vurğulamaq lazımdır ki, pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESCO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

Təhsil Nazirliyi pandemiya dövründə məktəbəqədər təhsilin davamlılığı ilə bağlı tədbirlərin həyata keçirilməsinə nail olub. Belə ki, nazirliyin Təhsil İnstitutu tərəfindən həyata keçirilən "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Oynayırıq və öyrənirik” adlı teledərslər təqdim olunub. Ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupuna 6212 nəfər 3-4 yaşlı uşaq cəlb edilib.

Təhsil Nazirliyi məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli təşkilinə də nail ola bilib. Bu istiqamətdə məktəbdənkənar təhsil sahəsində bir sıra uğurlu təşəbbüslər həyata keçirilib. Aprelin 1-dən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq onlayn dərslər keçirilib. Onlayn dərslərdə indiyədək 27 idman növü və 103 dərnək üzrə 15 min nəfərdən artıq qrup və dərnək üzvü, 1200-dən çox müəllim iştirak edib.

Pandemiyanın təsirlərinin azaldılması istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra sosial-psixoloji fəaliyyət də həyata keçirilib. Evdə qalan şagird və müəllimlərə, eləcə də vətəndaşlara mənəvi-psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi tərəfindən aprelin 6-dan 146-3 "Qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Xidmətin təşkili üçün təcrübəli məktəb psixoloqları işə cəlb olunub.

Cari tədris ilinin yekunlaşdırılması Təhsil Nazirliyi üçün mühüm bir mərhələ oldu. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi yanında İctimai Şura, mütəxəssislərlə çoxsaylı müzakirələr aparılıb. Nəticədə ümumi təhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydaları ilə bağlı mühüm qərarlar qəbul edilib.

 

Azərbaycan.-2020.- 13 iyun.- S.7.