Qurtuluşun zəfərləri

 

 

Tarix insanı yaşadır. İnsan da öz ağlı, fəaliyyəti, qabiliyyəti ilə tarixi ucaldır, yaşadığı dövrü şöhrətləndirir, əbədiləşdirir. Ümummilli Lider Heydər Əliyev tarix yaradan, həm də tarixi əbədiləşdirən bir şəxsiyyətdir. Məhz buna görə də XX əsrin 60-cı illərindən XXI əsrin əvvəllərinə kimi olan dövr Heydər Əliyev epoxası kimi tarixə düşmüşdür.

15 iyun 1993-cü il tarixini Qurtuluş günü kimi qeyd etdiyimiz anlarda biz keçmişi - Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illəri daha çox xatırlamalı oluruq. Bu, inkarolunmaz bir həqiqətdir ki, Azərbaycan xalqının qurtuluş salnaməsi, ölkəni müstəqil dövlət quruculuğunainkişafa aparan yol, əslində, 1969-cu ildən - Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlamış, məhz o dövrdə milli özünüdərkin, milli özünəqayıdışın möhkəm bünövrəsi qoyulmuşdur. O illərdə də azərbaycançılıq, milli şüurun yüksəlişi, milli özünüifadə, milli mənəvi dəyərlərə sadiqlik Heydər Əliyev idarəetmə fəlsəfəsinin ideya-siyasi istiqamətlərini təşkil etməklə xalqın, ölkənin inkişafına, tanıdılmasına, özünü təsdiq etməsinə yönəldilmiş və əbədi dəyər qazanmışdır.

İttifaqda ən geri qalan bir respublika Heydər Əliyevin bacarığı, təşkilatçılığı, vətənpərvərliyi sayəsində ətalətdən, gerilikdən qurtuldu, insanların fəallığı, təşəbbüskarlığı, işə münasibəti yüksəldildi, iqtisadiyyatda, mənəviyyatda hökm sürən böhran, saxtakarlıq, məsuliyyətsizlik aradan qaldırıldı.

Ölkə iqtisadiyyatı, xüsusilə kənd təsərrüfatı inkişaf etdirildi, yeni sənaye müəssisələri işə düşdü, qısa müddət ərzində elektronika, cihazqayırma, elektrotexnika kimi mütərəqqi, elmi tutumlu sahələr yaradıldı. Yeni zavodların, fabriklərin təməli qoyuldu, hərbi məktəb açıldı, hətta azərbaycanlılardan kosmonavt hazırlamaq vəzifəsi, ölkədə təyyarə istehsal etmək məsələsi gündəmə gətirildi.

Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə SSRİ miqyasında ilk dəfə dünya Astronavtika Konqresi məhz Bakıda keçirilmişdir. Bu konqresin 2022-ci ildə yenidən paytaxtımızda keçirilməsi nəzərdə tutulur. Konqresə 50 ildən sonra yenidən evsahibliyi etməyimiz Ulu Öndərin o dövrdəki xidmətlərinin və uzaqgörənliyinin bəhrəsi kimi qiymətlidir.

O illərdə bütün sahələrdə dönüş yaradıldı. Yeni məktəblər, mədəniyyət, tibb ocaqları tikilib istifadəyə verildi.

Kadr hazırlığı sahəsində böyük tədbirlər həyata keçirildi. Mühüm xidmət sahələrində azərbaycanlıların yerləşdirilməsi təmin edildi, insanlara sosial qayğı artırıldı, mədəni-kütləvi tədbirlərin sayı çoxaldıldı, insanlar əməyinə, işinə görə qiymətləndirildi, mükafatlandırıldı.

O dövrdə Heydər Əliyev Azərbaycan torpaqlarının hissə-hissə Ermənistanın ərazilərinə qatılmasının qarşısını aldı.

Məgər bunlar qurtuluş, inkişaf, tərəqqi deyildimi?

İqtisadiyyatı çökmüş, böyük problemlər içərisində olan bir respublikanı təkcə ittifaq miqyasında deyil, beynəlxalq aləmdə tanıtdırmağı, irimiqyaslı quruculuq, tikinti-abadlıq işləri görməyi, ictimai-siyasi, mədəni həyatda köklü dəyişikliklər etməyi, xalqın güzəranını yaxşılaşdırmağı, ilk növbədə, Azərbaycanın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyada təbliğ etməyi, sevdirməyi yalnız Heydər Əliyev kimi müdrik, uzaqgörən bir lider bacara bilərdi.

Ulu Öndər xalqın rifahı naminə əlindən gələni əsirgəmədi, qurdu-yaratdı və insanların böyük hörmətini, ehtiramını qazandı, hələ sağ ikən milyonların qəlbində özünün ölməz, yenilməz abidəsini ucaltdı.

