“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc
Liderlər Proqramının rəsmi
açılışı olub
İyunun 12-də Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının videokonfrans formatında rəsmi açılış mərasimi oldu.
Gənclər
və İdman Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, açılışda Gənclər
və İdman naziri Azad Rəhimov və nazir müavini
İntiqam Babayev iştirak ediblər.
İyunun
12-də Azərbaycan Respublikasının Gənclər və
İdman naziri Azad Rəhimov Gənclər və İdman
Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə
layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik”
Gənc Liderlər Proqramının qalib
iştirakçıları ilə görüşüb,
onlara gələcəyin liderləri olaraq bu məktəbi
yüksək səviyyədə bitirməyi arzu edib.
Ümummilli
lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin
50 illiyi münasibətilə 2019-cu ildən keçirilən
proqramın əsas məqsədi gənclərdə müstəqil
dövlətçilik ənənələrinə hörmət
və sədaqət hissinin gücləndirilməsi ilə
onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait
yaratmaqdır.
Nazir Azad Rəhimov bildirib ki, bu proqram gənclər üçün bir növ qeyri-formal təhsil platformasıdır: “Sizi 2-3 ay ərzində maraqlı görüşlər, təlimlər və vebinarlar gözləyir. Sanitar-epidemioloji vəziyyət normallaşdıqca ünsiyyətimizin canlı rejimə keçirilməsi nəzərdə tutulub. Hazırda davam etməkdə olan COVID-19 pandemiyası qarşımıza yeni vəzifə və çağırışlar qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və ardıcıl siyasəti, ilk növbədə, əhalinin sağlamlığının qorunmasına yönəldilib. Qısa müddət ərzində atılmış addımlar – xüsusi fondun yaradılması, Bakıda və regionlarda karantin üçün yerlərin ayrılması, modul tipli xəstəxanaların tikilməsi, tibbi ləvazimatların istehsalının təmin edilməsi xüsusilə qeyd olunmalıdır”.
Qeyd edək ki, proqrama 40-dan artıq şəhər və rayondan 350-dən çox gənc müraciət edib. Hər bir iddiaçının anketi diqqətlə öyrənildikdən sonra ilkin seçim nəticəsində 171 gənclə onlayn formada müsahibə aparılıb. Ümumilikdə, 110 gənc iştirakçı kimi seçilib. İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünyagörüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komandada işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib. İyun-sentyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxslərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub. Sentyabr-oktyabr aylarında iştirakçılar komandalarda layihə və təkliflər hazırlayacaqlar. Təkliflərin aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulur.
Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Naxçıvan Muxtar Respublikasına səfər planlaşdırılır. İştirakçıların hər birinə məzun diplomlarının təqdim edilməsi nəzərdə tutulub. Ötən il həyata keçirilmiş proqram çərçivəsində gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Müdafiə naziri Zakir Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev ilə görüşlər keçiriblər.
Proqram Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci
illərdə” Dövlət Proqramı əsasında
reallaşdırılır.
Azərbaycan $g 2020.- 13 iyun.- S.7.