Tarixi-mədəni irsimizi qoruyan
məbəd
Milli
Azərbaycan Tarixi Muzeyi - 100
Bu il Milli Azərbaycan Tarixi Muzeyinin 100 yaşı
tamam olur. İlk addımlarını Azərbaycan SSR Xalq Maarif
Komissarlığının məktəbdənkənar təhsil
şöbəsinin nəzdində yaradılmış
"Muzey-ekskursiya” yarımşöbəsinin tərkibində
"Doğma diyarın tədris muzeyi” adı ilə atmağa
başlayan muzeyin bu adına Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin ildönümü münasibətilə 1919-cu ilin
dekabr ayında açılmış, lakin fəaliyyət
göstərməyə macal tapa bilməmiş
"İstiqlal” muzeyinin varisi kimi "İstiqlal” adı da əlavə
olunur.
Həmin muzeyin bütün kolleksiyası yeni
yaradılmış ilk dövlət muzeyinə verilir. 1920-ci il
oktyabr ayının 25-də muzeyin statusu daha da genişləndirilir,
Xalq Maarif Komissarlığının sərəncamı ilə
ona "Azərbaycan SSR Dövlət Muzeyi” adı verilir. Bu
dövrdə Azərbaycanda hakimiyyəti ələ
keçirmiş İctimai Şura Hökumətinin
"kommunist ideologiyası”nı rəhbər tutan "mədəni
inqilab” proqramına görə muzeylər maarifləndirici təşkilat
funksiyasını yerinə yetirməli, başqa sahələrdə
olduğu kimi, "partiya rəhbərliyi” prinsipini əsas tutmalı,
onun direktivləri, qərar və göstərişləri ilə
istiqamətlənməli idilər. Azərbaycan SSR Xalq Maarif
Komissarlığının kollegiyası hələ 1920-ci
ilin iyun ayının 14-də məktəbdənkənar təhsil
şöbəsini açmaqla kütlələrin mədəni
səviyyəsini yüksəltməyi, onların siyasi-kommunist
tərbiyəsini, biliyə olan marağını
artırmağı və s. əsas məqsəd etdi. Bu şöbənin nəzdində başqa
seksiyalarla yanaşı, Muzey-ekskursiya yarımşöbəsinin
yaradılması ilə Azərbaycanda muzey quruculuğunun
özülü qoyuldu. İlk dövlət muzeyi
özünün addımlarını məhz həmin qurumun tərkibində
və bilavasitə onun rəhbərliyi altında 1920-ci il iyulun 1-dən yerləşdiyi Hacı
Zeynalabdin Tağıyev sarayında atmağa başladı. 1921-ci ilin fevralında Muzey-ekskursiya Xalq Maarif
Komissarlığında bu vaxtadək fəaliyyət göstərən
Ali Məktəb Şöbəsinin yerinə
açılmış Akademik Şöbənin tərkibindəki
Muzey-arxiv (Muzarxiv) yarımşöbəsi əvəz etdi.
Bu yarımşöbə Dövlət Muzeyi ilə
yanaşı, Dövlət Arxivini, Qədim Abidələrin və
İncəsənətin Mühafizə Komissiyasını da
özündə birləşdirirdi. Bütün bu
müəssisələr o vaxtlar "Yoldaş Davud Hüseynov
adına Elm Sarayı” adı verilmiş
Tağıyev mülkündə yerləşdirilmişdi.
1921-ci ilin mayında Dövlət Muzeyi Azərbaycanın
sovetləşməsinin birinci ildönümünə həsr
olunmuş yubiley sərgisinin açılışı ilə
ilk ziyarətçilərini qəbul etdi.
Azərbaycanda ilk demokratik respublikanın devrildiyi, sovet
sosialist sisteminin hakimiyyətə gəldiyi zaman kəsiyində
yaradılmış dövlət muzeyinin fəaliyyətinin
ilk onilləri sovet totalitar rejiminin qaydalarına
uyğunlaşdırılırdı. Yeni ideoloji məfkurənin
tələblərinə uyğun gəlməyən məqamların,
o cümlədən bu məqamları yaradan şəxslərin
aradan götürülməsi prosesi başlamışdı.
1928-ci ildə muzeydə artıq 5 ildən bəri
uğurlu fəaliyyət göstərən, muzey
üçün çox işlər görən istedadlı
alim - Davud Şərifov direktor vəzifəsindən
uzaqlaşdırıldı. Muzeyin yeni təyin
olunmuş erməni müdiri keçmiş "İstiqlal”
muzeyindən qalma, eləcə də muzey işçilərinin
böyük zəhmətlə əldə etdikləri digər
mühüm və qiymətli eksponatların (Azərbaycan Xalq
Cümhuriyyətinin bayraqları, Parlamentin materialları,
İstiqlal Bəyannaməsinin əsli və s.) Moskvada
açılan İnqilab Muzeyinə göndərilməsi qərarını
verdi.