Qurtuluş günümüz - Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gətirilməsi məhz həmin məhəbbətdən, etimaddan qaynaqlandı. Azərbaycan xalqı 1993-cü ilin çətin, dəhşətli iyun günlərində özünün xilaskarı hesab etdiyi Heydər Əliyevə üz tutdu, ümidini, inamını, ölkənin nicatını, gələcəyini onun simasında, qətiyyətində, sədaqətində, məhəbbətində, uzaqgörənliyində, vətənpərvərliyində gördü. Çünki xalq öz oğluna - onun qeyri-adi rəhbərlik metoduna, təşkilatçılığına, prinsipiallığına, zəkasına, fenomen yaddaşına, geniş dünyagörüşünə, vətənə, xalqa məhəbbətinə inanırdı. Bu yüksək insani, rəhbər keyfiyyətləri insanlar görmüşdü, hiss etmişdi, dəyərləndirmişdi.

Yenicə müstəqilliyini qazanmış Azərbaycan 1990-cı ilin əvvəlində çıxılmaz vəziyyətdə idi. Ölkədə xaos, hərc-mərclik, özbaşınalıq hökm sürürdü, dövlət quruculuğu məhv edilmişdi, silahlı qruplaşmalar arasındakı çəkişmələr, qarşıdurmalar hər gün torpaqların itirilməsinə, vəziyyətin gərginləşməsinə, iqtisadi-siyasi böhranın dərinləşməsinə, cəbhədə itkilərin artmasına, ölkənin dağılmasına imkan yaradırdı, siyasi vəziyyət vətəndaş müharibəsinə, qardaş qırğınına, dövlətçiliyin məhvinə, insanların ölkəni tərk etməsinə, zorakılığa, yeni cinayətlərə yollar açırdı.

Belə ağır vəziyyətdə xalq bəlalardan, fəlakətlərdən qurtuluş - nicat yolunu məhz Heydər Əliyevdə gördüo, xalqın təkidi, tələbi ilə hakimiyyətə gələrək Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalının qarşısı alındı, ilk növbədə, ölkədə ictimai-siyasi sabitlik yaradıldı, silahlı birləşmələr ləğv edildi, iqtisadiyyat dirçəldildi, beynəlxalq əlaqələr möhkəmləndi, dövlət quruculuğu qaydaya salındı, həyat nizama düşdü.

Müstəqillik, dövlətçilik, azərbaycançılıq məfkurəsinə sadiq olan, demokratiya, ədalət, bərabərlik, milli tərəqqi prinsiplərinə böyük önəm verən, bəşəri dəyərləri həyatının mənası hesab edən Heydər Əliyev dünyada sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarı və təbliğatçısı idi. O, dünya azərbaycanlılarının birliyinin təmin olunması, azərbaycançılıq ideologiyasının geniş yayılması və mənimsənilməsi uğrunda ömrünün son anına kimi mübarizə apardı.

1994-cü ilin sentyabrında imzalanan "Əsrin müqaviləsi” Heydər Əliyev uzaqgörənliyinin dünya əhəmiyyətli uğuru hesab olunmaqla Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi və gələcək mühüm neft-qaz layihələrinin həyata keçirilməsi, beynəlxalq əhəmiyyətli müqavilələrin bağlanması üçün bir təməldir, istiqamətdir.

Heydər Əliyev elmin, təhsilin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafına böyük önəm verirdi. Xalq-hakimiyyət münasibətləri, vətəndaş-dövlət əlaqələri təkmilləşdirilir, qarşılıqlı etimad şəraiti yaradılırdı. Onun böyük səyləri, qətiyyəti nəticəsində az bir zamanda nizamsız silahlı dəstələrdən ibarət olan Azərbaycan Ordusu yenidən təşkil edildi, maddi-texniki bazası formalaşdırıldı, hərbi-hazırlıq səviyyəsi yüksəldildi, orduda möhkəm nizam-intizam yaradıldı. Bu, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, atəşkəsin təmin edilməsində və bugünkü uğurlarımızda böyük əhəmiyyətə malikdir. Ordumuzun güclənməsi, iqtisadiyyatın dirçəlməsi beynəlxalq birlik tərəfindən səsimizin eşidilməsini təmin etdi. İndi bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanı demokratik, inkişaf edən bir ölkə kimi tanıyır, münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həlli modelini dəstəkləyir.

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi, müəllifi olduğu milli inkişaf strategiyasını yaratmaqla gələcəyimiz üçün yollar açdı, hərtərəfli inkişafımızın uzunömürlülüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı, azərbaycançılıq ideologiyasını bütün dünyaya yaydı və yaşatdı.

