"Sizin xalqa qayğıkeş münasibətiniz, Vətənə məhəbbətiniz sayəsində Azərbaycanın daha da inkişaf edəcəyinə inanırıq"

 

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən, eləcə də xaricdən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının bir qismini təqdim edir.

Bolqarıstanın Sviştov şəhərindən tələbə Elvin Cəmill yazır: "Möhtərəm cənab Prezident, mən Bolqarıstan Respublikasının Sviştov şəhərində D.A.Tsenov adına Dövlət İqtisadiyyat Akademiyasının maliyyə bölməsi üzrə təhsil alan tələbəsiyəm. Dünyanı cənginə almış koronavirusun (COVID-19) yayılması, sərhədlərin bağlanması səbəbindən və hazırda yaşadığım şəhərdə yeganə azərbaycanlı olduğumdan bəzi maddi-mənəvi problemlərlə üzləşmək məcburiyyətində qaldım. Ancaq hörmətli cənab Prezident, Sizin bu çətin zamanda bizimlə bağlı verdiyiniz göstəriş və tapşırıqlar həyatda öz əksini tapdı. Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi məni və mənim kimi tələbələri yalnız qoymadı, dəstəyini bizdən əsirgəmədi. Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Sizə bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə cansağlığı, uğurlar arzu edirəm”.

Bolqarıstanın Dobriç şəhərində təhsil alan tələbə Elvin Babayev: "Hörmətli cənab Prezident, mən Bolqarıstan Respublikasının Dobriç şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Bu məktubu yazmaqda məqsədim Sizə öz minnətdarlığımı bildirməkdir. Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm. Burada bizə belə qayğı ilə yanaşılması bizi çox sevindirir. Ən azından xarici ölkədə olmağımıza baxmayaraq, özümüzü tək hiss etmirik. Bütün bunlar çox sevindirici haldır. Sizə hər işinizdə uğurlar arzulayıram. Allah razı olsun!”.

Polşanın Krakov şəhərindən tələbə Aygül Məmmədova: "Hörmətli Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva, mən, Aygül Fərman qızı Məmmədova Polşanın Krakov şəhərində yaşayan və təhsil alan tələbə kimi ölkə daxilində və xaricdə gördüyünüz işləri sosial şəbəkələrdə, informasiya portallarında izlədiyimi xüsusi qeyd etmək istəyirəm. COVID-19 virusunun dünyada yüzlərlə ölkəni iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən verilən güclü, operativ qərarlara əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız bu cür qərarlar qəbul edən dövlət başçısı ilə fərəhlənə bilərlər. Siz ölkədən, ailədən kənarda olan tələbələrin qayğısını da nəzərdən qaçırmamısınız. Biz göstərdiyiniz qayğı nəticəsində yardım aldıq. Hətta həm tələbələr, həm də işləyənlər üçün Polşadan Azərbaycana iki dəfə çarter reysi təşkil edildi. Əminəm ki, qısa zamanda iqtisadiyyatımızın bir çox Avropa ölkələrini arxada qoymasına, innovativ ideyalar qaynağı olan insan kapitalımızın artmasına yönəlmiş güclü qərarlar və strategiya hələ irəlidədir.

Bir daha Sizə öz adımdan dərin təşəkkür edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bir gənc azərbaycanlı kimi mənim uğurlu addımlarımdan Siz də fərəhlənəcəksiniz”.

Krakov şəhərində təhsil alan daha bir tələbəmiz Hikmət Həbibzadə: "Cənab Prezident, koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin liderinin yanındadır. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz həmişə Sizinləyik! Möhtərəm cənab Prezident, mən bir tələbə kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.

Polşa Respublikasından Vasif Qurbanovun məktubunda deyilir: "Cənab Prezident, pandemiya zamanı bizə göstərilmiş diqqətə görə Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə xaricdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bu diqqəti görmək qürurvericidir”.