1934-cü ilin mayında böyüməkdə olan nəslin
totalitar rejimin ideologiyasına uyğun tərbiyələndirilməsi
məqsədilə məktəblərdə tarix və
coğrafiya fənlərinin tədrisinin mükəmməlləşdirilməsini,
daha doğrusu, sosialist cəmiyyətinin
"üstünlüklərinin” cəmiyyətin üzvlərinə
aşılanmasını nəzərdə tutan xüsusi sərəncam
qəbul edildi.
Bu sərəncama görə məktəblərdə,
tarixi tədqiqat müəssisələrində, eləcə
də muzeylərdə görülən işlər, həyata
keçirilən tədbirlər tarixin marksist dərkini təmin
etməli idi. Tarixin tədrisinə və təbliğinə
artırılan bu diqqət yeni tipli tarix və
tarix-diyarşünaslıq muzeylərinin yaranması ilə
müşayiət olundu. Azərbaycan Dövlət Muzeyi
tarixin ideologiyalaşdığı bu dövrdə Xalq
Komissarları Şurasının 1936-cı il
31 mart tarixli, muzeyin yenidən qurulmasına həsr olunan qərarı
ilə Azərbaycan Tarixi Muzeyinə çevrildi. Elə həmin ildən muzey yenicə təşkil
olunmuş İttifaq Elmlər Akademiyasının Azərbaycan
filialının tərkibinə daxil edildi.
Beləliklə, yeni sistem tarix profilli muzeylər şəbəkəsini
genişləndirdi, onlarca sovet təbliğat mexanizminə
çevrilməsini, bir rupor kimi istifadə edilməsini daha da
gücləndirdi. Bununla belə, muzeyin elmi-tədqiqat sahəsində
qazandığı uğurlar vətən tariximizə dair
biliklərin zənginləşməsinə, yeni məqamların
açılmasına təkan verdi. Məhz
buna görə Milli Azərbaycan Tarixi Muzeyinin birəsrlik fəaliyyəti
haqqında danışarkən tez-tez "birinci” və
"ilk dəfə” sözlərindən istifadə etmək
lazım gəlir. Belə ki, 1925-ci ildən başlayaraq
60-cı illərədək - arxeoloji işlərin
aparılması Azərbaycan Elmlər Akademiyasının Tarix
İnstitutuna həvalə edilənədək, respublikanın
həmçinin arxeoloji mərkəzi olan Tarix Muzeyi arxeoloqlar
Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə,
Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli
Hüseynov və başqalarının rəhbərliyi ilə
Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə,
Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və digər
yerlərdə aparılan qazıntılarla Azərbaycan ərazisinin
qədim maddi-mədəniyyət abidələrinin elmi
baxımdan öyrənilməsinin əsasını qoydu.
Muzeyin
1936-cı ildən başlayaraq fəaliyyət istiqamətinin
dəyişməsi bu vaxtadək onun tərkibində olan Təbiət,
Ateizm və din, Ədəbiyyat, İncəsənət bölmələrinin
tədricən öz fondları və işçiləri ilə
birlikdə ayrılaraq müstəqil muzey olmaları ilə nəticələndi
(muzeydə 20-ci illərdən bir şöbə kimi fəaliyyət
göstərən "Teatr” şöbəsi isə artıq
1934-cü ildən şöbə müdiri Ağakərim
Şərifovun başçılıq etdiyi müstəqil
Teatr Muzeyinə çevrilmişdi). 1935-1940-cı
illərdə sosializmin təbliğat "aləti”nə
çevrilən Azərbaycan Tarixi Muzeyində (1938-1939-cu illərdə
o hətta Azərbaycan Xalqlarının Tarixi Muzeyi
adlandırıldı) Sovet Azərbaycanını tərənnüm
edən sərgilər təşkil olundu. Elə
həmin illərdə muzeyin filialı olan Şirvanşahlar
sarayında açılmış və XVI-XVII əsrlər
Azərbaycan tarixinə həsr olunmuş sərgi də sinfi
mübarizəni - əsasən zəhmətkeş kəndlilərin
feodallara qarşı mübarizəsini təbliğ edirdi.
1930-cu illərin sonu - 1940-cı illərin əvvəlində
baş verən kütləvi repressiya və müharibə
alimlərin və muzey işçilərinin
sıralarını seyrəltdi. Akademiyanın
ayrı-ayrı institutlarında struktur dəyişiklikləri
edildi. Hətta 1941-ci ildə bu vaxtadək
müstəqil qurum olan Tarix Muzeyi öz fəaliyyətini yeni
təşkil olunmuş Tarix, Dil və Ədəbiyyat
İnstitutunda Muzey şöbəsi adı ilə davam etdirdi.