Dilimizin, dinimizin, mədəniyyətimizin, tariximizin qorunub möhkəmləndirilməsində Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycanlı olması ilə daim fəxr edən, qürur duyan bu insan həyatını xalqına, vətəninə bəxş etdiyi, xalqdan dəstək aldığı üçün özünü xoşbəxt sayır, yenilməz hesab edirdeyirdi: "İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir, arzularını yaşadır, amallarını əməli işə çevirir, yeni, böyük hədəflərə yol açır, mühüm islahatlar, dövlət proqramları, əhəmiyyətli layihələr həyata keçirir.

Bəli, Heydər Əliyevin arzuladığı kimi Azərbaycan inkişaf edir, çiçəklənir, uğurlar qazanır. Ulu rəhbərin ruhu sevinir, rahatlanır.

Prezidentin səyləri sayəsində Azərbaycanda sivil, demokratik, hüquqi dövlət quruculuğu möhkəmlənir, insan hüquq və azadlıqları təmin edilir, idarəetmə, qanunvericilik, məhkəmə-hüquq sistemində köklü islahatlar həyata keçirilir, sosial sahədə insanların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür.

Bazar iqtisadiyyatının hüquqi bazası yaradılmış, dünya ölkələri, beynəlxalq təşkilatlarla əlaqələr möhkəmlənmişdir. Azərbaycan xalqı bu gün özünün güclü, yenilməz ordusu ilə fəxr edir.

Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurları yeni layihələrin, müqavilələrin meydana gəlməsinə zəmin yaratmış, Azərbaycanı dünyanın iqtisadi cəhətdən inkişaf edən qabaqcıl dövlətləri sırasına çıxarmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi beynəlxalq əhəmiyyətli layihələr reallaşdırılmış, ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən bir regiona çevrilmişdir.

Ulu Öndərin ölməz ideyalarına sədaqətlə xidmət edən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son illər Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfə, orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır. Ölkədə 33 elektrik stansiyası, 3300 məktəb, 700-dən çox tibb müəssisəsi tikilib, təmir olunub istifadəyə verilmiş, 17 min kilometrə yaxın yol çəkilmişdir. Qazlaşdırmanın səviyyəsi 51 faizdən 96 faizə çatdırılmışdır. Məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının həyat şəraitini yaxşılaşdırmaq məqsədilə onlarca şəhərcik salınmış, yüz minlərlə insan yeni mənzillərə köçürülmüş, 4,2 milyon insanı əhatə edən yeni sosial layihələr həyata keçirilmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının, strateji yol xəritələrinin, mühüm layihələrin sistemli qaydada həyata keçirilməsi bu gün şəhərlə kənd arasındakı fərqi aradan qaldırmaqdadır. Regionların mədəni siması dəyişmiş, görülən tədbirlər iqtisadiyyatın, kənd təsərrüfatının, emal sənayesinin, sahibkarlığın inkişafına, yeni yerlərinin açılmasına təkan vermişdir.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu qat-qat artmışdır. Dünyanın diqqət mərkəzində olan bir çox humanitar, elmi tədbirlərin, beynəlxalq səviyyəli idman, musiqi yarışmalarının, konfransların, görüşlərin Bakıda keçirilməsi ölkəmizə olan dünyəvi etimadın, dəyərin ifadəsidir. Dövlət başçısı da dünyada keçirilən ən mötəbər tədbirlərin əziz qonağıdır və Prezidentimizin beynəlxalq tribunalardan respublikamızın taleyi, gələcəyi, inkişafı, müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması, nailiyyətlərimiz, vəzifələrimiz haqqında söylədikləri, dosta səmimi, düşmənə isə yenilməz sərkərdə, müdrik dövlət rəhbəri kimi cavab verməsi, haqsızlığa, ədalətsizliyə qarşı kəskin mövqedən çıxış etməsi, çoxlarına tarix dərsi keçməsi hər birimizi qürurlandırır. Dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olacağına inamı artırır və Ulu Öndərin arzularının gündən-günə çiçəkləndiyini göstərir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı daim müstəqil, azad, inkişaf edən, tanınan ölkə kimi görmək istəyirdi və mənalı ömrünü də bu müqəddəs amala sərf etdi. O ömrü ki, bu gün milyonlarla insanın qəlbində ideya, məslək, arzu, istək kimi yaşayır, yaradır və vətəndaşları gələcəyə ruhlandırır. Dövlətimizin rəhbəri İlham Əliyevin sözü, əməli, amalı ilə qovuşan xalq arzusu, istəyi, dəstəyi Azərbaycanın qüdrətini daha da artırır, uğurlarımızı möhkəmləndirir. Ulu Öndərin bəşəri ideyalarının dönməzliyini, əbədiyaşarlılığını bütün dünyaya nümayiş etdirir. Belə olan halda Qurtuluş gününün dəyəri, əhəmiyyəti də yeni məna kəsb ediro, daha yüksək zirvələrə yol açır.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2020.- 14 iyun.- S.1;5.