Bakının Yasamal rayonunun sakini, Milli Qəhrəman Fəxrəddin Cəbrayılov: "Hörmətli cənab Prezident, ailəm üçün etdiklərinizə görə Sizə sonsuz ehtiramımı və minnətdarlığımı bildirirəm. Həyatımın ən çətin anında - ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşımla bağlı ümidlərimin tükəndiyi bir vaxtda Siz kömək əlinizi uzatdınız, müraciətimə həssaslıqla yanaşaraq lazımi göstəriş verdiniz. Heydər Əliyev Fondunun xətti ilə həyat yoldaşımın Türkiyədə müalicəsi üçün bütün işlər görüldü, ailəmizə böyük sevinc bəxş edildi. Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident. Siz və ailəniz həmişə sağlam və xoşbəxt olasınız. Mən bu qayğınızı heç zaman unutmayacağam. Mən həmişə Sizin əsgəriniz olmuşam, bu gün də hər bir əmrinizin icrasına hazıram. Allah Sizi qorusun!”.

Rusiyanın Nijni Novqorod şəhərindən Zöhrab Mehdizadə yazır: "Hörmətli cənab Prezident, Sizin məsuliyyətli vəzifənizdə gərgin iş qrafikinizi izlədikcə qürur hissi keçirir, fəaliyyətinizlə bağlı heyranlığımı bildirmək istəyirəm. Mən Rusiyada yaşasam da, hər gün mətbuatda Azərbaycanla bağlı məlumatları izləyir, dövlətimizi və cəmiyyətimizi maraqlandıran məsələlərlə tanış oluram. Sizin xarici siyasətinizi dəstəkləyirəm və Sizi bu sahədə kamil siyasi xadim kimi tanıyıram. Son vaxtlar ölkə daxilindəki həyata keçirilən islahatlar, qətiyyətli mövqeyiniz isə məni valeh edir. Gördüyünüz işlər Azərbaycanın inkişafına xidmət edir. Bütün bunlar əminlik yaradır ki, doğma Vətənim bütün çətinliklərin öhdəsindən gələcək, Azərbaycan gəncləri daim Sizdən nümunə götürəcək, ölkənin maraqlarını hər şeydən üstün tutacaqlar. Mən də sosial şəbəkələrdə Azərbaycanla bağlı düzgün təsəvvürü olmayan insanlara obyektiv məlumat çatdırmaqla ölkəmə xidmət etməyə çalışıram. Cənab Prezident, Tanrı Sizi və ailənizi qorusun! Sizə səmimi hisslərimi və ən xoş arzularımı çatdırıram”.

Mingəçevir şəhərindən Ramis Əhmədov: "Möhtərəm cənab Prezident, Sizin tövsiyələrinizə uyğun olaraq, Azərbaycan İES-də əsaslı yenidənqurma işləri aparılır. Eyni zamanda, onun ətrafında abadlıq-quruculuq işləri həyata keçirilir. Bütün bunlar gündən-günə inkişaf edən respublikamızın çiçəklənməsinə verilən töhfədir. Görülən bu işlər biz ağsaqqalları da sevindirir. Cənab Prezident, Mingəçevir şəhərinin ağsaqqalları adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun!”.

Ağcabədi rayonunun Salmanbəyli kəndindən Əli Bədəlov: "Cənab Prezident, həmişə olduğu kimi, Sizin iyunun 3-də Ağcabədiyə səfəriniz də biz sakinlərə böyük sevinc və fərəh hissi bəxş etdi. Biz - qarabağlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq. Rayonumuzun davamlı sosial iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Bu baxımdan kəndarası yolların çəkilişi və Sarıcalı kəndində müasir məktəb binasının inşası məqsədilə ayırdığınız vəsait minlərlə insanın böyük sevincinə səbəb oldu. Möhtərəm cənab Prezident, dünya ölkələrinin iqtisadi çətinliklə qarşılaşdığı indiki dövrdə xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstəyə görə bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın və dövlətimizin daha xoş gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirik. Tanrı Sizi qorusun!”.

