Pandemiyaya
qarşı düzgün strategiya
Virusun ölüm zəncirini qırmaq üçün küçələri kimsəsiz
qoyaraq evlərimizə çəkildik...
İki gün idi ki, Bakı yaman səssiz idi. Sanki sakinlər birdəfəlik tərk etmişdi bu şəhəri. Küçələr bomboş, adamsız, səssiz-səmirsiz... Sadəcə, yaşıl ağaclarda yuva quran quşların cəh-cəhi, Xəzərin dalğalarına baş vurub səmaya ucalan qağayıların qaqqıltısı idi bu qulaqbatırıcı sükutu pozan.
İlk dəfə idi ki, Şərqin ulduzu paytaxtımız bu qədər qəribsəmişdi doğma sakinləri üçün. İlk dəfə idi ki, küləklər şəhərinin qaynar, aşıb-daşan küçələri belə boş qalmışdı. 6 aydır ki, dünyaya savaş açan yeni koronavirus - COVID-19 adlı bəla həyatımıza bir çox dəyişikliklər diktə etmişdi və ötən iki gündə də doğma şəhərimizin bu qədər səssizliyə, sükuta bürünməsinə şahidlik etməli olduq...
Amma biz buna öyrəşməmişik və tezliklə Bakı və digər şəhərlərimizin, rayonlarımızın yenidən çal-çağırlı ab-havasına dönməsini istəyir, bunu ürəkdən arzulayırıq.
Buna
görə də iki gün ərzində evlərimizə
çəkilərək bəşəriyyəti
acınacaqlı vəziyyətə salan bu bəladan qurtulmaq,
virusun nəfəsini kəsmək üçün
küçələri kimsəsiz qoyaraq, müvəqqəti
olaraq evlərimizə çəkildik...
Pandemiya davam edir
Nə yazıq ki, Yer üzərində koronavirus təhlükəsi bitməyib və hər an yoluxma və ölüm sayını artırır. Ölkələrdə sərtləşdirilmiş karantin dövründə yoluxmalarda, ölüm sayında müəyyən müsbət irəliləyişlər əldə olunsa da, yumşaldılma ərəfəsində virus yenidən alovlanmağa başlayır, vahiməli bir şəkildə insanların sağlamlığını təhlükə altına alır. Və bəlli edir ki, o, yox olmayıb və ən kiçik fürsətdən istifadə edərək, cilddən-cildə girərək, mutasiya edərək insanlığı təhdid etməkdə davam edir.
Bəli, pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından hazırda virusla mübarizə gedir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge xəbərdarlıq edib ki, yeni növ koronavirus infeksiyasının yenidən alovlanması ilə bağlı real təhlükə var: "Koronavirusun yayılmasının qarşısı alınmasa, xəstəlik dağıdıcı ola bilər.
Məhdudiyyətləri aradan qaldıran ölkələrin sayı artdıqca, COVID-19-un yenidən alovlanması təhlükəsi yaranır. Hazırda vəziyyət ilin əvvəli ilə müqayisədə heç də yaxşı deyil. Bizim hələ də COVID-19-la mübarizə ilə bağlı nə peyvəndimiz, nə də müalicə üsulumuz var”.
Koronavirus
xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət
təhlil edilir
Yumşalmalar ərəfəsində müəyyən qaydalara əməl edilməməsi səbəbindən ölkəmizdə də yoluxma sayında artımın müşahidə olunması bunu təsdiqləyir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koronavirusla bağlı iyunun 15-nə olan statistik göstəricilərinə əsasən Azərbaycanda hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir. Hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan aktiv xəstə sayı 4 463 nəfərdir. İndiyə qədər ölkəmizdə koronavirusa yoluxanların sayı 10 324, sağalanların sayı 5 739, ölənlərin sayı isə 122 nəfərə çatıb.
Bütün bu göstəricilərə əsasən də yeni növ koronavirus xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və xəstəliyin yayılma dinamikası nəzərə alınaraq ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə görə son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edildi.
Bu ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);
Bu müddətdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Xüsusi
karantin rejiminin tələblərinin pozulmasına görə
fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti
daşıyır.
Karantin tətbiq olunmayan rayonlara təhlükəli
turist axını
Həmçinin mövcud sanitar-epidemioloji vəziyyətə uyğun
olaraq digər günlərdə 65 yaşdan
yuxarı insanların
ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları
tövsiyə olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması
məqsədilə xüsusi
karantin rejimi müddətində respublika
üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində insanların
bir yerdə 10 nəfərdən artıq
qruplarda cəmləşməsi
qadağasına, qoruyucu
vasitələrdən istifadə
edilməsi qaydalarına
ciddi əməl olunması tələb edilir.
Operativ Qərargahın
xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi
qərarı koronavirusun
yayılma sürətinin
azaldılmasından, onun
törədə biləcəyi
fəsadların minimuma
endirilməsindən irəli
gəlib. Bu qərardakı
məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla təhlükəli virusdan
müdafiədə effektivliyi
artırmaq, əhalini
qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır.
Amma ötən
iki gün ərzində gücləndirilmiş
karantin rejiminin tətbiq olunmadığı
rayonlara turist axınının şahidi
olduq.
Xüsusilə Quba və Şamaxı minlərlə turistin səfər etdiyi rayonlardan oldu. Ötən cümə və şənbə günlərində Bakıdan Qubaya doğru minlərlə avtomobil yola çıxıb ki, bu da Bakıdan Qubaya qədər gecə saatlarınadək bütün yolda tıxac yaranmasına səbəb olub. Bu isə təbii ki, təhlükəli haldır. Çünki hansısa bölgəmizə birdən-birə minlərlə insanın axın etməsi koronavirus təhlükəsinin həmin ərazidə də geniş yayılmasına rəvac verir. Həm də yerli sakinlərin sözlərinə görə, gələn turistlər karantin qaydalarına əməl etmir, sosial məsafəni qorumur, tibbi maskalardan istifadə etmirlər.
Koronavirusun alovlanmaması üçün qayda pozulmamalıdır
Bu bir reallıqdır ki, pandemiya ilə mübarizə strategiyasını düzgün müəyyənləşdirən dövlətlər minimum itkiyə məruz qalıblar, vətəndaşların rifahı və sağlamlığının qorunmasına mümkün qədər nail olmağı bacarıblar. Azərbaycan da belə nümunəvi ölkələrdəndir.
Amma
təhlükə sovuşmayıb və insanların həyatını,
sağlamlığını təhdid etməkdə davam edir.
Hökumətimiz tərəfindən virusa
qarşı həyata keçirilən tədbirlərin səmərəli
və effektiv olması isə həm də
hər bir vətəndaşın şəxsi
məsuliyyətinə bağlıdır. Hər kəs ictimai nəqliyyatda, ofislərdə,
alış-veriş mərkəzlərində və digər
yerlərdə maskadan istifadə etməli,
məsafə saxlamalı, şəxsi gigiyena
qaydalarına riayət etməlidir. Təbii ki,
cəmiyyətimizin böyük əksəriyyəti
məsuliyyət, nizam-intizam göstərir.
Karantin günlərində qayda pozuntularının o
qədər də çox olmaması buna bariz nümunədir. Lakin infeksiyanın yayılmasında bir nəfərin belə böyük
rol oynadığını nəzərə
aldıqda cüzi qayda
pozuntusu da çox sayılır. Koronavirusun
alovlanmaması üçün bir nəfər belə qayda
pozmamalıdır. Buna görə də vətəndaşlarımız
daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 17 iyun.- S.1;6.