1943-cü ildən Azərbaycan Tarixi Muzeyi
SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının qərarı ilə Rəyasət Heyətinin
nəzdində müstəqil vahid qurum kimi təsdiq edildi.
1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının yaradılması ilə əlaqədar Azərbaycan
Tarixi Muzeyi Akademiyanın İctimai Elmlər Bölməsinin tərkibində
elmi-tədqiqat idarəsi kimi bu gün də davam edən fəaliyyətə
başladı.
Muzeyin 1940-1953-cü illər fəaliyyəti isə
bilavasitə Şirvanşahlar sarayı ilə bağlı
olmuşdur. Belə ki, 1920-ci ildən bəri məşhur
sahibkar və maarifpərvər, xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin yaşayış mülkündə
yerləşən muzey həmin illərdə xüsusi
hökumət sərəncamı ilə İçərişəhərə,
Şirvanşahlar sarayına
köçürülmüşdü. Tağıyev
mülkü isə 1953-cü ilə kimi Xalq Komissarları
Sovetinə (Nazirlər Sovetinə) verilmişdi. 1953-cü ildə Muzeyin yenidən Tağıyev
mülkünə qaytarılması və nəhayət,
1956-cı ilin martında yeni ekspoziya ilə öz
qapılarını tamaşaçıların üzünə
açması ilə onun fəaliyyətində yeni səhifə
açılmışdı.
Muzeydə
hazırda 11 fondla yanaşı, 7 elmi şöbə, o
cümlədən arxeologiya, etnoqrafiya və numizmatika elmi-fond
şöbələri, bərpa və foto laboratoriyaları,
kitabxana fəaliyyət göstərir.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin birbaşa təşəbbüsü ilə
dünya standartları səviyyəsində təmir və bərpa
olunan muzeydə Azərbaycan tarixinin ən qədim dövrlərdən
1920-ci ilədək tarixini əks etdirən yeni ekspozisiya
quruldu. Muzeyin 9 otağında ölkə Prezidentinin təşəbbüsü
ilə Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyi də fəaliyyət
göstərməyə başladı.
"Azərbaycan
Tarixi Muzeyi” adı ilə (2005-ci ildən "Milli Azərbaycan
Tarixi Muzeyi”) 2001-ci ildən başlayaraq hər il
nəşr olunan elmi toplu Muzeyin hələ ötən əsrin
50-ci illərindən çıxan və burada aparılan
elmi-tədqiqat işlərinin nəticələrinə həsr
olunan elmi məqalələr toplusunun davamıdır.
"Maestro Niyazi”, "Azərbaycan generalları”, "Elmin
qızıl fondu”, "Azərbaycan bayraqları”, "Antropomorf
fiqurlar”, "Azərbaycan müdafiə silahları”, "Mirzə
Fətəli Axundzadə-200”, "Xurşidbanu Natəvan-180”,
"Şirvanın bədii metalı”, "Əziz Əliyev”,
"Bakının teatr həyatı”, "Qarabağ
xalçaları”, "Azərbaycan süfrəsinin mis
qabları”, "Azərbaycanda kağız pul nişanları
və qiymətli kağızlar”, "Zoomorf təsvirli
şirli qablar”, "Azərbaycanın soyuq və odlu
silahları”, "Azərbaycanda arxeoloji qızıl və
gümüş əşyaları”, "Azərbaycan II
Dünya müharibəsi illərində”, "20 Yanvar şəhidləri”
və digər kataloqları, "Azərbaycan Tarixi Muzeyi”,
"Azərbaycanda dövlətçilik və onun rəmzləri”,
"Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasının inciləri”,
"H.Z.Tağıyev”, "Azərbaycan qadın geyim bəzəkləri”
kitab-albomları, "Azərbaycan numizmatikası”, "Azərbaycanda
muzey işinin tarixindən”, "H.Z.Tağıyevin qız məktəbinin
tarixindən”, "Naxçıvan-ərəblərdən
monqollaradək”, "Onlar Belarus uğrunda
döyüşüblər”, "Müasirləri
H.Z.Tağıyev haqqında” kitabları və neçə-neçə
belə əsərlər muzeyşünas alimlərimizin əməyinin
məhsuludur.
2005-ci ildən "milli” statusunu almış Milli Azərbaycan
Tarixi Muzeyi bu gün ölkə Prezidentinin qayğısı
ilə respublikanın çox mühüm elmi-mədəni
ocağına çevrilmişdir.