Quba şəhərindən Seyran Fərəczadə: "Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı və gənc dindar kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Cənab Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə bütün çətinlikərin öhdəsindən uğurla gələcəyik. Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Biz dindarlar həmişə Sizin dinimizə və dindarlara qayğınızı, dəstəyinizi çox görmüşük. Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik. Allah Sizi qorusun, bütün işlərinizə Sizə yardımçı olsun!”.

Siyəzən şəhərindən Vüqar Quliyev və Cavanşir Əfəndiyev yazırlar: "Hörmətli cənab Prezident, xaricdən maliyyələşən bəzi şəxslər son zamanlar sosial şəbəkələrdə və bəzi saytlarda dövlətimizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Qeyd edim ki, bir vətəndaş olaraq bu, bizi narahat edir və bu məktub vasitəsilə Sizə dəstəyimizi bildiririk. Sizin fəaliyyətinizi çox böyük maraqla və qürurla izləyirik. Sizin düzgün siyasətiniz nəticəsində biz pandemiya dövründə bir çox ölkələr kimi tənəzzülə uğramadıq. Siz işsizlərə, pensiyaçılara, əlillərə, veteranlara və sahibkarlara kömək göstərdiniz. Sizin göstərişlərinizə uyğun olaraq, banklar vətəndaşlara kreditlərin ödənilməsində möhlət verdi. Bunların hamısı ölkə əhalisinin rifahı, yaxşı yaşaması üçündür və biz bunları yüksək qiymətləndiririk. Möhtərəm Prezident, ataların bir məsəli var: "Balığı at dəryaya, balıq bilməsə də, xaliq biləcək”. Xalqımız Sizin işlərinizin dəyərini çox gözəl bilir və hər zaman Sizi dəstəkləyir”.

Salyan rayonunun Aşağı Kürkəndi kəndindən Məhəbbət Dadaşov, Ramil Kərimov, Tamara İsmayılova və Elmira Hüseynova yazırlar: Hörmətli cənab Prezident, son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər sırasında uşaqlara və məktəblilərə göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Dövlət səviyyəsində görülən belə tədbirlərin nəticəsidir ki, məktəblər əsaslı şəkildə yenidən qurulur, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilir. Sizin tapşırığınıza əsasən Salyan rayon A.Əliyev adına Aşağı Kürkəndi kəndində 360 şagird yerlik üçmərtəbəli tam orta məktəb üçün yeni möhtəşəm bina tikilməkdədir. Müasir səviyyədə inşa olunan məktəbdə sinif otaqları ilə yanaşı, laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalları, yeməkxana da nəzərdə tutulub. Təhsillə bağlı strategiyanın həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Fondun təhsil sahəsində ən böyük və irimiqyaslı təşəbbüsü olan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın şagirdlərə qayğısı və diqqəti bütün kollektivlər və məktəb şagirdləri tərəfindən sevinclə qarşılanır. Eyni zamanda, qeyd etmək istəyirik ki, hazırda Aşağı Kürkəndi kəndində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər gedir. Kəndləri birləşdirən avtomobil yolları asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Kənddə köhnə qaz xətləri yeniləri ilə əvəz edilib. Cənab Prezident, biz kənd sakinləri olaraq Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Tanrı Sizi və ailənizi qorusun!”.

Lənkəran şəhərinin Boladi kəndindən Röya Əsgərov: "Hörmətli cənab Prezident, mən Qazaxıstan Respublikasının Atırau bölgəsinin Tengiz vilayətində "TCO-Tengizchevroil” şirkətinə məxsus fırmalarda işləyən azərbaycanlılar adından müraciət edərək, bizə göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Sizin diqqət və qayğınız daim xalqımızın üzərində olub. Koronavirus pandemiyasının dünyanın əksər ölkələrinə geniş yayıldığı bir vaxtda Qazaxıstanda yaşayan və ya işləyən azərbaycanlılar hər an dövlətimizin qayğısını hiss etdilər. Diaspor təşkilatları vasitəsilə mütəmadi olaraq hamı barədə məlumat toplanır, lazım olan yardımlar edilirdi. Tengiz vilayətindən ölkəmizə təxliyə edildiyimizə, karantin dövründə Atletlər Kəndində yaradılan şəraitə, yüksək xidmət səviyyəsinə görə Qazaxıstanda olan bütün azərbaycanlı əməkdaşlarımız adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz - gənc mühəndislər Sizin siyasətinizi dəstəkləyir və çiçəklənən Azərbaycanın gələcəyini yalnız Sizinlə görürük. Sizə cansağlığı, daim xalqımızın yanında olmağı arzu edirik”.

Ağcabədi rayonundan Eldəniz Qənbərov: "Hörmətli cənab Prezident, Ağcabədi rayonunun Mingəçevir-Stansiya, Mingəçevir-Bəhramtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun, eləcə də Sarıcalı kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə əlaqədar tədbirlər haqqında imzaladığınız sərəncamlar biz - ağcabədililərin ürəyincədir və bizi çox sevindirir. Qədirbilən Azərbaycan xalqı Sizin ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirir. Sizin apardığınız müdrik daxili və xarici siyasət nəticəsində üçrəngli bayrağımız hər zaman yüksəklərdə əzmlə dalğalanır. Azərbaycanımızı istəməyən qüvvələr isə həmişə müdrik Heydər Əliyev siyasi kursu qarşısında çıxılmaz, gücsüz vəziyyətə düşürlər. Azərbaycan xalqı üçün gördüyünüz bu müdrik işlərinizi ürəkdən bəyənir, alqışlayır və bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edir və qürur duyuruq. Uca Tanrı həmişə köməyiniz olsun və Sizi qorusun, cənab Prezident!”.

Cəlilabad rayonunun Alar kəndindən Dövlət Əliyev, Vasif Əskərov, Hüseynağa Hüseynov, Cəlal Əliyev və Vaqif Əsgərov yazırlar: "Möhtərəm cənab Prezident, ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərdiyiniz qayğı nəticəsində güzəranımız ildən-ilə yaxşılaşır. Yaşadığımız Alar kəndinin sakinləri digər sahələrlə yanaşı, kartofçuluqla da məşğuldurlar. İstehsal etdiyimiz məhsulu əsasən Rusiyaya ixrac edirik. Bu il pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, həm sahələrin suvarılmasında, həm də məhsulun satılmasında heç bir problemlə üzləşməmişik. Buna səbəb Sizin diqqət və qayğınızdır. Vaxtında bol suyun verilməsi sayəsində bol faraş məhsul yetişdirdik və Rusiya maşınlarının ölkəmizə buraxılması ilə məhsulumuzu xarici bazara çıxarıb sata bildik. Həm məhsulumuz itkiyə getmədi, həm də güzəranımız yaxşılaşır. Həmçinin qeyd etmək istəyirik ki, koronavirus pandemiyası dövründə sahibkarlara göstərdiyiniz dəstək sayəsində əziyyətimiz hədər getmədi. Bütün bunlara görə kəndimizin bütün əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi xalqımıza çox görməsin!”.

Kürdəmir rayonunun Xırdapay kəndindən Natiq Qasımzadə: "Hörmətli cənab Prezident, bütün dünyanın virusla mübarizə apardığı və əksər ölkələrin ağır vəziyyətlə üzləşdiyi bir vaxtda Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən sosial layihələr, xəstəliklə mübarizədə vəziyyətə uyğun addımların atılması və bu kimi digər işlər alqışalayiqdir. Vətəni, dövləti, xalqı, dövlətçiliyi üstün tutan hər bir Azərbaycan vətəndaşı kimi, mən də bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Qeyd etdiyiniz kimi, hər gün Sizə yüzlərlə təşəkkür məktubu gəlir, Ermənistan rəhbərliyi isə lənətlə dolu çağırışlar eşidir. Yol göstərənə "Sağ ol!”, yol azdırana da "Lənət olsun!” deyərlər. Bədnam ölkənin rəhbərliyi lənətə layiqdir. Sizə isə bu sözlər yaraşır: "Təşəkkür edirəm, cənab Prezident!”.