Muzeyin 90
illiyi Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 16 mart 2010-cu il tarixli sərəncamı ilə
dövlət səviyyəsində qeyd edilmiş, ona həsr
olunan tədbirlər 1-3 noyabr tarixlərində "Muzeylər
və mədəni irs” beynəlxalq konfransı və
noyabrın 24-də keçirilən təntənəli mərasimlə
başa çatdırılmışdır. Həmin günlərdə
Milli Azərbaycan Tarixi Muzeyinin 22 əməkdaşı Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar
mədəniyyət işçisi” fəxri adına və
"Tərəqqi” medalına layiq görülmüş, 30 nəfər
Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı
ilə təltif olunmuş, muzeyin direktoru "Şöhrət”
ordeninə layiq görülmüşdür.
Bütün
fəaliyyəti ərzində dünyanın və ölkənin
müxtəlif muzeyləri ilə əməkdaşlıq edən,
sərgilərdə, toplantı və forumlarda iştirak edən
Azərbaycan Tarixi Muzeyi müstəqillik illərində də
bu ənənəni davam etdirmiş, beynəlxalq əlaqələri
daha da möhkəmlətməyə
çalışmışdır.
Muzeyin ölkədaxili muzeylərlə də işbirliyi
səmərəli nəticələr verir. Bu baxımdan Heydər
Əliyev Fondu və Mərkəzi ilə, "Yarat”
yaradıcılıq evi ilə, "İçərişəhər”
Dövlət Tarix Memarlıq Qoruğu, Xalça Muzeyi və
başqaları ilə yaradılan əlaqələr
maraqlı sərgilərin, konfrans və seminarların,
müxtəlif görüşlərin keçirilməsinə
səbəb olmuşdur.
Tarix Muzeyinin əsas vəzifələrindən biri də
tarixi həqiqətin muzeydə qorunan maddi sərvətlər
vasitəsilə təqdim və təsdiq olunmasıdır.
Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə onun ehtiyat fondundan, Nazirlər Kabinetinin investisiya fondundan respublikanın ilk muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyinə eksponatların alınması və restavrasiyası üçün 2008-2009-cu, eləcə də 2011-ci illərdə hər dəfə bir milyon manat vəsait ayrılması tarixi əhəmiyyət daşıyan, heç bir qiymətlə ölçüyə gəlməyən bir çox sənət nümunəsini xalqa qaytardı; bu vəsaitə 6851 yeni eksponat alınmış, 6532 eksponat bərpa və restavrasiya olunaraq ikinci həyatını yaşamağa başlamışdır. Dövlətin, ölkə rəhbərinin böyük əhəmiyyətə malik bu əvəzsiz dəstəyinin dəyərini yüksək qiymətləndirən muzey kollektivi cəmiyyət qarşısında hesabat məqsədilə 2010-2012-ci illərdə bərpa olunmuş həmin eksponatlardan "Muzey eksponatlarının ikinci həyatı” adlı iki, yeni alınmış əşyalara aid "İrsimizin itirilməmiş inciləri” adlı bir sərgi təşkil etmiş, "Mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti və problemləri” mövzusunda elmi-praktiki seminar keçirmiş, sərgilənən eksponatların kataloqunu nəşr etdirmişdir.
Üçüncü minillik muzeyin zəngin silah kolleksiyası sərgisinin açılması ilə qədəm qoydu. Daha sonra Naxçıvan Muxtar Respublikasının 75 illiyinə, Azərbaycanda yaşayan Avropa yəhudilərinə, müstəqilliyimizin 10 illik yubileyinə, görkəmli bəstəkar və dirijor Niyazinin 90 illiyinə, Dünya azərbaycanlılarının I qurultayına, Ulu Öndər Heydər Əliyevin xatirəsinə, Xocalı və 20 Yanvar soyqırımlarına həsr edilmiş tematik sərgilər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. 2010-2019-cü illərdə muzeydə 40-a yaxın müxtəlif mövzularda sərgi təşkil olunmuş, 8 beynəlxalq, 10 respublika səviyyəli elmi konfranslar, eləcə də yeni çap olunmuş kitabların təqdimatları, seminarlar və s. keçirilmişdir.
Dövlət başçısının muzeyin 100 illik yubileyi ərəfəsində müasir tələblərə uyğun yeni layihələrin həyata keçirilməsi və müasir infrastrukturun yaradılmasını vacib bilərək muzeydə yubileyqabağı bərpa və quruculuq işlərinə başlanması barədə tapşırıq, eləcə də 100 illik yubileyin layiqincə keçirilməsi haqqında xüsusi sərəncam verməsi bu qayğı və diqqəti təsdiq edir.
Bu
gün ölkəmizin tarixi-mədəni irsinin və
yaddaşının qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyi
dövlətin qayğısı ilə ölkənin
böyük əhəmiyyət daşıyan elmi-mədəni
ocağına çevrilmişdir.
Nailə
VƏLİXANLI,
Akademik
Azərbaycan.-2020.- 14 iyun.- S.10.