Astara rayonunun Ərçivan qəsəbəsindən Əli Əsədullayev və Hüseynağa Yusifov: "Hörmətli cənab Prezident, Astara rayonunun Ərçivan qəsəbəsinin küçələrinin asfaltlanması ilə əlaqədar olaraq Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq. Sizin respublikamıza rəhbərliyiniz dövründə Azərbaycanın hər bir guşəsində abadlıq işləri görülüb, kənd və qəsəbələrdə infrastruktur yaxşılaşdırılıb, insanlar firavan həyata qədəm qoyublar. Bizim qəsəbənin sakinləri də əvvəllər bir sıra məsələlərdə əziyyət çəkirdilər. İndi isə rahat yollara, etibarlı və dayanıqlı kommunal xidmətlərə malikik. Bu işləri yüksək qiymətləndirmək, göstərilən qayğıya və köməyə görə Sizə "Çox sağ olun!” demək bizim vətəndaşlıq borcumuzdur. Əziz Prezidentimiz, Sizin ölkə vətəndaşlarına qayğıkeş münasibətiniz, doğma yurda məhəbbətiniz sayəsində Azərbaycanın daha da inkişaf edəcəyinə, insanların daha yaxşı yaşayacağına inanırıq. Qoy, bizi xoşbəxt gələcəyə bağlayan bu inam heç vaxt sarsılmasın!”.

Şəki şəhərindən Sərxan Lətifov: "Hörmətli cənab Prezident, bu məktubu Sizə yazmağı özümə borc bilirəm. Pandemiya dövründə xalqımızı qorumaq üçün gördüyünüz qabaqlayıcı tədbirlərə, göstərilən maddi və mənəvi köməyə, xəstə insanlara edilən yardımlara görə Sizə minnətdaram. Karantin rejimini pozan insanlara qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlər bir neçə gündür mətbuatın əsas mövzularından birinə çevrilib və sosial şəbəkələrdə də geniş müzakirə olunur. Bəzi insanlar qanunlara, tələblərə əməl etmək əvəzinə, xəstəliyə inanıb-inanmamağı müzakirə edirlər. Belə görünür ki, o şəxslər sevdiklərini itirmədən xəstəliyin ciddiliyini başa düşməyəcəklər. Şəxsən mən bir vətəndaş olaraq qoyulan tələblərə əməl etməyən vətəndaşlara qarşı görülən adekvat tədbirləri dəstəkləyirəm. Ümumi mənzərə onu deməyə əsas verir ki, böyük əksəriyyət dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləyir və onlara əməl edir. Əziz Prezidentimiz, etiraf etməliyəm ki, Sizin dəyərinizi pandemiya dövründə daha yaxşı anladım. Allah ömrünüzü uzun etsin!”.

Bakı şəhərinin Sabunçu rayonundan Sənan Mustafayev: "Hörmətli cənab Prezident, insanlığa təhlükə olan koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən dövlətlərdən biridir. Mən məktəbliyəm. Operativ Qərargahın tələblərinə riayət edir, bütün qaydaları dəstəkləyirəm. Sizin müdrik idarəçiliyiniz sayənizdə ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görülür, xalqın rifahı naminə mühüm addımlar atılır. Görülən işlərə görə bir daha Sizə təşəkkür edir, münasibətimin hüdudsuz olduğunu bildirirəm”.

 

Azərbaycan.-2020.- 14 iyun.- S.7.